Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2015

Gözdəyməyə qarşı nə edim? (3)

Gözdəymə ilə bağlı həqiqət xürafata elə qarışıb ki, xürafatı həqiqətdən ayırmaq çətin olub
Bir sözlə bəşər tarixində ən çox yayılmış xürafatlardan biri bəd nəzər, göz dəyməsidir. Hətta xalq arasında belə inam var ki, bəzilərinin gözündə fövqəladə güc var və bir baxışla insanı məhv edə bilərlər. Gözdəymə ilə bağlı həqiqət xürafata elə qarışıb ki, xürafatı həqiqətdən ayırmaq çətin olub. Təkcə müsəlmanlar arasında yox, bütün dünyada, o cümlədən Qərbdə xürafat rüsvayçı həddə cəmiyyəti bürüyüb.

İslam xürafata qarşıdır
Xürafat bütün peyğəmbərlərin, o cümlədən İslam peyğəmbərinin dövründə olub. İlahi peyğəmbərlərin əsas vəzifələrindən biri xürafatla mübarizədir. Xürafat olan yerdə dini dəyəri gündəmə gətirmək mümkün deyil. Buna görə də öncə xürafat aradan qaldırılmalıdır. Bütün ilahi peyğəmbərlər insanların fitrətini oyatmağa, onları düşüncəyə sövq etməyə çalışıb.
İslam peyğəmbəri süd anası olan Həlimə Sədiyyənin yanında idi. Bədəvi həyat yaşayan bu qadın çox mehriban idi. Peyğəmbər öz süd qardaşları ilə birlikdə səhraya getmək istəyəndə Həlimə Peyğəmbəri (s) hazırlamağa başladı. Onun saçlarına yağ çəkdi, gözlərinə sürmə vurdu, şərdən qorunsun deyə boynuna yəmən daşı asdı. O zaman peyğəmbərin üç yaşı olmazdı. Boynundan daşı açıb kənara qoydu. Sonra Həliməyə buyurdu: “ Anacan! Narahat olma. Bu nədir? Məni qoruyan Allahım var. (“Biharul-Ənvar”, c. 15, səh. 392)
Həzrət Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə gün tutulması baş vermişdi. Camaat danışırdı ki, günəş də peyğəmbərin oğlunun ölümünə görə qəmgindir. Həzrət peyğəmbər İbrahimin dəfnindən qabaq camaatı məscidə toplayıb minbərə qalxdı və buyurdu: “Günəş və ay Allahın iki qüdrət nişanəsidir. Günəş və ay kiminsə həyatı və ölümünə görə tutulmaz. Günəş və ay tutulanda Ayat namazı qılın. “Sonra minbərdən düşdü və camaatla birlikdə Ayat namazı qıldılar.” (“Əl-Durrul Mənsur fi Təfsiril-Məsur”, c. 3, s. 20)
İslam peyğəmbəri bir gecə öz yaxınları ilə əyləşmişdi. Bir ulduz hərəkət etdi və bir qədər hərəkətdən sonra söndü. Həzrət peyğəmbər ətrafdakılardan soruşdu: “Cahiliyyət dövründə bu barədə nə deyirdilər?” Cavab verdilər: “Bu böyük bir doğuş və ya böyük bir ölüm nişanəsi sayılırdı.” Həzrət buyurdu: “Bu fəza hadisəsidir. İnsanların ölüm və həyatına aidiyyatı yoxdur.” (“Biharul-Ənvar”, c. 22, s. 155, 156)
Yuxarıda nəql olunan hadisələrdən belə bir qənaətə gəlirik ki, həzrət Peyğəmbər (ə) öz ardıcıllarının, cəmiyyətin diqqətini Allaha yönəltməyə çalışırdı. Varlıq aləminin yaranışı barədə insanları düşündürəcək söhbətlər edirdi.

