Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Musiqi haqqında

Qum Elm Hövzəsinin ustadlarından olan Ayətullah Nikunam musiqi ilə bağlı fikirlərini bölüşüb. Ustadın müxtəlif dini elmlər haqqında kitabları var. Gənclik dövründə səkkiz ilə yaxın musiqi təhsili alıb və bu sahədə mütəxəssis alimlərdən sayılır.

***

Sual: Əvvəlki söhbətlərdə qeyd etmişdiniz ki musiqi sahəsində məlumatınız çoxdur. Bu barədə danışardınız.

Ayətullah Nikunam: Bəli, mən uzun illər İran musiqi ustadlarından birinin hüzurunda musiqi öyrənmişəm. Bu insan ali musiqi təhsili və səsə malik olmaqla yanaşı gözəl əxlaq sahibi idi. Onu kamil ustad saymaq olardı.

Musiqi bütün varlıqlara tanış olan təbii bir səsdir. Tarix boyu bütün xalqlar hansısa şəkildə musiqi ilə rabitədə olub. Musiqi, səs söz və danışıq kimi insan və heyvanın daxili hisslərini bildirir. Qədimdə musiqi ənənə səviyyəsində istifadə olunub. Zaman ötdükcə o elm şəklini alıb. Hazırda incəsənətin əsas növlərindən biri musiqidir. Onun müxtəlif formaları, janrları var. Musiqinin hər janrı bir ruhiyyəni ifadə edir. Şərq, İran musiqisi dünyanın ən qədim musiqilərindəndir. Bu sahədə böyük ustadlarımız olub. Onlar musiqini təkmilləşdirib, ona yeniliklər gətirib.

İran musiqisi özü də müxtəlif janrlara, bölmələrə ayrılır. Xülasə şəkildə deyə bilərik ki İranda Əfşari, Dəşti, İsfahan, Əbuəta, Humayun, Şüştəri, Şur, Şuri-şiraz, Pəhləvi və ya Məsnəvi, Seygah, Çahargah, Mahur və Rasti-pəncgah ahəngləri mövcuddur. Onlar da müxtəlif qollara bölünür. Hər növün zili və bəmi var. Hər hissənin özünəməxsus adı var. Dəsgahlar prospekt kimidir. Bölmələr isə bu prospektin küçələrinə bənzəyir.

Az adam tapılar ki, bütün musiqini növlərinə nifrət etsin. Hissisiz, quru adamlar bütün musiqiləri, gözəl təbii səsləri rədd edə bilər. Gözəl səsin insan və ya başqa biri tərəfindən yaradılması və hansı şəkildə yaradılması ayrıca bir mövzudur.

Qeyri-müsəlmanlar arasında az adam tapılar ki, bizim haram saydığımız ğina deyilən musiqini pisləsin. Dünyanın əksər yerində, əksər xalqlar bu musiqiləri sevirlər. Onların nəzərincə, musiqi insan ruhuna aramlıq gətirir. Musiqi olduqca həssas bir dildir. Bu dilin insan təfəkkürünə faydaları, o cümlədən zərərləri ola bilər. Bəzən musiqi insanı təhrik edir, onun düşüncəsində böhran yaradır. Musiqidə haram, zərərli nöqtələrin olmasını təkcə İslam demir. Amma İslam şəriətində bu məsələyə daha həssas yanaşılır.

Musiqi haqqında alimlər və mərifət sahibləri müxtəlif fikirlər söyləyib. Musiqinin ifrat və təfrit xüsusiyyətləri, bir növ musiqidə qırmızı xətlər müəyyənləşdirilib.

Məsələn, alim və filosof bir insan musiqini tam şəkildə rədd etmir. Onlar dəlillər və hökmlərlə danışmır. Onların istinadı ağıl və hissdir. Arif və filosoflar musiqini aramlıq gətirən bir hadisə kimi qəbul edir. Onların bəyan etdiyi ağıl və hissin sözüdür. Bu zümrə sadəcə musiqinin aşkar zərərli növlərindən uzaq dayanır.

Bəzən bir fəqih musiqini tam şəkildə haram elan edir. Onun istinadı hadisənin zahiri xüsusiyyətləridir. Onlar arif və filosoflardan fərqli olaraq nəqli dəlilləri əsas götürür. Amma ariflərlə fəqihlərin yanaşmasında müştərək nöqtələr də var. Hər iki zümrənin qənaəti budur ki musiqini fitnə-fəsad, əyyaşlığa bulaşdırmaq olmaz.

