Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

İslam baxımından dünya necə bölünür?

“Əgər müsəlman ordusu kafir bir dəstəni mühasirəyə alsa və kafirlərdən biri aman istəsə, ən sıravi müsəlman ona aman verdiyi halda İslam başçısının bu amannaməyə sadiq qalması vacibdir.”
Darul-İslam, Darul-kufr, Darul-hərb, Darul-əhd, Darul-əman, Darul-zimmə, Darul-əmn, Darul-əhdinə, hudnə, muhadinə, etizal, Darul-muvadəə, Darul-həyad, Darul-sulh, Darul-hicrə, Darul-istizaf, Darul-bəğy, buğat, baği...

Mehdi Nəsuhiyan

İmam Sadiq (ə) nəql edir: “Əgər müsəlman ordusu kafir bir dəstəni mühasirəyə alsa və kafirlərdən biri aman istəsə, ən sıravi müsəlman ona aman verdiyi halda İslam başçısının bu amannaməyə sadiq qalması vacibdir.”

İslam cəmiyyətləri hakimiyyətini qeyri-müsəlman cəmiyyətləri hakimiyyətindən ayıran əqidə sərhədləri sabit coğrafi sərhədlər deyil. Bu baxımdan, İslam dünyasının sərhədləri xalqların əqidə durumundan aslıdır. İslama daha çox insan qatıldıqca Darul-İslamın da coğrafiyası genişlənir. Başqa meyarlar arasında İslam hökumətinin sərhədləri, şəriət hökumlərinin icrası, İslam ayinlərinin qorunması gəlir.
Liberalizm və Marksizm kimi böyük düşüncə məktəbləri sayağı İslam da ümumbəşərlilik, dünyəvilik iddiasındadır. Bu isə cəmiyyətin bloklara bölünməsini qaçılmaz edir.
Dünyanın bölünməsi, təsnifatı müxtəlif meyarlara əsaslanır. İslam mütəfəkkirləri və fəqihlər dini hökmləri və müxtəlif cəhətləri təsnifatda meyar kimi götürür. Bəzi təsnifatlar, bölgülər dünyanın Darul-İslam və Darul-hərb ölmaqla iki hissəyə bölünməsi kimi İslamı sual altına aparan bölgüdür. Biz bu araşdırmada dünyanın müxtəlif şəkillərdə bölünməsi ilə tanış olacağıq.
Mütəfəkkirlər və İslam fəqihləri dövrün tələbləri və ehtiyaclarını nəzərə alaraq dünyanı müxtəlif şəkillərdə bölüblər. Ümumi baxımdan bu nəzəriyyələri üç qismə bölmək olar:
1. Dünyanın düşüncə-əqidə baxımından bölgüsü;
2. Dünyanın hüquqi-siyasi baxımdan bölgüsü;
3. Dünyanın ürfi-tarixi baxımdan bölünməsi.
Dünyanın düşüncə-əqidə baxımdan bölünməsi haqqında nə deyə bilərik?
Bu bölgüdə dünya üç şəkildə bölünür: Əqidə baxımından Darul-İslam və Darul-küfrə bölünmə; hakimiyyət əhatəsi baxımından Darul-İslam və Darul-küfrə bölünmə; şəriət hökmlərinin icrası baxımından Darul-İslam və Darul-küfrə bölünmə.
Əqidə baxımından bölgüdə torpaq, dərinin rəngi, millət, dil, qan kimi fərqlər nəzərə alınmır. Bu bölgüdə meyar insanların İslam əsaslarına inanmasıdır. Bu bölgüdə bütün qeyri-müsəlman dünya Darul-kufr hesab olunur.
Əqidə əsasında bölgüdə insanların fizialoji fərqləri meyar deyil. İslam əsaslarına, üsuli-dinə inananlar Darul-İslama, bu əqidədə olmayanlar Darul-küfrə aid edilir. İslam fiqhində bu bölgüyə uyğun olaraq Darul-İslam və Darul-küfr üçün hökmlər nəzərdə tutulur.
