Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Ayətullah Xamenei müəllimlər və maarif işçiləri ilə görüşdü

Amerika! Bu olası iş deyil ki, siz vurub aradan çıxasınız. Artıq o addım atılsa ilişəcəksiniz və biz sizdən əl çəkməyəcəyik!
Cənab Rəhbər Ayətullah Xameneinin müəllimlərlə və maarif işçiləri ilə görüşdə bəyanatı

Bismillahir-Rəhmanir-Rəhim

Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin

Çox xoş gəlmisiniz, mənim əzizlərim! Öz pak nəfəsinizlə bu fəzanı, Huseyniyyəni ətirləndirdiniz. Doğrudan da müəllimin nəfəsi pak nəfəsdir. Bir fəzada müəllimlər olarsa insan əmin olur ki, o fəzada, o məkanda Allahın rəhmət və bərəkəti var. Ümid edirik ki, Allah-Taala bu böyük işi, bu böyük məsuliyyəti yerinə yetirməkdə sizə yardımçı olacaq. Həm siz müəllimlər, həm də təhsil sahəsində çalışanlar vəzifələrini layiqincə yerinə yetirə biləcəklər.

Rəcəb ayıdır. Sizin ifa etdiyiniz mənalı və gözəl surudda rəcəb ayına, təvəssülə, zirk və duaya işarə olundu. Bu ayda dua oxuyan möminlər Allahdan istəyirlər: Əllahummə fə əhdini hudəl-muhtədin vərzuq-nictihadəl-muctəhidin və la təcəlni minəl-ğafilinəl-mubədin... Duanın hər üç hissəsi çox əhəmiyyətlidir. Son hissə məğfirətlə bağlıdır və bu da bütün işlərin əsasıdır. Vəğfirli yəvməddin...

Hidayət olanların hidayəti, təlaş göstərənlərin təlaşı bu duada Allahdan istənilir. Diqqət etsəniz, bu iki amil məndə və sizdə olarsa, bütün problemlər həllini tapar. Həm hidayət olanların hidayəti, həm təlaş göstərənlərin bəşər tarixindəki təlaşları nəsibimiz olar. Danışığımızda, rəftarlarımızda bu hiss edilər. Duanın üçüncü hissəsində mümkün bir təhlükəyə işarə olunur: Və la təcəlni minəl qafilinəl-mubədin... Qəflət, xəbərsizlik ən böyük təhlükədir. Yoldan, məqsəddən, gücdən, imkanlardan, düşməndən, vəzifədən xəbərsizlik bu gün bizi hədələyir. Bizim ən böyük düşmənimiz qəflətdir. Düşmən qarşısında bizi yendirən qəflətdir. Və la təcəlni minəl-qafilinəl-mubədin... Bu qəflətin nəticəsi Allahdan, məqsəddən, nemətlərdən uzaqlaşmaqdır. Duanın məzmunu mərifət, tövhid, həyat dərsidir. Bu diqqətlə həmin duaları oxuyur, həm bu ayın fəzasından bəhrələnirik.

Müəllim həftəsi əziz və böyük şəhid mərhum Ayətullah Mütəhhərinin mübarək xatirəsi münasibətilə qeyd olunur. Şəhid Mütəhhərinin üstün xüsusiyyətləri çox idi. Amma nəzərimcə, onun şəxsiyyətində əsas göstərici müəllim olması idi. O hövzədə, universitetdə müəllim idi. Adi həyatda da müəllim idi. Söhbətləri təlim idi, dərs idi. Çünki ixlaslı idi, çünki ictihada malik idi. Yəni təlaş göstərirdi. Mən onun elmi təlaşlarını yaxından müşahidə etmişəm. Hər mövzu ilə bağlı qeydləri vardı. Harada zəruri bir nöqtə görürdüsə onu dərhal qeyd edirdi. Qeydlərini müəyyən bir yerdə toplayırdı. Mənə müxtəlif mövzularda topladığı qeydlərini göstərmişdi. Təəccüb edirdim ki, bu işləri görmək üçün necə səbir, hövsələ, enerji lazımdır. Elə bunun nəticəsidir ki, şəhadətindən 35 il ötüb, amma onun kitabları, onun sözləri yaşayır, aktualdır. Həmin sözlər, həmin kitablar, həmin təlimlər bu gün gənc nəsil üçün faydalıdır, araşdırmaçıların istifadəsindədir. Əlbəttə ki, bütün bunlarla kifayətlənmək lazım gəldiyini demirəm. Yeni sözlər, yeni düşüncələr, yeni şübhələr var. Kimlərsə Mütəhhəri yolunu getməli, onun kimi çalışmalıdır. Amma Mütəhhəri adı həmişə yaşayacaq bir addır.

