Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Həzrət Əbdüləzimin (ə) həyatına bir baxış

İmam Hadi (ə) ona sual verənləri bəzən həzrət Əbdüləzimin (ə) görüşünə göndərib
Abdullah ibn Əlinin oğlu Əbdüləzim (ə) İmam Həsən Müctəbanın (ə) nəvələrindəndir. Dörd vasitə ilə əsil-nəsəbi imama çatır. Atasının adı Abdullah, anasının adı Fatimə olub. Fatimə Üqbə ibn Qeysin qızıdır. Həzrət Əbdüləzim (ə) hicri-qəməri 173-cü ildə müqəddəs Mədinə şəhərində dünyaya göz açıb. 79 illik bərəkətli ömründə İmam Musa Kazim (ə), İmam Riza (ə), İmam Muhəmməd Təqi (ə) və İmam Əliyyən Nəqinin (ə) hüzurunda olub. Dörd imamın həyatı zamanı yaşaması barədə hədislər kifayət qədərdir. Həzrət Əbdüləzim (ə) İmam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınıb. Əbdüləzim Həsəni (ə) şiə alimlərindən, məsumlardan hədis nəql edənlərdən olub. O mübariz bir şəxs kimi tanınıb, hörmət və etimad sahibi olub. Əhli-beyt (ə) yolunu gedib, dini maarifdən, Quran hökmlərindən dərin məlumata malik olub. Həzrət Əbdüləzim Həsəni (ə) tanınmayan müsafir kimi Reyə (İran) daxil olub. Sikkeyi Məvali küçəsində Sərbanan məhəlləsində şiələrdən birinin evinə gedib. Sonrakı imamlardan nəql olunan sözlər Həzrət Əbdüləzimin (ə) böyük şəxsiyyətə malik olduğunu göstərir. İmam Hadi (ə) bəzən ona sual verənləri Həzrət Əbdüləzim Həsəninin (ə) görüşünə göndərib. Onu həqiqi dostlardan sayıb və belə tanıtdırıb. Şiə alimlərinin əsərlərində də həzrət Əbdüləzim (ə) haqqında təriflər, xoş sözlər var. Onu həqiqi abid, zahid, təqva əhli, alim, mənəviyyatlı bir şəxs kimi təqdim ediblər. Hətta rəvayətlərdə bu şəxsi ziyarət etməyin savabından yazılıb. Bildirilir ki, həzrət Əbdüləzimi (ə) ziyarət etmək İmam Huseynin (ə) ziyarətinin savabına malikdir. Həzrət Əbdüləzim (ə) nə üçün Mədinədən Reyə köçdü, qürbətdə yaşadı? Bunu o dövrün ictimai-siyasi durumu ilə əlaqələndirmək olar. Abbasi xəlifələri Həzrət Peyğəmbərin (s) ailəsinə qarşı, şiələrə münasibətdə olduqca amansız və sərt idilər. Bu xəlifələr arasında Mütəvəkkil daha qəddar, daha amansız idi. O, Əhli-beyt (ə) ailəsi, onların davamçıları ilə sərt rəftar edərdi. Hakimiyyətdə olduğu dövrdə bir neçə dəfə Kərbəlada İmam Hüseynin (ə) məzarını söküb, torpaqla bir edib. İmam Hüseynin (ə) ziyarətinin qarşısını alıb. Mütəvəkkilin dövründə seyidlər, ələvilər çox ağır vəziyyətdə olub. Həzrət Əbdüləzim (ə) də öz növbəsində qəddar xəlifələrin qəzəbindən amanda qalmayıb. Dəfələrlə həzrəti qətlə yetirmək istəyiblər. Sadəcə fırıldaqçı araqarışdıranların sözü ilə bu insanlar incidilib. Əbdüləzim (ə) İmam Hadinin (ə) hüzuruna gəlib öz əqidəsi barədə danışmışdı. İmam Hadi (ə) buyurmuşdu ki, sən bizim dostlarımızdansan. Xəlifəyə həzrət Əbdüləzimin (ə) Samirrada İmam Hadi (ə) ilə görüşdüyünü xəbər vermişdilər. Xəlifə göstəriş verdi ki, Həzrət Əbdüləzim (ə) həbs edilsin. Həzrət Əbdüləzim (ə) bu təhlükədən qurtarmaq üçün gizlənməyə məcbur oldu və nəhayət Reyə gəlib çıxdı. Yaşamaq üçün bu şəhərdə məskunlaşdı. Təbii