Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Riyakarlıq (riya)

Müasir ədəbiyyatda riyakarlıq kimi qeyd olunan söz dini mətnlərdə riya kimi keçir. Həzrət Peyğəmbər (s) buyurur: "Riyadan çəkinin, həqiqətən, riya Allaha qarşı şirkdir." Riyakar qiyamət günü dörd adla çağırılar: Ey kafir, ey pisəməl, ey hiyləgər, ey ziyankar! Əməllərinin savabı, muzdun puç oldu. Bu gün sənin üçün bir bəhrə yoxdur. Get zəhmətinin əvəzini o şəxslərdən al ki onlar üçün iş görmüsən...

Bütün yol, elm və ədəb əhlinin əhəmiyyət verəcəyi əxlaqi rəzilətlərdən, çirkinliklərdən biri riyadır. Bu qeyri-ilahi bir sifətdir və insan bu sifətdən qurtulmağa çalışmalıdır.

Riyada ya Allaha yaxınlaşmaq, savab, xeyirxahlıq məqsədi yoxdur, ya da belə niyyətlə yanaşı başqa bir məqsəd də güdülür. Birinci növdən olan riya böyük günah (günahi-kəbirə) sayılır. İkincidə isə Allaha yaxınlaşmaq (qəsdi-qürbət) məqsədi zəifdir. Əgər bu adamda riya olmasaydı ilahi məqsəd onu əmələ vadar edə bilməzdi. Bu sayağı riya birinciyə yaxındır. Rəvayətlərdən aydın olur ki bu riya da əməli puç edir. Əgər riya olmadan onun kənarındakı ilahi niyyət əmələ təkan verərdisə bəzi alimlərin nəzərincə, əməlin savabı puç olmur. Sadəcə bu savabdan azalır və ya əməl sahibi yol verdiyi riya həddində cəzalanır.

Qeyd etdi ki, həzrət Peyğəmbər (s) riyadan çəkinməyə çağırır və onun qiyamətdəki ağrılarından danışır. İmam Cəfər Sadiq (ə) buyurur ki, Loğman öz oğluna belə nəsihət etdi: "Riyakarın üç sifəti var: tək olanda süst ibadət edər, xalqın gözü qabağında ibadəti ciddidir, bütün işlərində təşəkkür gözləyər."

Şeyx Kuleyni İmam Sadiqdən (ə) belə rəvayət edir: "Hər bir riya şirkdir. Kim xalqın razılığı üçün iş görsə muzdunu, əvəzini xalqdan almalıdır. Kim Allaha görə iş görsə muzdunu Allah verəcək."

İmam Sadiq (ə) başqa bir rəvayətdə buyurur: "Hər kəs batinini, niyyətini saflaşdırsa bir neçə gün ötməz ki, Allah onun yaxşı sifətlərini xalqa aşkarlayar." (Biharul-ənvar, c.72, səh. 281-297).

İnsanın dəyanəti itaət və ibadətdə mühümdür. İnsan çox vaxt ibadətdə riyadan xəbərsiz olur. Daha doğrusu riya onun gözünə pərdə çəkir. Təsəvvüründə belə bir iddia yaranır ki alim və mütəfəkkirlərin həll edə bilmədiyi məsələləri həll edər. Onun nəzərincə kim xalqın diqqətini çox cəlb edirsə o da böyükdür. Belələri özünü böyük və haqlı, başqalarını kiçik və haqsız sayır. Onlar özləri ilə öyünürlər, özlərini hamıdan üstün sayırlar. Riyakarlıq insanı başqa pis əməllərə də sövq edir. Riyakar şəxs başqalarını rüsvay etməkdən, mömini alçatmaqdan, hətta təhqirdən çəkinmir. Bütün bunlar başqalarının kiçikliyi müqabilində özünü böyük göstərməkdir.

