Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

“İnsanın ilahi surətdə yaranması”

“İnsanın ilahi surətdə yaranması” ürfani qaydasına İbn Ərəbinin baxışı

Məhəmməd Miri


Xülasə

İnsanın İlahi surətdə, şəkildə yaranması məsələsi dini mətnlərdə asanlıqla sübut olunur. Bu hədisin məzmunu nəzəri ürfanın ontolojik (varlığa əsaslanan) və insanşünaslıq mənbələri ilə uyğundur. Bu məsələ bir ümumi qayda kimidir, onun təsirləri və nəticələri İbn Ərəbinin insanşünaslıq və elmun-nəfsə (nəfsi, ruhu öyrənən elm, bunu İslam psixologiyası da adlandırıblar) aid fikirlərində açıqlanır.

Bu məqalədə çalışılır ki, “ilahi surət”in mənası və “insanın ilahi surətdə (şəkildə)” yaranmasından nə nəzərdə tutulduğu araşdırılsın; eyni zamanda bu qaydanın insanın hərtərəfli olması, onun Allahın iki əli ilə yaranması və ilahi xəlifəlik kimi bölmələrinə də işarə ediləcək.

Müqəddimə

İbn Ərəbi bir çox yerlərdə “xələqəllahu adəmə əla surətih” hədisinin məzmunu olan "insanın İlahi surətdə yaranması" məsələsinə toxunub və bu barədə bir çox nəticələr əldə edib. Əlbəttə o bu hədisi araşdıran və şərh edən ilk şəxs deyil. Əksinə bu hədis uzun zamanlardır ki, alimlər və ariflərin diqqətini özünə cəlb edib. Peyğəmbərdən (s) olan bu hədis o qədər məşhur və diqqət mərkəzində olub ki, bəziləri onun təfsiri barəsində pak imamlara müraciət ediblər. Elə bu səbəbdən mərhum Məclisi Biharul-ənvar kitabının bir fəslini bu hədisin izahına ayırıb.

Bu hədis İbn Ərəbidən əvvəlki ariflərin də diqqət mərkəzində olub. Misal üçün Ruzbehan Bəqli öz şətəhiyyatının şərhində bu hədisin şərhinə bir bölmə ayırıb; Əbu Hamid Ğəzali də öz əsərlərində bir neçə dəfə bu hədisin şərhinə çalışıb. Həmçinin Eynəl-quzat Həmədaninin əsərlərində onun bu hədisə olan işarələrini görmək olar.

İnsanın İlahi surətdə (formada, şəkildə) yaranması yalnız bu nəbəvi hədisdə işarə olunmuş bir məsələ deyil. Əksinə ariflər bu mənanı Qurani-Kərimin bəzi ayələrindən də əldə ediblər. Misal üçün İbn Ərəbi və onun məktəbinin ardıcılları “ləysə kə mislihi şəy” ayəsindəki (Şura, 11) “kaf” hərifini iki cür mənalandırıblar. Onların fikrinə görə əgər ayədəki “kaf” hərifi “zayid” (əlavə, artıq) olarsa bu ayə onu göstərir ki, uca Allahın heç bir oxşarı yoxdur. Lakin əgər ayədəki “kaf” “zayid” (artıq) yox, oxşarlıq bildirən olarsa, bu halda ayə Allahın misli, oxşarı olduğunu sübut edir və həmin oxşarın heç bir oxşarı olmadığını deyir. Bu qayda ilə ayənin mənası belə olur: “Uca Allahın oxşarının heç bir oxşarı yoxdur.

Bu ayədə Allahın oxşarı kimi yad edilən varlıq yalnız və yalnız insandır və rəvayətlərdə o haqqın surətində yaranmış bir varlıq kimi tanıtdırılıb. Əlbəttə bəziləri İmam Rzadan (ə) olan bir hədisi insanın İlahi surətdə yaranması rəvayətinin inkarına dəlil hesab etmişlər. Lakin bəzi böyük şəxslər o cümlədən İmam Xumeyni (r) bu irada bir neçə cavab verib və deyib: Əgər bu dəyərli hədisin Girami Peyğəmbərdən (s) nəql olunmadığını fərz etsək belə, yenə də onun mənası və məzmunu digər dəyərli hədislərimizdə gizlənib.

