Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Rəcəb döyüş haram olan aylardandır!

Haram aylarda nə üçün diyə çoxdur?
Bütün günlər Allaha məxsusdur və bir gün o biri gündən səbəbsiz olaraq üstün deyil. Amma bəzi günlərdə, gecələrdə xüsusi hadisələr baş verdiyindən onlarda müqəddəslik yaranıb. İslam tarixi sayılan hicri tarixi həzrət Peyğəmbərin (ə) Mədinəyə hicrətindən sonra başlamışdır. Hicri təqvimdə 12 aydan bəzilərinin haram ay sayılmasının hikməti var. Qeyd edək ki, hicri təqvimində rəcəb, zilqədə, zilhiccə və məhərrəm ayları haram aylar sayılır. Məqsəd bu aylarda müharibənin haram olmasıdır. Bu aylardan üçü ardıcıl, biri isə ayrıdır. Ayrı haram sayılan ay rəcəb ayıdır. Qurani-Kərimdə Tövbə surəsinin 36-cı ayəsində haram aylar sadalanır. Bu nə zamandan belə olmuşdur? Bəziləri həzrət İbrahimin şəriətində bu ayların haram olduğunu bildirir. Bəzi rəvayətlərdə qeyd olunur ki, yer və göylər yaranandan bu aylar da haram sayılmışdır. İmam Baqir (ə) buyurur: “Yer və göy yaranan zamandan haram olan aylar Kəbə ehtiramına ilahi kitabda haram ay kimi qeyd olunmuşdur. Onlardan üçü ardıcıl, biri ayrıdır.” Quranda buyurulur ki, göy və yer yarandığı gündən Allahın yanında ayların sayı 12-dir və bu aylardan 4 ay haram aydır. Bəzi təfsirçilər bildirirlər ki, cahil ərəblər də bu ayların ehtiramını saxlamışlar. Hətta bu aylarda atasının qatilini görən şəxs ona toxunmamışdır. Bəs bu ayların haram ay sayılmasının hikməti nədir? Tövbə surəsinin 36-cı ayəsində bu barədə məlumat verilmir. Rəvayətlərdə də yalnız ayların haram olması bildirilir. Nə üçün haram olmaq məsələsinə toxunulmur. Qeyd etdik ki, ayların həzrət İbrahimin dövründə haram edilməsi söylənilir. Cahiliyyət dövründə bir ənənə olaraq ayların ehtiramı gözlənilmişdir. İslam prinsipcə bu məsələni faydalı sayaraq onu qüvvədə saxlamışdır. Dörd ayın haram olması, bu aylarda müharibənin qadağan edilməsi sağlam düşüncə tərəfindən qəbul olunan bir məsələdir. Araşdırmaçılar bu hökmün hikmətini tapmağa çalışmışlar.
Haram ayların bir hikməti bu ola bilər ki, müharibələrə fasilə veriləndə sülh üçün şərait yaranır, sabitlik bərpa olur. Yaranmış fasilədə həcc əməlləri yerinə yetirilir, ticarət əvvəlki rövnəqinə qayıdır.
Ətəşkəs razılaşması əsasında müharibənin, döyüş əməliyyatlarının bir saat dayandırılması da faydalıdır. 20 illik Vyetnam müharibəsində bir gün ətəşkəs üçün danışıqlar aparılırdı. Əgər İslamda 12 aydan 4 ayda müharibə qadağan edilirsə bu İslamın sülh tərəfdarı olduğunu göstərir.
Haram ayların bir faydası budur ki, həmin aylarda həyat əvvəlki halına qayıdır, insanlar öz işlərini davam etdirir, ibadət və məşğulluq üçün şərait yaranır.
Həzrət İbrahim (ə) və Həzrət İsmailin dövründə bu ilahi peyğəmbərlər tərəfindən ayların haram elan edildiyi bildirilir. Bu İbrahim sünnəsi İslamın zühuruna qədər də möhtərəm sayılmışdır. Tövbə surəsində buyurulur ki, 12 aydan 4 ay haramdır, bu 4 ayda özünüzə zülm etməyin...
Ardıcıl üç haram ayla rəcəb ayı arasında fərq varmı? Bu barədə konkret bir söz demək çətindir. Mənbələrdə bu aylar arasında fərq olub-olmaması bildirilmir. Amma hər 4 ay həzrət İbrahimin dövründə haram ay sayılmışdır. Cahiliyyət dövründə ənənə kimi qorunan bu qanun İslamın zühurundan sonra misilsiz faydaları əsasında qəbul edilmişdir. Həzrət İbrahimin (ə) dininə cahiliyyət dövründə yer yox idi. Müşriklər haram aylara hörmət göstərsələr də lazım gələndə bu ayların yerini dəyişirdilər. Məsələn, məhərrəm ayı əvəzinə səfər ayını haram elan edirdilər. Tövbə surəsinin 37-ci ayəsi bu əməli günah sayaraq ittiham edir.

