Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Cümhuriyyət, respublika dini ola bilərmi?

Bu nəzəriyyənin möhkəm əqli və nəqli əsasları var
İslam Cümhuriyyəti nəzəriyyəsi və ya Cənab Rəhbərin təbirincə, dini demokratiya İslam inqilabının İranda qələbəsindən sonra İmam Xomeyni tərəfindən səhnəyə gətirilsə də, bu nəzəriyyənin əqli və nəqli möhkəm əsasları var. Bəziləri sübut etməyə çalışırlar ki, İslam demokratiya ilə ziddir. Cənab Rəhbər isə belə buyurur: “Dəfələrlə qeyd etmişəm ki, bizim nəzərdə tutduğumuz dini demokratiya demokratiya ilə dinin sonradan birləşdirilməsindən yaranan hadisə deyil. Bizim nəzərdə tutduğumuz demokratiya dindən qaynaqlanır. Bu yolu bizə İslam göstərir.”

Höccətülislam Doktor Məhəmmədcavad Ərəsta hüquqşünasdır, Tehran Universitetinin Elmi Şurasının üzvüdür. Hazırkı söhbətdə Doktor Məhəmmədcavad Ərəsta dini demokratiya haqqında əqli, nəqli baxımdan, eləcə də, Əhli-Beytin (ə) həyat yoluna nəzər salmaqla söz açır.

Sual: İslam cümhuriyyəti, respublikası ifadəsinə müxtəlif şəkildə təriflər verilib və münasibətlər fərqlidir. Bəziləri cümhuriyyətin İslamdan ayrı olduğunu düşünür. Ona görə də bu fikirdədilər ki, cümhuriyyət, respublika hadisəsi din çevrəsindən xaricdə olan bir hadisədir. Bu qəbil insanlar İslam cümhuriyyəti ifadəsində cümhuriyyətin İslama əlavə olunduğunu düşünürlər. Bəziləri də bu iki hadisəni eyni sayır. Siz bu barədə nə düşünürsünüz?

Cavab: Yaxşı olar ki, əvvəlcə cümhuriyyət, respublika sözünə tərif verək. Respublika hakimiyyəti, üsul-idarəsi mənim nəzərimcə xalqın siyasi iştirakı ilə qurulan bir nizamdır. Bu nizamda dörd element var. Xalqın hökumətin təsisində iştirakı, hökumətin idarəçiliyində iştirakı, hökumətə nəzarətdə iştirak və respublika quruluşunun ziddinə olan hər hansı addıma qarşı etiraz. Əgər bu dörd elementi cümhuriyyət üçün qəbul etsək, qətiyyətlə deyə bilərik ki, İslamda nəzərdə tutulan hakimiyyət respublika hakimiyyətidir. Dini mənbələrə müraciət etdikdə aydın olur ki, ilkin İslam dövründən məsumlar xalqın hakimiyyət işlərində iştirakına şərait yaradıb və bunu zəruri sayıblar. Bu baxımdan cümhuriyyəti dini hakimiyyətin özü kimi qəbul edə bilərik.

Sual: İslam düşüncəsində cümhuriyyət hadisəsi yer alıbmı?

Cavab: Həzrət Peyğəmbərin (s) dövründə və Əmirəlmömininin dövründə (s) qurulan hakimiyyət bu elementlərə malik bir cümhuriyyət idi. Təbii ki, o dövrün öz məhdudiyyətləri var idi. Əmirəlmöminindən (ə) sonra qısa bir müddətdə İmam Həsənin (ə) hakimiyyətində bu nizamı görə bilərik. Demək Peyğəmbər, (s) Əli (ə) və İmam Həsənin (ə) hökumətlərində həmin dörd element nəzərə alınıb.

Sual: Amma dini mənbələrdə cümhuriyyət sözünə az rast gəlirik.