İmam Xomeyni (r) sənətkarcasına insanın İlahi surətdə yaranmasını deyən hədislə uyğun olan bir neçə hədisləri seçib və bu hədisin məzmununun şəriətdə olmasını sübut etmək üçün həmin hədisləri dəlil gətirib.

Dəyərli bir hədisdə Həzrət Baqirul-ulum buyurur: “Nəhnu vəchullah”, biz Allahın vəchiyik. (vəch sözünün mənası üzdür) Nüdbə duasında isə deyilir: “Haradadır Allahın vəchi, o ki, övliyalar ona üz tutarlar?”

Cameeyi-kəbirə ziyarətində də buyurulur: “Vəl-məsəlul-əla” buradakı misliyyət, vəchiyyət (oxşarlıq) “Allah Adəmi öz surətində yaratdı” hədisinin məzmunu ilə eynidir. Yəni Adəm haqqın ali oxşarı, məsəli, Allahın ən böyük ayəsi, ilahi isimlərin və sifətlərin tam zühur etdiyi varlıq və bu isim və sifətlərin aşkar olduğu güzgüdür. Adəm Allahın vəchidir, Allahın gözüdür, Allahın əlidir; Vəchullah, eynulllah, yədullah və cənbullah.

Mövzuya daxil olmazdan öncə qeyd ediləsi zəruri bir məsələ bundan ibarətdir ki, ariflərin insanın ilahi surətdə yaranmasını iddia etmələri və İbn Ərəbinin insanın Allahın oxşarı kimi tanıtdırması ariflərin tənqidi üçün bir vasitəyə çevrilməməlidir. Çünki məlum olduğu kimi uyğun qayda, yəni insanın İlahi surətdə (formada, şəkildə) yaranması şəriətdəki təlimlərdən əldə olunub. Həmçinin ariflər insanın Allahın oxşarı olmasında məqsədlərinin nə olduğunu izah ediblər və deyiblər ki, onların məqsədi insanın ilahi kamilliklər üçün kamil məzhər olmasıdır. Eyni zamanda təkidlə bildiriblər ki, insan heç zaman vacibəl-vücud sifəti ilə vəsf olunmayacaqdır. Elə uca Allahın vacibəl-vücud və insanın mümkünəl-vücud olması haqla insan arasındakı əsas fərqdir.

Odur ki, ariflərin insanın ilahi surətdə yaranmasını bildirmələrindən onu Allahın oxşarı hesab etmələrindən elə güman etməməliyik ki, ariflər insan ilə uca haqq arasında heç bir fərq qoymurlar.

İbn Ərəbi deyir:

Girami Peyğəmbər (s) buyurur: “Allah Adəmi öz surətində xəlq etdi.” Bil ki, Quranda görünən Allahla insan arasındakı oxşatma bir növ leksik oxşatmadır, əqli oxşatma deyil, çünki Allah barəsində əqli oxşatma mümkünsüzdür və əqli dəqiqliklə Allahın heç bir misli, oxşarı yoxdur. Əgər “Zeyd şücaətdə, cəsarətdə şir kimidir” deyilirsə, burada və bu kimi oxşatmalarda iki tərəf bir-birinə müəyyən bir cəhətdən oxşadılır. Həmin  cəhətdə hər iki tərəf eynidirlər. Lakin digər cəhətlərdən onların bir-birlərindən fərqli olmaları mümkündür.

Bizim mövzumuzda da əgər “insan Allah kimidir” deyilirsə, burada hansı cəhətdən haqqa oxşaması nəzərə alınmalıdır. Yəni insan ona aid olan kamilliklərdə Allah kimidir. Nəticə budur ki, insan öz kamilliklərində uca Allaha oxşardır. Elə həmin oxşarlıq səbəbindən insan öz kamillikləri yolu ilə ilahi kamillikləri dərk edir. Lakin bu heç zaman o demək deyil ki, insan eynən uca Allah kimidir.

