Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

Hər şəraitdə namaz!

Minimum da olsa namaz bəndəlik üçün qaçılmazdır...
İnsan elə yaradılıb ki, maddi inanclar onun qəlbinə çox tez yol tapır. Bu səbəbdən də insan ilahi dəyərlərə inam baxımından sorğuya çəkilir. O anladığı dəyərləri inama çevirə bilirmi?

Namazın etiqadi təsirləri dedikdə onun namaz qılan şəxsin inanclarına və baxışlarına təsiri nəzərdə tutulur. Namazın insanın baxış və etiqadını islahedici rolu barədə nəqli dəlillər çoxdur. Əziz İslam Peyğəmbəri (s) buyurur ki, namaz hidayət və mərifət çeşməsidir. Həzrət Peyğəmbərdən (s) namaz haqqında soruşuldu. Həzrət buyurdu: “Namaz namaz qılan üçün hidayət, iman və mərifət nurudur.” (Şeyx Səduq, Xisal, c. 1, səh. 622).

Höccətul-İslam Əbul Fəzl Sacidi namazın etiqada təsirləri barədə yazır:

Hidayət dedikdə həm düzgün işə hidayət, həm məqsədə doğru hidayət nəzərdə tutulur. Namazda hər iki təsir var. Namaz bələdçidir. Namaz insana doğru yolu göstərib, onu xoşbəxtliyə doğru sövq edə bilər. Bu ibadətdə nə sirr var? Namaz tufanlı okeanda gecə-gündüz cəhətləri göstərən kompas kimidir. İnsan namaz vasitəsi ilə həmişə Allaha doğru cəhəti tapa bilər. Digər tərəfdən namazın tərbiyəvi təsirləri var. Namazın tərbiyəvi, hidayətedici təsirləri barədə dəlillər çoxdur.

Əvvəla, namaz insanın etiqadını islah edib gücləndirir. Amma onun təsiri təkcə etiqad sahəsinə aid deyil. Namaz etiqadı təkcə islah etmir. Həm də onu gücləndirir, dərinləşdirir. Namaz vasitəsilə insan etiqadda elə bir mərhələyə çatır ki, qəlb inamı əldə edir. Namaz imanı gücləndirir. Namaz qılan şəxs namaz mövzusunda nə qədər irəli gedərsə ilahi mərifət nuru onun qəlbində daha güclü olur. İbadətlər ümumi, namaz isə xüsusi şəkildə insanın dərk etdiyini və bildiyini etiqada çevirir. Əgər insan namazında diqqətli olarsa yəqin həddi çatar. Hicr surəsinin 98, 99-cu ayələrinə nəzər salaq: “Rəbbinə həmd-səna deyib şükr et, səcdə qılanlarla birlikdə ol; sənə yəqin gələnədək rəbbinə ibadət et.” Ayədən aydın görünür ki, Allaha təsbih, səcdə insanın yəqin, dərin etiqad məqamına çatmasına kömək edir. Məsum imamların ziyarətnamələrində oxuyuruq ki, onlar Allaha ibadət sayəsində yüksək məqama çatıblar. Ziyarəti-Əminəllah mötəbər ziyarətnamələrdəndir. Onu hər bir məsum üçün oxumaq olar. Ziyarətnamədə deyilir: “Allaha ixlasla ibadət etdin ki, yəqinə çatasan.” (və əbədtəllahu muxlisən hətta ətikəl-yəqin). Bu cümlə peyğəmbərin ziyarətində də yer alıb. Əlbəttə ki, yəqin deyilən məqam dərəcələrə malikdir və insan öz ömrünün sonuna qədər bu dərəcələr üzrə yüksələ bilər. Demək, Allaha ibadət təkamül pilləkənidir. Onun pillələrində dayanmaq yoxdur. Bəli, insan nəfsi bədən zindanında məhdudiyyətlər yaratdığından yəqinin üstün mərhələlərinə çatmaq çətindir. Bəzi təfsirlərdə ayədəki yəqin sözü ölü kimi mənalandırılıb. Bəlkə də elə bu yəqin üzrə yüksəlişin ölmə qədər getdiyini göstərir. Bu əsasla insanın dini etiqadlarının formalaşmasında, yəqin əldə etməsində, ümumi baxışlarının mərifətə çatmasında namazın mühüm rolu var. Əqidə və inam sadəcə məlumatlı olmaqdan yuxarı bir mərhələdir. Bilən insanın rəftarlarında dəyişiklik olmaması mümkündür. Bir şəxsin elmi artır, amma onun əməllərində dəyişiklik müşahidə olunmur. İnam və əqidə isə belə deyil. İnsanın imanı artanda onun əməllərində dəyişikliklər labüddur. Beləcə, insan əməllərinin islahı onun biliyi yox, imanına bağlıdır. Nə qədər ki, insanın bilikləri iman dərəcəsinə çatmayıb özünü göstərmir. Əxlaq məsələlərində də belədir. Fiziki baxımdan da deyilənlər qüvvədə qalır. İnsan gözəl bilir ki, səhərlər idman etmək, açıq havada gəzmək onun sağlamlığına faydalıdır. Amma bildiyinə neçə nəfər əməl edir?! Namazla bağlı bilik də bu qəbildəndir. Namazın faydalarından xəbərdar olan insanın namaz qılmaması mümkündür. Nə qədər ki, namaz haqqında bilik imana çevrilməyib insan namazda süstlük göstərir. Bəs namazı imana necə çevirmək olar?

