Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2015

Axund Xorasani: “Biz üzüm yığdıq ki, sirkə çəkək, şərab oldu!”

Cənab Rəhbər: Mənim nəzərimcə, Qacar dövrü İran tarixinin ən qaranlıq dövrlərindəndir...
İran Rusiya tərəfindən iki ağır məğlubiyyət yaşadı. Nəticədə rüsvayçı Türkmənçay və Gülüstan müqavilələri imzalandı. Bu müqavilələr əsasında İran öz torpaqlarının böyük bir hissəsini itirdi. İngiltərə Hindistana nəzarəti əldə saxlamaq üçün ruslarla rəqabət meydanına daxil oldu. Müxtəlif bəhanələrlə İran sarayına yaxınlaşdı, Nasirəddin şah Qacarla yaxın əlaqələr qurdu. Sarayda İngiltərəyə işləyən qərbpərəstlərdən ibarət casus şəbəkəsi var idi. Bu şəbəkə İranı İngiltərəyə yaxınlaşdırmaq istiqamətində çalışırdı. İqtisadiyyatdan tutmuş adət-ənənələrə qədər hər şey avropalaşdırılırdı. İnsanların geyimi də bu ölkənin qərbə yaxınlaşdığını göstərirdi.
İran şahı Qərb ölkələrinə səfərə təşviq edilirdi ki, böyük sənaye inkişafının təsiri altına salınsın. İran şahı İngiltərə şirkətləri ilə müqavilələr imzalayırdı, bu arada qərbpərəst ziyalınümalar öz təsirlərinə görə rüşvət alırdılar. İranda tütün və tənbəki İngiltərənin inhisarında idi. İranın təbii sərvətlərindən istifadə ixtiyarı 70 il müddətinə İngilislərə verilmişdi. Ziyalınümalar bütün güclərini sərf etmişdilər ki, İran İngiltərənin, Qərb mədəniyyətinin təsiri altına düşsün. Din alimləri və ruhanilər ilk addımda İngiltərə ilə ədalətsiz müqavilələrə qarşı çıxdılar. Mirzayi Bozorg Şirazi bir sıra alimlərlə birlikdə tənbəkini haram edən fitvanı verməklə İngilislərin əsarətinə qarşı çıxdı. Ayətullah Molla Əli Kəni öz müxalifəti ilə İran iqtisadiyyatını Avropadan asılı edən siyasətlərə mane olurdu. Din alimləri müsəlmanların mənafelərini, milli mənafeləri qorumaq yolunda ağır zəhmətlər çəkirdi.
Bu barədə Cənab Rəhbər Ayətullah Xamenei (ə) buyurur: “Mənim nəzərimcə Qacar dövrü İran tarixinin ən qaranlıq dövrlərindəndir. Allahın lənətinə gəlsin o Qacar şahları ki, elm və mədəniyyətin inkişaf dövründə məmləkətin inkişafı üçün lazım olan işi görmədilər. Qacar şahlarına zərrəcə hörmətim yoxdur. Bu şahlar zəif iradəli, himmətsiz, qarınqulu, eyş işrət-əhli olublar. Bu adamlar xeyir bir iş görmədilər, vəzifələrini dərk etmədilər. Nasirəddin şah eyş-işrət fikirində idi. Xalqın əzab çəkməsi onun vecinə deyildi. Ölkə başçısı üçün zəiflik və biganəlik böyük günahdır. Qacarlar belə olublar.
Biritaniya kəşfiyyat orqanlarının əmrini yerinə yetirən qərbpərəst ziyalılar siyasi mahiyyətli fitnəkarlıqla məşğul idilər. Bir tərəfdən rus və İngilis qarətçiləri, digər tərəfdən cinayətkar qacar şahları xalqa faciə yaşadırdı. Qacar əleyhinə üsyan təbii bir hadisə idi. Nasirəddin şaha qarşı qiyam qaldırılması zərurətə çevrilmişdi.
