Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

Hövzənin şirin mübahisələri

Ayətullah Milani Məşhəddə dərs keçirdi. Farsca və ərəbcə bildiyi kimi türkcə də bilirdi. Bizimlə türkcə söhbət edərdi.
Ayətullah Möhsin Duzduzani İmam Xomeyninin tələbələrə sevgisindən danışır

Ayətullah Möhsin Qərəvi Nəcəfi, Duzduzani adı ilə tanınır. Alim hicri-şəmsi 1307-ci il, Qəməri təqvimlə 1347-ci il, Ramazan ayının 25-də Təbrizdə dünyaya göz açıb. Atası Ayətullah Hacı Mirza Mahmud Duzduzani Təbrizin tanınmış alimlərindən olub. Ata tərəfdən babası Fəxrül-üləma kimi tanınan Ayətullah Məhəmməd Həsən Duzduzani, ana tərəfdən babası Təbrizin tanınmış tacirlərindən olan Hacı Hüseyn Kuçəmeşki olub.

Ayətullah Duzduzani yazıb-oxumağı ev məktəbində öyrənib. Sonra dini elmlərin təhsili ilə məşğul olub. Müqəddimə və ərəb ədəbiyyatını Hacı Miza Fərəculla, Mirza Məhəmməd Seyf Danişi və onun atasından öyrənib. İlk səth dərslərini Ayətullah Seyyid Hadi Xosrov Şahi, Mirza Cavad ağa Sultan Əl-Qurra və atasından əxz edib. Şəmsi 1327-ci ildə atası dünyasını dəyişəndən sonra Təbrizin zahid alimlərindən olan Hacı Mirza Qasim tərəfindən əmmamə alıb. Sonra elmi biliklərini artırmaq üçün Qum Elm Hövzəsinə üz tutub. Ayətullah Seyid Hüseyn Qazi Təbatəbayi, Mirzə Əli Meşkini, Seyid Şəhabəddin Mərəşi Nəcəfi, Kafi Əl-Mulk kimi alimlərin hüzurundan səth dərslərini kamil səviyyədə öyrənib. İmam Xomeyni, Mirza Haşim Amili kimi alimlərin fiqh və üsul dərslərində iştirak edib. Quma gəldiyi gündən təhsillə yanaşı araşdırma ilə məşğul olub. Otuz ildən artıq tədris təcrübəsi var. İslam cameəsinə dəyərli şagirdlər təqdim edib. Tədrisdə o qədər çalışqan olub ki, üsul və fiqh dərslərinin hər birinin yerini əzbər bilib. Kitablara müraciət etmədən həmin dərsləri danışıb. Son günlərə qədər Qum Elm Hövzəsində çoxsahəli fəaliyyətlərini davam etdirən alim son vaxtlar yaşa dolduğu üçün vaxtını evdə keçirir. Tebyan şəbəkəsi alimlə görüşüb, və alim öz söhbətində maraqlı mövzulara toxunub.

Sual: Necə oldu ki, siz hövzə təhsilini seçdiniz?

Cavab:
Mən alim ailəsində dünyaya göz açmışam. Uşaq yaşından bu mühitlə tanış olmuşam. Evimizə gələn alimləri yaxından tanımışam. Bütün bunlar səbəb olub ki, hövzə təhsilinə üz tutum. Atam Sərab yaxınlığında Duzduzanda dünyaya göz açıb. Təbrizdə Mirzə Məhəmməd Sadiqin hüzurundan bəhrələnib. Sonra Nəcəfə gedib, 12 il Şeyx Əhməd Kaşiful Ğita və, Şeyx Əli Əsğər Xətayi, Şeyx Mehdi Mazandarani kimi alimlərin dərslərində öz biliyini artırıb. O Ayətullah Seyid Əbül-Həsən İsfəhani, Ayətullah Hacı Şeyx Əbdul-Kərim Hairi, Ayətullah Şeyx Əhməd Kaşiful-Ğitadan ictihad icazəsi alıb. Sonra vətənə qayıdıb öz dini vəzifəsini yerinə yetirməklə məşğul olub. “Ləbul-Üsul”, Kitabul-Təharə”,

“Munzəcatul-Məriz”, “Əl-Ürvə” kitabına haşiyə kimi əsərləri var. Nəcəfdə tanınmış alimlərdən olub. Əksər məşhur alimlərlə əlaqəsi olub. İctimai-siyasi baxımdan da Azərbaycanda tanınıb. Məntəqədəki dəyişikliklərdə rolu olub. Xalq ona ümid yeri kimi baxıb. Onun dini qeyrəti dillərdə əzbərdir. İslam hökmləri, şiənin namusunun müdafiəsində dayanıb. Azərbaycan məntəqəsində onun öz yeri olub.

