Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Dünya məhəbbətindən qurtuluş yolu

Allah ləyaqətli bəndələrinin qəlblərini öz mənəvi nuru ilə işıqlandırmışdır. Onlar bu nur sayəsində öz Rəblərini tanımış, «mərifətullah» məqamına çatmışlar
Belə bir sual yaranır ki, bu təhlükəli bağlılıqdan necə xilas olmaq mümkündür? Bu dərdə hər birimiz az-çox yoluxmuşuq. Yalnız Allahın layiqli bəndələri onun lütfü ilə dünya məhəbbətindən azad ola bilir. Əlbəttə ki, Allahın bu işi səbəbsiz deyil. İnsanlar öz ləyaqətləri əsasında belə bir lütfə çatırlar. Onlar ilahi lütf və diqqət üçün zəmin hazırlayır və nəticədə dünya məhəbbətindən birdəfəlik xilas olurlar. İmam Hüseyn «Ərəfə» duasında deyir: «Dostlarının qəlbində nur icad edən Sənsən! Nəticədə Səni tanıdılar, Səni yeganə saydılar; dostlarının qəlbindən biganələri Sən çıxardın ki, Səndən qeyrisini sevməyib Səndən qeyrisinə sığınmasınmasınlar.» ("Məfatihul-cinan", "Ərəfə" duası.)
Bəli, Allah ləyaqətli bəndələrinin qəlblərini öz mənəvi nuru ilə işıqlandırmışdır. Onlar bu nur sayəsində öz Rəblərini tanımış, «mərifətullah» məqamına çatmışlar. Qəlbin nura boyanması bizim dərk edə bilməyəcəyimiz bir həqiqətdir. Bu nur insanı "mərifətullah" məqamına yüksəldir. Belə bir məqam Allah övliyalarının arzusudur. Bu nurun yaratdığı mərifət o qədər güclüdür ki, insan qəlbini həzrəti Haqq sevgisindən başqa bütün sevgilərdən təmizləyir. Özündə belə bir ləyaqət yaratmış Allah övliyalarının xoş halına! Allah onların qəlbini özününki etmişdir. Onların qəlbində Allah məhəbbətindən savay heç bir məhəbbətə yer yoxdur. Biz bu sayaq insanları yetərincə dəyərləndirməli, qəlblərindəki mərifət nurundan faydalanmaq üçün onlarla yaxınlığa çalışmalıyıq. Əlbəttə ki, biz belə bir mərifətdən ümidimizi kəsməmişik. Arzulayırıq ki, Allah öz mərhəmət süfrəsindən bizi də faydalandırsın, bizə də belə bir ləyaqət əta etsin. Nəticədə qəlblərimiz əğyar sevgisindən təmizlənsin, mərifətullah nuruna boyansın. İnsanların əksəriyyəti az-çox bu dərdə mübtəladır. Bəs bu dərddən qurtuluş yolu nədir?
Bu xəstəliyin müalicə yollarından biri dünya sevgisinin nöqsanları haqqında düşünməkdir. İstənilən bir işə münasibətdə insan üçün ölçü həmin işin xeyir və zərəridir. İnsan bir işin onun üçün faydalı olduğunu gördükdə həvəslənir. Amma zərərli və təhlükəli görünən bir işdən hər birimiz çəkinməyə çalışırıq. Bəli, dünya sevgisinin eyblərini bilmək lazımdır. İnsan həm dünya məhəbbətinin nöqsanlarını, həm axirət sevgisinin faydalarını hesablamalı, müəyyənləşdirməlidir ki, ötəri dünya ləzzətlərinə görə əbədi axirətdən məhrum olmağa dəyərmi?! Əmirəlmömininin (ə) "Nəhcül-bəlağə"dəki bir çox bəyanatları digər məsum imamların buyuruqları kimi diqqətimizi uyğun nöqtəyə yönəldir. Qayda budur ki, insanı bir işdən çəkindirmək istədikdə həmin işin eybləri və nöqsanları sadalanır. Həzrət Əmirəlmöminin (ə) "Nəhcül-bəlağə"də dəfələrlə bu qaydadan istifadə etmişdir. Həzrət müxtəlif bəyanlarla dünyanın dəyərsizliyini yada salır: «Sizin bu dünyanız mənim üçün bir keçi asqırağından dəyərsizdir!» ("Nəhcül-bəlağə", Feyzül İslamın tərcümə və şərhi, xütbə 3.) Həzrət buyurur ki, azca fayda götürməkdən ötrü bir bu qədər könül verdiyiniz, yolunda çalışıb ömür sərf etdiyiniz dünya bilirsinizmi mənim nəzərimdə nə qədər dəyərsizdir? Əgər soyuqlamış keçi asqırsa və onun burnundan su damsa, necə xoşagəlməz mənzərə yaranar? Bu dünya mənim nəzərimdə bundan da dəyərsizdir! Digər bir məqamda buyurur: «And olsun Allaha, sizin bu dünyanız mənim gözümdə xora xəstəliyinə düçar olmuş şəxsin əlində tutduğu donuz sümüyündən də alçaqdır!» ("Nəhcül-bəlağə", qısa kəlamlar, kəlam 228.) Donuz sağ olduğu vaxtda çirkin və mənfurdur. Xüsusi ilə onu murdar, ətini haram sayan müsəlmanların nəzərində. Bəlkə də heyvanlar arasında donuzdan çirkini yoxdur. Bu heyvan istənilən bir çirkin, qoxumuş, çürümüş şeyi yeyir. Bu səbəbdən diri vəziyyətdə də nifrət doğurur. İndi təsəvvür edin ki, belə bir heyvan ölüb, onun əti çürüyüb, yerdə sümükləri qalıb. Bu sümüyü cüzam xəstəliyinə yoluxmuş bir şəxs əlində tutsa, bu mənzərə insana necə təsir edər? Axı cüzam və ya xora xəstəliyinə tutulmuş insanın əlində tutduğu donuz sümüyü ikrah hislərindən savayı hansı hissi yarada bilər?! Əmirəlmöminin (ə) buyurur ki, dünya mənim nəzərimdə bu cürdür! Bəli, bu sözləri Əmirəlmöminin (ə) buyurur. Hətta onun imamət məqamına inanmayanlar da həzrəti hikmət və fəzilət sahibi kimi tanıyır və sözlərini lazımınca dəyərləndirir. Biz isə həzrətin şiələriyik. Məgər bu sözlərdən sonra iynə ucunca dünyaya könül verə bilərikmi?!
