Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2015

Günahın maddi və mənəvi təsirləri

Bəzən insanın elmi var, amma bu elm tamamilə faydasızdır. Çünki günah onun elmini təsirdən salıb
Azğın nəfs istəkləri və şeytanın vəsvəsələri toruna düşmək insanı günah və üsyana sövq edir. Günahın şirinliyi şor su kimidir, təşnəliyi artırır. Ondan çox içdikcə susayırsan. Bu elə bir bataqlıqdır ki, əl-qol atdıqca daha çox batırsan.

Günah insanın dünya və axirətdə bütün bədbəxtliklərinin əsas səbəbidir. Çətin dolanışıqdan ağır əzaba qədər qarşıya çıxan nə varsa hamısının arxasında günah dayanıb. İman əhli heç vaxt dolanışıqdan narazı deyil, çünki zöhd və qənaət əhlidir, dünyaya əsir olmayıb, Allahın verdiyi ruziyə qanedir. İman əhli bilir ki, Allah hikmət sahibidir və bütün işlərində xeyir məqsəd var.

Günahın həm mənəvi, həm də maddi təsirləri var. Qəlb və ruhun haldan çıxması günahla bağlıdır. Quranda bu barədə geniş məlumat verilib. Təhrim surəsinin 4-cü ayəsində oxuyuruq: “(Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır).” Qəlb çaşanda insanın hadisələri dəyərləndirmək qabiliyyəti itir. Günah əhli gördüklərini düzgün anlaya bilmir. Çünki günah hiss üzvləri ilə qəbul olunan məlumatları təhrif edir. Mutəffifin, 29-32: “Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər; (Möminlərin) Yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər; Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar; Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.”

Yanlış baxış və dəyərləndirmənin təbii nəticəsi heyrət və azğınlıqdır. Çünki belə insan həqiqəti olduğu kimi görə bilmir. O sanki gözü bağlı yol gedir və dövrə vururmuş kimi uzun müddətdən sonra hərəkətə başladığı yerə gəlib çatır.

Hicr, 58, 72: “(Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik; (Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).”

Şuəra, 222-225: “Onlar hər bir yalançıya, günahkara nazil olarlar; (Şeytanlar mələklərdən oğrun-oğrun) Eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!
(Müşrik və kafir) Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)”

Musa qövmünün üzləşdiyi çətinlikləri qəlb azğınlığının nəticəsi kimi dəyərləndirmək olar. Onlar günah səbəbindən həqiqəti görmürdülər. 40 il səhrada dolaşdılar, sonda yenə durduqları yerə çatdılar.

Maidə, 21-26: “Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz; Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”; (Allahdan) Qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”; (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq.”; (Musa) Dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!”; (Allah Musaya) Buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!”

Günahın digər təsirlərindən biri onun insanla həqiqət arasında hicab olmasıdır.

Mutəffifin, 12-15: “Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar; Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər; Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır; Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!”

Günaha batan insan həqiqəti ona görə görə bilmir ki, Allah onun gözləri qarşısına hicab çəkir.

Furqan, 21, 22: “Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar; Mələkləri görəcəkləri gün – həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) “(Sizə şad xəbər eşitmək) haramdır!” – deyərlər.”

Günah həqiqətin qəbulunda böyük maneə kimi tanıtdırılır.

Casiyə, 31, 33: “Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!
(O gün dünyada etdikləri) Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!”

Günahkar insan bütün həqiqətlərlə qarşıdurmadadır, o nəinki həqiqəti tanımır, hətta onu görə bilmir.

Yunus, 27: “Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!”

Belə bir halın sonu düşüncəsizlik içində süqutdur. Belə bir insan ağıl nemətindən bəhrələnə bilmir, axmaq hərəkətlərə yol verir.

Yusuf, 32, 33: “(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) Belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”; (Yusif) Dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.”

Bəzən insanın elmi var, amma bu elm tamamilə faydasızdır. Çünki günah onun elmini təsirdən salıb.

Bəzən qəlb qaraldığından elm qəlbi işıqlandıra bilmir. İnsan nə qədər savadlı olsa da onun biliyi gündəlik həyatına təsir göstərməkdə acizdir.