Sual: Hövzəyə nə zaman daxil oldunuz? Müqəddimə elmləri kimdən öyrəndiniz?

Cavab:
Müqəddimə və ərəb ədəbiyyatını Təbrizdə Hacı Mirza Fərəzullah, Mirza Məhəmməd Seyid Danişdən öyrəndim. Lümənin bir hissəsini Ayətullah Xosrov Şahinin dərslərində əxz etdim. Lümənin digər hissəsini Mirzə Cavad ağa Sultan Əl-Qurradan öyrəndim. Mərhum Ayətullah Xosrov Şahi olduqca mülayim insan idi. O Hacı Seyid Mürtəza Xosrov Şahinin oğlu idi. Atasını özü üçün müctəhid sayırdı.

Sual: Lümədən sonrakı dərsləri kimdən öyrəndiniz?

Cavab:
Atam yüksək elmi biliyə malik olsa da, xaric dərsləri kursu tədris etsə də, deyirdi ki, oğlum Möhsinə Rəsail öyrətmək istəyirəm. Buna görə də Rəsaili atamdan öyrəndim. Doğrudan da o gözəl müdərris idi. Olsun ki, onun çox yüksək səviyyəli tədrisi məni üsul elminə maraqlandırdı. Mən üsulu ondan öyrəndim. Mərhum atamın üsul dərsi başqa aləm idi.

Sual: Nə zaman Quma hicrət etdiniz?

Cavab:
Mən Rəsaili oxuyandan sonra atam dünyasını dəyişdi. Ondan sonra təhsilimi davam etdirmək üçün Quma gəldim. Icarəyə ev tutdum, ailəmi də Quma gətirdim. Rəsaildən bir hissəsi qalmışdı. Onu mərhum Ayətullah Mirzə Əli Mişkinidən öyrəndim. O zaman

Ayətullah Mirzə Əli Mişkini Eşqəli məscidində dərs deyirdi. İnsafən dərsləri ali səviyyədə idi. Üsul elminin bir hissəsini də Seyid Hüseyn Qazi Təbatəbayidən əxs etdim. Məkasibin bir hissəsini Ayətullah Seyid Şəhabuddin Mərəşi Nəcəfidən öyrəndim. Başqa bir hissəsini Ayətullah Kafi Əl-Mülkdən oxudum. Bəzi dərslərimi də Ayətullah Mucahidin hüzurunda əxs etdim. Allah onları rəhmət etsin, hamsı böyük ustadlar idi.

Sual: Cənab Mücahidi Şair onun oğludur?

Cavab:
Oğlanlarından biri mənim yeznəmdir. Şair də mənim yeznəmin qardaşıdır. Mərhum Cənab Mücahidi olduqca imanlı bir insan idi. Xanımın hərəminə daxil olanda əbasını üzünə çəkərdi ki, onun zikr dediyini görən olmasın. Çox müqəddəs, əqidəli bir şəxs idi. Ağaların bir çoxu onun hüzurunda dərs oxuyub. Bir nəfərin adını çəkmək istəyirəm. Bu insan adı məşhurlaşmamış dəyərli şəxslərdəndir. İndi həyatdadır. Çoxları Kifayə dərsini onun hüzurunda əxz edib. O kiçik cüssəli bir şeyxdir. Ağa Mirzə Əbülfəzl Üləmayi Sərabi deyirlər. İndi yaşa dolub, gəzinti üçün çölə çıxır. Çox biliklidir. Ayətullah Bürucirdini öz sualı ilə minbərdə saxlayardı. O zaman 19 yaşı vardı, Ayətullah Brücirdi də onu çox sevirdi.

Sual: Səth dərsləri oxuyarkən tələbələrdən kiminlə elmi mübahisə edirdiniz? Ümumiyyətlə siz oxuyan zaman mübahisəyə nə qədər yer verilirdi?

