Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2015

Xanım Zeynəbin (s.ə) təvəllüd günü

Allah buyurur: “Bu qızın adını Zeynəb qoyun!.. Zeynəb “atanın zinəti” deməkdir.
Bəşər tarixində mübarizə meydanlarında kişilərlə çiyin-çiyinə dayanmış ən parlaq simalardan biri Xanım Zeynəbdir. Düşmənin qanlı Kərbəla səhnəsinə işarə ilə isehzasına “gözəllikdən başqa bir şey görmürən” sözləri ilə cavab verən xanım Zeynəb (s.ə) bir məktəbdir.
Zeynəbi-Kübranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə idi. Peyğəmbər (s) səfərdən qayıtdı. Həzrət (s) buyurdu: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.” Cəbrail nazil olub xəbər gətirdi ki, Allah buyurur: “Bu qızın adını Zeynəb qoyun!.. Zeynəb “atanın zinəti” deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu.
Xanım Zeynəb (s.ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (s.ə) Peyğəmbərin (s) mübarək vücudundan səbir və dözüm dərsi alsın.
Zeynəb (s.ə), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir.
Həzrət Fatimə (s.ə) atasından bir müddət sonra dünyasını dəyişdi. Zeynəb ana məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Amma anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.
Artıq Zeynəbin(s.ə) ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir. Lakin Zeynəb(s.ə) izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır. Bu səbəbdən Zeynəb(s.ə) izdivac ərəfəsində də vəzifəsini unutmur və imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt(ə) dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın(s.ə) əri olmaq şərəfinə nail olur.
Kərbəla deyəndə, İmam Hüseyn (ə) aşiqi olan hər bir insanın qəlbi çox ağrıyır, çox yanır. Əslində bizi ağladan, qəlbimizi sızladan Kərbəla deyil, çünki Kərbəla adi bir şəhərdir. Bizi ağladan Kərbəla vaqiəsidir.
İmam Səccad (ə) buyurur: «Atam İmam Hüseyn (ə) şəhid olan gününün gecəsi, mən xəstə olduğum üçün bibim Zeynəb mənimlə məşğul idi. Atamın öz xeyməsində oturub şer oxuduğunu eşidərkən məni ağlamaq tutdu, amma sükut etdim. Bildim ki, bəla və müsibət gəlmişdir, amma bibim Zeynəb şeiri eşidərkən, özünü saxlaya bilmədi, pərişan halda atamın yanına gəlib dedi: «Kaş ölüm gəlib mənim həyatımı alaydı».
Xanım Zeynəb (ə) Kərbəlaya daxil olanda bilirdi ki, bura onun qardaşı ilə birgə olacağı son mənzildir. Elə ona görə də qardaşından bir an belə ayrılmırdı. Kərbəla, adından göründüyü kimi, Zeynəbi-Kubraya «kərbu-bəla» (yəni qəm və bəla) oldu.
İmam Hüseyn (ə) son anlarda Zeynəbi-Kubranın xeyməsinin yanına gəlir və deyir: «Bacı, Əli Əsğəri mənə ver vidalaşım». Zeynəb qardaşının altı aylıq südəmər oğlunu ona verir. Susuzluqdan halı pərişan olmuş o balaca körpənin halını təssəvvür edirsinizmi? Hansı ata belə bir faciəyə dözər? Ata susuz körpə ilə vidalaşmamış, məlunların oxu Əli Əsğərin boğazına sancılır. İmam Hüseyn (ə) uşağı Zeynəbə verir. İndi Zeynəb bu səhnəyə necə dözsün?! Bəli, Zeynəb dözdü.
Xanım Zeynəb (s.ə) əsarət zamanı ibn Ziyadın sarayında öz gözəl nitqi ilə məclisdəki camaatın gözləri qarşısında ibn Ziyadı rüsvay etdi. Zeynəbin (s.ə) kəsərli sözlərindən sınan məlun ibn Ziyad elə atıldı ki, sanki Zeynəbi(s.ə) öldürəcəkdi. İbn Ziyadın ətrafındakılarından biri dilləndi: «Ey əmir, bu qadındır!» Zeynəbin (s.ə) dağlı qəlbindən gələn sözlər Kufə camaatına od vurdu. Ravi deyir: «And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. Narahatlıqdan əllərini ağızlarına qoyub, təəssüflə ağlayırdılar. Yanımda ağlamaqdan üzünün tükləri göz yaşları ilə islanmış bir kişi, Əhli-beytə(ə) xitab edərək belə deyirdi: «Atam-anam sizə qurban! Sizin yaşlılarınız yaşlıların , cavanlarınız cavanların , qadınlarınız qadınların və nəsliniz nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstündürlər».


1400 بازدید
در حال ارسال اطلاعات...