Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Əhli-beyt ardıcıllarına müxalifət ədəbi dərsi!

Soruşurdular ki, Axund Xorasani namaz qılır?
Tələbə nəql edir: Axund Xorasaninin rəftarında etdiyi yaxşılığı yada salacaq nöqtə görmədim...
Axund Xorasaninin nəzərincə, ona müraciət edənlərin axunda nə dərəcədə bağlı olması onun öz vəzifəsini yerinə yetirməsi ilə əlaqəli deyil. Axund Xorasaninin həyatını izlədikdə ona irfan ustadı Seyid Əli Şüştərinin təsirini görmək çətin deyil. Axund Xorasaninin nəqli elmlərdə dörd böyük ustadı olsa da buyurub ki, onu elmdə yüksək dərəcəyə çatdıran Seyid Əli Şüştəri olub.
Bir gün dərs başa çatandan sonra Seyid Əli Şüştəri Axund Xorasanini çağıraraq buyurur: “Cənab Axund, siz dərsdən sonra onu yazırsınız?” Axund bildirir ki, dərs sona çatandan sonra dərsin mətnini qələmə alır. Bunu da qeyd edir ki, bundan başqa elmi işi yoxdur. Seyid buyurur: “Cənab Axund, əgər elmi yolunuz bu olsa, heç vaxt bir məqama çata bilməzsiniz. Siz mənim sabah danışacaqlarımı bir gün əvvəl mənbələrlə araşdırın, öz qeydlərinizi yazın. Səhəri gün dərsdə dəlillərinizə zidd bir sözlə rastlaşsanız öz dəlilinizi bildirin. Ya siz məni qane edin, ya da mən sizi qane edim.” Axund Xorasani buyurur ki, məni elmdə bu məqama çatdıran seyidin həmin tövsiyəsi oldu.
Axund Xorasaninin haqqındakı əhvalatlar onun şəxsiyyətini, əxlaqi səciyyələrini yetərincə aydınlaşdırır. Həmin hekayətlər əsasında özümüzü bir anlıq axundun yerində təsəvvür edə bilsək, aradakı fərqə şahid olarıq. Seyid Əli Şüştəri məktəbində tərbiyə alanlarda bu xüsusiyyətlər müşahidə olunur.
...Gecə yarı hamı yuxuda ikən bir tələbə axundun qapısını döyür. Tələbənin həyat yoldaşı hamilə olur və gecə ağrısı tutur. Nəcəfdə yaşayan tələbənin bu doğuşu həyata keçirmək üçün bir bacarıqlı qadın gətirmək imkanı olmur. Axundun evinə gedib kömək istəyir. Beləcə, tələbə qapını döyür və axund ondan kim olduğunu soruşmadan qapını açırlar. Gənc tələbə Axund Xorasaninin qapıda dayandığını görür. Axundun başında ağ şal olur, sağ qulağının üstündə qələm gözə dəyir. Tələbə o qədər xəcalət çəkir ki, salam verməyi unudur. Axund ona salam verir. Soruşur ki, nə kömək edə bilər? Tələbə xəcalət içində vəziyyətini axunda danışır. Xahiş edir ki, axundun xidmətçisi onu doğuşa kömək edə biləcək xanımın mənzilinə aparsın. Axund deyir ki, xidmətçi yatıb, o gələ bilməz. Amma mən özüm gələrəm. Tələbə xidmətçinin yuxudan oyadılmasını nə qədər israr edirsə Axund Xorasani razılaşmır və buyurur: “Xidmətçinin iş vaxtı başa çatıb. O günün bir hissəsini işləməlidir, bir hissəsini istirahət etməlidir. İndi onun istirahət vaxtıdır. Bir dəqiqə səbr edin, mən gəlirəm. “
Bir qədər sonra axund çiynində əba, əlində çıraq qapıda görünür. Tələbə ilə birlikdə uzun bir yol gedib nəhayət nəzərdə tutduqları xanımın mənzilinə çatırlar. Qadını qapıya çağırırlar və vəziyyəti danışırlar. Axund Xorasani əlində çıraq gənclə qadının qabağına düşüb irəlidə gedir. Xanımı tələbənin evinə çatdırdıqdan sonra özü evə qayıdır. Bir qədər pul, bir qədər ərzaq, körpə üçün parça götürüb tələbəyə verir. Tələbə nəql edir: Bu hadisədən sonra Axund Xorasaninin rəftarında elə bir nöqtə görmədim ki, baş vermiş hadisəni xatırlatmış olsun.
