Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Vətəndaşı səfil vəziyyətə salıb ölkəni futbolçu köynəyində reklam etmək siyasəti

Hakimiyyətin 70 milyonluq “səxavət”i

Azərbaycan hakimiyyətinin yırtıcı mahiyyəti hər ötən gün daha qabarıq şəkildə hiss olunur. Daha dəqiq ifadə etsək, hakimiyyət ölkənin sərvətlərini də analoqsuz talan edir. Milyardları xərcləyəndə də imtiasiya etmək istəmirlər. Açıq şəkildə deyirlər ki, biz büdcədəki milyardları Azərbaycan xalqından başqa istənilən xalqın nümayəndəsinə, istənilən ölkənin çiçəklənməsinə xərcləyə bilərik. Utanmadan bu bədxərcliyi Azərbaycanın təbliğatı, inkişafı kimi təqdim edirlər. Son vaxtlar isə ölkənin milyonları xarici futbol klublarına xərclənir. Guya bu futbol klubları Azərbaycanı reklam edəcək və xalqımız bu reklamdan feyziyab olacaq.
Belə ki, əvvəlcə Ispaniyanın “Atletiko” klubuna 20 milyon ərməğan etdilər. Əvəzində isə futbolçuların köynəyində “Azerbaican land of fire” yazıldı. Ardınca Azərbaycanlı oliqarx Hafiz Məmmədova məxsus Fransa futbol klubu “Lans”a 10 milyon avro maliyyə yardımı edildi. Bugünlərdə isə Azərbaycan hakimiyyəti Italiyanın “Latsio” futbol klubuna sponsorluq etmək qərarı verdi. Roma klubu ilə 40 milyon dollarlıq müqavilə imzalanması nəzərdə tutulub. Xəbərdə deyilir ki, bu əməkdaşlığın birinci mərhələsində “Latsio” təxminən 12 milyon avro qazanacaq. Müqavilənin şərtlərinə əsasən, “Latsio” futbolçularının formasında bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarının reklamı olacaq. Köynəklərin üstündə əvvəlcə “Baku-2015", bir müddət sonra isə ”Azerbaican - Land of Fire" (Azərbaycan - Odlar Yurdu) yazılacaq.
Göründüyü kimi “səxavətli” hökumətimiz futbolçuların köynəyində Azərbaycanın reklam olunması üçün 70 milyon avro pulu “qətlə” yetirib. Təsəvvür edin ki, Azərbaycanı korrupsiya, saxtakarlıq, hüquqsuzluq üzrə “dünya çempionu”na çevirmiş hakimiyyət, indi ölkənin reklamı ilə məşğul olmaq qərarı verib. Heç kimə sirr deyil ki, bu 70 milyonluq oğurluğun məqsədi Azərbaycanın imicini yüksəltmək deyil. Hakimiyyətin şəxsi maraqlarını təmin etmək, yeganə məqsəddir. Əks halda, ölkədə 100-lərlə siyasi məhbus olmazdı, iqtisadiyyatın bütün sahələri məmurların nəzarətinə keçməzdi, Qarabağ qaziləri intihara məcbur edilməzdi, şəhid ailələrinin sosial sığorta haqqı mənimsənilməzdi, ölkənin milyardları ofşorlara daşınmazdı, ölkənin təhsili, səhiyyəsi, hüquq sistemi dağıdılmazdı, sülalə hakimiyyəti yaranmazdı və s.
Göründüyü kimi, hakimiyyət ölkə vətəndaşını dilənçi, fəhlə, kredit borcunun girovu, siyasi məhbus kimi reklam edəndən sonra, Azərbaycanı futbolçu köynəyində reklam etmək qərarına gəlib. Müəllimi 150-200 manatla sınağa çəkib, təqaüdçüyə 70 qəpiklik maaş artımı edib, təhsil haqqını 4000 manata qaldırıb, ölkəyə gətirilən məhsulları 20 dəfə baha qiymətə satışa çıxarıb, sonra Azərbaycanı 70 milyon pul qarşılığında reklam etmək tarixi “şedevr”di.
Dünya mətbuatı Azərbaycandakı qanunsuzluqlardan, insanların şərlənib həbs edilməsindən, hakim ailəyə məxsus şirkətlərdən yazır. Bu biabırçılıqlara son qoymaq, Azərbaycanın pis reklamına səbəb olmuş “ənənə”lərdən əl çəkmək əvəzinə, Ispaniyalının, Italiyalının, Fransalının köynəyində “Azərbaycan” yazdırır. Bu, ana segahına qulaq asıb ağladıqdan sonra, anasını döyən adamın vəziyyətini xatırladır. Azərbaycanı qeyri-azad ölkələrin siyahısına salıb, ölkədəki bütün strukturları korrupsiyalaşdırıb, ölkəyə daxil olan 100 milyardlarla neft pulunu şəxsi ciblərə axıdandan sonra, “Azərbaycanı təbliğ edirik” şüarı ilə çıxış etmək xüsusi “bacarıq” tələb edir.
Avropa dəyərlərindən imtina edib, dünyanın nüfuzlu təşkilatlarına “ermənipərəst” damğası vurub, Rusiya kimi avtoritar rejimlərin himayəsinə sığınıb, sonra Azərbaycanı müsbət mənada reklam etmək mümkün deyil.
Azərbaycanı dünyada vətəndaşın rifahı, qanunların aliliyi, seçkilərin şəffaflığı, sosial ədalətin olması ilə reklam eləmək lazımdır. Əslində, bu futbol klublarına 70 milyon pul xərclənməsi, Azərbaycan hakimiyyətinin mahiyyətini ortaya qoyur. Məlum olur ki, bu hakimiyyət üçün vətəndaş Ispaniya, Fransa, Italiya futbolçusunun köynəyi qədər də dəyərli deyil.
Ölkədə müalicəyə ehtiyacı olan nə qədər imkansız şəxs, 100 minlərlə evsiz ailə, təhsil haqqını ödəyə bilməyən 10 minlərlə tələbə, kredit borcunu ödəyə bilmədiyinə görə həbs olunan ailə başçıları var. Bu milyonları yaralı yerlərin sağaldılmasına sərf etmək lazımdır. Yaralı insanlara acıq verib, büdcəsi milyonlarla ölçülən komandalara pul yatırmaq, mənəviyyatsızlıqdır.
Bir sözlə, Avropa oyunlarına 8 milyard xərcləyib, ardınca ölkəmizə gələcək heyətin bütün xərclərini ödəmək öhdəliyi götürüb, daha sonra xarici futbol klublarına 70 milyon hədiyyə etdilər. Baş verənlərin bir izahı var. Bu hakimiyyət xalqa nifrət eləyir və xalqı daha da səfil vəziyyətə salmaq üçün əlindən gələni əsirgəmir. Əslində bu xərclərin hamısı Azərbaycanı zay məhsula çevirməyə xidmət edir./azadlıq/


1523 بازدید