Din alimləri və ruhanilər xalqı şah və biganələrin zülmündən xilas etmək üçün bir hərəkat yaratdılar. Onların ilk tələbi Ədalətxana adlı qurumun yaradılması idi. Ruhanilər bu qurum vasitəsi ilə saray fəaliyyətlərini nəzarətə götürməyə çalışırdılar.
Qərbpərəst ziyalınümalar hərəkat qarşısında dayanmışdı. Erməni Mirza Molkum Xan, Mirzə Fəthəli Axundzadə (Axundov), Mirza Yusuf Xan Müstəşaruddövlə, Mirza Hüseynxan Sepəhsalar, Mirza Ağa Xan Kermani, Seyid Həsən Nəqizadə bu cəbhəyə başçılıq edənlər idi. İngiltərə, Rusiya, Osmanlı və başqa ölkələrdə baş verən hadisələrdən bəhrələnərək qərbpərəst ziyalıları alətə çevirmişdi. İngiltərənin Tehrandakı səfirliyi azadlıq və ədalət istəyənlərin etirazlarını öz mənafeləri istiqamətində yönəltməyə çalışırdı. Beləcə Məşrutə ideyyası ortaya çıxdı. Əslində etirazçılar Məşrutə nə olduğunu bilmirdilər. Hətta hərəkata başçılıq edənlər bu barədə məlumatsız idi. Birinci məclisdə nümayəndələrin əsas mövzusu məşrutənin nə olması idi.
Kəsrəvi Təbrizdə İngiltərə konsulluğunda etiraz və məşrutənin ortaya çıxması barədə yazır: “Bu günə qədər söhbət azadlıq və ədalətdən gedirdi. Etirazçılar məşrutə nə olduğunu bilmirdilər. Tehranda baş verən hadisələrdən xəbərdar olan konsul məşrutədən danışmağa başladı.”
Haşim Muhit Mafi yazır: “Məşiruddövlə Əmin Əzzərb kimi bir qrup tacirlə Tehranda səfirliyə getdi. Etirazçılardan nə istədiklərini soruşdular. Etirazçılar dedilər ki, ədalət məclisi istəyirlər. Məşiruddövlə dedi: “Tələblərinizi yazın, şaha çatdıraq.” Etirazçılar öz tələblərində Ədalətxana istəyinə əsas yer vermişdilər. Müraciəti səfirə göstərdilər. Səfir dedi ki, ədalətxana qanuni məfhuma malik deyil. Səfir dedi ki, konstitusiya Məşrutə hüququ verəndən sonra bütün istəkləriniz ödənəcək. Beləcə etirazçılar şaha Məşrutə tələbi ilə müraciət etdilər.” Xatırladaq ki, Müzəffərəddin şahın fərmanında Məşrutə sözü olmayıb. Məhəmməd Əli şahın zamanında Məşrutə sözü fərmanda rəsmiləşib. Xalq arasında nüfuzu olmayan ziyalınümalar təbliğ edirdilər ki, məşrutənin İslamla ziddiyyəti yoxdur. Onlar bütün imkanlardan istifadə edib ruhaniləri məşrutə tərəftarları sırasına çəkməyə çalışırdılar. Bilirdilər ki, ruhanilər məşrutəyə qoşulsa xalq da məşrutəni qəbul edəcək.
Qərbpərəstlik dalğasında sekulyar və laik düşüncə cəmiyyətə yeridilirdi. İranda ifrat qərbpərəstliyin banisi sayılan erməni Mirza Molkum və onun yaxınları hiyləgərcəsinə dini siyasətdən ayırmağa səy göstərirdi. Onların təbirincə, dinin siyasətdən ayırılması məmləkətin taleyini dinsizlərə tapşırmaq idi. Əgər din alimləri və ruhanilər hakimiyyəti ələ alsaydı şəriət hökmləri gündəmə gələcəkdi. Aydın məsələdir ki, dindar şəxs dini qanunların ardınca gedəcək.