Hakimiyyət baxımından bölgüdə Darul-İslam dedikdə İslam hakimiyyəti altında olan bütün ölkələr nəzərdə tutulur. Bu ölkələrin vətəndaşları adətən müsəlmanlardır. Əgər qeyri-müsəlman azlıqlar varsa, onlar üçün xüsusi hüquqlar nəzərdə tutulub, amma onların İslam hakimiyyətinə tabe olması şərtdir. İslam tarixində başlanğıcda Darul-İslam dedikdə İslam xilafətinin sərhədləri daxilindəki ərazi nəzərdə tutulub. Xəlifə institutu zəiflədikcə, padşahlıqlar ortaya çıxdıqca vəziyyət dəyişib.
Əllamə Hilli öz fiqhi araşdırmalarında sahibsiz uşaq hökmündən danışarkən Darul-İslam və Darul-küfrün əhatə dairəsini müəyyənləşdirir. O deyir ki, şafeilər Darul-İslamı üç qismə bölüblər: Bəsrə, Kufə, Bağdad kimi müsəlmanlar tərəfindən yaradılmış şəhərlər; müsəlmanların fəth etdiyi və yerli əhalinin cizyə ödədiyi şəhərlər; əvvəlcə müsəlmanların ixtiyarında olub, sonradan müşriklər tərəfindən qəsb olunmuş şəhərlər. Sonra isə Əllamə Hilli öz baxışını bəyan edir. O, Darul-İslam və Darul-küfrün hər birini iki qrupa bölür. Müsəlmanların yaratdığı və hazırda sahib olduğu yerlər; müsəlmanların müharibələrdə fəth etdiyi yerlər. Darul-küfrə aid olan iki hissə: Əvvəlcə müsəlmanlara aid olub, sonradan kafirlərin nəzarətinə keçən yerlər; kafirlər tərəfindən yaradılan və hazırda onların ixtiyarında olan yerlər.
Bu baxışla harada müsəlmanlar varsa və hakimiyyət onların əlindəsə Darul-İslamdır, harada hakimiyyət kafirlərin əlindəsə Darul-küfrdür.
Əgər Darul-İslama aid olan torpaqların bir hissəsinə İslam düşmənləri təcavüz edərsə bu torpaqların müdafiəsinə qalxmaq müsəlmanlara vacibi-kifaidir, yəni ehtiyac duyulan qüvvə toplanana qədər vacibdir. Daha artıq qüvvəyə ehtiyac olduqda müsəlmanların müdafiəyə qalxması vacibi-eyni olur, yəni lazım olan qüvvənin toplanıb-toplanmamasından asılı olmayaraq bütün müsəlmanlara vacibdir. Bu vəzifəni yerinə yetirməyən məsuliyyət daşıyır.
Bu baxışla, Darul-İslama aid olan torpaqlar düşmənlər tərəfindən istila olunsa da İslam torpağı sayılır, İslam hökmlərinin tətbiqi orada dayandırılmır. Zaman baxımından bu vəziyyət nə qədər davam edərsə müdafiə hökmü də qüvvədə qalır. Bu baxışa əsasən, Darul-küfr dedikdə qeyri-islami məmləkətlər nəzərdə tutulur. Bu ölkənin sakinləri tam və ya əksəriyyətlə qeyri-müsəlmanlardır. Müsəlmanların nəzərində onlar kafirdirlər. Orada müsəlmanlar azlıqda yaşadığı zaman kafir hakimiyyətə tabe olurlar, amma dini vəzifələrin yerinə yetirilməsi baxımından tam azaddırlar.
İslam hökmlərinin icrası baxımından dünyanın Darul-İslam və Darul-küfrə bölünməsi haqqında nə deyə bilərik? Bu nəzəriyyədə daha çox Darul-İslam üzərində danışılır. Hətta müsəlmanların öz dini vəzifələrinə əməl edə bildikləri qeyri-islami ölkələr Darul-İslama aid edilir. Bu baxımdan Darul-İslam dedikdə azlıqda olan müsəlmanların dini vəzifələrinə əməl edə bilməsi də təsirli sayılır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, zühur və İslamın təcəllası dini hökm və dəyərlərin zühuru və təcəllasına bağlıdır. Əgər bir ərazidə dini hökmlər icra olunmursa onu Darul-İslam adlandırmaq olmaz. Demək, vahid bir ərazi müəyyən bir zamanda Darul-İslam, başqa bir zamanda Darul-küfr hesab oluna bilər. Bu nəzəriyyədə hər şey İslam hökmlərinin icrası ilə əlaqələndirilir.