Biz uşağa deyirik ki, qaynar suya əl vurmasın, əli yanar. O bu sözə müəyyən qədər əməl edir. Amma bir dəfə əli qaynar suya toxunsa və ağrı görsə bu bilik inama çevrilir. Artıq öz elminin təsirini əməldə görür. Namazın təsirini əməldə görən insan namazdan uzaqlaşmır. Elmi şəkildə namazın zərurətini başa düşən şəxsin namazı qaydasınca qılmaqla onun bəhrəsini görməsi zəruridir. Bu bəhrəni görəndən sonra artıq namazla bağlı elm etiqada çevrilir.

Bilirik ki, ölü diriləsi deyil. Bununla belə ölüdən qorxuruq. Gecə ölünün olduğu otaqda qalmaqdan imtina edirik. Amma özümüzə təlqin etsək ki, ölü hərəkətsizdir və heç bir reaksiya vermək imkanına malik deyil, ölüdən qorxmarıq. Təlqin təsirlidir. İnsan təlqin vasitəsi ilə öz qəlbindəki qorxunu öldürə bilər. Beləcə biliklərimizi təlqin yolu ilə etiqada çevirə bilərik. İnsan təkrar namazlarla onun faydalarını özünə təlqin edə bilər. Özünə deyə bilər ki, Qadir Allahın qarşısında ibadət təsirsiz qala bilərmi?! Əlbəttə ki yox! Bu təlqin insanı namaza bağlayar.

Dünyaya, maddi şeylərə bağlanmaq, özü də qəlbən bağlanmaq çox asandır. Var-dövlət, ləzzət, rahatçılıq, müxalif cinsə maraq dərin elm olmadan da insanın qəlbində kök atır. İnsan bu şeylərə çox qısa müddətdə inanır və onların arxasınca gedir. Onun dünyəvi hadisələrə bağlanması üçün təcrübə və ya təlqinə bir o qədər də ehtiyac yoxdur. O başqalarının əlində gördüyü şeyə qısa bir müddətdə maraq göstərir. Həyatın maddi olması, maddi dünya ilə gün uzunu sıx rabitələr maddiyyatla bağlı etiqadlarımızı daim gücləndirir. Bu səbəbdən gözümüz və qəlbimiz ardıcıl şəkildə maddiyyatın sorağındadır. İnsan elə yaranıb ki, maddiyyata etiqadları qısa müddətdə möhkəmlənir. Buna görə də insan maddiyyata yox, mənəvi dəyərlərə bağlılıq müstəvisində sınağa çəkilir. İnsanın Allah və qiyamətə etiqadı əsasən iki yolla güclənə bilər. Bunlardan biri Allahla rabitənin ləzzətini dərk etməkdir. İnsan elə namaz qıla bilər ki, bu namazda Allahla rabitənin ləzzətini hiss etsin. İkinci yol insanın elmi yolla faydalı bildiklərini təkrar və təlqində etiqada çevirməsidir. Namazın sözlərinə, zikrlərinə diqqət bu baxımdan faydalıdır. Birinci yolun çətinliklə əldə olunması mümkündür. Hamı namazdan ləzzət ala bilmir. İkinci yol isə daha asanlıqla keçilə bilər. Təbii ki, ikinci yol özü də birinci yola yaxınlaşdırır. Namazın sözlərinə diqqət edib bu sözlərdən ləzzət alan insan tədricən Allahla rabitədən ləzzət alır.