Belə qənaətə gəlmək olar ki, Qərb tərəfindən planlaşdırılan Məşrutəçilik din və ruhaniyyətə zərbə məqsədi daşıyır. Xalqı meydana çəkmək üçün ruhanilərə yer verilib və bir çox ruhanilər Məşrutədən dinin faydasına istifadə edəcəyini düşünüb.
Ayətullah Seyid Məhəmməd Təbatəbai bu hərəkatın rəhbərlərindən olub. O deyir: “Biz Məşrutə nə olduğunu bilmirdik. Eşitmişdik ki, Məşrutə məmləkəti abad edir. Biz də məmləkətin abadlığı xatirinə Məşrutə yolunu getdik.”
Ayətullah Şeyx Fəzlullah Nuri Fiqh və Üsulda birinci dərəcəli ustad idi. Başqa fəqihlər öz nəzərlərində ona istinad edirdilər. Kimsə hikmət və kəlam mövzusunda onunla mübahisə edə bilməzdi. Ədəbiyyat və digər sahələrdə dərin bilik sahibi idi. Şeyx Fəzlullah Nurini xalq dini rəhbər kimi qəbul edirdi. İlk mərhələdə təsir altına düşən şeyx Məşrutəçilərə qoşuldu. Xalqın Qacara qarşı mübarizəyə qoşulmasında Şeyxin müstəsna rolu vardı. Axund Xorasani, Molla Kazim Mazandarani kimi Nəcəf alimləri Tehran alimlərinin mövqeyini himayə edib Məşrutəni dəstəklədilər. Əksər araşdırmaçılar qəbul edir ki, xalqın məşrutəyə qoşulmasında ruhanilər müstəsna rol oynayıb.
Məşrutənin İslama qarşı İngilis fitnəsi olduğunu ilk hiss edən alim mərhum şeyx Fəzlullah Nuri oldu. Alim ardıcıl bəyanatlarla Məşrutəyə qarşı çıxmasının səbələrini izah etdi. Hicri-qəməri 1325-ci il cəmadius-sani ayının 18-də verdiyi bəyanatda şeyx buyururdu: İslam alimləri, Peyğəmbər və Məsumlar qəzetlərdə təhqir olunur, fahişəxanaların açılması və şərab satılmasından yazılır. Bəzi məşrutəçilər İslam müqəddəsliklərini təhqir edir, məşrutə tərəfindən təqib edilənlər var. Konstitusiya Avropa qanunları əsasında yazılır...” Şeyx Fəzlullah Nuri əmin idi ki, İslam qanunları əsasında hökumət qurmaq olar və biganələrin qanunlarına ehtiyac yoxdur. Şeyx deyirdi: “İslam dini kamil dindir və kamil şəriətə malikdir. Nə baş verib ki, bu gün ədaləti Parisdən, şuranı İngilisdən öyrənək?!”
Həmin dövrdə istibdad və istismara qarşı çıxan mühüm dini şəxsiyyətlərdən biri mərhum Mirzayi Naini olub. Ayətullah Naini Məşrutənin öncüllərindən idi və onun qələbəsində mühüm rol oynamışdı. Məşrutənin əvvəllərində din alimlərinin məqsədi yalnız istibdada son qoymaq idi. O zaman xalq şahzadə və saray adamlarının ayağı altında qalmışdı, iradəsiz şah Eynuddövlə eyş-işrətlə məşğul idi. Din alimləri xalqın naləsini eşidərək Tehran və Təbrizdə ayağa qalxdılar. Xalqı zalım şahın əsarətindən qurtarmaq üçün hərəkatda qabağa düşdülər. Mirzayi Naini Məşrutə alimləri arasında seçilən bir şəxs olub. O öz qələmi və çıxışları ilə xalqı istibdada qarışı ayağa qaldırırdı. Mirzayi Naini də Məşrutənin qələbəsindən bir müddət sonra bir sıra din alimləri, o cümlədən mərhum Qazi ilə söhbət etdi, məşrutədə ziyalıların İslama qarşı çıxması müzakirə olundu. Mirzayi Naini bu hərəkatda öz səhvini anladı və ayrıca bir kitab yazdı. Amma baş vermiş səhvləri aradan qaldırmaq üçün ömrü kifayət etmədi.