Bəzi alimlər onlara müraciət edənlərin öz çevrəsindən olmasını umur. Axund Xorasani heç vaxt ona müraciət edənlərin ona bağlı insanlar olmasını gözləməyib, öz vəzifəsini həyata keçirib.
Bəzən Nəcəfdə içməli su kəsilərmiş, xalq şor su içərmiş. Axund da camaat kimi həmin sudan istifadə edərmiş. Onun il boyu Kufə suyundan istifadə etmək imkanı olub. Gündə 15-20 dəfə tələbələrə Kufə suyu göndərib, bunun pulunu ödəyib. Belə bir vəziyyətdə özü sadə xalq kimi şor sudan istifadə edib. Nəcəfin suyu kəsiləndə yeganə arxı təmir etmək mümkün olmayıb. Camaat, xüsusi ilə yoxsullar axundun evinə üz tutublar. Axund iki gün xalqa su daşıyıb, su çatdırmadığı adamlara suyun pulunu verib ki, özləri su gətirsinlər. Xəstələrə, qocalara içməli suyun pulunu verib. Bütün bu rəftarları xalqın qəlbində axunda qarşı böyük məhəbbət yaradıb.
Amma Allah aşiqləri üçün bəla müjdəsi də var. Məşrutə müxalifləri axundu məşrutəni himayə etməkdə qınayaraq, ona qarşı təbliğat aparıb, qəzetlərdə çıxış ediblər. Bu təbliğatlar səbəbindən axunda lənət oxuyanlar da olub. Amma bu onun halını dəyişməyib. Məşrutəçilik o zaman qatı dindarlar tərəfindən o qədər pis qarşılanıb ki, axundu dindən çıxmaqda ittiham ediblər.
Bir bədəvi ərəb axundun namaz qıldığını görüb heyrət içində deyib: “Şeyx namaz qılır?!” Cavab veriblər ki, insanlara namaz öyrədən şeyx olubsa, nə üçün onun namaz qılmasına təəccüblənirsən?! Ərəb deyib: “And olsun Allaha, çoxlarından eşitmişəm ki, axund namaz qılmır, oruc tutmur.”
Axund Xorasani məşrutə dövrünün alimlərindən olub. O zaman məşrutəyə münasibətdə ruhanilər iki qrupa bölünüb. Çox olub ki, axunda müxalif insanlar ondan kömək istəyib. Axund heç vaxt onların müxalifətçiliyini bu insanlara kömək üçün maneə saymayıb, qəlb açıqlığı ilə onlara kömək əli uzadıb.
Həmişə axundun ardınca danışan, hətta təhqir edən bir şəxs bir gün onun görüşünə gəlib. O Kərbəlada tanınmış natiqlərdən olub. Borca düşmüş bu şəxs evini satıb borclarını ödəmək istəyib. Evi almaq istəyən şəxs deyib ki, əgər Axund Xorasani satış sənədini imzalasa, mən evi alaram. Bu şəxs çətin vəziyyətə düşsə də axundun evinə getmək istəmirdi. O həm də qorxurdu ki, axundun haqqında təhqiramiz sözlərinə görə onun evində həyatı üçün təhlükə yaradar. Amma borc onu məcbur edirdi. Beləcə çarəsiz qalıb Kərbəladan Nəcəfə gəldi. Axund Xorasaninin görüşünə getdi. Axund bu şəxsin onun haqqında çirkin əməllərini bildiyi halda ona ehtiram göstərib, yuxarı başda yer göstərdi. Özünü elə apardı ki, bu şəxsin gəlişindən xoşhaldır. Həmin şəxs gəlişinin məqsədini söylədi. Dedi ki, evin satış sənədini imzalamasını istəyir. Axund sənədi alıb mütaliə etdi, sonra sənədi döşəyinin altına qoydu. Kərbəladan gəlmiş şəxs axundun bu hərəkətini süi-zənlə qarşılayıb dedi ki, axır ki, öz batinini göstərdi. Nəinki sənədi imzalamadı, hətta onu əlimdən alıb geri qaytarmadı. O bu sözləri dilinə gətirdiyi zaman axund ayağa qalxır, sandıqdan bir neçə kisə lirə gətirib Kərbəladan gəlmiş natiqə verir və deyir: “Siz elm əhlisiniz, mən razı deyiləm ki, elm əhli belə çətinliyə düşüb pərişan olsun. Bu pulu götürün, borclarınızı ödəyin. Evinizi satmayın, ailə-uşağınız çöl-bayırda qalmasın. Əgər yenə də çətinliklə rastlaşsanız mənim yanıma gəlin. İmkanım olan yerdə sizə köməkdən məmnunam.” Kərbəlalı kişi Axund Xorasaninin sözlərini heyrət içində dinləyib xəcalətdən başını aşağı salır.