Demək, əyyaşlıqla müşayiət olunan musiqini nə ariflər, nə filosoflar, nə də fəqihlər qəbul edir. Burada fərqli nöqtə odur ki, fəqih musiqinin özünü əyyaşlığa təhrik edən hadisə sayır.

Sual: Quran və rəvayətlərə əsasən musiqini necə dəyərləndirmək olar?

Ayətullah Nikunam: Quranda musiqi, ğina haqqında aşkar bir bəyanat yoxdur. Amma məsumların buyruqlarında Qurana istinadən müəyyən bəyanatlar yer alıb. Rəvayətlərdə musiqi və ğina haqqında Qurana istinadən hökmlərlə rastlaşırıq. Hansı musiqinin haram olmasını hökm etmək üçün təbii ki bu rəvayətlərdə ciddi araşdırmalara ehtiyac var. Musiqini tam şəkildə haram elan edən mötəbər rəvayət görməmişəm. Amma ğina, haram musiqi fəqihlərin araşdırmalarında əsas yerlərdən birini tutur. Rəvayətlərdə gözəl səs haqqında xoş sözlər deyilir. Aydın olur ki, İslam musiqini tam şəkildə rədd etmir. Fəqihlərin də hökmlərində fərqli nöqtələr var. Hansısa vahid qənaətə gəlmək olmur. Fəlsəfi dəlilləri, əqli arqumentləri, nəqli əsasları tam şəkildə nəzərdən keçirib düzgün qərar çıxarmaq olduqca çətindir. Buna görə də musiqi ilə bağlı fikirlərdə uyuşmayan cəhətlər mövcuddur. Bəziləri məlumatsız olduğundan tələsik şəkildə musiqini haram bildirir, digərləri eyni məlumatsızlıqa onu tam halal sayır.

Sual: Nə üçün bəzi rəvayətlərdə musiqi şiddətlə inkar olunur?

Ayətullah Nikunam: Məsumların musiqini sərt şəkildə qadağan etməsinin səbəbi bu ola bilər ki, həmin dövürdə musiqi qüdrət sahiblərinin ixtiyarında olub. Saraylarda, eyş-işrət məclislərində musiqi ən təhrikverici amil sayılıb. Həmin məclislərin günaha vasitə olması və bu işdə musiqinin qızışdırıcılığı ona qarşı sərt bəyanatlara gətirib çıxarıb. Ğina və musiqi tarix boyu eyş-işrət əhlinin ixtiyarında olub, etiqadsız və azğın insanlar musiqini öz əlində saxlayıb. Şəriətin mövqeyi budur ki günaha təhrik edən istənilən bir hadisə qadağandır. Bu prinsipi ağıl və şəriət qəbul edir. Filosoflar və fəqihlər arasında qeyd olunan prinsip müştərək qəbul olunan prinsiplərdəndir. Aydın məsələdir ki İslam heç bir halda insanın haqq yoldan çıxması ilə razılaşmır. Bu da həqiqətdir ki, eyş-işrət olmayan yerdə, müəyyən şərtlər daxilində gözəl səs halal sayılır. Əgər musiqi insanı düşündürürsə, onda şəhvət hisslərini təhrik etmirsə bu musiqi barədə araşdırmaya dəyər. Demək, musiqidə insanı azdıran növlərin olması şübhəsizdir. Ariflər də, filosoflar da, fəqihlər də insan düşüncəsini həqiqətdən yayındıran musiqini rədd edir. İnsan ğinadan, azdırıcı musiqidən nə qədər uzaq olarsa düşüncəsi pak qalar, zehnində faydalı fikirlərə zəmin yaranar. Təəssüf ki, hələ ki dünya sağlam musiqini zərərli musiqidən aydın şəkildə fərqləndirməyib.

Müasir dövrümüzdə musiqi fərdi və ictimai həyatın əksər sahələrinə nüfuz edib. Musiqidən kənarda qalmaq mümkünsüz olub. Azğın musiqidən qurtulmaq və ya musiqini azğınlıqdan xilas etmək üçün araşdırma və təlaşlara ehtiyac var. Dünyamızda musiqi hələ ki fəsad amili olaraq qalır. Dünya imperializmi musiqidən narkotik maddələr kimi insanları yuxuya vermək üçün istifadə edir. Musiqiyə aludə, əsir olmuş insan öz haqları barədə düşünmür. Ümid edirik ki, bəşəriyyət həqiqi İslam hökmlərinin sayəsində, İslam üsul idarəsinin genişlənməsi ilə faydalı musiqidən bəhrələnəcək.

Nur-az.com/Avini


2241 بازدید
در حال ارسال اطلاعات...