Cavab:
Mübahisəyə çox əhəmiyyət verilərdi. Ağa Mirza Hüseyn Üyuqi adlı bir şəxs vardı. O bizdən qabaq Quma gəlmişdi. Bizi tanıyırdı. Qərara gəldik ki, elmi mübahisələrdə tərəf-müqabilimiz olsun. Nəhayət növbə Kifayə dərslərinə çatdı. Sərmasi məscidində mübahisə edirdik. Pəncərənin qarşısında əyləşib, kifayədən danışardıq. Mərhum İmam Xomeyni də həmin məsciddə dərs keçərdi. O zaman İmam sözü ortaya gəlməmişdi. Hamı Cənab Xomeyni deyirdi. İmam gələndə hətta oğlu da ayağa qalxardı. Şeyx Əli Tehrani, Şeyx Sadiq Xəlxali kimi alimlər də gələrdi. Bir gün İmam Bismillahir-Rəhmanir-Rəhim ilə dərsə başladı. Dərs xaric kursu dərsi idi. İmam həmin dərsdə cənab Xoyi və Nainin sözlərinə zidd arqumentlər söylədi. Mənim mübahisə tərəf-müqabilim də orada idi. Kiçik boylu idi. İmama irad bildirdi. İmam cavab vermədi. Bu təəccüblü idi. Buyurdu ki, bu gün dərs yarım saata başa çatacaq. Hansı ki, 1 saat dərs keçməli idi. Buyurdu: “Dərsin davamı qaldı sabaha.” Hamı ayağa qalxdı. Ətrafdakılar mənim mübahisə yoldaşıma baxırdılar. Düşünürdülər ki, İmama sual verən bu adam kimdir görəsən? Ağa Mustafa, ağa Şeyx Əli, hamsı təəccüb edirdi. İmam səhəri gün dərsdə çox ciddi idi. Buyurdu: “Bizim dünənki dərsimizdə bir irad var idi.

İradlardan birini buradakı ağa bildirdi. Adı nə idi? Mənim dostum olduğu üçün dedim ki, adı Şeyx Hüseyndir. İmam buyurdu: “Allaha şükür olsun, onu çox sevdim.” İmamın sözünü eşidənlər ayağa qalxırdılar ki, kimin haqqında danışıldığını görsünlər.

İnqilab qələbə qazanandan sonra İmam Xomeyni Tehrana getdi. Mənə xəbər göndərmişdi ki, Şeyx Hüseyn onun görüşünə gəlsin. Mənim dostum da olduqca zarafatçıl idi. İmamın yanına gedəndə İmam onu mehriban qarşılayır. Bir zərfdə 40 min tümən pul verir. Bu o zaman böyük pul idi.

Sual: Bütün dərslərinizdə şeyx Hüseynlə mübahisə edirdiniz?

Cavab:
Bəli, Cəvahir, Kifayə, Rəsail dərslərini onunla oxumuşdum. Çox elmli idi. O zaman mübahisə dərsin ayrılmaz bir hissəsi idi. Tələbələr oxuduqlarını bir-birləri ilə mübahisə edib möhkəmləndirirdilər. Məscidi-Əzəmdə tələbə əlindən yer olmurdu. Hara baxırdınsa tələbələr mübahisəyə məşğul idi.

Sual: Gündə neçə saat mütaliə edirdiniz?

Cavab:
Mən adətən 5-6 saat mütaliə edirdim. Tədris edəcəyim dərslərin hamısını oxuyurdum. Çox zəhmət çəkirdim. Buna görə də yanıma tələbə göndərənlər çox olurdu.

Sual: Siz səth dövrəsi dərslərində İmamın dərslərində çox olmusunuz?

Cavab:
Bəli, İmamın hüzurunda 12 il dərs oxumuşam. İmamın üsul dərslərinə söz ola bilməz.

Sual: İmamın şagirdlərlə münasibəti necə idi?

Cavab:
O zaman fəal tələbələr alimlərin, müctehidlərin evinə tez-tez gedərdi. Alimə yerində irad bildirməyi bacaran tələbələri alimlər sevərdi. İmam Xomeyni özü belə tələbələrə xüsusi diqqət göstərirdi. Biz onun evinə gedirdik. Həmin ev indi də qalır. Gedib orada tələbə yoldaşlarımızla mübahisə edirdik. İmam əyləşib qulaq asar müdaxilə etməzdi. Mübahisəyə baxıb şagirdləri dəyərləndirərdi. Bu elmi söhbətlərin böyük faydası vardı.