Bu gün müəyyən məsələləri nəzərinizə çatdırmaq istəyirəm. Onlardan bəziləri təlim-tərbiyə sahəsinə aiddir. Başqa mövzular da var. Amma bu gün əsas mövzumuz təlim-tərbiyə mövzusudur. Bu mövzu mənim üçün çox mühümdür. Çünki təlim-tərbiyə gerçəkdən gələcək nəsillər üçün mühüm bir ocaqdır. Hər halda gələcəyimiz var, iyirmi il, iyirmi beş il sonra iş başına yeni nəsillər gələcək. Bu gün həmin nəsil hazırlanır, yaranmaqdadır. Bu nəsli yetirən müəllimdir, təlim-tərbiyə sahəsidir. Siz bir nəsil hazırlayırsınız. Onu necə hazırlayacaqsınız? Bu çox əhəmiyyətlidir. Məmləkətin gələcəyi, dünyanın gələcəyi, təlim-tərbiyə sahəsinin təlaşlarından asılıdır. Bu kiçik məsələ deyil. Bu həddə əhəmiyyətli başqa bir sahə yoxdur. Bəli, universitetdə, hövzədə də dərs oxuyurlar. İctimai mühitlərdə də tərbiyə prosesi gedir. Amma müəllimin rolunu əvəz edəcək bir şey yoxdur. Bugünkü körpənin, sabahın insanlarının düşüncə və ruhunun formalaşmasında müəllimin rolu misilsizdir. Onun uşaq və yeniyetmənin on iki il təhsil müddətində fəaliyyətləri böyük dəyərə malikdir. Nə ata-ana, nə mühit onu əvəz edə bilər. Müəllim bu qədər dəyərlidir. Təlim-tərbiyə sahəsi belə dəyərli sahədir. İctimai həyatla rabitədə təlim-tərbiyə, təhsil sahəsinin rolu kiçik deyil. Siz on üç milyona yaxın şagirdlə işləyirsiniz. Bu iyirmi altı milyon ata-ana deməkdir. Ümumilikdə otuz doqquz milyon insan, bir milyon da müəllim və maarif işçisi bir sahədə çalışır. Qırx milyon insan bu sahə ilə bağlıdır. Cəmiyyətlə belə bir rabitəsi olan ikinci sahə tanıyırsınızmı?! Elə bu əsasla təlim-tərbiyə sahəsinə ümid edirik.

Mən bu qurum barədə bir neçə söz demək istəyirəm. Bunu əvvəllər də demişəm. Yenə də təkrarlayıram. Bu sahəyə nə qədər pul xərclənsə həmin pul sərmayə kimidir. Təlim-tərbiyə sahəsinə belə baxmalıyıq. Təhsil iqtisadiyyatı heç bir iqtisadiyyata bənzəmir. Burada nə xərcləyirsinizsə onu sərmayə kimi yatırırsınız. Bu sözlər olduqca mühümdür və ölkə məsullarının, xalqımızın bu mövzuya diqqətlə yanaşmasını istəyirəm.

Bu böyük qurumda istinad nöqtəsi, mərkəzdə dayanan, bayraqdar kimdir? Müəllimdir! Bu meydanın sahibi müəllimdir. Müxtəlif qurumlar, təşkilatlar, sənəd və kitablar bu meydan sahibi ilə əlaqəlidir. Yaxşı müəllim o müəllimdir ki, onun əvəzi yoxdur. Yaxşı müəllim adi bir məktəbdə böyük insan tərbiyə edə bilər. Biz bunun şahidi olmuşuq. Yaxşı müəllim böyük insanlar, böyük şəxsiyyətlər yetişdirir. Qurum mühüm qurumdur və işdə müəllimə bağlıdır.