Cavab: Təəssüf ki, dini mətnlərdə yer almış bir çox məlumatlar dövrümüzün tələb etdiyi formatda ortaya qoyulmayıb. Dini mətnlərdə cümhuriyyət sözü ilə rastlaşmamağımız mümkündür. Amma mahiyyət baxımınca eyni xüsusiyyətlərə malik olan hakimiyyətdən danışılır. Deyə bilmərəm ki, fəqihlərimiz bu mövzuya diqqət göstərməyiblər. Bu gün qarşımızda dayanan və mənim də məşğul olduğum həmin mövzu dünyada mövcud olan formatlarla ortaya qoyulmalıdır. Fəqihlərimiz bu mövzu ilə məşğul olmayıblar, bu səbəbdən tanışlıqları da yoxdur. Belə bir vəziyyətdə həmin hadisənin günün formatında təqdimindən danışmağa dəyməz. Hüquq və siyasi elmlər sahəsində çalışan hər hansı bir araşdırmaçı elə terminlərdən istifadə edir ki, biz fiqhi mənbələrdə həmin terminləri görmürük. Bəziləri elə düşünə bilər ki, bu terminlər sonradan İslama əlavə olunub. Əslində isə mahiyyət baxımından həmin hadisələr dini mənbələrdə var və bugünkü terminlər həmin məfhumların müasir formatda təqdimatıdır. Dini mənbələrdə araşdırmalar aparıb çıxarışlar edən fəqihlər və alimlərin zəhməti böyükdür. Kitab və sünnədən günün tələblərinə uyğun olan mövzuları günün formatında təqdim etmək zəhmət tələb edən işdir. Əgər bu gün cümhuriyyətlə bağlı fiqhi mənbələrdən dəlillər ortaya qoyulmayıbsa bu fəqihlərin günahı deyil. Bir növ bu iş üçün sosial sifariş olmadığını deyə bilərik. Əgər bir şəxs dini mənbələrlə o cümlədən hüquq və siyasi elmlərlə tanış olsa əminliklə cümhuriyyət mövzusunu ortaya qoya bilər. Onun bu addımının bəziləri tərəfindən qəribə qarşılanması mümkündür. Kimsə elə düşünə bilər ki, bu araşdırmaçıların cümhuriyyətlə bağlı dediyi sözlər İslama artırılıb və onların fiqhi mənbəsi yoxdur. Amma biz mahiyyət baxımından araşdırma apardıqda eyni hadisələrlə qarşılaşırıq. Sadəcə terminlərlə, adlarda fərq var. Biz dini mənbələrdə öz əksini tapmış hadisələri bu gün dini demokratiya kimi təqdim edirik. Bu yeni bir termindir. Hansı ki, mahiyyət baxımından ilkin İslam dövründə mövcud olub.
Belə deyil ki, demokratiya dindən kənar və Qərbdə yaranmış bir hadisə kimi qəbul edilsin. Biz demokratiyanı İslama sonradan gətirməmişik. Təhlillərimiz demokratiyanın dində olduğunu göstərir. Qərbdən öncə bizim dinimizdə demokratiya mövcud olub. Hətta bugünkü Qərb cəmiyyətindəki demokratiyadan üstün bir demokratiya İslam dinində mövcud olub. İslamdan sonra başqa ölkələrdə demokratik dəyərlər səhnəyə gəlib. Demək istəmirəm ki, demokratiya sözünü İslamdan götürürlər. Mən demokratiyanın mahiyyətini nəzərdə tuturam. Yanlış fikirdir ki, biz demokratiyanı qərbdən götürmüşük. Bəziləri düşünür ki, demokratiya İslamla uyğun gəlmədiyindən biz dini Demokratiya məfhumu ortaya qoymuşuq.

Sual: Sizin demokratiyanın dini mətnlərdə olmasına nəqli dəlilləriniz nədir?

