Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2015

İslamda halal ruzi

Dinimizdə ən pak qazanc doğru-düzgün müamilə və ticarət yolu ilə əldə olunan qazancdır. Bəzi insanlar müəyyən işləri özlərinə yaraşdırmırlar
Halal işin əhəmiyyəti

İslamda halal ruzi qazanmaq üçün çalışmaq çox tövsiyə olunmuşdur. Dinimizdə ən pak qazanc doğru-düzgün müamilə və ticarət yolu ilə əldə olunan qazancdır. Bəzi insanlar müəyyən işləri özlərinə yaraşdırmırlar. Nəticədə dolanışıq ehtiyaclarını ödəyə bilmir, başqalarına möhtac olurlar. İmam Sadiq (ə) ona ehtiyacından danışan, ticarətlə məşğul olmaq istədiyini bildirən şəxsə buyurdu: “Yük daşımaq da olsa işlə məşğul ol ki, başqalarına möhtac olmayasan.”

Əziz İslam peyğəmbəri (s) buyurur: “Zahirən əskik sayılan bir iş xalqa əl açmaqdan yaxşıdır.” Həzrət Peyğəmbər (s) halal ruzinin, doğru işin duaların qəbul olmasına təsiri barədə buyurur: “Duasının qəbul olmasını istəyən şəxs çalışsın ki, işi halal olsun, xalqa möhtac qalmasın. Bir şəxsin qarnında haram, boynunda xalqın haqqı olsa onun duası qəbul olmaz.” Başqa bir məqamda həzrət buyurur: “Haram yeməklə ibadət etmək qum üzərində ev tikmək kimidir.” Aydın məsələdir ki, evin bünövrəsi olmasa bu ev uzun müddət davam gətirməz. Haramdan çəkinməyən insanın ibadətində də fayda yoxdur.”

Deyilənlərdən nəticə çıxara bilərik ki, İslam müsəlmanlara halal ruzi qazanmaq üçün çalışmağı tapşırır, halal ruzi duanın qəbul olma şərtidir, haram yeyənin ibadəti qəbul olmaz.

Möhtəkirlik

Bəyənilməyən yolla var-dövlət qazanmaq yollarından biri də möhtəkirlikdir. Möhtəkir bir malı yığıb saxlayır, xalqın ehtiyacı olduğu halda bazarda qıtlıq yaradır. Qiymətlər qalxdıqdan sonra həmin malı baha qiymətə satır. Buna möhtəkirlik deyirlər. İslam möhtəkirliyi qadağan edir, haram iş sayır. Çünki möhtəkirlik xalqa, müsəlman cəmiyyətinə zərərlidir. Əqli baxımdan da bu iş xoşa gələn deyil. İmam Sadiq (ə) Həzrət Peyğəmbərin (s) dilindən buyurur: “Xalqın ehtiyacını yalnız günahkarlar toplayıb möhtəkirlik edər.” Həzrət başqa məqamda buyurur: “Kim mənim ümmətim üçün bir gece bahalıq arzulasa Allah onun 40 il xeyir əməlini batil edər.” İslam dini malı toplayıb saxlamağı qadağan edir. Şəriət hakiminin ixtiyarı var ki, qanuni yolla möhtəkirliyin qarşısını alsın. Bu barədə Həzrət Əli (ə) Malik Əjdərə yazır: “Bazar əhli, tacirlər xalqın ehtiyaclarını ödəməkdə mühüm rol oynayırlar. Amma onların arasında elələri var ki dar baxışlıdır, pis müamilə edir, paxıldır, möhtəkirliklə məşğul olur. Yanlız öz xeyrini düşünür. Malı istədiyi qiymətə satır. Bu mənfəətpərəstlik və malın baha satılması bütün cəmiyyətə zərər vurur, hakim üçün böyük eybdir. Möhtəkirliyin qarşısını al. Həzrət Peyğəmbər (s) möhtəkirliyə yol verməyib. İslam cəmiyyətində alış-veriş ədalətlə yerinə yetirilməlidir, qiymətlər satıcı və alıcıya ziyan vurmamalıdır. Sən qadağan etdikdən sonra möhtəkirliyi davam etdirəni cəzalandır, başqalarına ibrət olsun.”

İslam dini İslam cəmiyyətinin rəhbərinə, şəriət hakiminə icazə verir ki, möhtəkirin yığdığı mallara qiymət qoyub qiymətə nəzarət etsin.