Müəllimin işi nədir? Mənim qeydlərim var. Müəllim müəyyən xüsusiyyətlərə malik nəsil tərbiyə etməlidir. Bu nəsil elmli, imanlı, özünəinanan, nikbin, sağlam, fiziki və ruhi baxımdan yetkin, işıqlı olmalıdır. O iradəli olmalıdır. Xərci az, faydası çoxdur. Müəllim belə bir nəsil tərbiyə etməlidir. Bu kiçik iş deyil. Deyirlər ki, müəllim peyğəmbərlərin işini görür. Bunun dərinliyinə gedək. Bu sözlər nə deməkdir? Yuzəkkihim və yuəllimuhumul-kitəbə vəl-hikmə ... Peyğəmbərlərin işi budur. Peyğəmbərlərin işi bəşəriyyəti xilas etməkdir. Peyğəmbərlərin işi üstün bir cəmiyyət yaratmaqdır. Budur peyğəmbərlərin fəaliyyəti. Deyirik ki, müəllimin işi peyğəmbərlərin işidir. Müəllimlik peyğəmbərlik peşəsidir, sözün canı budur.

Bəli, bunun şərtləri var. Biri qeyd etdiyim iqtisadiyyat məsələsidir. Təhsilinin iqtisadiyyatı, müəllimlərin maddi durumu zəruri şərtlərdəndir. Dövlət qurumlarındakı məhdudiyyətlərdən xəbərdarıq. Mövcud məhdudiyyətlərə biganə deyilik. Dövlət məsullarının vəzifəsidir ki, bu sahəyə xüsusi diqqət yetirsinlər. Qeyd etdim ki, bu sahəyə pul xərcləmək sərmayə yatırmaqdır. Bu sərmayənin cavabı, qazancı var. O əlavə gəlir gətirir. Bu sadəcə pul xərcləmək deyil. Dövlət idarəçiliyində, dövlət qərarlarında bu nəzərə alınmalıdır. Bunu etməsək düşmən sui-istifadə edər. Bu nöqtədən düşmən informasiya vasitələrində, radioda dövlət və İslama qarşı sui-istifadə edə bilər. Bunlar düşmən üçün bir vasitə olar. Əlbəttə ki, bizim müəllimlər həm ayıqdırlar, həm nəcabətlidirlər, həm mömindirlər. Mənim buna etiqadım var. Ötən illərdə bunu sınaqdan keçirmişik. Bu gün də ölkə boyu müşahidə edirik ki, müəllimlər düşmənin fitnəkarlıqlarından xəbərsiz deyillər. Onlar sosial vəziyyət adı altında şüar verirlər. Bu şüarların arxasında fitnəkar siyasi şüarlar da var. Hamı bilir ki, onların məqsədi xeyirxahlıq deyil. Onlar müəllimə can yandırmırlar, başqa məqsədləri var. Bu gün də həmin qüvvələrin bu işləri gördüyünə şahidik. Əvvəlkindən daha artıq çalışırlar. Bunun səbəbi canıyananlıq deyil. Onlar bizim üsul-idarə, dövlətçiliyimiz üçün problem yaratmaq istəyirlər. İslama, məmləkətimizə, İslam Respublikasına düşmənçilik səbəbindən belə edirlər. Hər halda onların əlinə bəhanə verməməliyik. Dövlət qurumları, məsullar, iqtisadiyyat sahəsinə baxanlar bu məsələyə diqqət yetirsinlər. Onlar bu məsələyə öz praqramlarında önəmli yer versinlər. Bu bir nöqtədir. Qeyd etdim ki, müəllimlər ehtiyatlı olmalıdırlar və ehtiyatlıdırlar. Xoşbəxtlikdən müəllimlərimiz agahdırlar. Bəziləri nizama, inqilaba bacardıqları şəkildə zərbə vurmaq istəyirlər. Onlar İslam Cümhüriyyəti ilə düşməndirlər. Nizama münasibətdə kinlidirlər. Müəllimə can yandırmırlar. Hər sahədə sui-istifadəyə çalışırlar.