Burada Darul-küfr məhdud bir əhatəyə malikdir. Darul-küfr dedikdə sakinlərin heç bir dini vəzifəyə əməl etmədiyi yer nəzərdə tutulur. Darul-küfr və ya Darul-hərb İslam qanunlarının işləmədiyi bir ərazidir. 19-cu əsrin sonlarında Hindistan Britaniyanın müstəmləkəsi idi. Amma fəqihlər deyirdilər ki, bu ölkənin bir hissəsində şəriət hökmləri icra olunduğundan ora Darul-İslam sayılır. Bu alimlərin nəzərincə bir yerin Darul-İslam və ya Darul-küfr sayılmasının meyarı orada İslam hökmlərinin icrası, İslam hakimiyyətidir.
Birinci və ikinci nəzəriyyələrə əsasən bu gün İslam coğrafiyasında yerləşən bəzi ölkələri Darul-İslamdan saymamalıyıq. Məsələn, Türkiyədə İslam qanunları hakim olmadığından Darul-İslam sayılmamalıdır. Amma bu ölkəni Darul-küfr, Darul-hərb də adlandırmaq düzgün olmazdı. Ötəri bir baxışla belə bir qənaətə gəlmək olar ki, İslam yer üzünü hücum edən və hücuma məruz qalan olmaqla iki bloka ayırır. Belə bir mühakimə əslində cihad mövzusunda yer almışdır. Fəqihlər cihaddan danışarkən bu bölgünü aparır. Beləcə, əhalisinin əksəriyyəti qeyri-müsəlman olan ərazilər Darul-küfr adlandırıla bilər. İslam baxımından müharibə bəyənilmir və İslam dinc-yanaşı yaşamağı, sülhü prioritet sayır.
Dünyanın hüquqi-siyasi baxımdan bölgüsünə əsasən ayrı-ayrı ərazilərdə hansı qanunların hakim olması əsas götürülür. Darul-İslam sözü özü hüquqi yanaşmada fərqli məna daşıyır. Əgər müsəlmanların yaşadığı məntəqədə bir uşaq tapılarsa o müsəlman övladı sayılır. Nəticədə uşaq müsəlman kimi qəbul edilir və İslamın nəzərdə tutduğu hüquq və vəzifələr ona aid olur.
Araşdırmanı bir qədər dərinləşdirdikdə aydın olur ki, Darul-İslam və Darul-küfrdən kənarda üçüncü qisim ərazilər də var. Aydın məsələdir ki, qeyri-islami dövlətlər və ərazilərdə adətən İslama münasibət mənfidir. Bununla belə Darul-İslam və Darul-küfrdən fərqli xüsusiyyətlərə malik ərazilər də var.
Mətnlərdə Darul-əhd adlı bir məfhum yer alıb. Quran ayələrində müsəlmanlar müqavilə bağladıqları, əhd-peyman imzaladıqları insanlara qarşı sədaqətli olmağa çağırılır. Tövbə surəsinin 4-cü ayəsində bu barədə danışılır. Ayədə oxuyuruq ki, müşriklərə arxa çevirmək dedikdə müsəlmanlarla əhd-peyman bağlayanlar və ona sadiq qalanlar nəzərdə tutulmur. Əgər bu zümrə İslam düşmənlərinə kömək etmirsə onları Darul-küfrə aid etmək olmur. Quran bu qəbildən olan insanlarla əhd-peymana sadiq qalmağa çağırılır. Darul-əhd dedikdə müsəlmanlarla müqavilə bağlayıb İslam ümməti ilə dinc-yanaşı yaşayan dövlətlər və ölkələr nəzərdə tutulur. Müsəlmanlarla bu millətlər arasında rabitələr razılaşdırılmış qanunlar əsasında tənzimlənir. Darul-zimmə, Darul-əmn, Darus-sülh kimi ərazilər birlikdə Darul-əhdə daxildir.
