Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

İslam və müsəlmanlar zülmə qarşıdır

Zülmə qarşı çıxmaq, zülmə biganə qalmamaq İslamın mühüm prinsiplərindəndir
Əmirəlmömininin (ə) dəyərli vəsiyyətinin növbəti hissəsində buyurulur ki, zalıma düşmən, məzluma yardımçı olun. Bu cümlə İslamın, ümumiyyətlə səmavi dinlərin çox vaxt diqqətdən kənarda qalan bir yönümünü bəyan edir. Bu diqqətsizlik əvvəlki peyğəmbərlərin dövründə, onların ardıcılları arasında da vardı və çox təəssüf ki, İslamdan sonra bəzi müsəlman tayfaları arasında da müşahidə olunur. İlkin İslam dövründən hazırkı günümüzədək bəzi müsəlmanlar günahlardan çəkinmiş, dünyanın dəyərsizliyinə inanmış, dünya ləzzətlərinə könül verməmiş, ibadətə məşğul olmuş, amma eyni zamanda böyük bir yanlışlığa düçar olaraq şeytan tərəfindən azdırılmışlar. Bu zümrədən olan insanlara elə gəlir ki, onlar yalnız öz iman və əməllərinə cavabdehdirlər, ictimai məsələlərin onlara dəxli yoxdur. Onlar özlərini bu sahədə məsuliyyətli saymırlar. Onlar elə düşünürlər ki, müsəlmanın namaz və oruc, zikir və duadan savayı işi yoxdur.
Yetərsiz təhlil nəticəsi olan belə bir təsəvvür kökündən yanlışdır, səmavi dinlərdən heç birində ardıcıllar üçün belə bir çərçivə nəzərdə tutulmamışdır. İlahi dinlərdə müşahidə olunan mühüm çaşqınlıqlardan biri budur. İslam da bu yanlışlıqdan amanda qalmamışdır. Sufilik, tərk-dünyalıq, fərdiyyətçilik, xalqdan uzaqlıq çox təhlükəli və ciddi çaşqınlıqdır. İslam səhnəyə gəldiyi gündən bu qəbil meyillərlə mübarizə aparır. Allaha yaxşı bəndə olmaq qərarına gəlmiş bir çox müsəlman öz baxışları əsasında xalq və cəmiyyətdən uzaqlaşmış, xəlvətə çəkilmiş, günün yalnız namaz və dua üçün nəzərdə tutulduğunu güman etmişlər. Onlar öz həyat tərzləri ilə İslamın dünyadan uzaq olmaq göstərişinə əməl etməyə çalışmışlar!
İslam təlimləri ilə qismən tanışlıq bu sayaqı düşüncə tərzinin yanlış olduğunu göstərir; şübhə qalmır ki, İslam heç vəchlə bu yanaşmaları təsdiqləmir. Qısa və əsrarəngiz «Əsr» surəsi İslam və müsəlmanlığın həqiqi simasını açıqlayır: «And olsun əsrə! Həqiqətən bütün insanlar ziyandadır. İman gətirib saleh işlər görən, bir-birini haqqa dəvət edib səbrə çağıranlardan başqa!» ("Əsr", 1, 3.) İslam məntiqinə əsasən, müsəlman özü saleh iş görməklə yanaşı başqalarını da haqqa, İslam hədəflərinin gerçəkləşməsinə çağırmalıdır. Başqa sözlə, bütün yer üzünün İslam rəngi alması gerçək İslam prinsiplərindəndir. Öz ibadətlərini yerinə yetirib başqalarının əqidəsi ilə maraqlanmamaq İslam məntiqi deyil. Uyğun baxışı yaradanlar İslamı yetərincə tanımayanlardır. Əlbəttə, bəzən şeytanlar, dünyapərəstlər və din düşmənləri də bu xətti izləmişlər. İslam təlimlərinə əsasən, müsəlman şəxs nəinki müsəlmanların, hətta kafirlərin işinə biganə qalmamalıdır. İnsan mağarada tənha ibadət üçün yaradılmayıb. Fərdlərin həyatı rabitəlidir. İslam və digər səmavi dinlərin mühüm yönümlərindən biri ictimai yönümdür. İnsan bu istiqamətdə məsuldur: «Hamınız nəzarətçisiniz və nəzarətçiliyinizlə bağlı sorğuya çəkiləcəksiniz.» ("Biharul-ənvar", c.75, s.38, rəvayət 36, bab 35.)
