Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2015

Diktator rejim və ruhanilər

Allah rəhbərlik nemətini bizdən almasın, cənab Xameninin kölgəsini üstümüzdən əskik etməsin
Aşura gecəsi fitnəkarlıq
Höccətülislam vəlmüslimin Hacı Əbdül Hüseyn Səidi nəql edir:
Kənddən şəhərə gələnlər kostyum geyinməli, pəhləvi papağı qoymalı idilər. Mərhum atam Damğanın vaizlərindən idi. O bir neçə kənddə minbərə gedərdi. Əmmaməsini başından çıxardılar, kostyum geyindirdilər, xanənişin etdilər. Dolanışıq xatirinə izdivac dəftərxanası açdı. Kimsə İmam Hüseynə (ə) əzadarlığa cürət etmirdi. Məhərrəm ayında rövzə oxumaq qadağan edilirdi. Kənd camaatı rövzə oxumaq üçün kəndin ətrafında keşikçi saxlayırdı. Hüseyniyyənin qapısını bağlayırdılar. Belə bir şəraitdə əzadarlıq edilirdi. Şahın məmurları gələndə hamı dağlışırdı. Həsənağa adlı məmur eynən Şimr kimi idi. O evlərə girib qadınların başından çadrasını açırdı, hətta örpəklərinə əl atırdı. Xatırlayıram ki, Damğanın came məscidində Aşura gecəsi əyyaşları yığıb musiqi məclisi düzəltmişdilər. Pəhləvi Damğandakı üç mədrəsəni ələ keçirib tələbələri qovdu. Yalnız Məhəmmədrza Pəhləvinin vaxtında Qumun böyük müctəhidlərindən olan Seyid Mirza Turabi Damğana gəlib Mədrəsələri aça bildi. Məhəmmədrzanın dövründə siyasi işlərə müdaxilə qadağan edilmişdir. Hətta hakimlərin zülmündən danışanda bizi həbsə alırdılar. Yalnız şəri məsələlərdən danışa bilərdik. Mən minbərə gedirdim. Ciddi tapşırmışdılar ki, İmam Xomeyni haqqında bir kəlmə də danışmayım. Mən alimlərin fəzilətindən danışır, ad çəkmirdim. Dedilər ki, məclislərdə şaha dua et. Mən bundan imtina etdim.
Allaha şükür edirəm ki, həqiqi İslam yolunu açan İmam Xomeynini bizə rəhbər qərar verdi. Allah rəhbərlik nemətini bizdən almasın, cənab Xameninin kölgəsini üstümüzdən əskik etməsin.

Rzaxanın hiyləgərliyi
Höccətülislam vəlmüslimin Muştaq Əli Müşfiqi Taliqani nəql edir:
Ayətullah Aştiyaninin yeznəsi danışırdı ki, Rzaxan onları dəvət edib. Qapının ağzında dayanıb alimlərə xoşgəldin deyirmiş. Hətta ayaqqabıları cütləyirmiş. Biz düşündük ki, belə bir adam şah olsa İran gülüstana çevrilər.
Rzaxan milli məclisə qədəm qoydu. O vaxt söz var idi ki, Ali-Səud Bəqi qəbirəstanlığını dağıtmaq istəyir. Rzaxan hərbi libasda çxış edib dedi: “Eşitmişəm ki, Ali-Səud peyğəmbərin qəbirini dağıtmaq istəyir. Elə bilir Rzaxan ölüb. Alimlər və Ayətullahlar icazə versə Səudiyyə Ərəbistanını xaraba qoyaram.” Ətrafındakılar yaltaqlıqla deyirdilər ki, bizim ordumuz var, top-tüfəngimiz var, qoymarıq belə iş görsünlər!