Belə nəticə çıxarırıq ki, İslam möhtəkirliyi qadağan etməklə cəmiyyətdə istifadə olunmayan sərvətlərin toplanmasına qarşı çıxıb, İslam şəriət hakiminə icazə verir ki, möhtəkirin malına qiymət qoymaqla xalqa dəyən zərərin qarşısını alsın.

Sələm

Cəmiyyətdə sərvət və sərmayə sahiblərinin zərərinə səbəb olan işlərdən biri onların sələmçilik girdabına düşməsidir. İslamda sələmçilik, riba ciddi şəkildə qınanır. Sələm verən, sələm alan, sələm müqaviləsini yazan, sələmə şahid olanlar Allah tərəfindən lənətlənir.

Sələm nümunələrindən biri də budur ki, bir şəxs pul və ya malı borc götürən insan əvvəlcədən qəbul etdiyi şərtə əsasən qaytaranda həmin malı daha artıq qaytarsın. Hətta belə bir halda ola bilər ki, borc verən şəxs borc qaytarılan zaman borc verdiyi şəxsdən əlavə xidmətlər istəsin. Hətta köhnə, əzik pullar verib yeni və şax pullar almaq sələmçilik kimi dəyərləndirilir. Əmirəlmöminin (ə) buyurur: “Ey insanlar! Əvvəlcə ticarət qanunlarını öyrənin, sonra alış-veriş edin. And olsun Allaha! Sələmçilik yoluna düşmək qarışqanın saf daş üzərində hərəkəti kimi məxfidir.” İmam Sadiq (ə) sələmi məzəmmət edərək buyurur: “Bir dirhəm sələm Allahın nəzərində məhrəmlə Məscidül-həramda 70 zinadan ağırdır.” Sələmçilik nəticəsində sələmçinin əlində böyük pul toplanır. Bu zaman cəmiyyətdə təbəqələrarası fərq böyüyür. İmperialimz də dünya ölkələrinin var-yoxunu talayarkən bu metoddan çox faydalanır. Braziliyada prezidentliyə namizədlərdən biri sələmçiliyin dünyada yayılmasını üçüncü dünya müharibəsi adlandırıb. Bu müharibə səssiz müharibədir, amma yoxsul ölkələrə müharibədən də ağır zərbə vurur. Sələmçilik nəticəsində yoxsullar hər gün daha da yoxsullaşır.

Nəticə budur ki, insan dinin hökmlərini bilmədiyi zaman sələmə düçar olur, sələmçilik cəmiyyətdə təbəqələrarası fasiləni artırır.

Rüşvət

Əksər dünya ölkələrində bir qrup insan şəxsi mənafelərinə çatmaq üçün bütün yollara əl atır. Bu yollardan biri də rüşvətdir. Rüşvəti yaradan səbəb insanın rahattələbliyi, var-dövlətə hərisliyidir. Bir ölkədə rüşvətin olması həmin ölkədə müdiriyyətin zəifliyini göstərir. Rüşvət sözünün lüğət mənası haqqın olmayan bir şeyə çatmaq üçün nə isə verməkdir. Təbii ki, burada başqalarının haqqı ayaq altında qalır. İslam rüşvət almağı və rüşvət verməyi məzəmmət edir. Rüşvətdən əldə olnunan pul haramdır, rüşvət alan şəxs onu öz sahibinə qaytarmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah rüşvət verəni rüşvət alanı və bu işə vasitəçilik edəni lənətəyir.”

Rüşvət böyük ictimai bəlalardandır. Rüşvət cəmiyyətdə ictimai ədalətin bərpasına mane olur. Rüvət sayəsində zəif təbəqənin hüquqları tapdanır, mənafepərəst insanlar onların haqqına sahib olur. Əgər cəmiyyətdə rüşvətxorluq yayılsa bütün qanunlar varlılara işləyər. Çünki rüşvət vermək imkanına malik olan varlılardır. Bu səbəbdən rüşvət rəvac tapan cəmiyyətdə fəsad artır, ədalət pozulur. Rüşvət alanlar və bu işi faydalı sayanlar ona müxtəlif şəkillərdə don geyindirməyə çalışırlar. Bəziləri hədiyyə, bəziləri ənam, bəziləri zəhməthaqqı adı altında rüşvət alır. Amma adın dəyişməsi hadisənin mahiyyətini dəyişmir. Bir insanın öz vəzifəsini yerinə yetirməsi və ya haqqı olmayan biri üçün iş görmək müqabilində aldığı pul rüşvətdir və bu haramdır.

