Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Duada Allahdan nə istəyək?

“Əvvəl başqaları, sonra özümüz”
Bizim oxuduğumuz dualar hikmətlə doludur. İmamlardan əlimizə çatmış dualarda həqiqətən insanın ehtiyacı olan bilgilərə aid məqamlar var. Bu böyüklər bu məqamları dualara salmaqla bizə Allahdan nə istəməyimizi öyrədirlər.
Məsumlar Allahdan nə istəməyi öyrədir. Allahdan istəməli olduğumuz onların dedikləridir. Bəzi insanlar dünyada maddiyyatın çoxluğunu düşünürlər. Deyirlər ki, filan ticarət işim düzəlsin, filan səfər düzəlsin, filan işə düzələ bilim və sair. Nə üçün insan əsas məsələləri Allahdan istəməsin?! Din rəhbərləri bizə öyrədirlər ki, belə dua edin və belə şeyləri Allahdan istəyin. Əlbəttə, onların bizə öyrətdiyi duaların növləri çox genişdir.
Duada iradəniz güclü olsun, böyük istəklər diləyin, dünya və axirət səadəti istəyin. Deməyin ki, bunlar böyükdür, bunlar çoxdur. Xeyr, Allah-Taala üçün bunlar bir şey deyil. Əsas budur ki, siz sözün həqiqi mənasında həmin şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək.
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: "Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir". Bəli, insanın ayaqqabı ipinə ehtiyacı var. Mağazaya gedib alır. Bunun üçün də dua lazımdırmı? Bəli, ayaqqabı ipinə və belə kiçik olan hər hansı bir şeyə ehtiyacınız olduğunu duyan kimi ürəyinizi Allaha yönəldin və deyin ki, İlahi, mənə bunu da yetir. Yetirməyi hansı yolladır? Yolu budur ki, cibimə pul qoyum, küçənin başına gedim, mağazadan alıb istifadə edim. Hər halda, Allahdan istəməlisiniz. Mağazaya gedib pul verib ayaqqabı ipi alsanız da, onu yenə Allah sizə vermişdir. Allahdan qeyrisinin yolu ilə insanın əlinə bir şey çatmır. Bizə nə çatırsa, Allah verir.
Allahın verdiyini öncə Allahdan istəməliyik. Nə üçün istəməliyik? Kiçik istəkləri də Allahdan istəməyimizi tövsiyə etmələrinin səbəblərindən biri budur ki, öz ehtiyaclarımıza, acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yönəldək. Nə qədər yoxsul olduğumuzu görək. Əgər Allah-Taala kömək etməsə, imkan yaratmasa, güc verməsə, düşüncə verməsə, təşəbbüs verməsə və vasitələri hazırlamasa, həmin ayaqqabı ipi də bizim əlimizə çatmayacaq. Əgər ayaqqabı ipi almaq məqsədilə evdən çıxsanız və yolda pullarınızı oğurlasalar, ya pulunuz itsə, ya istədiyiniz dükan bağlı olsa, ya yolda hər hansı hadisə baş versə və siz qayıtmağa məcbur olsanız, ayaqqabı ipini əldə edə bilməyəcəksiniz. Buna görə də hər şeyi Allahdan istəyin. Hətta ayaqqabı ipini, hətta kiçik şeyləri və hətta özünüzün gündəlik ruzinizi də. Qoyun bizim sinəmizdə əzəmət qazanmış bu yalançı “mən” sınsın (“mən”deyirik və elə bilirik ki, bütün qüvvələr bizdə cəm olub). Bu “mən” insanları yazıq edir. Bu da dua barəsində bir mətləbdir: insan öz istəklərini dua ilə əldə etməlidir.
Deyiblər ki, hətta kiçik şeyləri də Allahdan istə. Zəif olduğunu anla, bil ki, bəzən bir ağcaqanad, yaxud milçək də insanı yorub onun rahatlığını əlindən ala bilər: “Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)”
İndi öz istəklərinizə, müsəlmanların istəklərinə, ölkənizin istəklərinə, mömin qardaşlarınızın istəklərinə, xəstələrə, xəstəsi olanlara, müsibət görənlərə, qəmgin ürəklərə, nigaran gözlərə, sizin ətrafınızda, sizin ölkənizdə, İslam dünyasında və Yer kürəsində olan insanların ehtiyaclarına baxın, bu qədr gecələrində bütün bu hacətləri bir-bir Allahdan istəyin.
Siz ramazan ayında hər gün namazdan sonra məsumdan nəql olunmuş bu duanı deyirsiniz: “İlahi, bütün qəbir sahiblərinə sevinc daxil et! İlahi, bütün yoxsulları varlandır!”. Allahdan istəyirsiniz ki, bütün yoxsulları zənginləşdirsin. Təkcə ölkənizin yoxsullarını demirsiniz, bütün İslam dünyasının yoxsullarını deyirsiniz. Bunlar çox əhəmiyyətlidir. Bu duanın davamında deyirsiniz: “İlahi, bütün acları doydur! İlahi, bütün çılpaqlara libas ver!” İnsan Allahdan bu qədər böyük hacət istəyir.
Bəzi şeyləri bütün müsəlmanlar üçün istəyin. Bu duada deyilir ki, İlahi, müsəlmanların işlərindəki bütün fəsadları düzəlt! Bu, müsəlmanlara məxsusdur.
İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. Mənim anam gecədən səhərə qədər ibadət, dua və minacat etdi. İmam Həsən (ə) deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınları dua etdi, xalqı dua etdi, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz” . Bu yüksək ruhiyyədir...

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1531 بازدید
در حال ارسال اطلاعات...