Cavab: Əgər bu barədə ətraflı cavab istəyirsinizsə “İran İslam Cümhuriyyətinin Analitik Mənbələri” kitabının 14-cü fəslinə müraciət edə bilərsiniz. Xülasə şəkildə deyə bilərəm ki, Əmirəlmöminin (ə) buyurur: “Həzrət Peyğəmbər (s) mənimlə əhd bağlayıb buyurdu ki, ey Əbu-Talib oğlu, ümmətim üzərində vilayət sənə məxsusdur. Amma hökumət quranda bir şərtə əməl etməlisən. O budur ki, xalq sənin hakimiyyətini istədiyi zaman hakimiyyətdə qalırsan. Əgər xalq sənin hökumətini istəməsə hakimiyyətini onlara zorla qəbul etdirmirsən. Onlara istədiyi yolu getmək imkanı ver.”

Başqa bir gözəl rəvayət də var. Bu Peyğəmbərin (s) rehlətindən sonrakı dövrə aiddir. Xanım Fatimeyi-Zəhra (s) sağ olanda və Əmirəlmömininə (ə) məxsus hakimiyyət qəsb ediləndə bir şəxs Xanım Zəhranın (s) yanına gəlib dedi: “Məgər Peyğəmbər (s) Əmirəlmöminini özündən sonra üçün xəlifə təyin etməyib? Məgər sənin “Qədir” hadisəsindən xəbərin yoxdur?! Həmin şəxs bu hadisədən xəbərsiz olduğunu dedi. Sual verdi ki, nə üçün həzrət Əli (ə) öz haqqını geri almaq üçün qiyam qaldırmır?

Xanım Zəhra (s) bu şəxsin cavabında buyurur: “Peyğəmbər (s) Əli (ə) ilə əhd bağlayıb ki, onun məqamı Kəbə kimidir. Buyurub ki, əgər istəsələr sənin yanına gələrlər, sən onların yanına getmə. Əgər sənin yanına gəlib hakimiyyətə sahib durmağını istəsələr qəbul et. Amma bunu istəməsələr onları azad burax.”

Deyilənlər çox gözəl təbirlərdir. Biz başqa rəvayətlərdə də həzrət Əlinin (ə) Kəbəyə bənzədilməsinə şahid oluruq. Kəbə o zaman dəyərli olur ki, insanlar onun dəyərini bilsinlər, çətinliklərdən keçib Kəbənin təvafına gəlsinlər. İmamın da yeri Kəbə kimidir. O özü insanların sorağına getməli deyil. İmamın məqsədi nümunəvi bir cəmiyyət qurmaqdır. Belə bir cəmiyyət zorla qurula bilməz. Əgər İmam özünü xalqa zorla qəbul etdirsə və xalq onun dəyərini bilmədiyi üçün hakimiyyətini istəməsə, nəzərdə tutulmuş məqsəd həyata keçməz. Çünki İslamın məqsədi nümunəvi cəmiyyət qurmaqdır. Hakimiyyət zorla qəbul etdirildikdə nümunəvi cəmiyyət qurmaq mümkün olmur.

Sual: Məsum İmamlar (ə) necə, öz həyatlarında beləmi rəftar edir?

Cavab: Demokratiyanın İslamda olması ilə bağlı üçüncü dəlil məsumların həyatıdır. Öncə rəvayətləri dəlil göstəririk, sonra əqli dəlillər gəlir, sonda məsumların həyatına nəzər salırıq. Məsumların həyatına baxdıqda şübhəli yer qalmır ki, demokratiya İslamda olan bir dəyərdir. İkinci xəlifə xəstələnib yatağa düşdüyü zaman göstəriş verdi ki, 6 nəfərlik şura yaradılsın. Şura elə bir şəkildə yaradıldı ki, həzrət Əlinin (ə) müxalifləri çoxluq təşkil etdi. Zahirdə ədaləti gözləmək üçün Əbdül-Rəhman ibn Ovf xəlifəliyi həzrət Əliyə (ə) təklif etdi. Dedi ki, sənə beyət edirəm, bir şərtlə ki, Allahın kitabı, Peyğəmbər (s) sünnəsi və şeyxlərin yolunu gözləyəsən. Həzrət (ə) buyurdu: “Allahın kitabı və Peyğəmbər (s) sünnəsini qəbul edirəm, amma şeyxlərin yolunu yox!”