Mövzu aydın olsun deyə, müəyyən misallar üzərində dayanaq. Təsəvvür edin ki, dəyərli bir insan bir neçə günlük bir mənzildə qonaq qalmalıdır. Həmin mənzildə 10 yaşlı kor bir uşaq da var. Qonaq otağa daxil olanda uşağa deyirik ki, diqqətli ol, otaqda belə bir hörmətli şəxs var. Onu ədəbli olmağa çağırırıq. O əvvəlcə deyilən sözlərə diqqətli olur və ədəbli olmağa çalışır. Amma zaman keçdikcə gözü görmədiyindən ədəbdən kənar hərəkətlərə yol verməyə başlayır. Namaz bir növ uşağa otaqdakı insanı xatırladır. Ona xəbərdarlıq edir ki, mövcud şəraiti yadından çıxarmasın. İnsan Allahın hüzurunda olduğunu qəbul edir. Amma bu hüzuru davamlı şəkildə yadda saxlaya bilmir. Onun Allah hüzurunda günah etməsinin bir səbəbi də bu hüzuru yaddan çıxarmasıdır. Namaz ona xatırladır ki, sən taleyini təyin edən bir varlığın hüzurundasan.

Allah maddi olmadığından, adi gözlə görünmədiyindən insan Allahı yaddan çıxarır, qəflətə düçar olur. Bu qəflətə qarşı tədbirlər var. Namazın sözləri və zikrləri bu qəfləti aradan qaldıran amillərdəndir. İnsan üçün qəflət qorxusu hər zaman var. Gündə beş vaxt namaz insanı bu qəflətdən oyadır. Bir namazdan sonra tədricən mürgüləməyə başlayan insanı növbəti namaz silkələyir və harada olduğunu onun yadına salır. Əlbəttə ki, bütün bu təsirlər o zaman baş verir ki, insan namazın mahiyyətini dərk etsin, namaz boyu nə iş gördüyünü yaddan çıxarmasın. Namazın günün müxtəlif vaxtlarında beş dəfə icra olunmasının səbəblərindən biri onu mürgüdən uzaqlaşdırmaqdır. Namaz bizə kömək edir ki, dünyanın qəlb gözünü tutan toz-torpağını təmizləyək. Əgər qəlb gözü açıq olmasa insan mənəvi dəyərləri görə bilməz. Namazın sözləri, zikrləri, hərəkətləri elə tənzimlənib ki, insan bütün bunları diqqətlə yerinə yetirdikdə onların təsirinə şahid olur. Əgər bir şəxs namazda qiyamla rüku, rüku ilə səcdə arasında fərq qoymazsa, namazdan bəhrələnə bilməz.

Amma namaz nə qədər diqqətsiz qılınsa da, insanın etiqadına müəyyən həddə təsir göstərir. İnsanın imanını məhv olmağa qoymur. Davamlı namaz qılan insan, namazın söz və zikrlərini, hərəkətlərini davamlı şəkildə yerinə yetirən şəxs istər-istəməz Allahı yada salır. Ənfal surəsinin 2-ci ayəsində oxuyuruq: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar yalnız öz rəbbinə təvəkkül edər.”

Namazda Allahın yada salınmasının səmərələrindən biri insanın sonsuz bir güc mənbəyinə bağlı olduğunu hiss etməsidir. Namazda Allahı düşünən insan özünü böyük bir gücə bağlı sayır. Bu fikirləri insan özünə təlqin etsə səmərəsiz qalmaz. Təlqin insanın etiqadının güclənməsində təsirlidir və buna şübhə yoxdur.

