Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

İran Silahlı Qüvvələri İslam qanunlarına sadiqdir

Ali Məqamlı Rəhbər ordunun yüksək rütbəli zabitlərindən, şəxsi heyətin üzvlərindən bir qrupu və şəhid ailələri ilə görüşdü
Leader.ir xəbər verir:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər ordunun yüksək rütbəli zabitlərindən, şəxsi heyətin üzvlərindən bir qrupu və şəhid ailələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrə özlərində gözüaçıqlıq xüsusiyyətini, dini və inqilabi məfkurəni qorumağa və gücləndirməyi, müdafiə bacarığını, texniki təchizatı, habelə mənəvi-psixoloji hazırlığı artırmağı təkidlə tövsiyə edərək dedi: “İran İslam Respublikası heç bir zaman region və qonşu dövlətlər üçün təhlükə törətməyib və törətməyəcək, lakin istənilən hücumçu cəhdə tam qüdrətlə cavab verəcək”.

Ölkədə qeyd olunan Ordu və Quru Qüvvələrinin Qəhrəmanlıqları Günü ərəfəsində baş tutan bu görüşdə Ali Baş Komandan iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, 29 fərvərdin gününün İİR Ordusu Günü elan edilməsi mərhum İmam Xomeyninin (r.ə) İslam İnqilabının əvvəllərində bəzi qüvvələrin ordunu yox etmək səylərinə qarşı həyata keçirdiyi böyük bir təşəbbüsdür. O həmçinin dedi: “İmam Xomeyninin (r.ə) müdrikliyi sayəsində ordumuz qüdrət və qüvvətlə varlığını davam etdirdi, İslam İnqilabının bəhrəsi olan bir təəsisat kimi müxtəlif sferalarda, o cümlədən 8 illik Müqəddəs Müdafiədə özünəməxsus rol oynayıb qəhrəmanlıqlara imza ataraq ölkəyə qürur qazandırdı”.

“29 fərvərdin günü özündə ordumuzun İslam İnqilabının üzərində möhkəm dayanmasını, xalqın amallarına xidmət etməsini ifadə edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam Respublikasının ordusu üçün xarakterik olan xüsusiyyətlərdən biri də dini qayda-qanun və öhdəliklərə bağlı olmasıdır”.

Həzrət Ayətullah Xamenei dünya ordularından əksəriyyətinin qələbə və ya məğlubiyyət zamanı beynəlxalq qanunlara və humanitar normalara riayət etmədiklərini bildirərək dedi: “Dünyanın böyük dövlətlərinin, özəlliklə də Amerikanın davranışları buna bariz nümunədir. Onlar beynəlxalq qanunlara və humanitar normalara heç bir əhəmiyyət vermədən istənilən cinayətə əl atırlar”.

Ali Məqamlı Rəhbər beynəlxalq qanunlara riayət olunmamasına konkret nümunə kimi, Yəməndə baş verənləri, Qəzza və Livan müharibələrini qeyd edərək dedi: “İran İslam Respublikasının Silahlı Qüvvələri İslam dininin qanunlarına və öhdəliklərinə daim sadiqdir. Onlar heç vaxt nə qalib gəldikləri zaman həddi aşır, nə də təhlükə anında qadağan olunmuş metod və vasitələrdən istifadə edirlər”.

O, əlavə etdi: “İran İslam Respublikasının nüvə silahı əldə etmək niyyətində olmadığını elan etməsi də məhz bu yanaşmaya, dini etiqad və inanclara əsaslanır”.

Həzrət Ayətullah Xamenei İranın region ölkələrinin işlərinə müdaxilə etdiyi ilə bağlı səslənən bəzi təbliğat və ittihamlara toxunaraq dedi: “Bu ittihamlar reallıqdan uzaqdır, çünki İran region ölkələrinin işlərinə heç vaxt müdaxilə etməyib və etməyəcək”.

Ali Məqamlı Rəhbər dedi: “Biz mülki əhaliyə, qadın və uşaqlara hücum edənlərə nifrət və ikrahla yanaşır, onların İslamdan və vicdandan xəbərsiz olduqlarını düşünürük, lakin region ölkələrinin işlərinə müdaxilə etmirik”.