Təsnifatda Darul-əman ifadəsi ilə rastlaşırıq. Beynəlxalq öhdəçiliklərə əsasən müsəlmanlar qarşısında öz üzərinə vəzifə götürüb onun yerinə yetirənlər fəqihlərin nəzərincə Darul-əman qisminə aiddir. Şeyx Tusi üç növ aman qeyd edir. O bildirir ki, müsəlmanların imamı bütün millətlər və xalqlarla aman müqaviləsi bağlaya bilər. Hakimiyyətin nəzarəti altında olan ərazilərdə bu müqavilə qüvvədədir. Üçüncü növ aman fərdlərə aiddir. Hər bir müsəlman fərd kafir fərdə aman verə bilər. Amma fərd bir şəhər əhalisinə aman verə bilməz. Burada aman vermək təhlükəsizliyin təmini mənasındadır. İmam Sadiq (ə) nəql edir: “Əgər müsəlman ordusu kafir bir dəstəni mühasirəyə alsa və kafirlərdən biri aman istəsə, ən sıravi müsəlman ona aman verdiyi halda İslam başçısının bu amannaməyə sadiq qalması vacibdir.” Əmirəlmömininin (ə) iştirak etdiyi döyüşlərdən birində ordu bir qalanı mühasirəyə aldı. Qələbə astanasında müsəlman qullardan biri ucadan qala əhlinə aman verdiyini söylədi. Bu qulun sözü ilə müsəlmanlar hücumu dayandırıb mühasirəyə son qoydular.
Hədislərdən aydın olur ki, aman vermək, təhlükəsizliyin təminini öz üzərinə götürmək təkcə imam və ya komandanlara aid deyil. Bütün müsəlmanların belə bir hüququ var. Sadəcə başqa şəriət hökmlərində olduğu kimi bu hökmdə də insanın ağıllı, yetkinlik yaşına çatmış olması şərtdir. Ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadın qul olsa belə aman vermək hüququna malikdir. Aman vermək üçün yeganə şərt qarşı tərəfin İslam və müsəlmanlar üçün təhlükəli olmamasıdır. Amma bu şəxsin İslam və müsəlmanlara faydalı olması şərt sayılmır. Əksər fəqihlər amannamə müddətini bir il elan edir. Amannamə yazılı, şifahi ola bilər, hətta işarə ilə həyata keçə bilər.
Aman alanlar bütün insani haqlardan faydalanırlar, onların canı və malı, şəxsiyyəti qorunur. Onlara qarşı bir təcavüz, təzyiq olarsa, İslam dövlətinin vəzifəsidir ki, onlara dəyən zərəri beytül-maldan ödəsin.
Darul-hudnə elə bir ərazi və ya o ölkəyə deyilir ki, bu ölkə ilə İslam dövləti arasında bir-birinə hücum etməmək barədə saziş olsun. Belə bir müqavilənin qanunilik şərti budur ki, müqavilə müsəlmanların xeyrinə olsun. Hudnə kafirlərin islama gəlişi üçün zəmin yaradır. Hudnə şərtləri müsəlmanları gücləndirir. Kiçik zərərlərlə İslam və müsəlmanlardan böyük zərərlər uzaqlaşdırılır. Ondan əlavə müsəlmanlar üçün müdafiə qüvvələri hazırlanır.
Fəqihlər muhadinə, yəni sülhü bütün qeyri-müsəlmanlarla qanuni sayır. Kitab əhli ilə kitab əhli olmayanlar arasında fərq qoyulmur. Kim bu müqaviləyə qoşularsa, onların canı və malı, şəxsiyyəti qorunur. İslam dövləti heç bir bəhanə ilə hudnə müqaviləsini poza bilməz. Yalnız qarşı tərəf xəyanətə əl atdıqda və bu sübuta yetdikdə müqaviləni pozmaq mümkündür.