Çoxları belə bir sual verir ki, həzrət Əli (ə) cəmiyyətin xeyirini nəzərə alaraq nə üçün sözdə bu təklifi qəbul etmədi. Həzrət Əlinin (ə) şuradakı təklifi qəbul etməməsinin səbəbi budur ki, həzrət Əli (ə) üçün istənilən bir qiymətə hakimiyyətə çatmaq məqsəd deyildi. Hakimiyyət ideal İslam cəmiyyəti qurmaq üçün bir vasitədir. Başqa bir nümunə üçüncü xəlifənin qətlindən sonra çoxsaylı insanların beyət üçün həzrət Əliyə (ə) üz tutmasıdır. İnsanlar həzrət Əli (ə) əllərini geri çəksə də zorla onun əlindən tutub beyət edirdilər. Həzrət (ə) beyətə razılıq verməyib buyurdu: “Mən əlimi geri çəkirəm, siz əlimdən tutmaq istəyirsiniz.” Həzrət (ə) buyurur ki, onlar mənim evimə hücum çəkdilər, əbam çiynimdən düşdü, beyət üçün üstümə gələnlər ayaqlarımın üstünə çıxdı.” Amma bu qədər təkiddən sonra da Həzrət (ə) hakimiyyəti qəbul etmək istəmirdi. Deyirdi ki, başqa birinin sorağına gedin. Həzrət Əli (ə) sadəcə təvazö göstərib imtina etmirdi. Əmirəlmömininin (ə) dilinə heç vaxt yalan gəlməyib. Bəs nə üçün xalqı başqasının sorağına göndərirdi? Məgər o xəlifəliyə yeganə namizəd deyildi? Həzrət (ə) özü bunun səbəbini belə açıqladı: “Biz elə bir dövrün sorağına gedirik ki, bu dövrdə çöhrələr çox fərqlidir, insanlar doğru yolda möhkəm dayana bilmir. Əgər belə bir vəziyyətdə hakimiyyəti öz üzərimə götürsəm həqiqətin icrasında kimsənin məzəmmətinə əhəmiyyət verməyəcəyəm. Siz buna dözə biləcəksinizmi?!

Maraqlıqdır ki, Həzrət (s) buyurmur ki, xilafəti mənə verməsəniz mən sizə müxalifət göstərəcəyəm. Buyurur ki, mənə beyət etməsəniz də sizlərdən biri kimi hətta daha artıq müti olub söz eşidəcəyəm. İmam nəzakət xatirinə imtina etmir, onun mövqeyi budur. İmam hakimiyyət üçün xalqın razılığını mühüm sayır. Yalnız o zaman hakimiyyəti qəbul edir ki, artıq başqa çıxış yolu qalmır.
Həzrət Əli (ə) əvvəlcə xalqı anladır ki, onun hakimiyyətinin öz xüsusiyyəti var. O seçki vədi vermir. Gələcəkdə necə rəftar edəcəyini xalqa aydın bildirir. Əgər bugünkü təbirlə desək, həzrət Əlinin (ə) nəzərincə xalq həqiqəti bilməlidir. Ona görə də buyurur ki, əgər mənə beyət etsəniz, qarşıda sadaladığım çətinliklər var. Həzrət necə müdiriyyət edəcəyini açıqlayır. Soruşur ki, belə bir şəraiti qəbul edəcəksinizmi? Həzrət (ə) qətiyyən özünü xalqa qəbul etdirmək fikrində deyil. O xalqın özünə qarşı sevgi və etimadından sui-istifadə etmir. Cəmiyyət Həzrətin (ə) şərtlərini qəbul etdikdən sonra Həzrət (ə) beyətə razılıq verir. İnsanlar onun sözlərini eşitdikdən sonra da təkid göstərir, beyət istəklərini bildirirlər. Həzrət (ə) şahid olanda ki, hamı onun şərtlərini qəbul edir, bildirir ki, evdə yox, beyət məsciddə həyata keçməlidir. Həzrət (ə) bunu fikirləşir ki, sabah kimsə ona xəlvətdə beyət edildiyini deyə bilməsin. Həzrət (ə) buyurur: “Mənə beyətdə iki xüsusiyyət var. Əvvəla, bu beyət açıq-aşkar olmalıdır. İkincisi, bütün müsəlmanlar buna razı olmalıdırlar.