Əşəs İbn Qeys öz dünyəvi məqsədlərinə çatmaq üçün Həzrət Əlinin (ə) yanına gəlib həzrətə hədiyyə adı ilə halva gətirdi. Həzrət buyurdu: "Anan əzanda ağlasın, Allahın dini yolu ilə gəlib məni aldatmaq istəyirsən?! And olsun Allaha! 7 iqlimi səma altında olan bütün şeylərlə mənə versələr qarışqanın ağzından arpa qabığını almaram. Sizin dünyanız mənim nəzərimdə çəyirtkənin ağzındakı yarpaqdan da dəyərsizdir."

Nəticə alırıq ki, rüşvət alan, rüşvət verən, bu işə vasitəçilik edən lənətlənib, rüşvət cəmiyyətdə ədalət və qanuna mane olan əsas səbəbdir, bəzən insanlar hədiyyə və başqa adlarla rüşvət verməyə çalışır.

Xüms və zəkat

İslamda sabit vergilər arasıda xüms və zəkat yer alır. İslam hökumətinin büdcəsinin əsas hissəsi xüms və zəkatla təmin olur. Zəkat dedikdə malın bir hissəsini ayırmaqla onu paka çıxarmaq nəzərdə tutulur. Qurani-Kərimdə həmişə zəkat sözü namaz sözü ilə yanaşı işlənir. Adətən buyurulur ki, namazı bərpa edin, zəkat ödəyin. Xüms və zəkatın hikməti oxşardır. Xüms və zəkatın mühüm fəlsəfələrindən biri ehtiyaclıların ehtiyacını təmin etməkdir. Aydın məsələdir ki, istənilən cəmiyyətdə məhrum insanlar var. İslam hökuməti, şəri hakim işləmək imkanı olmayan yaşa dolmuş əlil insanların həyatını təmin etməyə vəzifəlidir. İmam Riza (ə) buyurur: “Zəkatın vacib olmasının səbəbi ehtiyaclıların təmin olunmasıdır.” İmam Sadiq (ə) buyurur: “Zəkat varlılar üçün sınaq, yoxsullara köməkdir.”

Bəzən zəkatı mal və ya insanların paklanması vasitəsi kimi qeyd edirlər. Allah-Taala Qurani-Kərimdə buyurur: “İnsanların malından sədəqə, zəkat almaqla onları paka çıxar. Xüms və zəkat verməklə mal azalmır, əksinə təhlükədən qorunur. İnsanlar zəkat verməklə öz var-dövlətlərini sığortalayırlar. Həzrət Peyğəmbər (ə) buyurur: “Zəkat verməklə malınızı qoruyun.” İmam Sadiq (ə) var-dövlətin məhv olması səbəbi kimi zəkatın ödənməməsini göstərir. Nəql edirlər ki, fars məntəqələrinə çəyirtkələr böyük zərbə vurduğu zaman qəribə bir hadisə baş vermişdi. Məhv olmuş əkin sahələri arasında bir parça torpağın məhsulu toxunulmamış qalmışdı. Məhsulu məhv olmuş insanlar həmin torpaq sahibindən bunun səbəbini soruşdular. O cavab verdi: Mən bir şəxsin malını yeməmişəm ki, çəyirtkə mənim malımı yesin. Bu şəxs eyni zamanda malının zəkatını verərdi. Bəli, insan xüms və zəkat verməklə malını bəladan qoruyur, onun artmasına şərait yaradır.

Nəticə budur ki, xüms və zəkat cəmiyyətdəki yoxsulluğu aradan qaldırır, hər bir şəxs zəruri şərtlər daxilində xüms və zəkat ödəməlidir, xüms və zəkat malı azaltmır əksinə onu bəladan qoruyub artırır, xüms və zəkat ödəyənin ibadəti məqbuldur.

Əskik satmaq

Alış-verişdə satıcı üçün qorxulu vəziyyətlərdən biri malı əskik satmaqdır. Müqəddəs İslam dinində malı əskik satmaq ciddi məzəmmət olunur. Allah-Taala Qurani-Kərimdə buyurur ki, vay olsun əskik satanların halına; Onlar özləri üçün çəkəndə tam haqları qədər çəkir başqaları üçün çəkəndə ölçünü əskik edirlər.