Əraf, 100: “Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?”

Casiyə, 7, 8: “Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!
O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!”

Mutəffifin, 13, 14: “Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər; Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.”

Allah-Taala bəzi ayələrdə günahkarların qaralmış qəlbini yada salır.

Şuəra, 198-201: “Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bəzisinə) nazil etsəydik; Və o (Quranı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər; Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq; Onlar şiddətli əzabı görməyənədək (Qurana) inanmazlar.”

Günahkarın qəlbi günah səbəbindən zülmətə bürünür. Həqiqət nə qədər aydın olsa da kor göz onu seçməkdə acizdir. Günahkarlar arasında haqqa qarşı çıxmaq təbii rəftarlardandır. Demək, günah nəinki insanı haqdan uzaqlaşdırır, hətta onu həqiqətlə müharibəyə çəkir.

Yunis, 75, 76, 82: “Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular; Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər; Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!”

Zuxruf, 74-78: “Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar; Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!
Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər); Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!
(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır:) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı.”

Günahın mənəvi təsirləri arasında əxlaqi nöqsanları da qeyd etmək olar. Əgər günah insanın qəlbinə nüfuz edibsə onlarda utanmaq, həya, xəcalət hiss ölüb. Çünki onun əqli işdən düşüb. Ağıl olmayan yerdə həya və iman yoxdur. Ağıl hara gedirsə həya və din də onunladır. Lut qövmünün başına gələnlər deyilənlərə nümunədir.

Əraf, 80, 81: “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?; Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”

Hud, 77, 78: “Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başabəlalı) bir gündür!” – dedi; Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?”

Hicr, 61-70: “Elçilər (mələklər) Lutun yanına gələndə; (Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!”; (Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!
Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”; Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq; (Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi; (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!
Allahdan qorxun və məni xar etməyin!
Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular.”

Günah bu insanları fitrətdən o qədər uzaqlaşdırmışdı ki, İblisin ardınca gedirdilər.

Şəms, 7-10: “And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki; Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.”

Əraf, 19, 22, 27: Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.”

Taha, 121: “(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).”

Günahın digər bir mühüm təsiri maddi təsirdir. Günahın maddi təsirlərinin siyahısı uzundur. Onlar arasında daha çox əhəmiyyət kəsb edən bir neçəsini yada salırıq. Günah insan üçün iqtisadi problemlər yaradar, onu yoxsulluğa sövq edər. Günahkar insan üçün nəzərdə tutulan dünya cəzalarından biri də yoxsulluqdur.

Hud, 52: “Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”

Nuh, 10-12: “Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!”

İnsanlara xəbərdarlıq olunur ki, qıtlıq, quraqlıq, böhran günahdan qaynaqlanır.

Quran ayələrində günahın iqtisadi baxımdan yaratdığı problemlər nəzərdən keçirilir:

Bəqərə, 276: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!”

Ənam, 146: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!”

Hud, 52: “Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”

Şura, 28, 30: “(İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə (şükrə) layiq olan da Odur; Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.”

Nuh, 10-12: “Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!” (Bax: Qələm, 17-33)

Hər halda insanın nemətdən məhrum olması, rifahın bədbəxtçiliyə çevrilməsi günahın səbəblərindəndir. (Bax: Ənam, 6, 146)

Digər surələrdə də bunun nümunəsi ilə rastlaşa bilərik.

Əraf, 96: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.” (Bax: Ənfal, 52, 53; Bəqərə, 61)

Günahın başqa bir təsiri rəhmət qapılarını insanın üzünə bağlamasıdır. Günah eyni zamanda əzab qapılarını insanın üzünə açır. İnsan günah səbəbindən uğursuzluğa məhkum olur, Allahın qəzəbinə gəlir, təbii fəlakətlər onun üçün bəlaya çevrilir. (Bax: Ənam, 147; Ənbiya, 74, 75; Nur, 19-21, 33; Bəqərə, 206; Maidə, 2; Ali-İmran, 152, 165; Yunis, 17; Bəqərə, 35; Əraf, 152, 153; Hud, 78, 82; Hicr, 61-76)

Nur-az/hawzah


1397 بازدید