İmam Xomeyni Şəhid Müdərris haqqında
İmam Xomeyni şəhid Müdərrisi belə xatırlayır:
Allah Müdərrisə rəhmət etsin. Məliküşşüəra onun haqqında deyir ki, Monqolların dövründən bu günə qədər Müdərris kimisini görməmişəm. Deyərdi ki, vurun, sizdən şikayət etsinlər; vurulmayın ki, şikayətə gedəsiniz.
Bir dəfə görüşünə getdim. Qardaşım yazmışdı ki, Rzaxanın dövründə bir qala rəisi itinin birinin adını seyid, o birinin adını şeyx qoyub. Mən bu sözləri Müdərrisə dedim. Dedi ki, öldürün. Dedim axı necə? Dedi mən yazıram siz öldürün. Dedim ki, siz buradasınız, onlar orada. Bu işi necə görsünlər? Dedi necə olur ki, Gülpayiqandan gələn Karvanı bir göstərişlə məhv edə bilirlər siz bir nəfəri öldürə bilmirsiniz?
Rövzə oxumaq üçün müqəddimə
Höccətülislam vəlmüslimin Seyid Mehdi Səhfi nəql edir:
Ruhaniyyətlə mübarizəyə başladılar. Onları tutub polis idarəsinə aparır, kostyum geyindirirdilər. İmam Xomeyni həmin hadisələr zamanı “Kəşfül-Əsrar” kitabını yazdı. Rövzə oxumaq istəyən şəxs evin banından yolu açıq saxlayırdı ki, polis hücum etsə qaça bilsin. Ayətullah Hairinin fatihə məclisində iştirak etmək üçün icazə vermədilər. Bir yerə toplaşmaq olmaz deyib rövzə məclislərinin qarşısını almışdılar. Ruhani libası geymək istəyən şəhər hakimindən icazə almalı idi. Ruhani libası geymək üçün vəsiqə verirdilər. Bu vəsiqəni almaq üçün hökumətin nümayəndəsinə imtahan vermək lazım idi.

İcazə vəsiqəsi
Ayətullah Səidi nəql edir:
Bir gün dərsə gedirdim. Arxadan biri məni çağırdı. Dönüb gördüm polis rəisidir. Dedi libas vəsiqən var? Mənim vəsiqəm yox idi. Yalan da danışmaq istəmirdim. Dedim yanımda deyil. Mənə dedi ki, arxamca gəl. Məni polis idarəsinə apardı. Yolda bazar camaatı görüb qardaşıma xəbər vermişdilər. Qardaşım polis idarəsində dedi ki, sabaha qədər vaxt verin libas vəsiqəsi gətirim. Libas vəsiqəsi olmayan ruhanilər sübh tezdən dərs üçün ətrafdakı bağlara gedir, gecə evə qayıdırdılar.