Axund Xorasaninin böyüklüyünü, səxavətini, qəlbiaçıqlığını görən kərbəlalı şəxs həmin gündən onun ardıcılına çevrilir.
Ayətullah Seyid Hibtuddin Şəhristani nəql edir: “Bir gün Nəcəfdə Axund Xorasaninin mənzilinin kənarında əyləşmişdik. O zaman məşrutə hərəkatı başlamışdı, ruhanilər arasında fikir ayrılığı yaranmışdı. Həmin gün axundun evinə bir seyid gəlib dedi: “Mən Ayətullah Seyid Kazim Yəzdinin müqəllidiyəm. Filan şəxslə filan alış-verişi etmək istəyirəm. Seyid Kazim Yəzdinin imzasını alıcı üçün apardım, o sizin müqəllidiniz olduğundan qəbul etmədi. Mənə dedi ki, get Axund Xorasaninin imzasını gətir.” Axund ona dedi ki, alıcının yanına gedib onun adından desin: “Əgər sən doğrudan da mənə təqlid edirsənsə, Seyid Kazim Yəzdinin möhür və imzasını gözünün üstünə qoy, itaət et.”
Qeyd edək ki, Ürvətul-vüsqa kitabının müəllifi Seyid Kazim Yəzdi məşrutəyə müxalif olub. Onun yaxın adamları Axund Xorasanini məşrutəçiliyə görə çox qınayıblar. Amma nəql olunan hadisə Axund Xorasaninin nə qədər qəlbigeniş insan olduğunu göstərir.
Axund Xorasaninin şagirdlərindən biri məşrutənin müxaliflərindən idi. Axund məşrutəni dəstəklədiyi üçün ondan ayrıldı və mərhum Seyid Kazim Yəzdinin çevrəsinə qatıldı. Amma bununla kifayətlənmədi, harada əlinə fürsət düşdüsə Axund Xorasaninin ziddinə danışdı, hətta onu lənətləməkdən çəkinmədi. Bir gün həmin şəxsin yerliləri ziyarətə gəldilər. Nəcəfdə yerliləri olan bu seyid lə görüşürlər. Ziyarətçilər Axund Xorasaninin müqəllidlərindən olur. Onlar seyiddən xahiş edirlər ki, axundla görüş üçün şərait yaratsın. Onların axunddan şəri sualları olur. Həm də 80 qızıl lirə imam payı deyilən xüms vermək istəyirlər. Ev sahibi bu görüşü bugün-sabaha salır, zəvvarların israrına baxmayaraq bu görüşün baş tutmamasına çalışır. Nəhayət zəvvarlar deyirlər ki, bizim vaxtımız azalıb, axunddan bizim üçün görüş al, biz onun icazəsi ilə 80 qızıl lirəni sənə verərik. Ev sahibi görür ki, o bu görüşə mane olduqca zəvvarlar onun axundla müxalifətçiliyini hiss edirlər. Digər tərəfdən 80 qızıl lirə fikri onu rahat buraxmır. Nəhayət Axund Xorasanidən görüş icazəsi istəyir. Mərhum Axund gün uzunu fiqh dərsindən əlavə qüruba iki saat qalmış evində xüsusi fiqh dərsi keçərdi. 300-ə yaxın seçilmiş tələbə bu dərsdə iştirak edirdi. Fiqh dərsi başa çatandan sonra axund bir saat müddətində ona müraciət edənləri qəbul edirdi. Evindən hərəmə qədər məsafə uzaq deyildi. Buna görə də məğrib və işa namazlarını hərəmdə camaatla qılırdı. Sonra üsul dərsi tədris etmək üçün Tusi məscidinə gedirdi. Seyid quruba bir saat qalmış öz yerliləri ilə birlikdə ikrah və qorxu içində axundun görüşünə gedir. Axund onu görəndə ehtiramla qarşılayır, ona öz yanında yer göstərir. Başa düşür ki, bu şəxs məcbur olub onun görüşünə gəlib. Ondan ehtiyacları barədə soruşur. Seyid öz yerlilərinin əhvalatını danışır, onların suallarını bildirir, 80 lirə məsələsini nəql edir. Deyir ki, zəvvarlar bu 80 lirəni mənə vermək üçün sizdən icazə