Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Nəfs istəklərindən həzər

Əgər Allah-Taala öz peyğəmbərlərinə elm və paklıq verməsəydi, onların başqalarından fərqi olmazdı
Merac hədisində oxuyuruq: “Gözəl libası, yaxşı təamı, yumşaq yatağı özünə zinət qərar vermə. Çünki nəfs hər bir şərin sığınacağı və hər bir pisliyin dostudur. Sən onu Allaha itaətə çağırırsan, o isə səni Allaha qarşı günaha sürükləyir. Sənin Allaha itaətinə qarşı çıxır və Allaha xoş getməyən işlərdə sənə itaət edir. Tox olduqda tüğyan, ac olduqda şikayət edir. Fəqirlik zamanı qəzəblənir, ehtiyacsızlıq zamanı qürrələnir. Yaşa dolduqda işi yaddan çıxarır, asayiş zamanı qəflətə varır. Nəfs şeytanın rəfiqi və yaxınıdır. O dəvəquşu kimidir. Çox yeyir, amma yük çatdıqda pərvaz etmir. O eynən xərzəhrə (oleandır) kimidir. Rəngi gözəldir, dadı isə acı.”
Rəvayətin bu hissəsində Allah-Taala Peyğəmbəri nəfsə itaətdən həzər qılmağa çağırır. Həzrət Peyğəmbərin məsum, günahsız olduğunu hamı bilir. Hamı bilir ki, həzrət istənilən bir büdrəmədən və nəfsə itaətdən uzaqdır. Peyğəmbərlərin məsumluğu Allahın hidayətindən bəhrələnir. İlahi vəhyin ilham olunması peyğəmbərlərin paklığının, ismətinin əsas səbəbidir. Əgər Allah-Taala öz peyğəmbərlərinə elm və paklıq verməsəydi, onların başqalarından fərqi olmazdı. Hədisdəki uyğun bəyanat daha çox başqalarını təlimləndirmək üçündür. Peyğəmbərə müraciət olunsa da, əslində uyğun tövsiyələr bütün xalqa ünvanlanmışdır. İnsan öz təkamül yolunda bu tövsiyələrdən bəhrələnməlidir.
Hədisin bu hissəsinin əsas mövzusunu nəfsə itaət edilməməsi təşkil edir. Əxlaqi söhbətlərdə və moizələrdə insana tapşırılır ki, nəfsə müxalif olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Sənin ən qatı düşmənin öz nəfsindir.” (“Biharül-ənvar”, c. 70.) Ayə və rəvayətlərdə bir bu qədər diqqət ayrılan nəfs nədir?
Nəfs birmənalı söz deyil. Hikmət və fəlsəfədə nəfs dedikdə ruh nəzərdə tutulur. Əxlaqda isə nəfs kəlməsi tamamilə başqa bir məna daşıyır. Əxlaqi mövzularda məzəmmət olunan nəfs təbii ki, ruh ola bilməz. Çünki ruh olduqca şərafətli bir məfhumdur. Allah-Taala buyurur: “Ona öz ruhumdan üfürdüm.” (“Hicr”, 29.) Demək, nəfs kəlməsini həmişə ruh kimi başa düşmək olmaz. Əxlaq kitablarındakı söhbətlərdən məlum olur ki, nəfs əqlə zidd olan bir qüvvədir. Ona görə də əxlaqi söhbətlərdə insan nəfs ilə mübarizəyə çağırılır. İnsan mübarizə meydanında bəzən nəfsin tərəfini saxlayır, bəzən də əqlin. Əslində nəfs də ruha aiddir. Ruh maddiyyata meyl etdiyi vaxt nəfs adlanır, mənəviyyata meyl etdiyi vaxt isə əql kimi təqdim edilir. Əlbəttə ki, bu əql fəlsəfədə haqqında danışılan əql deyil.
İnsanın düşməni olan nəfs onun ruhunun tərəqqisinə mane olan meyllərdən ibarətdir. İnsan ruhu elə bir yerdə qərar verilmişdir ki, həm tənəzzül edə bilər, həm də tərəqqi.