Başqa bir məsələ maarif işçilərinin universiteti məsələsidir. Əvvəllər bu barədə danışmışam. Möhtərəm nazirlə, müəllimlər arasında bu məsələyə toxunmuşam. Maarif işçiləri universiteti mühüm bir məsələdir. Sonu müəllimlərin tədris, təlim-tərbiyə üçün cəzb edilməsi olan təlaşlar İslam və inqilabın meyarları ilə ölçülməlidir. Əgər bu işi görsək nəticə sizin istədiyiniz kimi olacaq. Bunda Allahın da razılığı var. Belə olsa məmləkətin gələcəyi üçün də faydalıdır. Əzəmətli və ümidverici bir nəsil yaranar. Buna riayət olunmasa məqsədə çata bilmərik. Maarif işçiləri universitetində həm dərs proqramları, həm də dərslərin məzmunu mühümdür. Təbii ki, elmi heyət, ustadların da kimliyi əhəmiyyət kəsb edir. Biz kimi tərbiyə etmək istəyirik? Xalqın övladlarını kim tərbiyə etməlidir? Kim böyük insanlar yetişdirməlidir? Bütün bunlar çox mühümdür. Müəllimlərin səlahiyyəti, dərs kitabları, dərs kitablarının məzmunu böyük əhəmiyyət kəsb edir.

Başqa bir mühüm məsələ təhsil sistemində köklü dəyişiklikdir. Bu məsələyə möhtərəm nazir işarə etdi. Görülən işlərdən danışdı. Mən hesabatı görmüşdüm. Bu sahədə ilk məsələ budur ki, dəyişiklik zərurətini hamı qəbul etsin. Bu qədim təhsil sistemində heç bir eyb olmasa belə uzun müddət islahatlar aparılmaması onun dəyişməsi üçün yetərli dəlildir. Təhsildə islahatlar sənədi xoşbəxtlikdən 2-3 ildir var. Bu sənədlər əsasında proqramlaşdırma aparılıb. Gözəl mütəxəssislərin işlədiyi bir sənəddir. Onlar öz sahələrində mütəxəssis insanlardır. Deyirlər ki, köklü dəyişikliklər sənədi uzun müddətə, böyük təlaşlarla hazırlanıb. Onun ərsəyə gəlməsində hamı çalışıb. Bunu təhsil məsulları da təsdiq edir. Möhkəm və mühüm sənəd olduğunu deyirlər. Demək, onu həyata keçirmək lazımdır. Təbii ki, belə layihələrin qısamüddətdə nəticə verəcəyini gözləmək olmaz. Onun 3-5 ilə nəticə verməsini gözləməməliyik. Nəticələri səbirlə gözləmək lazımdır. Mühüm nöqtələrdən biri budur ki, sənədin bütövluyu qorunsun. Dedilər ki, sənədin bəzi maddələri həyata keçirilib. Bu yaxşıdır. Amma bütün maddələri reallaşdırmaq lazımdır. Bu əsaslı bir məcmuədir. Əgər onun məsələn 40 maddəsini yerinə yetirib başqalarını saxlasaq nəticə əldə etmərik. Bir sözlə, sənədin bütövlüyü qorunmalıdır. Bütün maddələr həyata keçəndən sonra iş irəli gedəcək. İş sürətlənər və düzgün nəticə əldə olunar.

Başqa bir nöqtə budur ki, ölkənin təhsil sistemi bu sənədlə tanış olsun. Ondakı mövzulardan xəbərdar olsunlar. Məktəbdə tədrislə məşğul olan müəllim bu sənədin ondan nələr istədiyini bilməlidir. Məktəb müdiri sənəd əsasında hansı məsuliyyətlər daşıdığından xəbər tutmalıdır. Sənədin tələbləri aydın olmalıdır. Sənədin tələblərini geniş miqyasda həyata keçirmək üçün plan olmalıdır.