Bundan əlavə insanın zəiflik, yoxsulluq, kiçikliyə bulanmış məqamı qarşısında uca Allahın ali məqamını heç kəs ariflərdən yaxşı açıqlamayıb. Ariflərin əsərlərində və sözlərində hər şeydən daha çox bəndənin ehtiyacsız Allah qarşısında xüzu, xüşu, təvazökarcasına ixlasla ibadəti qədər yer tapmayıb. Elə bu səbəbdən İbn Ərəbi insanın ilahi surətdə yaranmasını Allahın ən böyük imtahanlarından hesab edir; Çünki Allahın insanı öz surətində yaratmasına baxmayaraq, həqiqi bəndə öz “mümkünəl-vücud” (vücuda gəlməsi başqasından asılı olan) məqamı, zatən ona aid olan yoxsulluğu və bəndəliyi ilə uca Allaha əvvəlcədən, zati olaraq aid olan kamilliklər arasında fərq qoymalıdır və unutmamalıdır ki, uca Allah, hikmətli yaradan onu bu kamilliklərdə öz canişini edib. Ariflərə görə insan ilahi surətdə yaransa da, lakin həqiqi bəndə ürfanın ən üstün məqamlarında belə heç zaman öz mümkünəl-vücudluğunu (vücuda gəlməsi başqasından asılı olan), bəndəlik məqamını, yoxsulluq sifətini və zatən ehtiyaclı olmasını unutmur.

Bu hədis bir çox həssas nöqtələrə şamil olduğu üçün bir çox ariflərin, filosofların, kəlamçıların, hədisçilərin və təfsirçilərin bu barədə fikir bildirməsinə səbəb olub. Əlbəttə bu şəxslərin hamısı uyğun mövzuda eyni fikirdə olmayıblar. Əksinə bu hədis ilə bağlı fərqli mövqelər göstəriblər. Bəzən bir-birinə zidd olan bu nəzəriyyələr barəsində ətraflı danışmaq uyğun məqalənin imkanında deyil. Lakin xülasə olaraq belə demək olar: Mərhum Məhəmməd Hüseyn Müzəffər kimi bəzi şəxslər bu hədisi saxta hədislərdən hesab edirlər və onların fikrinə görə bu hədis Allaha və peyğəmbərlərə təhqir ünvanında qondarılıb, yəhudilər və nəsranilərin İslama daxil etdiyi cəfəngiyatdır. Mərhum Məhəmməd Baqir Məclisi də bu hədisin bir növ təqiyyə olduğunu bildirir. Lakin eyni zamanda bir çox alimlər və ariflər bu hədisin səhihliyini təkidlə bildiriblər və elə mənalandırıblar ki, hədisdən Allahın cism olması başa düşülməyib və hədis uca Allah üçün heç bir nöqsan göstəricisi olmayıb.

Adətən bu hədis barəsində iki nöqtə daha çox diqqət mərkəzində olub: Birincisi budur ki, hədisdəki "surət" sözündən məqsəd nədir? Və "Allahın surəti" dedikdə nə başa düşmək olar? İkinci nöqtə budur ki, hədisdə "onu öz surətində" yaratdı deyildikdə buradakı öz sözündən məqsəd Allahdır, yoxsa insan? Bu məqalədə uyğun hədis barəsində İbn Ərəbinin təsfirini xatırlatmaq fikrində olduğumuz üçün bu suala da onun dilindən cavab verəcəyik.