İmam tələbələrlə gözəl münasibətdə olurdu. İrana qayıdıb Qumda məskunlaşdığı dövrdə onun görüşünə getdik. Bir gün İmam zəng vurdu, şam namazından sonra bizim mənzilə gəlmək istədiyini söylədi. Bizim küçəmiz dalan idi. Düşündüm ki, İmam gələndə onun görüşünə gələn nə qədər çox olsa bir o qədər yaxşıdır. Ona görə də yavaşca qonşu və dostlarıma xəbər etdim. Bir saat keçməmiş oğlum məni çağırdı ki, gəl küçəyə bax. Küçəyə çıxanda heyrətə gəldim. Elə bir izdiham vardı ki, küçədən keçmək çətin olmuşdu. İmamın gəldiyi maşın küçədə dayananda mən irəli gəlib maşını öpdüm. İmam otağa daxil oldu. Təbrizlilər otaqlarını zinətləndirərlər. Bizim də otaq bir qədər bəzəkli idi. İmam otağa baxdı gördü ki, oturmaq üçün kreslo var. Bir tərəfdə də yerə döşəkçə atılmışdı. İmam iki pəncərə arasındakı boş yerdə əyləşdi. Mənimlə zarafat etməyi vardı. Dedim ağa, bura daha yaxşıdır, nə üçün burada oturmursunuz? İmam heçnə demədi ayağa qalxıb mən göstərdiyim yerdə əyləşdi. Amma oturanda döşəkçəyə söykənmədi. Mən ona döşəkçəyə söykənməsini təklif etdim. İmam mənim sözümdən sonra döşəkçəyə söykəndi. Qonşum müəllim Təvəkkülü orada idi. Onun 7-8 yaşında olan oğlu xəstə idi. Həkim yanına çox getmişdi sağalmırdı. Mədən xaiş etmişdi ki, İmam gələndə bir stəkan su gətir, İmam içəndən sonra stəkanda qalan suyu oğluma verək şəfa tapsın. Bir söz demədim. Allah şahiddir ki, stəkan gətiriləndə İmam əvvəlcə zikr oxudu. Bir qədər içib stəkanı verdi. Bir qədər keçəndən sonra atası dedi uşağın halı tamamilə dəyişib. Neçə illər sonra da cənab Təvəkkülü uşağın halının hələ də yaxşı olduğunu söyləyirdi. Bəli, İmam qeyri-adi bir insan idi. Mənə də diqqəti böyük idi.

Sual: O biri ustadlarınızın dərsi necə idi? Bu barədə bir qədər danışardınız.

Cavab:
Cənab Höccətin dərsləri ali idi. Cənab Damadın da dərslərinə söz ola bilməzdi. Cənab Damad tələbələrə böyük sevgi göstərirdi. O zaman hövzədə bütün ustadlar belə alim və mehriban idi. Cənab Gülpayiqaninin də dərsləri ali səviyyədə idi. O zaman cənab Milani Məşhəddə dərs keçirdi. Yay aylarında ortasında hovuz olan zirzəmidə əyləşərdi. Tələbələr orada başına toplanardı. Qapı ağzında əyləşərdi. Farsca və ərəbcə bildiyi kimi türkcə də bilirdi. Arabir türkcə danışırdı. Bizi görəndə türkcə söhbət edərdi. Bir dəfə onun görüşünə gedəndə İxvan Mərəşinin də orada olduğunu gördük. Bir nəfər elmi bir sual verdi. İxvan Mərəşi sualı cavablandırdı. Mənə elə gəldiki cavab kamil deyil. Buna görə iradımı bildirdim. Cənab İxvan Mərəşi ikinci dəfə də cavab verəndə, mən irada yer gördüm. O bu dəfə də iradıma cavab verdi. Cənab Milani isə sakitcə qulaq asırdı. Mübahisə başa çatanda mənə türkcə “1000” dəfə barəkəllah söylədi. İradlarımı çox bəyənmişdi. Biz gedəndə buyurdu ki, Allah bu görüşü bizə son görüş qərar verməsin. Amma taleh elə gətirdi ki, bu son görüş oldu. Cənab Milani dünyasını dəyişdi. Bu gün həmin Milaniləri tapmaq çətin olub. Bu gün Gülpayiqaniləri tapmaq asan iş deyil. Bu gün Xomeynilər vücuda gəlirmi?! Hanı o dövrün Höccətləri? Bu gün dəyərli vaizlərə çox ehtiyac var. Mən cənab Rəfiinin söhbətinə qulaq asdım, çox dəyərlidir. Tək alim və fəqihlə iş başa çatmır. vaizlərə də ehtiyac böyükdür.