Digər bir məqamda Siffeyn döyüşündən öncə İbn-Abbas həzrət Əlinin (ə) xeyməsində belə bir səhnə ilə rastlaşır: Əmirəlmöminin (ə) xeymədə əyləşib çarıqlarını yamayır! Onun çarıqları başdan-başa yamaqdır! İbn-Abbas təəccüblənir. Müaviyə kimi bir düşmənlə savaşa yola düşən sərkərdənin belə bir işlə məşğul olması ona qəribə görünür. Bundan əlavə, həzrət elə bir çarığı yamayır ki, bu çarığı atmaqdan başqa yolu yoxdur. İbn-Abbas etirazla ərz edir: «Belə bir məqamda bu nə işdir?!» Həzrət buyurur: «İbn-Abbas bu çarığın qiyməti nə qədərdir?» İbn-Abbas deyir: «Heç nə qədər!» Həzrət buyurur: «Bu hakimiyyət və rəyasət mənim üçün bu yırtıq çarıqdan da dəyərsizdir!» ("Nəhcül-bəlağə", xütbə 33.)
İstənilən bir halda bu qrup bəyanatlar dünyanın dəyərsizliyini açıqlamaqla insanları dünya məhəbbətindən daşındırmaq məqsədi daşıyır. Uyğun bəyanatlardan əlavə ağıl əsasında araşdırmalar insanı uyğun qənaətə gətirə bilər. Məgər biz dünyada nə qədər yaşayırıq? Tutaq ki, yüz il! Əbədi axirət ömrü ilə müqayisədə yüz il nədir?! Məgər ağıllı insan yüz il ömrə görə əbədi həyatı əldən verərmi?! Üstəlik bu yüz il dünya ömrü çeşidli ağrı-acılar, bəlalarla müşayiət olunur. Dünyada ağrısız ləzzət yoxdur. Sadəcə bir qidadan ləzzət almaq üçün çənələri işlətmək lazım gəlir. Bəs süfrədə olanları əldə etmək üçün nə qədər əziyyət çəkirik?! Dünyanın bütün ləzzətləri belədir. Onun əvvəli də, axırı da ağrıdır. Həqiqi ləzzət isə yalnız axirətdədir: «Bu (nemətlər) dünya həyatında nemət gətirənlər üçündür, Qiyamət günü onlara məxsusdur.» ("Əraf", 32.)
Bəli, ayə və rəvayətlər olmasaydı belə, insan ağılı hökm edərdi ki, min bir əziyyətlə başa gələn ləzzətlərə görə xalis və əbədi ləzzətləri əldən vermək olmaz. Bir sözlə, istər nəqli, istər əqli dəlillər əsasında dünya əsarətindən qurtulmaq lazımdır. Mömin dünyaya istənilən bir şəkildə bağlılıqdan çəkinməlidir. Ən azı dünyaya maraq insanı dini vəzifələrindən ayırmamalı, axirəti yaddan çıxarmamalıdır. Əgər kimsə dünya məhəbbəti adlı xəbis ağacı qəlbindən qopara bildisə, xoş halına! Bu işi bacarmayanlar heç olmaya uyğun bağlılıq və sevgini cilovlasınlar, vacib vəzifələri tərk etməsinlər, günaha sürüklənməsinlər. Cilovlanmayan dünya sevgisi mənəvi təkamül və axirət səadətinə mane olur. Əgər bir insanda dünya malına maraq varsa, heç olmaya vacib dini vergiləri (xüms və zəkat) ödəsin, yoxsul qonşulara və qohumlara əl tutsun. Əks təqdirdə, dünya malına məhəbbətin böyük təhlükəsi var.


1254 بازدید