Digər tərəfdən, bu işə mətbuat, informasiya vasitələri kömək etməlidir. Hətta belə bir təklif var ki, radio-televiziya şəbəkəsində buna xüsusi yer ayrılsın. Bunu təhsil məsulları ilə radio-televiziya məsulları müzakirə etməlidir.

Hörmətli nazirin də toxunduğu başqa bir mühüm məsələ var. Bu altıncı proqramın tutumudur. Hazırda altıncı proqramın siyasətləri hazırlanır. Sonra proqram özü işlənəcək və təsdiqlənəcək. Növbəti mərhələdə icra olunacaq. Bu proqram əsasında təlim-tərbiyə məsələsi, əsaslı dəyişiklik sənədi aydınlaşmalıdır. Bilməliyik ki, şəmsi 1404-cü ilə təhsil sistemində vəziyyət necə olacaq.

Başqa bir nöqtəni təlim-tərbiyə məsullarının diqqətinə çatdırıram. Ehtiyatlı olun ki, hansısa başqa səthi proqramlar əsaslı dəyişikliklər proqramının yerini tutmasın. Sadəcə dəyişiklik gedir deyə sevinməməliyik. Səthi dəyişikliklər mühüm deyil. Əsas məsələ köklü dəyişikliklərdir. Bu sistem tədricən yenidən qurulmalıdır. Bu mühümdür.

Xoşbəxtlikdən buna şərait də var. Mən ölkə miqyasında nəzər salanda görürəm ki, məsulların təhsildə keyfiyyət dəyişiklikləri aparmaq şəraiti var. Sistem dəyişikliklərə hazırdır. Bir gün bizim 18 milyon şagirdimiz vardı. Bu gün şagirdlərimizin sayı 13 milyondan azdır. Bu bir fürsətdir. Bir zaman biz təhsil fəzası baxımından çətinlik yaşayırdıq. Ölkədə 2-3 növbə dərs tədris olunurdu. Artıq bu vəziyyət yoxdur. Ölkənin əksər yerlərində vəziyyət münasibdir. Bu işə maraq göstərənlər var və bu cərəyanı qorumaq lazımdır. Demək, bu gün dəyişikliklər aparmaq üçün şərait var. Xoşbəxtlikdən ölkədə sabitlik hökm sürür, məsullar həvəslə işə məşğuldurlar. Bu gün biz təhsildə keyfiyyət dəyişiklikləri apara bilərik. Bir daha vurğulayıram ki, bu işdə mehvər müəllimlərdir. O, meydanın ortasındadır. Siz əziz müəllimlər bir mehvərsiniz. Mən bütün ölkə boyu müəllimləri salamlayıram. Ümid edirəm ki, Allah-Taala bütün əziz müəllimləri öz sayəsində hifz etsin.
Bir nöqtə də təlim-tərbiyə çərçivəsindən kənardadır. Bu ölkənin əsas problemlərindəndir. Mən düşmənin İran İslam Cümhüriyyəti ilə rəfarlarını nəzərdə tuturam. Ötən 35 ildə ölkəmizdə böyük xalq hərəkatı, irəliləyiş İslam Cümhüriyyəti düşmənlərinin gözünə tikan olub. Rəcəz oxuyurlar. Bacardıqları hər yola əl atıblar. Amma İran xalqı onların gözündə heybətlidir. Biz bu heybəti qorumalıyıq. Bu heybət hifz olunmalıdır. Bu bir həqiqətdir, təxəyyül deyil. Biz böyük ölkə, 70 milyondan yuxarı sayı olan millətik. Böyük mədəniyyət və tariximiz var. Başqa məntəqələrlə müqayisədə şücaət və əzəmətimiz var. Bunun bir nümunəsi 8 illik müqəddəs müdafiədir. Həmin 8 ildə bütün dünyanın, Şərq və Qərbin supergücləri, onların əlaltıları, əl-ələ verib İran xalqını dizə çökürmək istədilər. Amma bacarmadılar. Belə bir millətin düşmən gözündə heybət və əzəmətli olması düzgün deyilmi?! Bu əzəməti qorumalıyıq. Bu sözləri müxtəlif ölkələrin siyasətçiləri, məsulları bizə deyir. Bəziləri də öz ölkələrində bunu dilə gətirir. Bu xəbərlər bizə çatır. Ölkəmizə qarşı sanksiyalar hər hansı başqa ölkəyə tətbiq olunsaydı həmin ölkə dağılardı. Amma İran İslam Cümhüriyyəti yerindən tərpənməyib. Bu kiçik məsələ deyil. Bu çox böyük hadisədir. Əlbəttə ki, dünyadakı təbliğat sistemi dünya ictimaiyyətinin həqiqəti bilməsinə mane olur. Amma bir çox xalqlar, xüsusilə bizə yaxın olanlar həqiqəti bilirlər. Dünyanın bütün siyasiləri həqiqətdən xəbərdardır. Onların sözlərinə fikir verməyin. Avropa və Amerikanın siyasiləri, sözçüləri dildə bir söz desələr də, qəlblərində ölkəmizin, millətimizin əzəmətini hiss edirlər. Onlar bu xalqın ləyaqətini təsdiqləyirlər. Amma bunu dilə gətirməyi özlərinə sığışdırmırlar.