Bir gənc təsəvvür edin. Bu gəncin fiziki və elmi imkanları böyükdür. Amma ardıcıl uğursuzluqlar yaşadığından məsələn idmanda ümidsizləşib, öz istedadlarına inanmır. O zaman təlqin ona kömək edir. İdmançıların yarış meydanına çıxmazdan öncə məşqçi ilə söhbətinə diqqət yetirin. Məşqçinin əsas işi idmançıya güclü olduğunu, uğur qazana biləcəyini təlqin etməkdir. Döşək üzərində ən kiritik anlarda məşqçinin bir sözü təlqin ünvanında idmaçı üçün həlledici ola bilər. İbadətdə də isə insan bu təlqin işini özü yerinə yetirməlidir. Təlqin nəticəsində insanın etiqadı güclənir. Allahın varlığı barədə təlqinlər ardıcıl olduqda etiqada çevrilir. İnsan dəfələrlə Allahın böyüklüyünü yada salaraq “Allahu Əkbər” dedikdə bu sözlər onun qəlbində kök atır, Allahın böyüklüyünə inanır. “La ilahə illəllah”, “Sübhanəllah” kimi zikrlər insanın qəlbinə güc verir. İnsan namaz qıldıqda bu sözləri təkrar etməsi labüddur. Bu özü də bir növ təlqindir. İnsan bunları təkrar etdikcə onda qəlb etiqadı möhkəmlənir. O Allahın varlığını və ibadətin zəruriliyini elmi baxımdan qəbul edib və inanır. Amma bu iman gücü elə bir həddə çatdırılmalıdır ki, əməldə özünü göstərsin. Bu isə yalnız namazın öz vasitəsi ilə mümkündür. İnsan davamlı namaz qılmaq, davamlı zikrlər, davamlı təlqinlər vasitəsi ilə bu ibadətin əhəmiyyətini dərk edə bilər. Tövhid, etiqadi üsulları anlamış insan təlqinlər vasitəsi ilə öz bəndəlik məqamını anlayır. Davamlı namaz insanın imanını gücləndirir. Namazı tərk etmək isə onun imanını zəiflədir və tədricən puça çıxarır. Namaz özünü tanıma və Allahı tanıma məktəbidir. Namaz qılan insan bu yolla özünü və rəbbini tanıyır. İnsan namaz məktəbində etiqadlara yiyələnir və bu etiqadlar onda möhkəmlənir. İnsan namazda ilahi nemətlər barədə düşünür. “Əlhəmdu lillahi rəbbil-aləmin” dediyi zaman Allahın bütün varlıq aləminə sahib olduğunu xatırlayır. Eyni zamanda başa düşür ki, kömək istəniləsi yeganə ünvan Allahdır. Elə buna görə də sözünün davamında deyir: “İyyakə nəbudu və iyyakə nəstəin...” İnsanın etiqadları islah olduqda o özünü tanımağa başlayır. Bu ən böyük bilikdir. Əmirəl-Möminin (ə) buyurur: Kim özünü tanıdısa ən böyük tövfiqə (yardıma) nail oldu.” (Gurərul-hikəm).

İnsan özünü tanımaqla Allahı tanımağa başlayır. Özünü tanımaq Allahı tanımağa bağlı bir hadisədir. Rəvayətdə oxuyuruq ki, kim özünü tanıdısa rəbbbini də tanıdı. Əgər insan özünü düzgün tanıya bilsə, yaranmış olduğunu dərk etsə, öz ehtiyaclarından xəbər tutsa nəinki Allahın varlığını qəbul edər, onunla rabitələri gücləndirməyə çalışar. Özünü dərya qarşısında damla görən insan bu dəryaya qatılar ki, quruda qalıb məhv olmasın. Damla o zaman qoruna bilər ki, dəryaya qatılsın. Allahı varlıq aləminin sahibi kimi görsək özümüzü də bəndə kimi görərik. Damlanı okeana çatdıran bəndəlikdir. İbadətdən qaçan okeandan qaçan damlaya bənzəyir və onun ölümü labüddur. Okeana qatıldıqda isə onun həyatı əbədi olur.