Əxlaq elmində haqqında danışılan nəfs insanı tənəzzülə aparan bir qüvvədir. Əxlaqda insan ruhunu ilahi məqsədlərə doğru səsləyən qüvvə isə əql adlanır. Demək, insan onu süquta uğratmaq istəyən nəfsdən həzər qılmalı, onunla mübarizəyə qalxmalıdır. İnsan fitrətən kamillik tələbindədir. O əqlin tələbi ilə ali kamal mərtəbəsinə can atır. Şəriət baxımından da insan Allaha doğru hərəkət etməyə vəzifəlidir. Nəfs isə bütün müsbət hərəkətlərə mane olur. Belə bir amil ilə mübarizə aparılmasa, nəfsin meyllərinə meydan verilsə, insanda müxtəlif xörəklərə, geyim-keçimə, bərbəzəyə, firavan yaşayışa maraq günbəgün artasıdır. İnsan öz daxilindəki meylə müsbət cavab verdikcə həmin meyl güclənir. Bu məna təcrübədə də sübuta yetirilmişdir. Məsələn, ramazan ayında oruc tutan insan gün keçdikcə yeməyə maraqsız olur. Amma ramazan ayı başa çatdıqdan sonra onda yeməyə meyl güclənir və çeşidli yeməklərə can atır. Deyilənlər cinsi istəklərin təmini məsələsində də özünü doğruldur. İzdivac etməmiş mömin bir gənc üçün şəhvətin qarşısını almaq izdavac etmiş insana nisbətən daha asan başa gəlir. Çünki subay gənc şəhvət tüğyanını susdurmağa adət etmişdir. İzdivac etdikdən sonra isə günah təhlükəsi artır. Yenicə ailə qurmuş mömin gənclər bu məsələdə çox diqqətli olmalıdırlar. Onlar düşünməməlidirlər ki, artıq halal yolu tapmışlar və heç bir günah təhlükəsi yoxdur. Əksinə, şeytan izdivac etmiş gəncdə daha çox vəsvəsə yaratmağa çalışır. Çünki artıq o cinsi yaxınlığın ləzzətini dadmış və onda bu meyl güclənmişdir. Digər nəfs istəkləri də belədir. Hansı sahədə nəfsə meydan verilirsə, o bütün meydanı zəbt edir.
Deyilənlər mənəvi məsələlərdə də özünü doğruldur. İlk öncə insan üçün gecə namazı qılmaq çətin gəlir. Əvvəllər zəngli saatın səsinə oyanıb, yenidən yatan insan vaxt ötdükcə saat zəng çalmamış yuxudan oyanır və çox rahat halda ibadətə məşğul olur. Bir müddət bu ibadəti davam etdirdikdən sonra bir gün gecə oyana bilmədikdə insan narahat olur və sanki qiymətli bir şey itirir.
Bəli, insanın iradəsi nəfs istəklərinə “yox” deməklə güclənir. Əlbəttə ki, insan nəfslə mübarizədə öz gücünü nəzərə almalı, çətin üsullar seçməməlidir. İlk əvvəllər nəfsin kiçik istəklərinə yox demək lazımdır. Vaxt ötdükcə bu mübarizəni gücləndirmək və nəfsi tamamilə hakimiyyət altına almaq mümkün olur. Ona görə də Allah-Taala öz həbibinə tövsiyyə edir ki, nəfs istəklərinə müsbət cavab verməsin, dadlı xörəklərdən çəkinsin, yumşaq yataqda yatmasın, gözəl libas geyməsin. Çünki bu sayaq adətlər nəhayətdə haramla sonuclanır.
İnsan halal dünya ləzzətlərində hədd gözləmədikdə yavaş-yavaş məkruh işlərə qədəm qoyur, bir də onda ayılır ki, artıq halal-haram sərhədini keçmişdir. Bir rəvayətdə belə buyurulur: “Uçurumun kənarı ilə hərəkət edən insan büdrəyib süqut edə bilər. Ona görə də uçurumdan bir qədər fasilə saxlamaq lazımdır.” Bir çox rəvayətlərdə bildirilir ki, müstəhəb işlər vacib işlərin qırmızı xətti hasarıdır. Vacib əmrləri tərk etmək istəməyən insan onun ətrafında müstəhəb əməlləri yerinə yetirməlidir. Məkruh işlər isə haram işlərin qırmızı xəttidir. Məkruh işə qədəm qoyan insan artıq qırmızı xətti keçmiş olur. Allah-Taala məkruh işləri insanla haram işlər arasında sərhəd qərar vermişdir. Harama oxşar işlərdən çəkinən insan heç vaxt harama qucaq açmaz. Digər tərəfdən vacib işlərin tərk olunmaması üçün müstəhəb işlərin görülməsi tövsiyə edilir. Nafilə, müstəhəb namazlar vacib namazların artıq-əskiyini düzəldir.


1302 بازدید