Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2015

Xalqa qarşı amansızlıq Allahla savaş hökmündədir

Müstəbidlik, diktatorluq özünəvurğunluqdan, mənəm-mənəmçilikdən, ədabazlıqdan qaynaqlanır
Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi

Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Qarşıdakı söhbətlərimizdə qeyd edəcəyik ki, sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. Həzrət Əli (ə) buyurur:
“Xalqla amansız davranıb, Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur, onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma, heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma), olsun ki, çıxış yolu tapasan.”

Müstəbidlik (diktatorluq)

Arxayınlıqdan, özünəvurğunluqdan, təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa, despotizmə, əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.
Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor, yalan, hüquqları pozmaq yox, həm də onun müqəddəs İslam ayinlərini viran qoyması, müsəlmanları izzətdən zillətə qaytarması, insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət Əli (ə) buyurur:
“Demə ki, bu gün mən onlara hakiməm, mənim işim əmr etmək, onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması, dində zəiflik və nemətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

Müstəbidliyə qarşı

Qeyd etdik ki, müstəbidlik, diktatorluq özünəvurğunluqdan, mənəm-mənəmçilikdən, ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki, bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan, Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan, bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir, özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək, Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:
“Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa, səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü, şübhəsiz, səni yerində oturdar, tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”


1254 بازدید
در حال ارسال اطلاعات...