istəyirlər. Bu zaman zəvvarlar həmin məbləği axundun qarşısına qoyur. Axund Seyiddən soruşur ki, siz qəbz yazmısınız? Seyid dərhal qəbzi axundun qarşısına qoyur və axund qəbzi imzalayıb möhürləyir. Məclisdəkilərdən biri düşünür ki, Axund Xorasani bu seyidin ona qarşı hərəkətlərini yaddan çıxarıb. Bunu işarə ilə xatırlatmaq üçün deyir ki, Seyid Kazim Yəzdi necədir? Bu sözləri eşidən Axund buyurur: “Bu gün fiqh dərsindən qaydanda cənab Təbatəbaini (Seyid Kazim Yəzdini) yolda gördüm, hal-əhval tutdum.” Bu sözləri deyib kağızı imzalayır və möhürləyir, seyidə təqdim edir. Bir də vurğulayır ki, bundan sonra bir ehtiyacınız olsa özünüz gəlməyin, övladlarınızdan birini göndərsəniz kifayətdir. Sonra seyidin yerlilərinə üz tutub buyurur: “Belə bir alim yerliniz olduğu halda mənim yanıma gəlməyinizə ehtiyac yoxdur. Bundan sonra xüms olsa ona versəniz kifayət edər. Onun əli elə mənim əlimdir.” Qonaqlar durub gedəndə mərhum Axund Xorasani ayağa qalxıb onları yola salır. Qayıdanda bir qədər öncə işarə vurmuş tələbəsinə üz tutaraq deyir ki, mən kiminsə cənab Təbatəbai Yəzdi haqqında pis danışmasına razı deyiləm. Bizim aramızda olan fikir ayrılığı iki fəqih arasında olan fikir ayrılığıdır. Bu iki fəqihin müqəliddləri fitva fərqinə görə bir-birilərini, o biri alimi lənətləməlidir?!” Məclisdə olanlardan biri deyir ki, ustad, söhbət təkcə fitva fərqi deyil. Bu şəxs açıq şəkildə sizi lənətləyir.” Axund Xorasani onun cavabında buyurur: “Mən fiqh kitabı oxuyub araşdırmışam. Heç bir kitabda görməmişəm ki, Axund Xorasaniyə məhəbbət xüms məsələsinə təsirli olsun. Mən onu alim kimi tanıyıram, nə qədər ki, bu fikirdəyəm vəzifəmə əməl edirəm. Ona köməyimi əsirgəmərəm. O da öz əqidəsinə uyğun olaraq mənə lənət deyir.” Əhvalatı danışanlar bildirirlər ki, səhəri gün qurubdan qabaq seyid növbəti dəfə, bu dəfə tək axundun görüşünə gəldi. Axundun əlini öpdü, peşmançılığını bildirdi. Bu dəfə mərhum axund onu məzəmmət etdi. Dedi ki 80 lirəyə xatir nə üçün əqidəndən dönürsünüz?! Siz mənə qarşı çıxarkən dəlilləriniz olub. Vəzifənizə əməl etmisiniz. Dəlilləriniz qüvvədə qaldığı zaman mənimlə müxalifətçilikdən əl çəkməyin. Mənim vəzifəm kömək idi və bu işi gördüm. Nə sizin lənətləriniz mənim ehsanımın qarşısını almalıdır, nə də mənim ehsanım sizi vəzifənizə əməl etməkdən çəkindirməlidir. Buyurun vəzifənizə əməl edin.” Həmin şəxs deyir ki, mən axundun görüşündən çıxanda qəlbimdə ona qarşı elə bir məhəbbət yaranmışdı ki, sanki qəlbimi onun yanında qoyub gedirdim.
Təəssüf ki, belə böyük alimləri olan müsəlmanlar öz müxaliflərinə qarşı münasibətlərində həddi aşır, hörmətsizlik göstərirlər. Axund Xorasani kimi böyük alimi, müctəhidi olan cəmiyyət heç zaman həddi aşmamalıdır. Axund Xorasani həmişə ilahi fitrətinin üzərinə qonan tozu təmizləməklə məşğul olub. İlahi əmanət olan bu fitrəti pak saxlayıb. Müsəlmanların da belə həqiqi alimlərin yolunu getməsi onlar üçün həyatvericidir.

Vilayet.nur-az.com


1249 بازدید
در حال ارسال اطلاعات...