Mən dəfələrlə nüvə müzakirələri barədə danışmışam. Deyiləsi sözləri demişik. Amma hamı yadda saxlasın ki, bir millət öz kimliyini, əzəmətini biganə qarşısında qoruya bilməsə alçalar. Bunu xarici siyasət məsulları, bütün başqa məsullar, tanınmış şəxsiyyətlər bilsinlər. Öz kimliyimizin qədrini bilməliyik. Düşmən bizi hədələyir. Ötən neçə gündə iki Amerika rəsmisi hərbi hədə-qorxu ilə çıxış edib. Biz böyük məsuliyyəti olmayanları yada salmırıq. Mən anlaya bilmirəm ki, hədə-qorxu altında müzakirələrin nə mənası var?! Hədə-qorxu altında müzakirə aparaq?! Başımız üstündə qılınc tutublar. Yox, İran xalqı bunu qəbul etməz. İran xalqı hədə-qorxu altında müzakirələrə getməz. Nə üçün hədələyirlər? Nə üçün çox yanlışlığa yol verirlər? Deyirlər filan məsələlər olmasa İrana hərbi hücum etməyimiz mümkündür. Əvvəla çox səhv edirlər. İkincisi mən sabiq ABŞ prezidentinin vaxtında demişəm ki, vurub-qaçmaq dövrü qurtardı. O zaman da hədə-qorxu gəlirdilər. Artıq bu olası iş deyil ki, siz vurub aradan çıxasınız. Artıq o addım atılsa ilişəcəksiniz və biz sizdən əl çəkməyəcəyik. İran xalqı sizi rahat buraxmayacaq. Biri bu xalqa təcavüz etsə biz ondan əl çəkməyəcəyik. Bu nöqtəyə hamı diqqət yetirsin. Müzakirə aparan qrup da buna diqqətli olsun. Qırmızı və əsas xətlər deyildi, bu xətlərə həmişə diqqətli olsunlar. İnşaallah bütün bunlar onların nəzərindədir və bu xətləri aşmazlar. Amma bu da qəbul olunası deyil ki, qarşı tərəf ardıcıl hədə-qorxu gəlsin. Bu nə hədə-qorxudur? Sizin bu müzakirələrə ehtiyacınız bizdən az deyil. Bəli, biz sanksiyaların aradan qaldırılmasını istəyirik. Amma sanksiyalar götürülməsə başqa yolla ölkəni idarə edə bilərik. Bunu sübut etmişik. Mən bir zaman bunu demişdim. İndi görürəm ki, xoşbəxtlikdən ölkə iqtisadiyyatçıları, məsullar bu sözü təkrar edir. Deyirlər ki, ölkə iqtisadiyyatının bu sanksiyalardan asılı olması düzgün deyil. Belə deyil ki, sanksiyalar qaldırılsa problemlər də aradan qalxacaq. Xeyr, bu problemləri öz iradəmizlə, öz əllərimizlə aradan qaldıra bilərik. Əlbbətə ki, sanksiyalar olmasa problemləri aradan qaldırmaq daha asandır. Sanksiyalar olsa bir qədər çətindir, amma mümkündür. Müzakirələrə münasibətdə vəziyyətimiz belədir. Amma hazırkı Amerika dövlətinin müzakirələrə ciddi ehtiyacı var. Onlar öz hesabatında deyə bilərlər ki, biz İran İslam Respublikasını müzakirələrə gətirə bilmişik. Məsələn, filan mövzunu onlara qəbul etdirdik. Onların buna ehtiyacı var. Ehtiyacları bizdən çox olmasa da hər halda bizim qədər ehtiyacları var. Nə üçün hədə-qorxu gəlirlər? Mən hədə-qorxu altında müzakirəni qəbul etmirəm. Qoy müzakirə aparsınlar, razılıq əldə olunsun, bunun eybi yoxdur. Əlbəttə ki, bu işdə qırmızı xətlər gözlənilməlidir. Amma heç bir halda zoru qəbul etməsinlər. Təhqiri, hədə-qorxunu qəbul etməsinlər.

