Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Mühakimə məharəti

Ömərin xilafəti dövründə bir cavan onun yanına gəlib öz anasından şikayət edir. Nalə çəkib deyir: “Allahım! Anamla mənim aramda hökm et.” Ömər ondan soruşur ki, anan nə iş görüb, niyə ondan şikayət edirsən?

Cavan cavab verdi: Anam 9 ay məni bətnində böyüdüb və iki il mənə süd verib. Hal-hazırda böyümüşəm və yaxşını pisdən ayırd edə bilirəm. Amma anam deyir ki, sən mənim oğlum deyilsən! Halbuki o mənim anam və mən də onun oğluyam.

Ömər əmr edir ki, oğlanın anasını gətirsinlər. Qadın çağırış səbəbini bildikdən sonra, 4 qardaşını və 40 şahidini də özü ilə aparır.

Ömər oğlandan iddiasını irəli sürməsini istədi. Oğlan dediklərini bir də təkrar edir və and içir ki, bu qadın mənim anamdır.

Ömər qadına dedi: Sizin cavabınız nədir?

Qadın cavab verdi: Allahı şahid gətirirəm və Peyğəmbərə and içirəm ki, mən bu oğlanı tanımıram. O, bu işi ilə istəyir məni qəbilə və qohumlarım arasında rüsvay etsin. Mən ərə getməmişəm və hələ də bakirəyəm. Necə ola bilər ki, mən bu oğlanın anası olum?!

Ömər soruşdu: Şahidin var?

Qadın cavab verdi: Bunlar hamısı mənim şahidlərimdir. Qadınla gələn 40 nəfər şahidlik etdilər ki, oğlan yalan danışır və qadının da indiyə kimi ailə qurmadığı doğrudur.

Ömər göstəriş verir ki, bu iş araşdılırana kimi oğlanı zindana atsınlar. Əgər şahidlərin dedikləri düzgün olsa, oğlan iftiraçı kimi cəzalandırılacaq.

Məmurlar oğlanı zindara aparanda yolda Əmirəlmöminin həzrət Əli ilə (ə) rastlaşırlar. Oğlan fəryad çəkir: Ya Əli! Dadıma yetiş. Mənə zülm oldu. Başına gələnləri həzrətə (ə) danışdı.

Həzrət Əli (ə) buyurur: Onu Ömərin yanına qaytarın.

Oğlanın qaytarıldığını görən Ömər dedi: Mən zindana aparılması əmrini vermişdim. Nəyə görə onu geri qaytardınız?

Dedilər: Əli (ə) buyurdu ki, onu geri qaytaraq. Dəfələrlə sizdən eşitmişik ki, Əlinin (ə) göstərişi ilə müxalifətçilik etməyin demisiniz. Elə bu vaxt həzrət Əli (ə) içəri girir və göstəriş verir ki, oğlanın anasını da gətirsinlər. Qadını da gətirirlər. Bu vaxt həzrət Əli (ə) oğlana buyurdu: İddianı söylə.

Oğlan yenə də başına gələnləri danışdı.

Əli (ə) üzünü Ömərə tutub buyurdu: İstəyirsən mən bu iki nəfər haqda qəzavət edim?

Ömər dedi: Subhanəllah! Necə razı olmayım! Həzrət Peyğəmbər (s) buyurub ki, Əli ibn Əbu Talib (ə) sizin hamınızdan elmlidir.

Həzrət Əli (ə) qadına buyurdu: Öz iddialarına şahidin var?

Qadın dedi: Bəli! 40 nəfər şahidim var ki hamısı burdadır. Şahidlər irəli gəlib bundan qabaqkı kimi qadının dediklərini təsdiq etdilər.

Həzrət Əli (ə) buyurdu: Allahın razılığı üçün qəzavət edəcəm. O hökmlə ki Peyğəmbər (s) mənə öyrədib. Sonra qadına buyurdu: Sənin işlərinə nəzarətçi və ya ixtiyar sahibin var?

Qadın cavab verdi: Bəli! Bu dörd nəfər mənim qardaşlarımdır və mənim ixtiyar sahiblərimdirlər.

Bu vaxt Əli (ə) qadının qardaşlarına buyurdu: Məni özünüzə ixtiyar sahibi edirsiniz?

Dedilər: Bəli! Siz bizim ixtiyar sahibimizsiniz.

Həzrət Əli (ə) buyurdu: Böyük Allah və burda olanların şahidliyi ilə bu qadını o oğlanla evləndirirəm. Mehriyəsi 400 dirhəm olmaqla özüm ödəyəcəyəm. Sonra Qəmbərə buyurur ki, 400 dirhəm gətirsin. Qəmbər də 400 dirhəmi gətirir. Həzrət Əli (ə) 400 dirhəmi oğlanın ovucuna qoyub buyurdu: Bu pulları götür və həyat yoldaşına ver. Sonra onun əlindən tut və gedin. Bir də bizim yanımıza gəlməyin.

Oğlan yerindən qalxıb pulları qadına verdi və dedi: Qalx gedək! Bu vaxt qadın fəryad çəkdi. Yandım, yandım! Ey Peyğəmbərin əmisi oğlu, istəyirsən məni oğluma ərə verəsən? Allaha and olsun ki, bu oğlan mənim övladımdır. Qardaşlarım məni atası qulamlıqdan azad olmuşa ərə verdilər. Bu oğlanı ondan dünyaya gətirmişəm. Uşaq böyüyəndən sonra mənə dedilər: O sənin övladın olduğunu inkar et və mən də onların dediyi kimi əməl etdim. Amma indi etiraf edirəm ki, o mənim övladımdır. Ürəyim onun sevgisi ilə doludur. Ana oğlunun əlindən tutub məhkəmədən çölə çıxdı.

Ömər dedi: Əli olmasaydı mən həlak olardım.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1193 بازدید
در حال ارسال اطلاعات...