Surət deyildikdə əksər hallarda cismə aid olan forma nəzərdə tutulur. Lakin bu hədisdə “surət” sözündən həmin kəlmənin cismi işlərə aid olan mənasının nəzərdə tutulmamağı aydındır. Surət sözünün bir çox mənaları var bu mənalardan bəzilərini Allaha aid etmək qadağandır, bəzilərini isə haqq təalaya aid etmək mümkündür. Ğəzali və Sədrul Mutəllihin bu hədisin təsfirində uyğun "surət" sözünün müxtəlif mənalarını araşdırıblar. Bu kəlmə barəsində açıqlanan mənalardan biri də Mühəqqiq Fənarinin zühur və bütun bəhsində ariflərin prinsiplərini, əsaslarını açıqlayarkən bildirdiyi mənadır. Ariflərə görə hansısa bir işin surəti həmin şeyin zahir olmasına səbəb və vasitə olandır. Bu qayda ilə aləmdəki bütün mövcudlar İlahi isimlər üçün surətlərdir. Odur ki, mərifət əhlinin surət sözündən məqsədi həmin şeydir ki, onun vasitəsi ilə əşya görünür, müəyyənləşir, tanınır, zahir olur. Bu səbəbdən və ariflərin digər əsaslarını nəzərə almaqla arxayınlıqla demək olar: Uca Allahın surəti və həmin şey ki, Allah onun vasitəsi ilə zahir olur yalnız və yalnız Allahın gözəl isimləri və sifətləridir; Əsmaul-husna!

Elə bu səbəbdən Mühəqqiq Qeysəri “Füsus” əsərinin şərhində İbn Ərəbinin insanın ilahi surətdə yaranışını bildirməsi ilə bağlı yazır: Uca Allahın surətindən İbn Ərəbinin məqsədi Allahın isimləri və sifətləridir; Hədisin mənası budur ki, Allah insanı elə bir şəkildə yaratdı ki, o bütün ilahi isimlər və sifətlərlə vəsf oluna bilər.

Mühəqqiq Cami də İbn Ərəbinin uca Allahın surətindən məqsədinin nə olduğunu gözəl şəkildə izah edib. O İbn Ərəbinin uyğun ifadəsinin izahında, “Nəqşəl-füsus” əsərində yazır:... Onun sözləri bu məsələyə işarə edir ki, bəziləri surətin zahiri və cismani forma, şəkil mənasında olduğunu hesab edirlər; amma “surət” uyğun mənada Allaha aid edilə bilməz, əksinə bu hədisdə “surət” kəlməsindən məqsəd həmin şeydir ki, əşyalar onun vasitəsi ilə zahir olurlar. Mənəvi həqiqətlər xaricdə surətlər vasitəsi ilə zahir olunur. Şəriətdə də uca Allahın isimləri və sifətləri “Haqqın surəti” adlanıb; çünki uca haqq həmin isimlər və sifətlər vasitəsi ilə xaricdə zahir olunur. Beləliklə Haqqın surəti Onun sifətlərinə şamil olur və insanın ilahi surətdə yaranmasının mənası budur ki, sübhan Allah öz gözəl sifətlərinin (həyat, elm, qüdrət kmi sifətlər) hər birindən bir pay da insanın vücudunda qoyub.

Zahir ilə nəticə çıxaranlar, zahir əhli surət kəlməsinin maddiyyata aid edildikdə həqiqi, Allaha isə aid edildikdə məcazi olduğunu düşünsələr də, lakin ariflər bunun əksinə olaraq surətin maddiyyatla bağlı məcazi, uca Allah ilə bağlı həqiqi məna verdiyini hesab edirlər. Çünki bu insanların baxışında aləm və onun bütün cismani və ruhani, cövhəri və ərəzi bölmələri həzrət Haqqın surətidir; Necə ki, kamil insan həzrət Haqqın tam surətidir.

Hədisin mənası ilə bağlı elmi mübahisələrə səbəb olmuş ikinci nöqtə hədisdəki “onu öz surətində yaratdı” cümləsindəki "öz" kəlməsindən məqsədin kim olmasıdır. Bəziləri burada öz kəlməsindən Allahın, bəziləri isə Adəmin nəzərdə tutulduğunu bildirirlər. Lakin İbn Ərəbinin nəzərinə görə hər iki nəzəriyyə düzgün ola bilər. Əlbəttə onun dediyinə görə zahirə baxıb nəticə çıxaranlar bu hədisdəki işarə əvəzliyinin, yəni "öz" sözünün yalnız Adəmə aid olduğunu bildirirlər və bu sözdən Allahın məqsəd olduğunu deməkdən çəkinirlər. Ariflər buradakı işarə əvəzliyinin Allaha ünvanlandığını, yəni hədisdəki "öz" sözündən Allahın nəzərdə tutulduğunu bildiriblər və bu barədə müəyyən dəlillər göstəriblər. Onlardan bəzilərinə işarə edirik:

İbn Ərəbinin göstərdiyi dəlillərdən biri budur ki, bu hədis başqa formada da nəql olunub: “Həqiqətən Allah Adəmi Rəhmanın surətində yaratdı.” Göründüyü kimi bu hədisdə əvvəlki hədisdən fərqli olaraq "öz surətində" əvəzinə "rəhmanın surətində" ifadəsindən istifadə olunub və buradan məlum olunur ki, "onu öz surətində yaratdı” ifadəsində olan "öz" sözündən məqsəd Allahdır.

Mühəqqiq Qunəvi də hədisdəki işarə əvəzliyinin insana aid olmasını, yəni hədisdəki öz kəlməsindən insanın nəzərdə tutulmasını şəriət və həqiqətin sirlərindən xəbərsiz insanların düşüncəsi hesab edib və ariflərin nəzərini təsdiqləyən başqa bir hədis nəql edir: Böyük Peyğəmbər (s) savaşa yola düşən səhabələrdən bəzilərinə buyurur: Döyüş zamanı düşmənin surətindən çəkin (yəni onu qətlə yetirdikdə surətinə zərbə vurma) və onunla işin olmasın; “Çünki Allah Adəmi öz surətində xəlq etdi.” Bu hədisdə öz surətində ifadəsindəki öz kəlməsindən məqsədin Allah olması tamamı ilə aydındır.

Ariflərin, xüsusi ilə İbn Ərəbinin hədisdəki “öz surətində” ifadəsindəki "öz" kəlməsindən kimin nəzərdə tutulduğu, həmçinin surət deyildikdə nəyin nəzərdə tutulduğu başa düşüldükdən sonra İbn Ərəbinin bu hədis barəsindəki təfsirini mütaliə etməyə başlamaq olar:

İbn Ərəbiyə görə aləmdəki bütün varlıqlar uca Haqqın məzhərləri, işartılarıdır. Onların hər biri öz tutumuna görə ilahi kamillikləri və isimləri, əsmanı göstərən güzgülərdir. Əqli varlıqlar öz mərtəbələri ilə uyğun olan kamillikləri zahir edirlər, göstərirlər, həmçinin misali və maddi varlıqlar da hər biri öz mərtəbəsinə uyğun olaraq uca Haqqın kamilliklərinin xüsusi bir hissəsini izhar edirlər, nümayiş etdirirlər. Lakin bütün bu varlıqlar arasında yalnız insan uca Allahı tam şəkildə göstərməyə qadir, imkanlı mövcuddur. Insanın maddi, misali, xəyali, əqli və hətta fövqəl-əqli yönləri, cəhətləri olduğu üçün o uyğun mərtəbələrdən heç birində məhdudlaşmır və özü təklikdə digər mövcudların hər birinin nümayiş etdirdiyi kamillikləri, dəyərləri bütövlükdə göstərə bilir. Digər mövcudların hər biri kamilliklərin, dəyərlərin hər birinin müəyyən hissəsini nümayiş etdirir və bu insanın digər varlıqlardan üstün olmasının sirridir.

“İnsanın İlahi surətdə xəlq olunması” ürfani qaydanın izahında Mühəqqiq Qunəvinin bir sözünə işarə etmək yerinə düşər. O ətraflı bir ifadə ilə məsələnin əksər cəhətlərini nəzərə alaraq uyğun qaydanı gözəl şəkildə izah edir.

O yazır: İsimlər bir-birləri ilə fərqlənirlər, onların hər birinin aləmdə xüsusi vəzifəsi var; Yəni onların hər birinin öhdəsinə özlərinə uyğun olaraq aləmin xüsusi bir bölməsinin rübubiyyəti və tədbiri düşür. İlahi isimlərdən (Əsma) bəziləri ruhlar aləmini qururlar, bəziləri misal aləmini, başqa bir qrup isimlər ünsürlər, cisimlər, bitkilər və heyvanlarla məşğul olurlar; nəticədə isimlərdən hər biri aləmdə özünə münasib varlığı zahir edir və onun tədbirini öhdəsinə götürür bu qayda ilə isimlərin hər biri öz xüsusi məzhərinin qibləgahı olur; yəni o isim öz xüsusi məzhərinin uca Haqq ilə rabitə kanalına çevrilir; yəni məzhərlərdən hər birinin uca Haqqa istinadı öz xüsusi isminin vasitəsi ilə olacaq; təbii olaraq onun uca Haqqa mərifəti, idrakı da həmin ismin həddində olacaq.