Zimmə ilə muhadinə arasında fərqlər var. Zimmə müqaviləsi daimidir, muhadinə müqaviləsi müvəqqətidir. Zimmə müqaviləsində cizyə kimi vergi var, muhadinədə isə belə bir vergi nəzərdə tutulmayıb. Zimmə müqaviləsinin qəbulu İslam dövləti üçün zəruridir, muhadinə müqaviləsinin qəbulu isə zəruri deyil. Təhlükə ehtimalı olan yerdə muhadinə məqbul sayılmır. Amma zimmə müqaviləsi zəruri istisnalarla rədd olunmur.
Diqqət yetirək ki, muhadinə məsuliyyəti məsum imam və ya onun nümayəndəsinin üzərinədir. Çünki muhadinədən sonra böyük ictimai-siyasi mahiyyətə malik olan cihad kənara qoyulur. Amma ayrı-ayrı şəxslər özbaşına muhadinə sazişi bağlaya bilməz. Muhadinədə mühüm şərtlərdən biri İslam və müsəlmanların ziyanına addım atılmamasıdır. Məsələn, kafirlərə silah verməmək bu qəbildəndir. Saziş mətnində muhadinə müddəti qeyd olunur. Amma İslam hökuməti bu müqaviləni pozmaq hüququnu özündə saxlayır. Muhadinə müddətini bəzi fəqihlər dörd ay, bəziləri bir il qeyd edir. Bu müddətin təyinində İslam dövlətinin nəzəri mühümdür.
Həzrət Peyğəmbər (s) Əhzab muharibəsində düşmən cəbhəsini zəiflətmək üçün Qüreyş müttəfiqlərindən birinə təklif etdi ki, Mədinə xurmasının üçdə birini almaq müqabilində o və qövmü Qüreyşlə həmkarlıqdan çəkinsin.
Bölgüdə yer alan zümrələrdən biri də Darul-həyaddır. Buna etizal da deyirlər. Darul-həyad elə bir torpaq, elə bir ölkəyə deyilir ki, Darul-İslamla Darul-hərb arasında münaqişə yarananda buna qoşulmamaq siyasəti yürütsün, hərbi əməliyyatlarda bitərəf qalsın. Darul-həyad tərəflərlə ikitərəfli və ya çox tərəfli müqavilələr bağlaya bilər. Etizal siyasəti başqa millətlərin Darul-İslamla rabitələrində böyük əhəmiyyət kəsb edir. Darul-İslam özü də etizal siyasəti əsasında başqa dövlətlərlə münasibət qura bilər. Böyük itkilərlə başa gələn böhranların qarşısının alınmasında etizal siyasətinin əhəmiyəti var. Təbii ki, bitərəflik siyasətində də məntiq və qanunilik olmalıdır. Bu gün İslam Cümhuriyyətinin “nə şərq, nə qərb” siyasəti də bir növ bitərəflik siyasətidir. Çünki şərqlə qərb arasında münaqişələrə qoşulmaq iki tərəfdən birinin işlərinə müdaxilə kimi dəyərləndirilə bilər. Dünyanın iki böyük gücü arasında münaqişə yaranarsa bu zaman İslam dövlətinin onların münaqişəsinə qoşulması məqbul deyil. Bitərəfliyin özünün də şəraiti var. Darul-İslam bir neçə dövlətə və ya dünya ölkələrinə qarşı müəyyən məsələlərdə bitərəf qala bilər. Bitərəflik həmişəlik və müvəqqəti ola bilər. Bitərəflik şərti və mütləq ola bilər. Bitərəfliyin siyasi və hərbi cəhəti ola bilər. Bir ölkənin bitərəflik siyasəti yürüdüb bu barədə öz üzərinə öhdəçilik götürməsi o deməkdir ki, heç bir qarşıdurmada iştirak etmir, heç bir tərəfə yardım göstərmir, nə silah verir, nə də ərzaq. Tərəflərdən birini gücləndirəcək heç bir addıma yol verilmir. Müvəqqəti və ya daimi olaraq belə bir qərar müəyyən şərtlər daxilində qəbul olunur. Müsəlmanlara ehtiramla yanaşılmalıdır. Tarixdə Həbəşə padşahı Nəccaşinin müsəlmanlarla mehriban rəftarı yer alıb. Bu barədə Həzrət Peyğəmbər (s) buyurur: “Əgər həbəşilər sizə etiraz etmədilərsə, onlara toxunmayın.” Digər bir nöqtə hərbi vəziyyətin nəzərə alınmasıdır. Əgər bir ölkə Darul-İslamdan çox uzaq, əlçatmaz olarsa həmin ölkəni bitərəf kimi qəbul etmək olar. İslamın ilk əvvəllərində Şimali Sudan ərazisi belə qəbul olunurdu. Bəzən də beynəlxalq rəqabətlər elə bir şərait yaradır ki, İslam ölkələri bir ərazini bitərəf elan edir. Hicri-qəməri 26-cı ildə Kiprin bitərəfliyi buna misal ola bilər.
