Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Rəbbani alim edam kürsüsündə

Həqiqi ruhanilərin mübarizə yolu müsəlman cəmiyyət üçün məktəbdir...
İranda şah rejimi dövründə demokratik islahatlar kimi qələmə verilən məşrutə hərəkatı ilk addımda istibdada nifrət edən bir çox insanları cəzb etdi. Məşrutə şahın səlahiyyətlərinin bir hissəsini məclisə verməklə yeni bir üsul-idarə kimi tanıtdırılırdı. Bu hərəkatın ən ağır ilk addımında ona dayaqlardan biri Şeyx Fəzlullah Nuri oldu. Məşrutə qərbpərəst ziyalılar və istibdada son qoymaq istəyən ruhanilərin hərəkatı idi. Qərbpərəst ziyalıların əksəriyyəti Britanya səfirliyinin göstərişlərini yerinə yetirirdi. Bu ziyalılar məşrutə vasitəsi ilə şəriəti söz sahibi etmək istəyən ruhanilərə müxalif idilər.
Tarixçilər yazır ki, Şeyx Fəzlullah Məşrutə Hərəkatının başlanğıcında ədalətxananın təsisində, sonra konstitusyanın hazırlanmasında aparıcı rol oynayırdı. Şeyx düşünürdü ki, cəmiyyəti hərəkətə gətirən ədalət istəyi siyasi və iqtisadi böhranların nəticəsi, dözülməz yoxsulluğun əks-sədasıdır. Məmurların özbaşınalığı, xaricilərin ölkədə at oynatması hərəkata təkan vermişdi. Eynüddövlə dövləti ədalət istəkli hərəkatın əvvəllərində zəiflədi və səhnəni tərk etdi. Şeyx Fəzlullah böyak arzularla meydana atılmışdı. O şəriət qanunlarının əsas qanunda yer almasını mühüm məqsəd olaraq izləyirdi. Şeyx Fəzlullah çalışırdı ki, Məşrutə kölgəsində Qərb mədəniyyətinin genişlənməsinə mane olsun. O İslam qanunlarının qüvvəyə minməsi üçün əlindən gələni edirdi. Şeyx yaranmış böhrandan yeganə çıxış yolu kimi şəriət qanunlarını görürdü. Şeyxin nəzərincə İslam qanunları qüvvəyə minsəydi ölkənin bütün ehtiyacları təmin olunacaqdı. Şeyx qarşıya çıxan hadisələri haqq və batil, dini və dinə zidd olmaqla təsnif edirdi. Bu əsasla konstitusiyada Qərb qanunlarının yer almasını İslama xəyanət sayaraq deyirdi: “Biz İmamiyyə qövmü ən üstün və kamil ilahi qanunlara malikik. Bu qanunlar ilahi vəhydən ibarətdir. İlahi qanunlar təkcə ibadətlərdən ibarət deyil. Bu qanunlarda bütün ictimai-siyasi ehtiyacları ödəyəcək qüvvə var. Bizim qanun kəşf etməyə ehtiyacımız yoxdur. Digər tərəfdən təsbit olunacaq qanunlar bizim axirətimizi əlimizdən almamalıdır.”
Mehdi Ənsarinin “İran Məşrutə İnqilabı” kitabında belə bir sual verilir ki, nə üçün Şeyx Fəzlullah Məşrutənin əvvəlində öndə getdiyi halda bir müddət sonra bu hərəkatdan uzaqlaşdı. Şeyxin aşağıdakı fikirlərini bu suala cavab kimi qiymətləndirmək olar: “Bu fitnənin mənşəsi qonşulardan qidalanır. Kim məqsədə münasibətdə nisbi ədalətə aldansa və bu yolda çalışsa zərərə düşəcək. Bu sahədə çox araşdırma apardım. Məqsədə doğru hərəkətə başlayanda çaşqın insanları meydanda gördüm. Onlar açıq yanlış fikirləri həqiqət kimi göstərməyə çalışırdılar. Biz əsas qanunu İslam qununlarından çıxarmalı idik. Alimlərlə birlikdə bu işə çox vaxt sərf etdik. Amma işin cilovunu əlinə alanlar buna imkan vermədilər. Açıq dedilər ki, Məşrutə İslam qanunları əsasında qurula bilməz. Əsasları bu oldu ki, şəriət qanunları konstitusiyada yer alsa xaric bizi qəbul etməyəcək.”
