Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Ayətullah Xameneinin tərcümeyi-halı

Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir
leader.ir

Həzrət Ayətullah Seyid Əli Xamenei hicri-şəmsi təqvimi ilə 1318-ci ildə tir ayının 24-də, hicri-qəməri təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi. Seyid Cavad Xamenei digər İslam alimləri kimi çox sadə həyat tərzi keçirmişdir. Onun həyat yoldaşı və övladları da qənaətlə keçinib, sadə yaşamağı ondan öyrənmişlər. O, ailəsinin vəziyyəti haqqında söylədiyi xatirələrdən birində belə demişdir: “Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.
Seyid Cavadın yaşadığı evinin vəziyyətini Ayətullah Xamenei belə vəsf edir: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu”. Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Elmiyyə hövzəsində
Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.
O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində
Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.
1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində
Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir”.
Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, “mirvari suyu”ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!
O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Siyasi mübarizələri
Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, “Süleyman xan” mədrəsəsində “İslam dirçəlişi və dini dövlət”, “Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar” mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei “Süleyman xan” mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: “Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı”.

İmam Xomeyni hərəkatında
Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.

İkinci həbs
1383-cü ilin ramazan ayında (1342-ci il, bəhmən ayı) Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2-3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdır. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın “Qızılqala” həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı.

Üçüncü və dördüncü həbs
Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur.
Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.

Beşinci həbs
Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: “48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.
Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı”.

Altıncı həbs
1350-1553-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: “Kəramət”, “İmam Həsən”, “Mirzə Cəfər” məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri “Nəhcül-bəlağədən seçmələr” başlığı altında çap olunmuş broşüralardan keçilirdi.
Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: “Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər”.
Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

Sürgündə
1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.
On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

Qələbə ərəfəsində
İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə “İslam İnqilabı Şurası” təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Qələbədən sonra
İslam inqilabının qələbəsindən sonra bu inqilabın binasını daha da möhkəmlətmək üçün Ayətullah Xamenei İslam yolundakı çalışmalarını səngitmir, zamanın tələbinə uyğun müxtəlif fəaliyyətlər göstərirdi, o cümlədən:
• 1357-ci ilin isfənd ayında Şəhid Behişti, Şəhid Bahunər, Haşimi Rəfsəncani kimi böyük alimlərlə birlikdə “İslam Cümhuriyyəti Partiyası”nın bünövrəsini qoymuşdur.
• 1358-ci ildə Müdafiə Nazirliyində müavin vəzifəsində işləmişdir.
• 1358-ci ildə “İslam İnqilabı Mühafizəçiləri Dəstəsi”nin baş komandanı olmuşdur.
• 1358-ci ildə Tehranın İmam-cüməsi olmuşdur.
• 1359-cu ildə Ali Müdafiə Şurasında İmam Xomeyninin nümayəndəsi olmuşdur.
• 1358-ci ildə Milli Məclisdə Tehran camaatı tərəfindən Millət vəkili seçilmişdi.
• 1359-cu ildə Amerikanın və keçmiş Sovet İttifaqının İraqa dəstəyilə başlanan İran-İraq müharibəsində fəal iştirak etmişdir.
• 1360-cı ilin tir ayının 6-da Tehranın “Əbuzər” məscidində münafiqlər tərəfindən törədilmiş uğursuz terror nəticəsində yaralanmışdır.
• İranın ikinci prezidenti Məhəmməd Əli Rəcainin şəhadətindən sonra 1360-cı ilin mehr ayında on altı milyondan artıq səs toplamaqla İran İslam Respublikasının prezidenti seçilmişdir. İlk prezidentlik müddəti qurtardıqdan sonra 1364-cü ildə yenidən prezident seçilərək 1368-ci ilə qədər öz vəzifəsini davam etdirmişdir.
• 1360-cı ildə “Mədəniyyət İnqilabı Şurası”nın başçısı olmuşdur.
• 1366-cı ildə “Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat”ın rəhbəri olmuşdur.
• 1368-ci ildə “İran İslam Respublikasının Konstitusiyaya əlavələr şurası”na başçılıq etmişdir.
• İran inqilabının lideri İmam Xomeyninin vəfatından sonra 1368-ci ilin xordad ayının 14-də Xubriqan məclisi tərəfindən ümmətin “vilayəti-fəqih” və rəhbərlik vəzifəsinə seçilmişdir. Bununla da təkcə İran müsəlmanlarının deyil, bütün dünya müsəlmanlarının rəhbəri kimi qəbul edilmişdir


1197 بازدید