Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Remsi Klark İmam Xomeyninin (r) görüşündə

Şiəlik İslamın başlanğıc dövründən bu günədək müqavimət məktəbi olub
İslamda hakimlərin həyat tərzi yoxsul təbəqənin həyat tərzi səviyyəsindədir.

Ayətullah Xomeyninin iştirakı olmadan İran böhranını həll etmək mümkün deyil!


Bir zaman ABŞ ədliyyə naziri olmuş (1967-1969) Remsi Klark şəmsi 1357-ci il (1979), 2 bəhməndə (İslam İnqilabının qələbəsindən 20 gün qabaq) Fransada İmam Xomeyni ilə görüşür. İmamla söhbətdən sonra bildirir ki, Ayətullah Xomeyninin iştirakı olmadan İran böhranını həll etmək mümkün deyil!
Fars News Agency xəbər verir ki, Amerikanın sabiq ədliyyə naziri Remsi Klark İranda İslam İnqilabının qələbəsindən 20 gün öncə Parisdə İmam Xomeyni ilə görüşüb və son qənaəti bu olub ki, Ayətullah Xomeyninin iştirakı olmadan İran böhranını həll etmək mümkün deyil!

Müsahibə...

Remsi Klark: İranda inqilab proqnozlaşdırılmırdı. Əsrlər boyu siyasət, siyasi mübarizə və din bir-birinə qarışmışdı. Ayətullah Xomeyninin nəzərincə bu məsələ İranın başqa ölkələrlə münasibətlərində necə əks olunur? Şiələrin zülm qarşısında müqaviməti qəlblərdə ümidləri dirildib. Amma bilmək istəyirik ki, şiələr hakimiyyətə gələndə necə hərəkət edəcək?

İmam Xomeyni: Bismillahir-Rəhmanir-Rəhim. Şiəlik İslamın başlanğıc dövründən bu günədək müqavimət məktəbi olub, haqqın müdafiəsində dayanıb. Bu məktəb heç zaman zülm-sitəmə əl atmayıb. Tarixdə qeydə alınmış şiə hökumətləri zülmə baş əymədiyi kimi, kimsəyə də zülm etməyib. Əgər hökumət İslam qanunları əsasında hərəkət etsə, şiə məzhəbi aparıcı olsa, yenə də keçmişdəki kimi ədalət əsas olacaq. Kimsəyə dini etqiadına görə təzyiq göstərilməyəcək, kimsənin azadlığı məhdudlaşdırılmayacaq. Şiə məzhəbində bütün insanlar azaddır. Şiə hökuməti ilə hörmətlə davranan bütün millətlər və dövlətlər bu hökumətdən, görmədikləri bir ədalət görəcəklər. Tarix göstərir ki, bir yerdə İslam qələbə çalanda insanlar ona qucaq açır, əvvəlki hakimiyyətə arxa çevirir. Necə ki İranda xalq şiəliyə ağuş açıb. İslam hökmləri ədalət üzərində qurulub. İslamda hakimlərin həyat tərzi yoxsul təbəqənin həyat tərzi səviyyəsindədir.
Bizim məzhəb rəisimiz Əmirəlmömininin (ə) hakimiyyəti İran, Hicaz, Misiri əhatə edib. Həzrət özü hamıdan aşağı səviyyədə yaşayıb. Ədaləti hamıdan üstün şəkildə icra edib. Ona qarşı məhkəmə iddiası olanda məhkəməyə gedib, hakim qarşısında dayanıb. Hakimin çıxardığı hökmü qəbul edib. Şiəlik müqavimətçi olduğu kimi, ədalətlidir. Ədalət odur ki, nə zülmə baş əyəsən, nə də zülmü qəbul edəsən. Bu bizim İmamın irəli sürdüyü şiə proqramıdır. Şiəlik Qurana əsaslanır.

Remsi Klark: Müşahidələrimizdən sonra İranda hərəkatla bağlı bizi narahat edən məsələ İslam hökumətinin qeyri-dindar solçularla necə davranacağıdır. Biz gördük ki, İslam cümhuriyyətində yaşaması çətin görünən tələbələr və başqaları narahatdırlar. Onlara münasibət necə olacaq?