Dünyanın təsnifatında ərazi vahidlərindən biri də Darul-muvadəədir. Darul-muvadəə elə bir ərazidir ki, bu ərazinin insanları düşmənçilik etməməklə bağlı Darul-İslamla müqavilə bağlayıblar. Fiqhi baxımdan muvadəə amal müqaviləsinin müvəqqəti formasıdır. Muvadəə muahidə və muhadinə sözlərinin sinonimi kimi də işlənir. Şiə fiqhində muvadəə ayrıca qeyd olunmayıb. Bu müqavilə muhadinə müqaviləsinin bir növü kimi nəzərdən keçirilir. Muhadinə dedikdə müharibənin başa çatdırılması və müharibənin qarşısının alınması mənasındadır. Muvadəə isə daha çox müharibəyə son verilməsinə aid edilir. Qeyd etdiyimiz kimi, şiə fiqhində bu iki müqavilə arasında diqqəti cəlb edən fərq yoxdur.
Başqa bir ərazi vahidi Darul-sülhdür. Darul-sülh elə bir ərazidir ki, Darul-İslamla sülh müqaviləsi imzalayıb. Fəqihlərin ümumi nəzəri budur ki, İslam dövləti belə bir sülh bağlaya bilər. Amma bu sülhün zimmə, hüdnə, aman və ya başqa növdən olması ilə bağlı fərqli fikirlər var.
Əllamə Hilli deyir: “Müsəlmanların imamı qeyri-müsəlmanlarla sülh müqaviləsi bağlaya bilər. Fəqihlərin ümumi rəyi budur. Çünki müharibə imamın qərarı ilə bağlıdır. İmamın adil fəqihlərdən ibarət nümayəndəsi, ümumi vilayət kimi qəbul etməsək belə, sülh barədə qərar çıxardıqda bu mötəbərdir.”
İmam və onu nümayəndəsi İslam dövləti tərəfindən sülh bağlayarkən yuxarıda qeyd olunan müqavilələrin şərtindən kənar da şərtlər daxilində Darul-küfrlə müqavilə bağlaya bilər. Əllamə Hillinin nəzərincə, müharibə təhlükəsi olmayan sülh şəraitində Darul-İslamın məsləhətini, mənafelərini nəzərə alaraq İslam dövləti Darul-hərblə müzakirələr aparıb, sülh müqaviləsi imzalaya bilər.
Başqa bir ərazi vahidi Darul-hicrədir. Darul-hicrə elə bir təhlükəsiz məhəldir ki, müsəlmanlar orada azad şəkildə öz dini vəzifələrini yerinə yetirə bilirlər. Darul-İslam Darul-hicrənin nümunəsidir. Bəzən Darul-küfrün bir hissəsi də xüsusi şəraitdə Darul-hicrə sayıla bilər.
Həzrət Peyğəmbərin (s) dövründə Mədinə yeganə Darul-hicrə deyildi. Bəziləri peyğəmbərin icazəsi ilə Həbəşəyə mühacirət etmişdilər. Hüdəybiyyə sülhündən sonra Məkkə əhalisinin bir hissəsi İslamı qəbul etdi, amma Məkkədəki vəziyyətə dözə bilməyib Mədinəyə üz tutdu. Məkkə ilə Mədinə arasında bir məhəl seçməyə məcbur oldular.