Sual: Qeyd etdiniz ki, demokratiyanın İslamda olmasına üç dəlil mövcuddur. Növbəti sual budur ki, dini demokratiyanın Qərb demokratiyasından fərqi nədir?

Cavab: Bir neçə fərq var. 1400 il boyu İslamda olan demokratiya Qərb demokratiyasında yoxdur. Qərb demokratiyasında istənilən bir yolla xalqın səsini almaq qarşıya məqsəd qoyulub. İslamda isə bu işi hər yolla görmək olmaz. Dini demokratiyada xalq kimə səs verdiyini, bu hökümətin hansı işi görəcəyini, hansı yolu tutacağını bilməlidir. Yəni, dini demokratiyada xalq üçün hər şey şəffaf olmalıdır. Dini demokratiyada xalq şüarlara aldanmadan, səs verdiyi hakimiyyətin mahiyyətini görərək səs verib. Digər bir fərq budur ki, hakimiyyət məsələsi ortaya gələndə xüsusilə cəmiyyətin avam hissəsində həyəcan yaşanılır. Tarix göstərir ki, diktatorlar kütlənin həyəcanından bəhrələniblər. Məsələn, ikinci dünya müharibəsindən öncə Hitler hökumətinin Qərb demokratiyası, liberal demokratiya ölçüləri yerində idi. Hitler hökumətini xalq seçmişdi. Xalq özü millətçi-sosialist partiya rəhbərini həmişəlik rəhbər görmək istəyirdi. Nasizmi xalq qəbul etmişdi. Bu baxımdan Hitler hökumətinin liberal-demokratik dəyərlərlə ziddiyyəti yox idi. Amma İslam baxımından belə bir hökumət məqbul deyil. Xalqın ötəri həyəcanlarından sui-istifadə etmək olmaz. Xalq rəy verərkən düşüncə ilə, səs verdiyi hakimiyyəti tanıyaraq səs verməlidir. Xalqın razılığı mütəxəssislərin, mütəfəkkirlərin baxışları üzərində qurulmalıdır. Bir rəvayətdə İmam Hüseynin (ə) bu mövzuda buyuruğu var. Həzrət (ə) Müslüm ibn Əqili nümayəndə olaraq Kufəyə göndərəndə ünvanladığı məktubda Kufə xalqına xitabən buyururdu. Əmim oğlunu nümayəndəm olaraq sizin görüşünüzə göndərirəm. Əgər müslüm mənə yazsa ki, şəhər böyüklərinin, alimlərin, söz sahiblərinin fikri mənə yazılan məktubdakı fikirlərlə eynidir onda Kufəyə gələcəyəm.” İmam Hüseynə (ə) 12 min məktub yazılmışdı. Başqa bir mənbədə 16 min məktub yazıldığı söylənilir. Hətta kağız çətin tapılırdı. Məktub göndərmək üçün bugünkü kimi poçt şöbəsi yox idi. Məktubu çaparlar uzun məsafə keçərək ünvana çatdırırdılar. Bu yolla həzrətə 12 min məktub çatmışdı. Əgər bu gün bir nəfərə 12 min ismarış göndərilsə və ondan namizəd olması istənilsə bu şəxs bu saydə tərəfdarlarla hökmən addım atar. 12 min imza əhəmiyyətli sayılır. Amma Həzrət (ə) bununla kifayətlənmir. Müslüm ibn Əqili göndərir ki, söz sahiblərinin, hörmətli insanların nəzərini öyrənsin. Həzrət (ə) bilmək istəyirdi ki, şəhərin hörmətli şəxsləri də onun gəlişinə razıdırmı? Əgər belə bir razılıq olmasaydı Həzrət (ə) Kufəyə üz tutmayacaqdı. Bu hadisə də İslamda dini demokratiyanın mövcudluğunu göstərir. Bu Qərb demokratiyasından fərqli bir hadisədir. Qərb demokratiyasında xalqın rəyini əldə etmək üçün namizəd bütün yollara əl atır. İslamda isə əksinə namizəd xalqı təkrar düşünməyə çağırır. Namizəd xalqa təklif edir ki, tələsik addım atmasın.