Məşrutəçilər aydın görürdülər ki, Şeyx Fəzlullah onların pərdə arxasındakı bütün planlarını açaraq alimləri və xalqı ayağa qaldıracaq. Bu məqsədlə şeyx hədəfə alındı, ona qarşı mətbuatda misilsiz təbliğat başlandı. Şeyxi istibdadın, şahın tərəftarı kimi göstərməyə çalışdılar.
Məşrutəçilərin təbliğat şəbəkəsi o qədər güclü idi ki, istənilən səsi boğa bilirdilər. 220-dən çox qəzet, onlarla bülleten şeyxə qarşı mahirəbəyə qalxmışdı. Savadsız xalq bu təbliğatın qarşısında durmaq gücündə deyildi.
Təəssüf ki, təbliğat öz işini gördü və Şeyx Fəzlullah Həzrət Əbdül-Əzim hərəminə çəkilib səhnədən uzaqlaşmalı oldu. Ayətullah Şeyx Fəzlullah Nuri həzrət Əbdül-Əzim hərəmində boş oturmadı, Məşrutəyə qarşı bəyanatlar verməyə başladı. Şeyx təklif edirdi ki, küfrlə mübarizə haqqında məktub konstitusiya nizamnaməsində dərc olsun. Şeyx mətbuata verilmiş ölçüsüz azadlığa da etiraz edirdi. Müsəlman ölkə mətbuatında İslama qarşı təhqiramiz yazılar gedirdi.
Hadisələrin şahidi olmuş Seyid Məhəmməd Əli Şeştəri deyir: Şeyx tanınmış müctəhid və alimlərlə birlikdə Həzrət Əbdül-Əzimin hərəminə mühacirət etdi. Hərəmdə qaldığı 91 gün ərzində nəzərdə tutduğu konstitusiyanı hazırladı və səhnəyə qaytdı. Şeyx cümə günü minlərlə insanın qarşısında əlinə Quran alıb and içdi ki, hərəmə çəkilməkdə məqsədi konstitusiyanı hazırlamaq olub və onun haqqında deyilən sözlər həqiqətdən uzaqdır. Şeyxin müxalifləri şayiə yaydılar ki, Şeyxin əlinə götürdüyü kitab Quran olmayıb. Müxaliflər xalqı inandırmağa çalışırdı ki, Şeyxin xoş niyyəti yoxdur. Onlar düşünürdülər ki, Şeyx Hərəmə gedəndən sonra birdə səhnəyə qaytmayacaq. Sonradan aydın oldu ki, bu mühacirət yeni bir mübarizənin başlanğıcı imiş. Şeyxin mühacirətindən sonra minlərlə alim və sadə müsəlman ona qoşuldu.
Məclis belə düşünürdü ki, Şeyx hərəmə getməklə fəaliyyət imkanlarından məhrum olub. Amma onun İran və İraqa ünvanlanmış məktub və bəyanatları məşrutəçilərin qarşısında böyük maneə olduğunu göstərdi. Artıq tanınmış alimlər və fəal müsəlmanlar hərəmdə Şeyxin ətrafında cəmləşirdi.
Məşrutəçilər anladılar ki, Şeyx nəinki mübarizə yolundan çəkinməyib, hətta hər gün öz mübarizə çevrəsini genişləndirməkdədir. Nəhayət, pərdə arxasında Şeyxin məhvi planı çızıldı.