Əskik satmağın səbəbi insanın tamahkarlığıdır. Tarix boyu belə insanlar olub. Allah peyğəmbərləri göndərib ki, insanları tövhidə dəvət etməklə yanaşı fəsadla mübarizəyə çağırsınlar. Quranda nəql olunur ki, Həzrət Şüeyb öz qövmünü əskik satmaqdan çəkindirərək buyururdu: “Ölçünü düzgün aparın, başqalarına zərər vurmayın. Tərəzidə düzgün çəkin, xalqın haqqını azaltmayın, yer üzündə fəsad törətməyin.” İslam peyğəmbərindən (s) nəql olunur: “Əskik satmaq adəti yayıldığı zaman Allah-Taala əkin sahələrinə bəla göndərər, quraqlıq baş verər.” Buna görə də ticarət qaydalarında deyilir ki, möminlər ölçü və çəki işində bir qədər artıq nəzərdə tutsunlar. Haqlarını alanda bir qədər az alsınlar. Bütün fərdi və ictimai vəzifələrin icrasında haqdan kəsmək əskik satmaq nümunəsidir. Məsələn, idarə işçisi iş saatında başqa bir işlə məşğul olursa haram iş görür.

Malik ibn Dinar xəstə qonşusunu yoxlamağa getmişdi. Həmin şəxs Malikə dedi: “Ey Malik! Qarşımda oddan iki dağ var. Bu dağları qalxmaq və keçmək çətindir.” Malik onun yaxınlarından soruşdu ki, bu şəxs aşkar günaha yol verib? Cavab verdilər ki, onun çəki daşları fərqli olub ağır daşlarla xalqdan mal alıb yüngül daşlarla satıb. Bəli, belə insanlar bir gün öz əməllərinin həqiqətini dərk edəcək. Nəticə olaraq deyə bilərik ki, əskik satmaq İslamda məzəmmət olunur, əskik satmaq cəmiyyətə yayılanda insanlar quraqlıq bəlası ilə üzləşir, alış-verişdə satıcının bir qədər ağır çəkib, bir qədər az pul alması yaxşıdır, iş saatından kəsmək və ya bu zaman başqa bir iş görmək əskik satmaq nümunəsidir.

Baha satmaq

Ticarətin bəlalarından biri də baha satmaqdır. Tacirlərin bir çoxu baha satmağa çalışır. Baha satmaqdan əldə olunan pul haramdır. Onu sahibinə qaytarmaq lazımdır. İmam Sadiq (ə) buyurur: “Mömini aldatmaq haramdır. Malın qiyməti barədə satıcının sözünə inanan şəxsi aldatmaq haramdır.”

Cəmiyyətdə baha satmaq adətə çevrilərsə insanların bir-birinə inamı itər. Hamı satıcılara şübhə ilə yanaşar. Belə bir vəziyyətdə psixoloji aramlıqdan söhbət gedə bilməz. Bu zaman insanlar daim diqqətli olmağa çalışır ki, aldanmasın.

Nəql edirlər ki, bir dükanda fərqli qiymətə libaslar vardı. Satıcı namaz zamanı məscidə getdi. Dükanda qardaşı oğlunu qoydu. Bir bədəvi ərəb dükana gəldi və 400 dirhəmlik libas istədi. Satıcının qardaşı oğlu ona 200 dirhəmlik libas verdi. Kişi bunu bəyənib aldı. Yolda satıcı ilə rastlaşdı. Satıcı libası neçəyə aldığını soruşdu. Kişi 400 dirhəmə aldığını dedi. Satıcı dedi ki, bunun qiyməti 200 dirhəmdən artıq deyil. Ona dedi ki, libası qaytarıb pulunu alsın. Bədəvi kişi dedi ki, bu libas bizim yerlərdə 500 dirhəmədir və mən razıyam. Satıcı dedi: “Din yolunda xeyirxahlıq bütün dünya malından yuxarıdır.” Sonra onu dükana apardı, 200 dirhəmini geri qaytardı. Qardaşı oğlunu bu işi gördüyünə görə danladı. Qardaşı oğlu dedi ki, alıcı bu alverdən razı idi. Satıcı dedi: “Özünə rəva bilmədiyini başqasına rəva bilirsən?!” Doğrudan da malın qiymətini gizləmək, satıcıya bildirməmək zülmdür. Tacir Allahı yaddan çıxarmamalı, insafı gözləməlidir. Müştərinin qiymətdən xəbərdar olub-olmaması mühüm deyil, əsas odur ki, Allah həqiqəti bilir. Sənə ruzi verən Allahdırsa, qiyməti bilən Allahın hüzurunda onu aldatma.

Nəticə olaraq deyə bilərik ki, satıcıya inanan şəxsi qiymətdə aldadıb baha satmaq haramdır, baha satmaqdan əldə olunan pul haramdır və sahibinə qaytarılmalıdır.

