Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Axirət əzabı var ikən, dünya əzabına nə hacət?

Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir?
Sual: Susmaq nə vaxt qızıl deyil?
Cavab:
El arasında «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «Sükut, düşüncə rahatlığının əsasıdır». İmam Əli ibni Musa ər-Riza (ə) isə belə buyurur: «Elm, helm və sükut, düşüncə əlamətidir. Sükut hikmət qapılarından biridir». («Vəsail», 8-ci cild, səh. 532.)
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs gedişində sakit oturmayan şagirdi qaldırır və soruşur ki, mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir. Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir.
Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki, yox! Demək, həyat çətinliklərini ilk əvvəl düşüncə ilə aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə qızıl deyildir. Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü ifşa edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli, zəruri olmayan sözü udub susmaqla bərabər, həqiqəti dünyaya izhar etmək də qızıldır!

Sual: Göz yaşları ölüm mələyini geri qaytara bilərmi?
Cavab:
Qurani-kərimin müxtəlif ayələrinə əsasən, Allah-təala dünya işlərini mələklər vasitəsi ilə gerçəkləşdirir. Bu mələklərdən bir qrupu ruh alan mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
Peyğəmbər (s) buyurur: «Xəstəliklər və dərdlər ölümün elçiləridir. Ömür başa çatdıqda, ölüm mələyi gəlir və deyir: «Ey Allah bəndəsi, sənə xəbər xəbər dalınca, elçi elçi dalınca göndərdim. Amma son xəbər mənəm!». Sonra deyər: «Allahın dəvətini qəbul et, istər həvəslə, istər həvəssiz!». Ölüm mələyi bəndənin ruhunu çıxaranda, ətrafdakılar şivən qoparıb, göz yaşları axıdarlar. Ölüm mələyi deyər: «Kimin üçün ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun Allaha ki, onun vaxtı qurtarıb və bütün ruzisini alıb. Allah onu dəvət edib, o da qəbul edib». Yenə əlavə edər: «Ağlamaq istəyirsinizsə, özünüzə ağlayın! Son nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!».

Sual: Gecəni yatmaq, yoxsa oyaq qalmaq daha faydalıdır?
Cavab:
Əhli-beyt hədislərindən birində buyurulur: «Alimin yuxusu cahilin ibadətindən üstündür». Maraqlıdır, necə ola bilər ki, yuxu ibadətdən üstün olsun? Başqa bir sual: mürəbbə baldan üstün ola bilərmi? Hamı bilir ki, bal misilsiz bir nemətdir və onu mürəbbə ilə müqayisə etməyə dəyməz. Bəs bala sirkə qatışsa necə? Əlbəttə ki, belə baldan mürəbbə yaxşıdır.
Sözsüz ki, ibadət yuxudan üstündür. Amma nadan insanın ibadəti, adətən, «qatqı»lı olur. Bu ibadətdə riya, başqalarının nəzərini düşünmək, fikir dağınıqlığı kimi mənfi elementlər kifayət qədərdir. Alim isə yuxunu ibadətə «çevriməyi» bacarır. O, yatarkən dəstəmaz alır, dua oxuyur, sağ tərəfi üstə yatır, ən əsası isə yuxunun vaxtını və müddətini düzgün təyin edir.
Amma başqa bir hal da var. İnsan gecəni oyaq qalıb, ibadətə məşğul olur. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecə yarı oyan və gecə namazı qıl. Olsun ki, Rəbbin səni uca məqama qaldıra».
«Səcdə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Onlar ibadət üçün yataqlarından qalxar».
İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət edən insanı Allah yad edər». («Üsuli-kafi».)
Bəli, gecənin əsrarəngiz mənzərəsi, eləcə də, sükutu insan təfəkkürünü oyadır. İnsan bütün bu incəliklərin xaliqinə yol axtarır.
Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan başqa kimə deyəsən?! Dostların, qohumların qapısı bağlı, idarələrin qapısında qıfıl! Yalnız bir olan Allahın qapısı açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!

Sual: Axirət əzabı var ikən, dünya əzabına nə hacət?
Cavab:
Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «Biz ən böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, geri dönələr».
Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət verilir, bəlalar gəlir. Amma bütün bunlardan faydalanmayan insanların son mənzili, yalnız və yalnız cəhənnəmdir.
Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya əzabından nəticə çıxararaq, doğru yola gəldiyinə şahid olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır. Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər əzabla üzləşən kitmi, düşünməyə başlayır.
Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, bir cəmiyyətdə qanunlar təbliğ olunur, amma qanunu pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün ibrətdir və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş bir tədbirdir.
Allah-təala günahkarı cəzalandırmaqla onu islah olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir əzab, bəşəriyyət üçün olduqca zəruridir.

Sual: Peyğəmbərlər təqiyyə edibmi?
Cavab:
«Təqiyyə» ərəbcədən tərcümədə «çəkinmək» mənasını verir, insanın öz dini baxışlarını izhar etməkdən çəkinməsidir. «Əhzab» surəsinin 39-cu ayəsində oxuyuruq: «O peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa kimsədən qorxmazlar». Bu və digər ayələrdən məlum olur ki, peyğəmbərlərə öz risalətlərinin təbliğində təqiyyəyə icazə verilməmişdir.
Onu da unutmaq olmaz ki, təqiyyənin müxtəlif növləri vardır. Yuxarıdakı ayədə zikr olunan təqiyyə, qorxu təqiyyəsidir. Yəni peyğəmbərlər qorxu səbəbindən öz risalətini təxirə sala bilməz.
Təqiyyənin başqa bir növü, təhbibi təqiyyədir. İnsan bəzən qarşı tərəfin məhəbbətini cəlb etmək üçün öz əqidəsini açıqlamır. Belə bir təqiyyə müəyyən müştərək işlərdə qarşı tərəflə həmkarlığa şərait yaradır.
Üçüncü növ təqiyyə, pərdələnmə təqiyyəsidir. Hər bir insan və ya cəmiyyət öz məqsədinə çatmaq üçün hazırladığı planı düşməndən gizlətməlidir. Aydın məsələdir ki, qarşı tərəfin atacağı addımlardan xəbərdar olan düşmən, öz tədbirini görəcəkdir.
Peyğəmbərlərə qorxu təqiyyəsi caiz olmasa da, onların həyatında ikinci və üçüncü növ təqiyyələr kifayət qədərdir. Məsələn, spirtli içkilərin mərhələ-mərhələ qadağan olunması, buna misal ola bilər. Bütləri qırmaq qərarına gəlmiş İbrahim bütpərəstlərə şənliyə getməyib, şəhərdə qalmasının səbəbini doğru-düzgün açıqlasaydı, məqsədinə çata bilərdimi?!
İmam Sadiq (ə) buyurur: «Təqiyyə mənim və mənim babalarımın ayinidir. Təqiyyəsi olmayanın dini yoxdur». («Məcməül-bəyan», 7-8-ci cild, səh.521.)


1536 بازدید