Haram aylarda nə üçün diyə çoxdur? Şəriət qanunlarının hakim olduğu ölkələrdə ciddi riayət olunan qanunlardan biri diyə qanunudur. Ayrı-ayrı hallar üçün diyə miqdarı müəyyənləşdirilmişdir. Amma rəcəb ayının da daxil olduğu 4 haram ayda diyə miqdarı artırılır. Qeyd edək ki, insan bilərəkdən başqasına zərər vurduqda, xəsarət yetirdikdə müqəssir sayılır. Amma hamı eyni dərəcədə müqəssir deyil. Şərait, yer, psixoloji durum fərqlənir. Bütün dünya ölkələrində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar var. Məsələn, psixoloji problem cəzanı yüngülləşdirir, cinayətin bir nəfər tərəfindən təkrar olması cəzanı ağırlaşdırır.
İslam dini 14 əsr öncə cəza sistemində ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərdə tutmuşdur. Həm dünya, həm də axirət cəzasında belə hallar var. İslamda yüngülləşdirici amil ağırlaşdırıcı amildən çoxdur. Çünki bu din mərhəmət dinidir, cəzalar da cəmiyyətin islahı məqsədi ilə həyata keçirilir. Əgər cinayət müqəddəs Məkkədə baş vermişsə bu ağırlaşdırıcı amildir. Dörd haram ay müqəddəs sayıldığından bu aylarda cinayətə görə adi vaxtlardakından ağır cəza nəzərdə tutulur. Aydın olur ki, cinayət şəraitlə bağlı dəyərləndirilir. Bir şəxs yer və zamanın müqəddəsliyyini nəzərə almırsa o daha ağır cəzaya layiqdir. Qurani-Kərimin müxtəlif ayələrində dörd haram ayın müqəddəsliyi yada salınır. Bəqərə surəsinin 194-cü ayəsində buyurulur ki, bu dörd ayda müharibə etməyin; əgər sizə təcavüz olunsa özünüzü qorumaq haqqınız var. Maidə surəsinin 2-ci ayəsində oxuyuruq ki, bu dörd ayda qəddarlıq və müharibəni halal saymaqla onları hörmətdən salmayın. Maidə surəsinin 97-ci ayəsində buyurulur ki, bu ayların hörməti Allahın iradəsi əsasındadır. Tövbə surəsinin 36-cı ayəsində isə bu ayələrin hörmətini saxlamayanın özünə zülm etdiyi bildirilir.
Ayələrdə əsas məqsəd insanların diqqətini bu ayların əzəmətinə yönəltməkdir. İnsana bildirilir ki, onun aylara ehtiramı özünə faydalıdır. Allahın qoyduğu qadağanı gözləməyin savabı var, qadağanı pozmaq isə cəza ilə nəticələnir.
İnsanın istək və iradəsi onun rəftarlarına təsirlidir. İstək də təfəkkürdən təsirlənir. Əgər cinayət qarşısında cəza qanunu cəmiyyətə hakim olsa insanlar öz rəftarlarına diqqət yetirər. Haram aylarda cəzanın o cümlədən cinayət müqabilində nəzərdə tutulmuş diyə ödəncinin daha yüksək olması insanların bu aylara diqqətini artırır. Bu aylarda daha az cinayət baş verir, insanlar öz rəftarlarına daha diqqətli olur. Diyə cinayətin qarşısnı alan amilə çevirilir.
Maidə surəsinin 2-ci ayəsində buyurulur: Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama üz tutub gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edin. Sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
İslamın müqəddəs zamanlara hörmətə çağırışla bu dövrdə müharibəni qadağan etməsi, eyni zamanda cəzaların, diyələrin ağırlaşdırılması atəşkəs və barışığa şərait yaradır. Nəticədə müharibə aparan ölkələr sülhə gəlir, ölkə daxilində qarşıdurmalara son qoyulur. Diyənin ağır olması fərdi baxımdan da islahedicidir.
14 əsr 4 ayın haram sayılması və bu aylarda cəzanın, diyənin ağırlaşdırılması artıq müsəlman ölkələrində mədəniyyətə çevirilmişdir. Bəzi təfsirçilər həzrət İbrahimin dövründə də bu aylarda müharibənin qadağan olunduğunu bildirirlər. Haram aylarda müharibə qadağası və diyənin ağırlığı öz faydasına görə cahiliyyət zamanında da qüvvədə saxlanılmışdır. Cahiliyyət dövründə bu qanun bir qədər dəyişdirilsə də, İslamın zühurundan sonra ona ciddi şəkildə əməl olunmuşdur. İslamdan öncə Yəhudilıik və Məsihilikdə də bu aylar haram aylar sayılmışdır. Aydın olur ki, haram aylarda qətl və xəsarətə görə diyənin artırılması cəmiyyətdə sabitliyə xidmət edir.
Rəvayətlər və fəqihlərin hökmünə əsasən haram ayda qətlə yol verən insan adi vaxtlardakı diyədən üçdə bir qədər artıq ödəməli, iki haram ayda ardıcıl oruc tutmalıdır.

Vilayet.nur-az.com