Mərhum Fəlsəfidən bir xatirə
İslam düşmənləri qanun çıxarmışdılar ki, hamı Fıransız kimi geyinməlidir. Müctəhidlər istisna idi. Minbər əhlinə minbərdə əmmamə qoymaq icazəsi verilmişdi. Amma hamının əmmamə qoymaq üçün icazə vəsiqəsi olmalı idi. Müctəhid və mühəddis olmayanlar ruhani libası geyinə bilməzdilər. Mühəddis o şəxsə deyirdilər ki, düzgün hədisləri tanıya bilsin. Mənim belə bir vəsiqəm var idi. Atam mənə dedi ki, Şeyx Hüseynin yanına get, ondan vaiz və mühəddis olmağın haqqında kağız al. Bu kağız vasitəsi ilə əmmamə üçün icazə ala bilərsən. Cənab Şeyx Hüseyndən belə kağız istəyən olmamışdı. Mən nə üçün gəldiyimi deyəndə elə bir kağız yazdı ki, bu kağızda dövlətin qanunu rədd edilirdi. O yazmışdı: “Minbər əhlinin vəzifəsi haramdan uzaq olmaq, əxlaqını düzəltəməkdir. Minbərə getmək üçün mühəddis olmaq zəruri deyil. Minbər əhli zamanı tanımalı, ixtilaflı söhbət etməməlidir. Sizə hədis danışmağa və minbərə getməyə icazə verirəm.” Onun bu məktubu əsasında mənə ruhani libası geymək icazəsi verdilər. Bəzi ruhani libası geyənlər vəsiqə imtahanı verə bilmədiyi üçün onları polis idarəsinə aparıb libaslarını qayçılayırdılar. Polis idarəsinə libasla gedən ruhanilər oradan pis görkəmdə, göz yaşı içində çıxırdılar. Polis idarələri ruhanilərin təhqir olunduğu yerə çevirilmişdi. Hətta Qum şəhərində hövzəni nəzərə almadan libas qadağası tətbiq edirdilər.Qumun tanınmış vaizi Mirza Məhəmməd Təqi İşraqi bizə nəql edirdi ki, Qum camaatı Ayətullah Hairinin görüşünə gedib demişdi: “Cənab Şeyx! Rza xana məktub yazın ki, Qum əhlinin libasına toxunmasın. Cənab Hairi cavab vermişdi ki, bunun heç bir faydası yoxdur, o qulaq asan deyil. İş o yerə çatmışdı ki, bəziləri Ayətullah Hairini etiraz bildirmədiyi üçün ittiham edirdi. Tələbələr deyirdilər ki, nə üçün Şeyx Rzaxana məktub yazmır? Bir dəfə görüşünə getdim, gördüm ki, divara söykənib oturub, əmmaməsi yerə düşüb. Dedilər ki, Şeyxin evinə hücum olub, Rzaxana etiraz etmədiyi üçün Şeyxi təhqir ediblər. Mərhum İşraqi sözünə davam edərək deyir: Şeyxin yanında əyləşdim ona təsəlli verdim. Bir qədər özünə gəldi. Onu evə dəvət etdim ki, bir qədər istirahət etsin. O da növbəti hücumlardan yaxasını qurtarmaq üçün təklifimi qəbul etdi. Onu sərdabəyə apardım, ora bir qədər sərin idi. Xalça sərdim, mütəkkə qoydum. Dedim ki, Şeyx, siz alim, Ayətullah, təqlid mərcəsisiniz. Ya teleqram vurmalısınız şaha ya da şəxsiyyətiniz alçalacaq. Şeyx dedi: “Düşünürəm ki, şaha teleqram vurmaq özünü quyuya atmaq kimidir. Bu işin zərəri var.” Dedim zərəri olsa da bu işi görməyə məcbursunuz. Bir qədər düşünüb məndən kağız-qələm istədi. O kəlmə-kəlmə deyirdi və mən yazırdım. Sonra teleqramı imzaladı. Teleqramı poçta göndərdim ki, şaha ünvanlasınlar. Göndərdiyim adama tapşırdım ki, Şeyxin şaha teleqram yazdığını desin. Teleqramı aparan adam sonradan deyirdi ki, kiminlə rastlaşıb xəbər verirdimsə teleqramın surətini çıxarırdı. Bu adamlardan biri də Mirza Xəlil Kəmreyi idi. Həmin gün axşam vaxtı bütün şəhər bildi ki, Şeyx şaha teleqram vurub. Gecə Şeyxin evinə gəlirdilər ki, şahdan cavab gəlib yoxsa yox? Səhəri gün sübh Şeyxin qapısında xeyli adam toplaşmışdı. Günorta keçdi, amma cavab gəlmədi. Axşam saat beşdə poçt məmuru şeyxə cavab gətirdi. Cavabı şah özü yazmamışdı. Bu özü hörmətsizlik idi. Cavab teleqrafını nazir imzalamışdı. Cavabda deyilirdi: “Cənab Ayətullah Hairi! Teleqramınız şaha çatdırıldı. Şah çox narahat oldu. Dedi ki, bu işi Şeyx görməyib. Onu məcbur ediblər. Şah göstəriş verdi ki, Şeyxi məcbur edənlər tapılsın, həbsə alınsın.” Camaat eşidəndə ki, şah Şeyxi məcbur edənləri axtarır, Şeyxin evinə hücum çəkənlər kostyum geyinib cildlərini dəyişdilər. Hətta bəziləri polis idarəsinin qabağında kostyumla gəzişirdi. Məmurlar xalqı qorxutmaq üçün bir qrupu həbsə aldılar. Şeyx ah çəkərək dedi ki, mən camaatın əziyyətə düşəcəyini bilirdim. Qumda vəziyyət belə idisə görün başqa şəhərlərdə nə vardı!