Lakin bu baxımdan insanın aləmdəki varlıqlarla mühüm fərqi var. İnsanın zahir olması üçün bütün ilahi isimlər əl-ələ verib və uca Haqq bütün isimlərindən istifadə etməklə insanı zahir edib, elə bu səbəbdən buyurur: “Mən insanı hər iki əlimlə xəlq etdim.” Çünki Allahın hər iki əlindən biri qeyb aləminə, digər isə şühud aləminə aiddir və insan hər iki aləmin tərkibi olduğu üçün Allah onu hər iki əli ilə xəlq edib. Bu səbəbdən insan bütün isimlərin toplusudur və digər mövcudlar kimi xüsusi bir isimlə məhdudlaşmır. Məlaikələrin də müəyyən məqamları var və həmin məqamda məhduddurlar və digər bütün mövcudlar, varlıqlar da belədir. Yalnız insan fərqlənir; çünki o İlahi surətdə xəlq olunub.

Bütün insanların ilahi surətdə xəlq olunması

Ariflərin “insanın ilahi surətdə xəlq olunması” hədisi barəsində verdikləri izahlardan elə güman oluna bilər ki, ariflər bu hədisin kamil insana aid olduğunu düşünürlər. Lakin nəzərə almaq lazımdır ki, kamil insanın bu hədisin tam nümunəsi olmasına baxmayaraq, Həzrət Ustad Həsənzadə Amuli və Seyyid Hür Amulinin dediyi kimi bu hökm digər insanlara da aid olur. Bütün insanların ilahi surətdə xəlq olunması üçün bir neçə dəlil göstərmək olar:

Ariflər “insanın ilahi surətdə xəlq olunması” qaydası ilə bağlı “Allah Adəmi öz surətində yaratdı” hədisini dəlil gətirirlər, bu hədisə istinad edirlər və məlumdur ki, hədis zahirdə təkcə kamil insana aid edilməyib. Xüsusi ilə uyğun hədisin nazil olma münasibəti bu iddianı təsdiqləyir. Hədisin nazil olma münasibəti barəsində bildirilir ki, iki nəfər Allah rəsulunun yanında bir-birləri ilə mübahisə edir, bir-birlərinə nalayiq sözlər deyirdilər. İki şəxsdən biri digərinə deyir: Allah səni və sənə oxşayanların surətini çirkinləşdirsin. Bu zaman İslam Peyğəmbəri buyurur: Ey Allahın bəndəsi! Öz qardaşına belə demə; Çünki Allah Adəmi öz surətində xəlq edib.

Bütün insanlar kamillik məsələsində kamil insanlarla potensial baxımdan bərabərdirlər. Yəni bütün insanların kamil insan olmaq potensialları var. Odur ki, hər bir insana “ilahi surətdə xəlq olunma” qaydası şamil olur.

İbn Ərəbiyə görə Allah özü üçün seçdiyi hər bir isimdən insana da bir pay ayırıb. Bəzi ariflər də “insanın ilahi surətdə yaranması” hədisini həmin məzmunda mənalandırıblar.

Yuxarıda qeyd olunan dəlillərdən əlavə ariflərin uyğun qaydanın bütün insanlara şamil olmasını təsdiqləmələri uyğun iddia üçün ən gözəl dəlildir.

Mühəqqiq Cundi İbn Ərəbinin bu barədə olan sözlərinin izahında bildirir ki, insanın ilahi surətdə yaranması qaydası Həzrət Adəmin bütün övladlarına, nəslinə aid olur. O yazır:

Bu hədis Adəmin bütün övladlarına, nəslinə şamil olur. Çünki hədisdə Həzrət Adəm şəxsən özü nəzərdə tutulmur, insan növü nəzərdə tutulur.