Müsəlmanın ən mühüm ictimai məsuliyyətlərindən biri zülmə biganə qalmamaqdır. Bir şəxsin digərinə zülm etdiyini gördüyünüz vaxt kənara çəkilib biganə qalmağa ixtiyarınız yoxdur. Kim belə etsə, nə vaxtsa məzluma kömək etmədiyi üçün ittiham ediləcək. İnsan deyə bilməyəcək ki, bu işin mənə aidiyyatı yox idi. Ona bildiriləcək ki, öz sükutu ilə zülmə kömək etmişdir. Hansı ki, məzluma yardım əli uzatmağa borclu idi!
Vacib ibadətlər namaz qılıb oruc tutmaqla başa çatmır. Məzluma yardım da zəruri dini göstərişlərdəndir. Əgər məzluma yardım etmək imkanınız varsa, bu işi görmək vacibdir. Zülmə qarşı çıxmaq, zülmə biganə qalmamaq İslamın mühüm prinsiplərindəndir. Əgər zalımın başına bir zərbə vurub onu yerində oturtmağa qadirsənsə bu işi görməlisən. Bir müsəlmanın haqsız yerə döyüldüyünü gördüyünüz vaxt ötüb-keçməyə haqqınız yoxdur. Siz bu işə müdaxilə edib zalımın əlini tutmalı və zülmün qarşısını almalısınız. Deyə bilməzsiniz ki, bu sayaq işlərə qatıldıqda, ictimai məsələlərə müdaxilə etdikdə ibadət halı pozulur! Bu sözlər şeytanın təlqinləridir. "Xalqın işlərinə diqqət məni Allaha diqqətdən uzaqlaşdırır" kimi sözlər İblis qoxusu verir. Adəmə səcdə etmək əmri verilən vaxt «mən yalnız sənə ibadət etmək istəyirəm, Pərvərdigara» deyən İblis idi! O həmin əmr verilənədək uzun müddət idi ki, ibadət edirdi. Əmirəlmöminin (ə) buyurur: «(İblis) altı min il idi ki, Allaha ibadət edirdi!» ("Nəhcül-bəlağə", Feyzul-İslamın tərcümə və şərhi, xütbə 234.) Həzrət sözünün davamında elə bir əlavə edir ki, insan lərzəyə gəlir. O buyurur: «Məlum deyil ki, bu altı min il dünya illərindəndir, yoxsa axirət illərindən?» (Həmin mənbə.)
Dünyanın hər ili üç yüz altımış beş gündən, axirət ilinin hər günü dünyanın min ilindən ibarətdir. Belə bir ibadət sahibi olan İblis Allahın Adəmə səcdə əmrinə necə cavab verir! Allah-təala buyurur: «Mənə öz istədiyim kimi itaət olunmasını diləyirəm.» ("Biharul-ənvar", c.2, s.262, rəvayət 5, bab 32.)
Allah-təala öz bəndələrinin nəzərinə çatdırır ki, əgər mənə pərəstiş edirsənsə, mən istədiyim kimi pərəstiş et; itaət fikrindəsənsə, göstərişim əsasında itaət et; əgər Adəmə səcdə əmri verdimsə, səcdə qıl! Mən Adəmə səcdə əmri verdiyim vaxt sənin nə haqqın var ki, etiraz edəsən?!