İmam Xomeyni (r) dəyərli "40 hədis" kitabında riya haqqında belə buyurur: "Məqam və ad istəyi insanı riyaya aparır. Rəvayətə görə bu iki meyl çobansız sürüyə soxulan iki canavar kimidir. Riyanın imana zərəri bu canavarların zərərindən böyükdür. Siz elm əhli ümmətin islahında vəzifəlisiniz. Bundan ötrü əvvəlcə özünüzü islah etməlisiniz, nəfsinizi paklaşdırmalısınız. Əməlsiz alimin aqibəti məlumdur."

İslamda böyük ibadətlərdən biri cəmiyyət namazıdır. Bu namaza imamətin fəziləti böyükdür. Buna görə də şeytan cəmiyyət namazını dağıtmağa çalışır, imam-camaatla düşmənçilik edir. Şeytan səy göstərir ki, imam-camaatın fəzilətini əlindən alsın, ixlasını puç etsin. Məqsədi imam-camaatın Siccinə (cəhənnəmdə bir yer) qədər aparmaqdır. İmamı şirkə batırmaq şeytanın əsas istəklərindəndir. İmamın qəlbinə girib müxtəlif yollarla ondan riya yaratmaq istəyir. Deyir ki sən böyüksən, bu xalqı irəli aparırsın. Belə təlqinlərlə imamı öz gözündə böyüdür və əməllərdə ixlasdan uzaqlaşdırır. İqtida edənləri də rahat buraxmır. Bəzən imamı gözdən salır, bəzən ifrat böyüdür. Belə ki iqtida edənlər imam-camaata elə bir diqqət göstərir ki, ömür boyu Allaha belə diqqət göstərməyiblər. Bəzən imam cəmiyyət arasında dünyəvi meyarlarla kimlərəsə ehtiramla yanaşır.

Nəql edirlər ki, bir gün mərhum Seyid Bəhrülülumu şad gördülər. Səbəbini soruşanda buyurdu: "25 il təlaşdan sonra, indi özümə baxıb gördüm ki, əməllərimdən riyanı uzaqlaşdıra bilmişəm."

Böyük alim Mirza Cavad ağa Məliki Təbrizi yazır: "Böyük alimlərdən biri nəql edir ki, 30 il cəmiyyət namazının birinci cərgəsində dayandıqdan sonra bir gün həmin cərgədə yer tapmadım. İkinci cərgədə dayandım. Məni görənlər bir qədər narahat oldular. Başa düşdüm ki, uzun illər birinci cərgədə dayanmağım riya olub... Bu şəxs həmin 30 ilin namazının qəzasını yerinə yetirir." Mərhum Məliik deyir: "Qardaşım, bax bu mücahid alimə, onun məqamına diqqət yetir. Bu mücahid alim 30 il ön cərgədə dayansa da imam-camaatın yerinə keçməyib. Belə bir ehtiyatla namazından şübhələnir və onun qəzasını yerinə yetirir. Aydın olur ki əməldə ixlas hansı həddə əhəmiyyətlidir."

Behbəhanda danışırlar ki, böyük alim Vəhid Behbəhaninin bu şəhərdən mühacirətinin belə bir səbəbi var: Şəhər məsullarından biri ağaya deyir ki, görün mənim göstərişimlə sizin namazınızda necə böyük cəmiyyət toplanıb. Onun bu sözləri ağanı o qədər pərişan edir ki, namazını qılmamış evə qayıdır və dərhal bu şəhəri bir dəfəlik tərk edir. Onun narahat edən qəlbinə riyanın yol tapması ehtimalıdır.

Qeyd etdik ki, həzrət Peyğəmbər (s) qiyamət günü riyakarın bu adlarla çağırılacağını buyurur: Ey kafir, ey pisəməl, ey hiyləgər, ey ziyankar! Başqa bir məqamda həzrət (s) buyurur: "Allah buyurur ki, ən ehtiyacsız şərik mənəm. Kim öz işində Məndən başqasını şərik seçərsə həmin işi həmin şəxsə görə yerinə yetirir." Həzrət buyurur: "Allah bir əməldə zərrəcə riya olarsa onu qəbul etməz."

Nur-az/Tebyan


1597 بازدید
در حال ارسال اطلاعات...