Uyğun ürfani qaydanın yalnız kamil insanlara deyir bütün Adəm övladlarına şamil olması aydınlaşdı. Lakin eyni zamanda unutmamaq lazımdır ki, ariflərə görə kamil insana aid olan məsələlər, mövzular digər insanlara aid olan məsələlərdən olduqca əhəmiyyətli olduğu üçün təbiidir ki, ilahi surətdə xəlq olunmadan söz açıldıqda ariflər kamil insanı nəzərdə tuturlar. Hətta İbn Ərəbi bəzi yerlərdə təkidlə birdirir ki, bu qayda heyvani insana şamil olmur.

Bütün insanların ilahi surətdə yaranması deyildikdə nəzərdə tutulan budur ki, bütün insanlarda Allahın bütün isimlərinin məzhəri, təcəllası olmaq potensialı var. Lakin əksər insanlar özlərindəki bu potensialdan faydalana bilməyiblər.

İnsanın ilahi surətdə xəlq edilməsinə aid olan nəticələr və bu qaydanın bölmələri

Adətən İbn Ərəbi və digər ariflər insanın ilahi surətdə xəlq edilməsindən söz açdıqda, bu zaman uyğun qayda ilə yanaşı digər bəzi hökmlər və məsələləri də insana aid edirlər. Bir cəhətdən uyğun hökmlərlə həmin qayda arasında zəruri rabitə yaranır və digər bir tərəfdən həmin hökmləri uyğun qaydanın bölmələri hesab etmək olar.

Əlbəttə bu bölmələrin hamısını müstəqil şəkildə geniş araşdırmaq lazımdır. Lakin biz bu hökmlərdən, məsələlərdən bəzilərinə qısaca işarə edəcəyik.

İnsanın Allahın iki əli ilə yaranması

“İnsanın Allahın iki əli ilə yaradılması” və həmçinin “insanın ilahi surətdə yaranışı” şəriətdə işarə olunmuş məsələlərdəndir. İbn Ərəbi bu iki məsələ arasında dərin bağlılıq, rabitə görür. İbn Ərəbiyə görə Allah insanı öz iki əli ilə yatardığı üçün onda belə bir ləyaqət gördü ki, ilahi surət ona aid olsun və o bütün isimlərin məzhəri, təcəllisinə çevrilsin, bütün isimlər ona öyrədilsin. İnsanın Allahın iki əli ilə xəlq olunması onun üstünlüyünə, kəramətinə işarədir. Uca Allah bu üstünlüyü insana aid edib və Qurani-kərimdə buna işarə olunub.

Bəs şəriətdə “Allahın iki əli” deyildikdə nə nəzərdə tutulur? Bu sual qədimdən alimlərin, mütəfəkkirlərin fikrini özünə məşğul edib.

İbn Ərəbi insanın Allahın iki əli ilə yaranmasının izahından öncə uca Allahın qarşılıqlı cəhətlərindən bəzilərinə işarə edir və bildirir ki, insannda buna əsasən qarşılıqlı cəhətlərə malik şəkildə yaranıb, xəlq olunub. Misal üçün Allah zahir və batindir; zahir və batin iki qarşılıqlı cəhət hesab olunur. (bir-birinə qarşı olan cəhətlər) Bütün aləm ya zahir, ya da ki batin əhatəsindədir. İnsanın da öz vücudunda iki zahir və batin cəhətləri var. O öz zahir cəhəti ilə (yəni göz və qulaq kimi zahiri idrak qüvvələri ilə) aləmin zahirini dərk edir və öz batini cəhəti ilə (əql qüvvəsi kimi) aləmin batinini dərk edir.

Digər bir tərəfdən Allah razılıq və qəzəb sifəti ilə vəsf olunur və yenə də bu qayda ilə insanda da iki qorxu və ümid sifətləri yer alır. Yaxud uca Allah iki cəmal və cəlal sifətinə malik olduğu üçün, insanda da iki bir-birinə qarşı olan heybət, əzəmət və mehribanlıq sifəti yer alır. Bunlar yalnız Allahdakı bir-birinə qarşı olan cəhətlərdən bir neçə nümunə idi; bütün bu qarşılıqlı cəhətlər şəriətdə Allahın iki əli kimi ifadə olunur.