Dünyanın təsnifatında ərazi vahidlərindən biri də Darul-istizafdır. Darul-istizaf Darul-hicrənin əksidir. Darul-istizaf elə bir yerdir ki, orada dindarlıq üçün, dini vəzifələrin yerinə yetirilməsi üçün azad şərait yoxdur, təzyiqlər var. Həmin yerdə dövlət dini vəzifələrinə əməl etmək istəyən müsəlmanları incidir. Fəqihlərin nəzərincə belə bir yerdən mühacirət etmək lazımdır.
Bəziləri Darul-istizaf sözünü belə izah edir: Darul-istizaf belə bir yerdir ki, insanlar orada azad düşünüb, azad yaşaya bilmirlər, dini ayinləri və mərasimləri yerinə yetirmək azadlıqları yoxdur. Zalım hakimlər dindar qrupları özləri üçün təhlükə saydıqlarından onları incidir, hüquqlarını məhdudlaşdırırlar.
Darul-hicrə Darul-İslamın nümunəsi olduğu kimi istizaf da Darul-küfrün bir nümunəsidir. Qurani-Kərim istizafı rədd edir, insanları bu şəraitdən xilas olmağa çağırır.
Dini baxımdan təsnifatda ərazi vahidlərindən biri Darul-bəğydir. Bəğy sözünün lüğət mənası zülm və təcavüzdür. Siyasi fiqh terminalogiyasında bəğy elə bir müsəlmana deyilir ki, haqqı ardınca getdiyi zaman yolunu azıb İslam hökumətinin əleyhinə qalxmış olsun. Darul-bəğy dedikdə elə bir yer nəzərdə tutulur ki, həmin yerin əhalisi müsəlman olsa belə İslam hökumətinə qarşıdırlar. Onlar imam və onun naibini qəbul etmirlər. Buğat sözünün izahında deyilir ki, İslam dövlətinə qarşı azğın təfəkkür buğatdır. Onlar xalqı da imam və onun nümayəndəsinə qarşı ayağa qaldırırlar. Darul-İslamda imama itaət etməyən firqə və qruplar, silahlı qiyama əl atanlar baği sayılır. İmamın hakimiyyətini devirmək fikrində olanlar, İslam cəmiyyətinin sabitliyini pozanlar da bu qrupdandır. Darul-İslamı parçalamaq fikrinə düşənlər, bu məqsədlə qiyam qaldıranlar, mərkəzi hökumətə qarşı çıxanlar baği sayılır. Bağinin başqa bir nümunəsi gizli fəaliyyətlər təbliğat yolu ilə Darul-İslama qarşı fəaliyyət göstərən qrupdur. Əgər bir qrup ölkə daxilində və ya xaricdən silaha əl ataraq İslam dövlətinə qarşı çıxarsa bu insanlar baği sayılır. Ədalətli sülh müqaviləsi imzalandıqdan sonra rəqibə qarşı təcavüz fikrinə düşənlər də baği sayılır.
Bəğy əhlinə qarşı İslam dövlətinin siyasəti və hesablanmış rəftarları var. Əvvəla İslam dövləti bu qrupla müzakirələrə gedib, problemi sülh yolu ilə həll etmək istəyir. Bəğy əhli tutduğu yoldan daşınmağa dəvət olunur. Əgər qiyam qaldırarlar qərar çıxarmaq üçün möhlət istəsələr onlara möhlət verilir. Həmin müddət ərzində İslam dövləti onların hərəkətlərini izləyir. Əgər müsbətə doğru hərəkət görərsə möhlət verir, hiyləyə əl atdıqlarına şahid olarsa onlara qarşı fəaliyyətə keçir. İslam dövləti bəğy əhli ilə sülh yolu ilə razılığa gələ bilməyəndə, hətta maddi köməklər bahasına onları razı sala bilmədikdə həmin qrupu cəzalandırmaq üçün qərar çıxarır. Bu zaman bütün müsəlmanların imamın çağırışına müsbət cavab verməsi vacib olur. Bu zaman qiyam qaldıranların atəşkəs istəyi qəbul edilmir. Artıq onların cəzalandırılması qərarı qətidir və mühakiməyə qədər güzəşt yoxdur.

Vilayet.nur-az.com


1127 بازدید
در حال ارسال اطلاعا