Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2015

4 may Xanım Zeynəbin (ə) vəfat günüdür

Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi
Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimənın (s) qızıdır. Zeynəb adını ona babası Məhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası: «atasının zinəti» deməkdir). Xanım Zeynəbin (ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Həzrət Zeynəbin (ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Çünki Zeynəb (ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (ə), Zeynəbi (ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları min bir işgəncəylə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə oxuyaraq belə buyurdu: «Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana… Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!... Amma bilin ki, Axirət əzabı daha çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!» Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır. Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir. Bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edir ki, əbədi rüsvay olub etibarlarını itirirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (ə) deyir: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi, onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir. Xanım Zeynəb buyurur: «Mən gözəllikdən başqa bir şey görmədim!» Xanım Zeynəbin (ə) mübarək məzarı Suriyanın Dəməşq şəhərindədir.

Nur-az.com


1492 بازدید
در حال ارسال اطلاعات...