Qaçaqmalçılıq

Ölkə iqtisadiyyatına zərbə vuran hadisələrdən biri qaçaqmalçılıqdır. Məlum məsələdir ki, ölkəyə daxil olan və ölkədən çıxarılan malın müqabilində dövlət büdcəsinə gəlir daxil olur. Bundan əlavə qanuni yolla mal idxalında malın keyfiyyətinə nəzarət var. Burada milli maraqlar da nəzərə alınır. Olsun ki, bəzi malların ölkəyə gətirilməsi milli marağa ziddir. Qaçaqmalçılıqda isə bütün bu qanunlar pozulur. Bu gün əsas qaçaqmalçılıqlardan biri yanacaq qaçaqmalçılığıdır. Bəzi müsəlman ölkələrində yanacağın qiyməti çox aşağıdır. Bu qiymət dünya bazarındakı qiymətlərdən çox fərqlənir. Bu səbəbdən qaçaqmalçılar yanacaq qaçaqmalçılığına daha çox yer verirlər. Bu şəkildə yanacağın ölkədən çıxarılması müsəlmanların dövlət büdcəsinə böyük zərər vurur. Müsəlman ölkələrinin düşmənləri həm də qaçaqmalçılıq yolu ilə müsəlmanlara zərbə vururlar. Baha qiymətə, ya da çox ucuz qiymətə ölkəyə gətirilən dərman pereparatlarının əksəriyyətində insanların sağlamlığı üçün təhlükəli maddələr var. Bəzən belə ucuz dərmanlar dalınca yoxsullar gedir, nəticədə qaçaqmalçılığın qurbanı da onlar olur.

Qaçaqmalçılıq dövlətə, iqtisadiyyata, səhiyyəyə, mədəniyyətə, müsəlman cəmiyyətinə böyük zərbədir. Ölkədə iqtisadiyyatı çiçəkləndirmək, bahalığın qarşısını almaq üçün qaçaqmalçılıqla, o cümlədən yanacaq qaçaqmalçılığı ilə mübarizə aparılmalıdır. Nəticə olaraq deyə bilərik ki, yanacaq qaçaqmalçılığı milli mənafelərə xəyanətdir, bu yolla qazanılan pul haramdır, yanacaq qaçaqmalçılığı ölkədə bütün sahələrə ağır zərbədir.

Saxta mal

İslamda saxta mal satmaq, ucuz malı baha mala qatıb satmaq haram sayılır. Buna “ğəş” deyirlər. Bu sözün bir mənası da xəyanətdir. Ğəş edən tacir pis malı yaxşı mal adına satır. Onlar ucuz və bəyənilməyən malı yaxşı mala qatıb yaxşı mal adına satırlar. Həzrət Peyğəmbər (s) südə su qatanları məzəmmət edərək bu işi qadağan etmişdir. İmam Musa Kazim (ə) Hişama buyurur: “Parçanı qaranlıqda, kölgədə satmaq müştərini aldatmaq və ğəşdir. Bu iş halal deyil.” Təəssüf ki, bu gün şahid oluruq ki, bəzən dükanlar lazımi səviyyədə işıqlandırılmır ki, malın eybi görünməsin. Kənd təsərrüfatında da bunun nümunələri ilə rastlaşırıq. Yeşiklərin altına pis, üst hissəsinə yaxşı meyvələr düzülür. Meyvəni alan şəxs üstdəki meyvələri görür və yaxşı meyvə aldığını düşünür. Evə gedəndən sonra aldadıldığını başa düşür. Bu işi görənlər necə böyük günaha batdıqlarını hələ ki dərk etmirlər.

Saxta mal istehsalı da İslamda haram sayılır. Bu da cəmiyyətdə etimadsızlıq yaradır. Müxtəlif markalar adı altında keyfiyyətsiz mallar istifadə edərək həm həmin şirkəti gözdən salırlar, həm də alıcıları aldadırlar. Bir dəfə məşhur şirkət markası ilə pis mal alan şəxs əsil malla rastlaşanda da ondan üz çevirir. Deyilənlərdən belə qənaətə gəlirik ki, alış-verişin bəlalarından biri saxtakarlıq və ğəşdir, ğəş pis malı yaxşı mala qatıb yaxşı mal adına satmaqdır, ğəş və saxtakarlıq cəmiyyətdə insanların etimadına zərbə vurur, inamı itirir.

Zeynəb Cəfəri

Vilayet.nur-az.com


1647 بازدید
در حال ارسال اطلاعات...