Namaz, Allahı xatırlamaq bir ibadətdir və onun minimumları var. Onun maksimumları təyin olunmayıb. Çünki kamillik yolu sonsuzdur. İbadətə məşğul olan insan öz istedadları həddində kamal mərtəbəsində yüksələ bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz insan üçün təyin olunmuş ən üstün işdir. Onu kimsə az, kimsə çox yerinə yetirir.” Buyuruqdan göründüyü kimi, minimum da olsa namaz bəndəlik üçün qaçılmazdır.

Namazı tərk etməyin aqibəti ağırdır. Namaz nəinki etiqadın təsbitinə kömək edir, həm də tərəddüdlərlə rastlaşmış insanın əlindən tutub onu doğru yola çəkir. İmam Sadiq (ə) buyurur: “Ölüm mələyi namazına diqqətli insandan şeytanı uşaqlaşdırır. Həmin şəraitdə namaz qılana tövhid və risalət şəhadətini təlqin edir.” Hər bir musafirin yol arzuqəsinə ehtiyacı var. Namaz Allaha doğru səfərə çıxmış yolçunun yol azuqəsidir. İmam Baqir (ə) buyurur: “Əbazər Kəbə evinin qarşısında durub dedi: “Səfərə çıxmadan qabaq yol üçün azuqə toplayırsınız. Bəs axirət səfəri üçün azuqə toplamaq istəmirsiniz?! Oradakılardan biri bu işi necə görmək lazım olduğunu soruşdu. Əbazər dedi: Qiyamət üçün isti günlərdə oruc tut, mühüm işlər üçün həcci yerinə yetir, qəbir qorxusuna qarşı gecə yarı iki rəkət namaz qıl.” (Məclisi, Biharul-ənvar, c. 75, səh: 444). Həzrət Peyğəmbər (s) buyurdu: “Bir şəxs bilərəkdən namazı tərk etsə Allah, Onun Rəsulu və onların amanından üz çevirib.” (Mustədrəkul-Vəsail). Namazın müsbət təsirləri olduğu kimi namazı təkr etməyin də mənfi təsirləri var. Namaz iman gətirmiş insanın mühüm göstəricisidir. Namazı tərk etmiş insan özü ilə kafirlər arasında olan əməl fərqini aradan qaldırıb. Həzrət Peyğəmbər (s) buyurur: “Namazı bilərəkdən tərk edən insan əhd-peymana, Allah və Rəsulunun amanına arxa çevirib.” Başqa bir məqamda həzrət buyurur: “Dünya və axirətin faydası namazdadır. Mömin insan kafirdən, muxlis insan münafiqdən namazla seçilər.” Küfr fikirlərinin insan vücudunda kök atması böyük günahlara da yol açır. İmam Sadiqdən (ə) soruşurlar ki, nə üçün zinakara kafir demirsiniz, amma namazı tərk edənə kafir deyirsiniz? Həzrət buyurur: “Çünki zina və başqa günaha yol verən insan şəhvətə məğlub olub. Namazı atan insan isə onu əhəmiyyətsiz saydığı üçün bu işi görüb. Zinakar ləzzət üçün zina arxasınca gedib. Namazı atan isə bundan ləzzət almır. Onun namazı atmasının səbəbi Allahı kiçik saymasıdır. Buna görə namazı atmaq küfrə səbəb olur.” (Kuleyni, Əl-Kafi, c. 2, səh. 386).

Beləcə deyə bilərik ki, namaz qılmayan insanın etiqadı zinakarın da etiqadından süstdür. Zinakarın Allaha inanması mümkündür. Sadəcə, şəhvət onun Allahın əmrinə itaətinə mane olur. Namazı atanın isə qarşısında belə bir maneə yoxdur. Onun problemi namaza və Allaha biganə münasibətdir. Ruhi xəstəliklər arasından namazı atmaq kimi mənfi təsirə malik bir xəstəlik yoxdur. Namazı atmağın çox ağır aqibəti var. Gündəlik namazların insan etiqadına təsiri də qeyd olunub. Tanınmış sosioloqlar və psixoloqların bir qrupu ibadətlərin imanı gücləndirdiyini düşünür. Uzun müddət Avropanın ən qərq nöqtəsi, Mərakeşdə