Bu gün onlar dünyada nüfuzlarını itiriblər. Bu gün Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri heç bir regionda görünməyib. Təyyarələri bir ölkə üzərinə göndərirlər ki, nə üçün filankəsin prezidentliyini qəbul etmirsiniz?! Xalqı, infrastrukturları vurur, cinayət törədir, qadın və uşaqları qətliam edirlər. Od vurub ölkəni yandırırlar. Bunun heç bir izahı yoxdur. Amerika da bu cinayətləri himayə edir. Bundan böyük rüsvayçılıq olar?! Bu gün Amerikanın məntəqə xalqları arasında zərrəcə hörməti yoxdur. Hamı baş verən hadisələri görür. Amerikalılar açıq deyirlər ki, biz bu cinayəti müdafiə edirik, xəcalət də çəkmirlər. Sonra da bizə deyirlər ki, siz nə üçün kömək edirsiniz? Biz tibbi yardım göstəririk. İstədik yaralılara, xəstələrə dava-dərman göndərək. Silah göndərmək fikrimiz yox idi. Onların bizim silaha ehtiyacları yoxdur. Yəmənin bütün hərbi hissələri, ordu qərargahları xalqın əlindədir. Mübariz xalq, Ənsarullah bütün bunları nəzarət altına alıb. Onların silaha ehtiyacı yoxdur. Biz onlara tibbi yardım göstərmək istədik. Siz bir ölkəni mühasirəyə alıb tibbi yardıma yolu bağlamısınız. Ərzağın, enerjinin qarşısını kəsmisiniz. Belə bir vaxtda deyirsiniz ki, kimsə onlara kömək etməsin. Hətta qırmızı aypara cəmiyyətinə xidmət göstərməyə icazə vermirlər. Digər tərəfdən Səudiyyə Ərəbistanını kəşfiyyat məlumatları təchiz edir, silah verir, daşınma işində kömək göstərirlər. Siyasi baxımdan təşviq edirlər. Onların şəxsiyyəti yoxdur. İranın tutduğu yol mətin, möhkəm, aqibəti xoş olan bir yoldur. Düşmənin gözünə tikən olsun, bu yol İlahi tövfiqlə son nəticəyə çatacaq. İran xalqı müvəffəq olacaqlar. Düşmən görəcək ki, İran xalqına qarşı çirkin məqsədləri həyata keçmədi.

Allahın rəhməti olsun əziz şəhidlərimizə ki, canlarından keçdilər. Allahın rəhməti olsun böyük İmama (r) ki, qarşımızda belə bir yol açdı. Allahın rəhməti olsun səhnədə bu sayaq möhkəm dayanmış siz əziz mömin qardaş və bacılara.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Vilayet.nur-az.com


1163 بازدید