Sual: Tədrisə nə zamandan başlamısınız?

Cavab:
Mən Haşiyə, Süyuti, Cami və başqa dərsləri azı 10-15 dövrə tədris etmişəm. Seyid Həsən Xomeyni deyib ki, Hacı Ağa bu kitabları əzbər bilir. Seyid Həsən Xomeyni Allah hifz etsin, istedadlı və düşüncəli bir şəxsdir. Bəli, bu kitabları azı 15 dəfə tədris etmişəm. Süyutidən başlamış Məalim, Qəvanin, Mütəvvələ qədər dəfələrlə tədris etmişəm. Sonralar Rəsail və Məkasib tədris etdim. Əksəriyyət bu kitabları əzbər bildiyimi yada salır və təəccüblənir.

Sual: Sizin dövrünüzdə əxlaq mövzusu nə dərəcədə əhəmiyyətli idi?

Cavab:
O zaman ustadlar dərs arası hökmən əxlaqi nöqtələrə toxunardılar. Tələbənin əxlaqlı olmasını zəruri sayırdılar. Onların bu nöqtələrə əhəmiyyət verməsi tələbələri təşviq edərdi. Bu tələbələr həm əxlaqlı idilər, həm də dərslərini gözəl oxuyurdular. Feyziyyə mədrəsəsində oturmağa yer tapılmazdı. Kimi dərs oxuyar, kimi mübahisə edərdi. Hamının əlində kitab olardı. Təəssüf ki, indi vəziyyət fərqlidir.

Sual: Kitablarınız haqqında danışardınız.

Cavab:
Bu sahədə çox zəhmət çəkmişəm. Bir sıra haşiyələr, iradlara, tənqidlərə cavab vermişəm. Cənab Şəriətmədari kitablarıma haşiyə yazıb. Tələbələr üçün faydalı olunduğundan çap edilib. Kifayəyə şərh yazmışam. Kitab tamam olmasa da çap etmək istəyənlər var. Gecəm-gündüzüm olmayıb, yorulmadan çalışmışam. Fasiləsiz mütaliə etmişəm. 10 cilddə Məkasibə yazılan şərh, Kifayətul-Üsula şərh bəndənin qələmindən çıxıb.

Sual: Bəzi tələbələr ictimai-siyasi, təbliğati fəaliyyətlərə çox əhəmiyyət verir. Təhsillə yanaşı bu işlərin görülməsinə necə baxırsınız?

Cavab:
Bütün bu işləri bir yerdə görmək mümkün deyil. Sizə bir xatirə danışım. Cənab Bürucirdi fəlsəfədən çox məlumatlı deyildi. Bir gün xaricdən bir filosof gəlmişdi. Filosof onunla fəlsəfədən danışmaq istəyəndə cənab Bürucirdi demişdi ki, gedin Əllamə Təbatəbayi ilə görüşün. Əllamə Təbatəbayi həmin filosofla mübahisədə onu məğlub etdi. Alim Qumdan gedəndən sonra Əllamə ilə söhbətləri barədə kitab yazmışdı.

Əllamə Əmini çox alim bir şəxs idi. Əl-Ğədir kitabı onun cəmiyyətə təqdim etdiyi çox dəyərli əsərdir. Əllamə Əmini atamın şagirdi olsa da mən onu görməmişdim. Bir müddət Tehranda müalicə olundu.Tehranda tanınmış tacirlərdən olan əmim oğlu ilə Əllamənin evinə getdik. Bir otağı var idi. Yeznəsi yanında əyləşmişdi, onu xaricə müalicəyə aparmaq istəyirdi. Mən Əllamənin kənarında stulda oturdum. Üzünü mənə çevirib kim olduğumuzu soruşdu. Dedim ki, mən Duzduzaniyəm. Ağlamağa başladı. Əlini uzadıb əlimdən tutdu. Mən də onu qucaqlayıb ağladım. Cənab Xoyi buyurub ki, Əllamə Əmini Nəcəfdə mərhum Duzduzanidən başqa heç bir ustadı bəyənməyib. Sonradan məlum oldu ki, 50 il məni, yəni öz ustadının oğlunu axtarıb.

Vilayet.nur-az.com


1384 بازدید