Qərb dünyasında bütün işlər təbliğat üzərində qurulub. İmam Xomeyni buyururdu ki, dünyanın işləri təbliğat əsasında gedir. Təbliğat barədə çox kitablar yazılıb. Bu gün təbliğat cəmiyyətləri idarə edir, ictimai fikir formalaşdırır. İslamda isə belə deyil.

Sual: Cənab Rəhbər Ayətullah Xamenei məmləkətin idarəçiliyində xalqın iştirakı haqqında buyurmuşdur: “Harada iş xalqa tapşırıldısa o işdə uğur qazandıq. Harada məğlub olduqsa, bu xalqın iştirak etməməsinin nəticəsi idi.” Sizin nəzərinizcə, xalqın İran İslam Respublikasının həyatında iştirakı bu nizamın faydalılığına necə təsir göstərir?

Cavab: Heç şübhəsiz, bir hökumətin möhkəmliyi onun ictimai dəstəyindən asılıdır. Hüquq elmində deyilir ki, hakimiyyət iki sütun üzərində qurulub. İqtidar və inam. İqtidar budur ki, hakimiyyət öz müxalifləri ilə qarşılaşmaq gücündə olmalıdır. Etiqad isə xalqın hakimiyyətə inamıdır. Xalqın inanmadığı hakimiyyət nə qədər güclü olsa belə acınacaqlı bir sonu var.

Heç şübhəsiz, bir hakimiyyət o zaman mütərəqqi sayılır ki, xalq həmin hakimiyyətdən razı olsun. Bugünkü təbirlə, hakimiyyətin iqtidarı haradan aldığı mühüm məsələdir. Hakimiyyətə sual verilir ki, sənin iqtidar mənbəyin nədir? Bu suala düşüncəli və məntiqli cavab verə bilən hakimiyyət legitim ola bilər. Bu sual qarşısında məntiqi cavabı olmayan hakimiyyət qanuni hakimiyyət sayıla bilməz. Belə bir hakimiyyət üçün daim təhlükə var. Xalq istənilən bir zamanda bu hakimiyyətə qarşı qiyam qaldıra bilər. Xalq inanmadığı hökuməti dəyişib inandıqlarını hakimiyyətə gətirə bilər. Ona görə də xalqın seçmədiyi, inanmadığı hakimiyyət daim qorxu yaşayır. O bu qorxu əsasında xalqı nəzarətdə saxlamaq üçün böyük pullar xərcləyir. Amma nə qədər pul xərcləsə də qorxusu aradan qalxmır. Çünki dayağı xalq deyil. Belə bir hökumətdə xalqı susdurmaq üçün böyük güc sərf olunur, eyni zamanda xalq səhnədə olmadığı üçün hakimiyyət ölkəni inkişaf etdirə bilmir. Bir hakimiyyət o zaman möhkəm ola bilər ki, xalqın razılığı ilə iş başına gəlsin. Öncə qeyd etdiyim rəvayəti birdə yada salmaq istəyirəm. Kəbə o zaman dəyərlidir ki, onun ziyarətinə gedib təvaf edən olsun. Kəbə kiminsə görüşünə gəlmir.

Vilayet.nur-az.com


1506 بازدید
در حال ارسال اطلاعات...