Zalım şah rejiminə qarşı mübarizədə tanınmış ruhanilərdən biri Ayətullah Axund Xorasani olub. O dəfələrlə Məhəmmədəli şaha xəbərdarlıq edib. Nəsihətlərinin təsirsiz qaldığını görüb şaha məktubunda yazır: “Qacar səltənətindən müsəlmanlara böyük zərbə dəydi. Müsəlmanlar kafirlərin əlinə düşdü, Qafqaz, Şirvan, Türkmən, Xəzər, Herat, Əfqanıstan, Bəluçestan, Bəhreyn və bir çox ərazilər İrandan qoparıldı. İranın üçdə ikisi ondan ayırıldı. Qalan üçdə bir hissəni əcnəbilərin ixtiyarına verdilər. Böyük borclar götürüb eyş-işrətə xərclədilər, şiə məmləkətini kafirlərə borclu etdilər. Müxtəlif imtiyazlarla şiələrin sərvətini müşriklərin ixtiyarına verdilər. Bəzən İranın böyük sərvətləri qəpik-quruşa, din düşmənlərinə satıldı. Səfəvilər, Nadir Şah, Zəndiyə dövründə toplanan beytül-mal Fransada əxlaqsızlığa xərcləndi. Bu puldan məmləkətin abadlığına xərclənmədi. Ölkəni əcnəbilərin ixtiyarına verdilər, xalqın sərvəti xaricilər arasında bölüşdürüldü.
Ey kafir, ey azğın! Atan Məşrutə göstərişi verdi. Sən hakimiyyətə gələndə Məşrutənin bütün öhdəçiliklərini ayaq altına aldın. Eşitmişəm ki, bizi pulla almaq üçün Nəcəfə adam göndərmisən. Bilmirsənmi ki, xalqın xoşbəxtliyi sənin pulundan qat-qat dəyərlidir. Sənin din iddiaların yalandır. Sən dinin düşməni, vətən xainisən. Mən tezliklə İrana gəlib cihad elan edəcəyəm.” Mərhum Axund Xorasani Şeyx Fəzlullah Nurinin edamından sonra Məşrutəçilərin mahiyyətini tanıdı və özünə gəlib dedi: “Biz üzüm yığdıq ki, sirkə çəkək, şərab oldu.”
Tarixçilər yazır ki, Rusiyanın İrana notasından sonra Mərhum Axund Xorasani İrana yola düşür. Xalqı Məşrutənin islahı üçün, eləcə də ruslara qarşı ayağa qaldırmaq istəyən Ayətullah şübhəli bir vəziyyətdə İran sərhədlərində dünyasını dəyişir. Ehtimal olunur ki, alim ingilis casusları tərəfindən zəhərlənib. Tarixi nəzərdən keçirəndə görürük ki, məşrutənin mahiyyətini dərk edən din alimləri aradan götürülüb. Şeyx Fəzlullah edam olundu, Seyid Abdullah Bəhbəhani terror edildi, Şeyx Məhəmməd Təbatəbai ev dustağı oldu, Axund Xorasani müəmmalı şəkildə dünyasını dəyişdi. Bütün bu hadisələr məşrutədə İngilis fitnəkarlığının sübutu sayıla bilər. Məşrutəni ələ almış qərbpərəst ziyalınümalar ölkədə liberal və laik düşüncəni möhkəmləndirmək vəzifəsi daşıyırdı. Bu ziyalılar məşrutəyə qoşulmuş ruhanilərə müxalif cəbhədə dayanmışdılar.

Vilayet.nur-az.com


335 بازدید
در حال ارسال اطلاعات...