Şeyxin müxalifləri Tehranda nüfuzlarını qənimət sayıb Tehran polisinə rəis seçilmiş erməni Yepremxanla görüşdülər. Onu inandırmağa çalışdılar ki, Şeyx Nuri sağ qalsa bütün ölkədə dini hərəkat başlayacaq, bütün qazandıqlarını itirəcəklər. Nə müsəlman, nə də İranlı olan Yepremxan gərginlik zirvə həddə ikən Şeyxi edam etmək qərarı çıxardı. Hicri qəməri 1327-ci il rəcəb ayının 11-də 80-a yaxın erməni silahlısı erməni Yusifxanın komandanlığı altında Şeyxin evinə hücum etdi. Onun evini mühasirəyə aldılar, divarlarından aşıb, evinin banına çıxdılar. Şeyxin xidmətçisi Nadəli deyir ki, Şeyx həmin vaxt kitabxanasında imiş. Evinə hücum xəbərini eşidib, nə baş verdiyini soruşub. Hücum edənlərin rəisi Şeyxə deyib ki, alim onlarla getməlidir. Şeyx evin damındakı silahlılara baxıb deyib: “Bir nəfəri tutmaq üçün bu qədər silahlı?!” Ev əhlinin fəryadları içində Yusifxan onun əllərini bağlayıb, sürüyə-sürüyə arabaya mindirərək hərəkət göstərişi verib. Şeyxi Topxana meydanına gətiriblər. Oradakı otaqlardan birində şeyx həbsdə saxlanılıb. Məşrutəçilər Şeyxin həbsi ilə kifayətlənməyib, ona mühakimə qurub. Şeyxin edamına hökm çıxarılıb.
Şəmsəddin Tondərkiya yazır: Mühakimənin məqsədi Şeyxə qarşı ittihamları sübut etmək deyildi. Bu mühakimə ilə cəmiyyəti aldatmaq istəyirdilər. Şeyx əvvəlcədən edama məhkum olunmuşdu. Mühakimədə söhbətlər çox səthi idi. Ümumiyyətlə rəsmi ittihamnamə yox idi. Camaat Topxana meydanına yığışmışdı. Hamı nə qərar çıxarılacağını gözləyirdi. Yalnız Şeyxin edamından sonra, səhəri gün onun mühakiməsi haqqında vərəqələr yayıldı. Vərəqədə yazılanların edam günündəki söhbətlərə heç bir aidiyyatı yox idi. Məşrutə dövrünün prokuroru İbrahim Zəncaninin sorğularında Şeyxə ünvanlanmış suallar gülünc idi. Mühakimə getdiyi zaman Topxana meydanında edam üçün hazırlıq gedirdi. Meydana xeyli insan toplaşmışdı. Camaat edamı gözləyirdi. Düşmənlər də inkar etmir ki, 70 yaşlı Şeyx çox vüqarlı dayanıb, hakimin suallarına zərrəcə əhəmiyyət verməyib. Həmin günlər ağır xəstə olsa da onda zəiflik müşahidə olunmayıb. Həbs olunduğu andan edam vaxtına qədər Şeyx başını dik tutub, zərrəcə zəiflik göstərməyib.
Tarixçilər yazır ki, Şeyx heç zaman xaricilərə etimad göstərməyib. Çətin anlarda əksəriyyət xarici səfirliklərə sığınar, canını qurtarardı. Məşrutəçilər özləri İngiltərənin səfirliyinə pənah aparmışdılar. Şeyx Fəzlullah Nurinin Allahdan başqa sığınacağı yer yox idi. Türkiyə və Rusiya səfirliyi Şeyxin edamını proqnozlaşdırdığından onu səfirliyə dəvət etmişdilər. Amma Şeyx öz edamını gördüyü bir zaman kimsənin arxasında gizlənmədi. Edam hökmünün icrası zamanı Şeyx xalqa üz tutaraq demişdi: Pərvərdigara! Sən şahid ol ki, mən bu xalqa deyəcəklərimi dedim. Pərvərdigara! Sən şahid ol ki, mən bu xalqa görə sənin kitabına and içidm. Pərvərdigara! Sən şahid ol ki, son anda xalqı bu təsisatı quranların dinsizliyindən, xalqı aldatdığından xəbərdar etmişəm. Onların işi İslama ziddir. Mənimlə sizin aranızda mühakimə Allahın, Məhəmməd ibn Abdullahın hüzuruna qaldı...”

Vilayet.nur-az.com


1451 بازدید
در حال ارسال اطلاعات...