Kitabın məqsədi
İnsanların psixoloji sağlamlığı, fiziki baxımdan salamatlığı üçün gözdəymə barədə kitab yazmaq qərarına gəldim. Bu işdə istinadım dini mətnlər, İslam təlimləri, ayə və rəvayətlər oldu. Bu çox əhəmiyyətli mövzudur. Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən göz dəymə insanı qəbrə, dəvəni qazana salar.” (“Biharul-Ənvar”, c. 63, s. 26) İmam Sadiq (ə) buyurur: “Əgər qəbrlər yarılsa görərsiniz ki, ölənlərinizin çoxu gözdəymədən ölüb. Gözdəymə həqiqətdir.” Başqa bir məqamda Peyğəmbər (s) buyurub: “Gözdəymə həqiqətdir. Hər kəs iman qardaşının əlində olan şeyə təəccüb etsə Allahı yada salsın ki, ona bir zərər dəyməsin.” (“Biharul-Ənvar”, c. 95, s. 227)
Həzrətin nurani kəlamında iki mühüm nöqtə var:
1.Heyrət və təəccüb. İnsan bir şeyi görəndə və ya eşidəndə gözün halı dəyişir.
2.Allahın zikri. Allahı zikr etməklə gözün istehsal etdiyi mənfi enerji aradan qalxır.
Beləcə, gözdəymə, bədnəzər, gözlə cadu qəbul olunmuş bir həqiqətdir. Bu hadisələri inkar etməyə əsas yoxdur. Çoxları bunu öz həyatında təcrübədən keçirib. Biz özümüz gözdəyməyə məruz qalmışıq, eləcə də gözümüzlə mənfi təsir göstərmişik. Bəziləri düşünə bilər ki, bu barədə danışmağın yeri var? İddia oluna bilər ki, bu barədə danışmaqla insanların gözdəymə qorxusunu daha da gücləndiririk. Əslində söhbətin necə təsir etməsi məqsəddən asılıdır. Bizim məqsədimiz gözdəymə ilə bağlı stresi, psixoloji gərginliyi aradan qaldırmaq, onun qarşısnı alacaq düzgün yolları göstərməkdir.

Bəzi suallar
Qeyd etdik ki, qədim dövrdən gözdə olan böyük enerjiyə etiqad olub. Əksər xalqlar, tayfalar arasında belə əqidə var. Bu barədə əfsanələr yaranıb, zərbülməsəllər deyilib. Ədəbiyyatda bu mövzuya tez-tez rast gələ bilərik. Bütün bunlar insan ruhunda olan böyük enerjidən danışır. Həmin enerjidən sui-istifadə tilsim, cadu, falçılıq bazarını qızışdırır. Göz dəymə ilə bağlı etiqada təkcə cəmiyyətin savadsız təbəqəsində rast gəlmirik. Təhsilli, yüksək elmi dərəcəyə malik insanlarda da belə etiqadlar var. (Şəmsi 1385-ci ildə Tehranda maraqlı bir sosioloji sorğu aparılıb. 18-74 yaş arasında təhsilli insanlar arasında aparılan sorğu göstərib ki, 18-35 yaş arasında olanların gözdəyməyə inamı yaşı 40-dan yuxarı olanların inamından güclüdür.)
Bütün bunlar onu göstərir ki, insan öz həyatında sirli enerjilərdən bəhrələnir. Eyni zamanda belə enerjilər onu qorxudur.
İbrahimi dinlərdə belə hadisələrə qarşı atılacaq addımların müəyyənləşməsi bir növ təhlükəsizliyin təminidir. Bu barədə bir neçə misal göstərək.
Müasir həyatda ev tikmək üçün əlaqədar orqanlardan icazə almaq lazımdır. Həmin orqanlar tikinti ilə bağlı müəyyən qanunlar qəbul edib və ev tikən şəxs bu qanunlara riayət etməlidir. Əgər riayət olunmasa cərimələrin tətbiq olunması gözlənilir. Əgər məhdudiyyətlərin nə üçün qoyulduğu barədə soruşsaq cavab verilər ki, qanunlar mütəxəssislər tərəfindən cəmiyyətin təhlükəsizliyi üçün tənzimlənib. Bina müəyyən standartlara cavab verməlidir ki, zəlzələ, tufan, sel kimi hadisələrə davam gətirə bilsin.


1539 بازدید
در حال ارسال اطلاعات...