Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında

İmam Riza: Həqiqəti aşkarladığın üçün Allah dünya və axirətdə səni xoşbəxt etsin!
Adı Əhməd, ikinci adı Şah Çıraq, Seyyidus-sadat, künyəsi Əbu Abdullah, atasının adı İmam Musa Kazim (ə), anası Ümmü Əhməd, doğulduğu tarix məlum deyil, şəhadət tarixi hicri-qəməri 203-218-ci illər arası, qatili: Şiraz hakimi (Məmun Abbasinin hökmü ilə qətlə yetirilib), dəfn olunduğu yer Şiraz ...
Həzrət Əhməd ibn Musa Şah Çirağın doğum tarixi dəqiq məlum deyil. Fars ustanının mədəniyyət şurasında Həzrət Əhməd ibn Musanın anım günü üçün bir gün seçilib. Onun doğum tarixini xatirə günü kimi qeyd edirlər. Bu məqsədlə tarixçilər araşdırmalara başlayıb, amma sonda bu nəticəyə gəliblər ki, həmin günü dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu barədə tarixi mənbələrdə fərqli günlər göstərilib. Buna görə də belə bir qərar çıxarılıb ki, Xanım Məsumə ilə İmam Rzanın (ə) mövlud günləri arasındakı on günlükdə bir gün Həzrət Əhməd ibn Musanın mövlud günü kimi seçilsin.
Həzrət Seyyid Əmir Əhməd Şah Çıraq İmam Musa Kazimin (ə) böyük övladıdır. Onun anası Ümmü Əhməd adı ilə tanınır. Bu xanımın İmam Musanın (ə) bəzi övladlarının anası olduğu bildirilir. Xanım Ümmü Əhməd elmli, təqvalı və İmam üçün əziz bir xanım olub. İmam öz sirlərini ona deyib, əmanətlərini ona tapşırıb. İmam Musa Kazimin (ə) şəhadət xəbəri Mədinədə yayıldığı zaman xalq Ümmü Əhmədin evinin qarşısına toplandı. Həzrət Seyyid Əhmədi özləri ilə məscidə apardılar, bu gənc böyük kəramət və təqvaya malik olduğundan onun atasının canişini olduğunu düşündülər. Bu düşüncə ilə imam sayaraq ona beyət etdilər. Həzrət Əhməd minbərə qalxdı, bəlağətli bir xütbə oxudu. O buyurdu: “Hazırda siz mənə beyət etmisiniz və mənə tabe olmusunuz. Mən sizi qardaşım Əli ibn Musaya (ə) beyət etməyə çağırıram. Bilin ki, atamdan sonra imamətdə onun canişini qardaşım Əli ibn Musadır (ə). O Allahın xəlifəsidir. Mənə və sizə vacibdir ki, onu Allah və Onun Rəsulu (s) tərəfindən imam kimi tanıyaq, onun göstərişlərinə itaət edək.”
Sonra qardaşının fəzilətlərindən, böyük məqamından danışmağa başladı. Məclisdəkilər onun sözünü qəbul etdilər və Seyid Əhmədin göstərişi ilə onun beyətindən çıxıb İmam Əli ibn Musa Rizanın (ə) beyətinə keçdilər. İmam Riza (ə) qardaşı haqqında dua edərək buyurdu: “Həqiqəti gizli saxlamayıb aşkarladığın üçün Allah dünya və axirətdə səni xoşbəxt etsin.”
Səkkizinci imam İmam Riza (ə) Xorasana gəldikdən sonra vilayət və Əhli-Beyt (ə) aşiqləri onun ziyarətinə axışırdılar. Həzrət Əhməd ibn Musa da həmin illərdə qardaşları Əmir Məhəmməd Abi və Seyyid Əlaəddin Huseynlə, o cümlədən bir qrup Əhli-Beyt (ə) aşiqləri ilə İmam Rizanın (ə) ziyarəti üçün Mədinədən yola düşdü. Onlar Şirazdan keçib Tusa getmək istəyirdilər. Yolda onlara qoşulan şiələr çox idi. Böyük bir dəstənin Xorasana üz tutduğunu eşidən xəlifə abbasi Məmun qorxuya düşdü. Ziyarət karvanı irəli getdikcə böyüyür, izdiham artırdı və xəlifə bu xəbərləri eşitdikcə nigarançılıq keçirirdi. Mənbələrdə yazılır ki, bu karvan Şiraz yaxınlığına çatanda ziyarətçilərin sayı 15 min nəfərə çatmışdı. Bu barədə xəlifə Məmuna xəbər çatdırdılar. Xəlifə düşünürdü ki, əgər belə bir cəmiyyət İmam Rizanın (ə) görüşünə gəlib ona qoşularsa hadisələrə nəzarət etmək çətin olacaq. Buna görə də göstəriş verdi ki, karvanın qarşısı kəsilsin. Karvanı yenidən Mədinəyə qaytarmaq istəyirdilər. O zaman Şirazın hakimi Qətləğ Xan adlı bir şəxs idi. O qırx minlik bir qoşunla Xanzenyan adlanan yerdə, Şirazın 8 fərsəxliyində düşərgə qurdu. Bəni-Haşim karvanı gəlib çatanda onlara geri dönməli olduqlarını bildirdi. Həzrət Seyid Əhməd buyurdu: “Bizim bu səfərdə qardaşımızı ziyarət etməkdən başqa məqsədimiz yoxdur.” Amma Şiraz hakiminin qoşunu buna baxmadı və karvan üzərinə hücuma keçdi. Bəni-Haşimin böyük şücaəti ilə qoşun geri çəkildi. Düşmən həmişəki kimi hiyləyə əl altdı. Şayiə yaydılar ki, səkkizinci İmam dünyasını dəyişib. Bu xəbər karvandakıların ruhiyyəsinə ağır zərbə oldu, onları süstləşdirdi. Cənab Seyid Əhməd qardaşları və yaxınları ilə birlikdə Şiraza üz tutdu. Onlar libaslarını dəyişmişdilər ki, tanıyan olmasın. Seyid Əhməd Şirazda şiələrdən birinin mənzilində yerləşdi. Onun işi gecə-gündüz ibadət idi. Qətləğ Xanın casusları bütün şəhərə yayılmışdılar. Nəhayət, Həzrət Əhmədin olduğu mənzili müəyyənləşdirdilər. Oranı mühasirəyə aldılar. Seyid Əhmədin kiçik ətrafı ilə hakimin böyük dəstəsi arasında qanlı savaş başladı. Şiraz hakimi yenə də hiyləyə əl atdı, qonşunun evindən divarı yarıb Bəni-Haşimə arxadan hücum etdilər. Həzrət Əhmədə qəfildən hücum edib onun başına qılınc zərbəsi endirdilər. Sonra evi cəsədin üzərinə uçurdular. Şəhərdə Əhli-Beyt (ə) aşiqləri çox olsa da zalım hakimin təbliğatı sayəsində əksəriyyət imam övladına arxa çevirdi. Onun cəsədinə belə hörmət göstərməyib uçurulmuş evin xarabalığı altında qoydular.

Vilayet.nur-az.com


1434 بازدید