Bizim bəhsimizdə də Allah-taala buyurur ki, ey mənim bəndəm, məzluma köməyə tələs. Əgər desəm ki, Pərvərdigara mən, yalnız sənin haqqında düşünmək istəyirəm, başqaları haqqında yox, bu qəbil işlərə müdaxilə edəndə ibadət halım pozulur, İblisin məntiqini davam etdirmiş olaram! Allah-taala buyurur ki, əgər mənim bəndəmsənsə, mənə itaət edirsənsə, məzluma yardım əli uzat. Bəndə deyir ki, üzr istəyirəm, mənim halım pozulur! Allah-taala buyurur ki, əgər mənə itaət edirsənsə öz istədiyin kimi yox, mənim istədiyim kimi itaət et; başqa cür etsən, mənə yox qəlbinə itaət etmiş olursan, Allaha yox, özünə pərəstiş edirsən.
İslamdan öncə müxtəlif tayfalar arasında rəvac tapmış bu sayaq baxışlar təəssüf ki, İslamdan sonra da bəzi müsəlmanlar arasında davam etdirildi. Həmin məntiqə əsasən, həqiqi dindar tərki-dünyadır, dünya ləzzətlərinə göz yummuşdur, cəmiyyətdən kənara çəkilib gecə-gündüz ibadət və duaya məşğuldur. O bir an olsun belə diqqətini Allahdan yayındırmır. Olsun ki, belələri nəfslə mübarizə aparıb ruhlarını gücləndirərlər, hətta qeyri-adi işlər görərlər. Amma unutmamalıyıq ki, İslam öz ardıcıllarından qeyri-adi işlər intizarında deyil. Müsəlmanın vəzifəsi Allah buyuruğuna əməl etməkdir. Əgər namaz əmr olunursa, namaz qıl, oruc tutmaq göstərişi verilirsə oruc tut, məzluma yardım əli uzatmaq tapşırılırsa yardım əli uzat! Əlbəttə ki, bütün bu əməlləri yerinə yetirərkən Allahı unutmamamalıyıq. Məsələn, məzluma yardım edib zalımın əlini tutarkən Allahı yaddan çıxarsan, həddi aşa bilərsən. Əgər oğrunu yaxalamısansa onu təhqir etmək, vurmaq haqqın yoxdur. Bəli, yaxalanmış oğru qanun qarşısında cavab verməlidir. Kimsənin onu təhqir etmək haqqı yoxdur.
Həqiqi İslam və həqiqi dindarlıq Allah əmrlərinə itaətdən ibarətdir. Bu əmrlər fərdi və ictimai yönümlü ola bilər. İctimai vəzifələri kənara qoyub, cəbhəyə getmək əvəzinə duaya məşğul olmaq İslam deyil. Dini vəzifələrin icrasında vacib göstərişləri başa çatdırmamış müstəhəb işlərə növbə çatmır. Heç bir müstəhəb əməl vacib əməlin yerini tuta bilməz. Məzluma yardım göstərmək Əmirəlmömininin (ə) buyurduğu kimi vacibdir və mömin insan bu vəzifəni öz öhdəsindən ata bilməz. Zülmlə mübarizədən çəkilib Quran qiraətinə məşğul olmaq İslam deyil. Quran oxumaq üçün elə bir vaxt seçilməlidir ki, bu iş digər vacib vəzifələrə mane olmasın. Etiraf etməliyik ki, İslamın ictimai göstərişlərinə, o cümlədən zülmlə mübarizə və zalıma yardım əli uzatmaq göstərişlərinə çoxdan əməl olunmur. Əgər İslamın uyğun əmrlərinə əməl edilsəydi müsəlmanlar hazırkı acınacaqlı vəziyyətə düşməzdi. Peyğəmbərin vəfatından sonrakı gün onun ailəsinə zülm olundu. Müsəlmanlar bu zülm müqabilində susdular. Əgər həmin gün səsini çıxaran olsaydı, bir çox müsibətlərin qarşısı alınardı. Əgər bəziləri həzrət Zəhra və həzrət Əlinin (ə) qapısını təpikləyəndə müsəlmanlar fəryad qoparıb etiraz etsəydilər, Kərbəla hadisəsi baş verməzdi. Bugünki problemlərin də bir çoxunun kökü uyğun ilahi hökmün yaddan çıxarılması oldu. «Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun!»


1323 بازدید
در حال ارسال اطلاعات...