Ruhani libası çantada
Qum elm hövzəsinin alimlərindən biri nəql edir:
O zaman rövzəxanlar yanında çanta gəzdirirdi. Əba və əmmaməni çantaya qoyardılar. Rövzə məclisi keçirənlər təyin olunmuş vaxtda qapını açıq qoyardılar. Rövzəxan ehtiyatla həmin ünvana gələr, məclisi keçirib ehtiyatla gedərdi. Məmurlar harada rövzə məclisi olduğunu bilsəydilər rövzəxanı həbs edər, məclisi dağıdardılar.

Əli qayçılı məmurlar
Höccətülislam vəl müslimin Hacı Seyid Mehdi Təbatəbai Şirazi nəql edir:
Məmurlar yanında qayçı gəzdirirdi. Ruhani libası geyən adam görəndə onu saxlayır, libasını qayçılayırdılar. Taksilər ruhaniləri maşına götürmürdülər. Bütün Qumda dörd ruhaninin əmmaməsi var idi. Qalan alimlərə əmmamə qoymaq icazəsi verilməmişdi. Cənab Hairinin ictihad vəsiqəsi verdiyi şəxslərə də ruhani libası geymək qadağan idi.
Məhəmmədrzanın dövründə bu siyasət davam etdirilirdi. Oğul şah iş başına gəldiyi zaman bir qədər yumşaq davrandı. Eynən atası kimi məscidə gedir, əzadarlıqda iştirak edirdi. Həccə gedib orada şəkil çəkdirmişdi, xalqı ələ almağa çalışırdı. Sonradan vəziyyət dəyişdi. Mən Nəvvab Səfəvi ilə həmkarlığa görə həbs edildim. O zaman tudəçi Xosrov Ruzbeh də həbsdə idi. Mənim ruhani oğlu olduğumu bilmədiyindən məni öz sıralarına çəkmək istəyirdi. Tudəçilər sözdə müsəlman olduqlarını deyir amma namaz qılmırdılar.

Ev sahibindən öhdəçilik!
Mərhum Ayətullah Seyid Abbas Əbu Turabi Qəzvini nqəl edir:
Qəzvində bazar əhlindən olan biri evində rövzə məclisi qurmuşdu. Çox fərasətli adam idi. Məmurlar evinə hücum etdilər, ondan rövzəxanı tələb etdilər. O, məmurlara bir siyahı verdi. Səhəri gün məmurlar şəhərə düşüb həmin adamları həbsə almaq istədilər. Sonradan məlum oldu ki, siyahıda adı yazılanlar dünyasını dəyişmiş rövzəxanlar imiş. Kimin qapısını döydülərsə qəbiristanlığı göstərdi.
Bazarda libaslı ruhani görsəydilər onu dərhal polis idarəsinə aparıb libasını dəyişərdilər. Bir gün atam evdə tələbələrlə əyləşmişdi. Atam açıq dedi ki, Pəhləvinin dini məhv etməkdən başqa məqsədi yoxdur. Məmurlar arasında dininə bağlı adamlar var idi. Belələri çox ehtiyatla hərəkət edirdilər. Atamın sözündən sonra evi tərk etdilər. Amma şah kimi düşünən məmurlar nə ruhaniyə, nə rövzəxana, nə müsəlman xalqa rəhm edərdilər.

Vilayet.nur-az.com


2806 بازدید
در حال ارسال اطلاعات...