ki, həzrət Əbdüləzim (ə) Reydəki ictimai-siyasi şəraiti yaşamaq üçün münasib görmüşdü. Elə həmin illərdə Rey müsəlmanların məskunlaşdığı mühüm mərkəzlərdən idi. Buranın torpağı münbit, bərəkətli idi. Ömər Səd bəkərətli Reyə hakim olmaq xatirinə Kərbəlada İmam Hüseynə (ə) qarşı çıxdı. Reydə həm sünnə əhli, həm şiələr yaşayırdılar. Şəhərin cənubunda, cənub-qərbində şiələr daha çox məskunlaşmışdı. Həzrət Əbdüləzim (ə) şəhərə daxil olduğu zaman onu tanıyan yox idi. Bir müddət belə tanınmadan yaşadı. Həzrət zirzəmində yaşayırdı. Şəhərə az çıxırdı. Gündüzlər oruc tutur, gecələr ibadət edirdi. Şiələrin az bir qismi onu tanıyırdı. Onun şəxsiyyətindən xəbərdar olan az idi. Ziyarətinə də gizli şəkildə gəlirdilər. Çalışırdılar ki, onun kimliyindən xəbər tutan olmasın. Zaman ötdükcə Həzrət Əbdüləzimi (ə) tanıyanlar artdı. Artıq onun evinə get-gəl çoxalmışdı. Onun söhbətlərindən, elmindən, nəql etdiyi rəvayətlərdən bəhrələnir, Əhli-beytin (ə) ətrini ondan alırdılar. Onu imamların yadigarı kimi qəbul edir, başına pərvanə kimi fırlanırdılar. Həzrət Əbdüləzim (ə) Rey şiələri arasında böyük hörmətə malik idi, şiələr öz sualları ilə ona müraciət edirdilər. Həzrət Əbdüləzimin (ə) bu şəkildə qəbul olunması onun nüfuzundan danışır. Belə bir məlumat da var ki, bəzrət Əbdüləzim (ə) İmam Hadi (ə) tərəfindən həmin məntəqədə vəkillik səlahiyyəti alıb. Xalq onun sözünü İmamın sözü kimi qəbul edib, dini və dünyəvi məsələlərdə onun göstərişlərinə əməl edib. Həzrət Əbdüləzim (ə) ömrünün son günlərini xəstəliklə keçirdi. Böyük iman mücəssəməsi yatağa düşdü, onun bu vəziyyəti şiələr üçün böyük dərd oldu. İmamı abbasilər dövründə şiələrin ağır durumu çox narahat edirdi. Reyin pak şiələrindən biri bir gecə yuxuda gördü ki, Həzrət Peyğəmbər (s) ona buyurur: “Sabah övladlarımdan biri Sikkeyi-Məvla məhəlində dünyasını dəyişəcək, şiələr onu çiyinlərinə alıb Əbdülcəbbar bağına aparacaq, alma ağacının yaxınlığında dəfn edəcək.” Həmin şiə səhəri gün deyilən bağa gedib bu bağı pulla aldı. Gördüyü yuxu sadiq olacağı təqdirdə savab qazanmaq məqsədi vardı. Bağ sahibi Əbdülcəbbar özü də oxşar bir yuxu görmüşdü. Bu məqsədlə bağın bir hissəsini şiələrin dəfn olunması üçün vəqf etdi. Bəli, röya sadiq oldu. Deyilən gün həzrət Əbdüləzim (ə) dünyasını dəyişdi. Peyğəmbər (s) nəvəsinin ölüm xəbəri dilbədil gəzməyə başladı. Müsəlmanlar qara geyindilər, həzrət Əbdüləzim Həsəninin (ə) evi ətrafına toplandılar. Cənazəyə qüsl verildi. Tarixçilər yazır ki, qüsl zamanı həzrət Əbdüləzimin (ə) köynəyinin cibindən bir kağız tapdılar. O bu kağızda öz adını, əsil-nəsəbini yazmışdı. Onun cənazəsinə namaz qıldılar, cənazəni çiyinlərinə alıb izdihamla Əbdülcəbbar bağına gətirdilər. Həzrət Əbdüləzimi (ə) sadiq röya əsasında həmin alma ağacının kənarında dəfn etdilər. Həmin gündən bu günə qədər Həzrət Əbdüləzimin (ə) pak məzarı şiələr və Əhli-Beyt (ə) ardıcıllarının ziyarətgahı, eşq ocağıdır.

Vilayet.nur-az.com


1389 بازدید
در حال ارسال اطلاعات...