İmam Xomeyni: Bu insanların başqa əqidələrə üz tutmasının səbəbi onların İslamdan xəbərsizliyidir. Düşünürlər ki, İslam varlıların, fabrik sahiblərinin tərəfdarıdır. Onlar bilsələr ki, İslam mötədildir, problemləri ədalət əsasında həll edir, insan haqlarını möhtərəm sayır, narahat olmazlar. Bunu dərk etsələr problemlər həll olar. Eyni zamanda biz əqidələrin bəyanına mane olmamışıq və olmayacağıq.
Amma bəzən müxaliflər təxribat törədir. Hazırda İranda hərəkat zalım rejimi səhnədən çıxarmaq üçündür. Bu arada kiçik bir qrup təxribatla məşğul olur. Əks-təbliğat aparır, qərəzli mövqe tutur, İslam hökumətinin qurulmasına mane olmaq istəyirlər.
Biz bütün əqidə və məzhəblərə azadlıq veririk. Amma təxribata əl atsalar, xalqın yolunu dəyişmək istəsələr, zalıma arxa dursalar, buna yol verməyəcəyik.

Remsi Klark: İslam dəyərlərə çox əhəmiyyət verir. Pəhləvi rejimi dövründə imperialist mədəniyyətinin qəbul etdirilməsi dini və milli dəyərlərə böyük zərbə oldu. İslam mədəniyyətinin yerini qərb mədəniyyəti tutdu. Siz bu sahədə dağıdıcılığa necə münasibət göstərəcəksiniz?

İmam Xomeyni: Bizim şahla müxalifliyimizin səbəbi bu oldu. Siz məsələnin bir tərəfini yada saldınız, amma tərəflər çoxdur. Ötən 50 ildə zərbə alan təkcə mədəniyyətimiz olmayıb. İqtisadiyyatımız dağıdılıb, xalqımızı geri çəkiblər. İran yoxsul ölkəyə çevrilib. İranın böyük sərvətləri var, amma bu sərvətlər dağıdılır. Neft qarət olunub, İran Amerikanın bazasına çevrilib. İnsan resurslarımıza zərbə vurublar. İslahatlar uzun zaman istəyir. Ordumuzun tərbiyəsini pozublar. Ordu başçılarını nəzərdə tuturam. İslahatlar üçün uzunmüddətli proqram lazımdır. Amma bu gün ayağa qalxmış xalqın istəyi budur: Azadlıq, İstiqlal, İslam hökuməti!
Ümid edirəm ki, həmkarlıq istəyini bildirənlərin köməyi ilə bu imperialist mədəniyyəti aradan qaldırıb, müstəqil mədəniyyət ortaya qoya biləcəyik. Sərvətlərin qarətinə yol verməyəcəyik. İstər mədəniyyət, istər digər sahələrdə ağıl və məntiq əsasında addım atacağıq. Ötən 50 ildə başımıza bəlalar gəlib. Biz dağıdılmış, problemli bir ölkəni yenidən qurmalıyıq.
Bütün zümrələr bizimlə razıdır ki, qiyam qaldırıb tədricən problemləri aradan qaldıraq. Müstəqil İslam mədəniyyəti, müstəqil ordu, sağlam iqtisadiyyat qurmalıyıq. Uzun illər çalışmaq lazım gələcək. Əksər problemlərin arxasında imperialistlər dayanır. İnşaallah, onların əsarətindən qurtulub, tam müstəqilliyə çatacağıq.

Remsi Klark: Təşəkkür edirəm. Üç ümid və arzumu bildirirəm. İqtidarın yeni dövlətə qısa vaxtda, sülhlə ötürülməsi; xalqa verilən ədalət vədlərinin gerçəkləşməsi; İran və Amerika xalqalrı arasında dostluq və qarşılıqlı anlaşma. Bu üç məqsədə çatmağınız üçün sizə kömək etmək istəyirik.

İmam Xomeyni: Biz də ümidvarıq. Birinci arzunuzun gerçəkləşməsi xarici qüvvələrin əlindədir. Təzyiq və müdaxilələrdən əl çəksələr biz heç bir böhransız iqtidara sahib olacağıq. Bizimə iqtidar ədalətin bərpası üçün lazımdır. Bu güclər xalqları azad buraxsalar və ya özləri islah olsalar, xalqlar arasında dostluq yaranması asan olacaq. Amma nə qədər ki onlar var, qarşılıqlı anlaşma olub-olmayacağı məlum deyil.

Vilayet.nur-az.com


1145 بازدید