İnsanın Allahın iki əli ilə və ilahi surətdə yaranmasından əldə olan nəticələrdən biri də onun ilahi xəlifəlik məqamına layiq olmasıdır. Əlbəttə nəzərə almaq lazımdır ki, “insanın ilahi surətdə xəlq olunması” qaydasının müxtəlif bölmələrini araşdırmaq və həmçinin ariflərin bu qaydanın nəticəsi olaraq açıqladıqları bölmələrdən söz açmaq daha böyük fürsət, imkan istəyir. Bu təhqiqdə uyğun əhəmiyyətli ürfani qaydanın müxtəlif cəhətlərini araşdırmağa və bu qaydanın ürfani insanşünaslıqdakı həssas roluna işarə etməyə çalışılıb. Bu məqalədə uyğun qaydanın bölmələrindən bəzilərinə qısa işarə olundu. Ümid edirik ki, bu barədə araşdırmaçılar tərəfindən ətraflı araşdırmalar aparılacaq.

Nəticə

İnsanın ilahi surətdə yaranması məsələsi ariflərin insanşünaslıq bəhslərində, xüsusi ilə İbn Ərəbi məktəbində daim diqqət mərkəzində olan qaydalardandır və bu qayda ilə bağlı mühüm nəticələr və bölmələr açıqlanıb. Bu qayda ariflərin insanın varlıq aləmindəki yerinə xüsusi baxışlarından doğub; həmçinin şəriətdə müxtəlif təlimlərdə, İslam maarifində uyğun qaydanın məznunu təsdiqlənib.

Mənbələr

Seyyid Hürr Amuli, “Cameul-əsrar və Mənbəul-ənvar”, Tehran, 1368, hicri-şəmsi;

“Fususul-hikəm”, İbn Ərəbi;

Əhməd ibn Hənbəl, "Musnədi-Əhməd"

Bəqli Şirazi Ruzbehan, “Şərhi-şətəhiyyat” 3-cü cap, Tehran, Təhuri, hicri 1374;

Əbdurrəhman Camii “Nəqdun-nusus fişərh-nəqşəl-fusus”, 2-ci cap, Tehran hicri 1370, İslam mədəniyyət və irşad nazirliyi

Həsənzadə Amuli, “Sərhul-uyun fi şərhil-uyun”, Qum, İslam təbliğat dəftərxanası, hicri1379,

Fəxruddin Razi, “Məfatehul-ğeyb”

Nəsir ibn Məhəmməd ibn Əhməd Səmərqəndi, “Bəhrul-ulum”

Şeyx Səduq, “Uyunu əxbar əl-Riza əleyhissəlam”;

Əbu Hamid Ğəzali, “Ehyaun ulumud-din”, Beyrut, Darul-kitabul-ərəbiyy;

Sədrəddin Qunəvi “Ecazul-bəyan fi təfsiri ummul-Quran”, Qum, hicri 1381, İslam təbliğat dəftərxanası;

Məhəmməd Baqir Məclisi, “Miratul-uqul fi şərhi əxbari alur-rəsul”;

Molla Sədra, Şərhi Usuli-kafi, Əli Abidi Şahrudinin araşdırması, Tehran, 1366;

Seyyid Ruhullah Musəvi Xumeyni, “40 hədisin şərhi”, 5-ci cap, Tehran, İmam Xumeyninin əsərləri nəşri müəssisəsi, hicri 1389;

Cəlaləddin Məhəmməd Mövləvi, “Divani-kəbiri şəms”, Tehran, 1384;

Eynul Qozat Həmədani, “Eynul Qozatın namələri”, Tehran, Əsatir, hicri 1377

Və digər bir çox mənbələr...

Nur-az.com
Dilimizə çevirdi: M. Əhməd


1868 بازدید
در حال ارسال اطلاعات...