Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Cənab Rəhbər: İmam (r) Amerikanı Böyük Şeytan adlandırdı!

İmam Xomeyninin (ə) vəfatının 26-cı ildönümü münasibətilə mərasimdə Ayətullah Xameneinin bəyanatı
Bismillahir-rəhmanir-rəhim, əlhəmdulillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla səyyidina və nəbiyyina və həbibi qulubina əbil-qasimil-mustafa muhəmməd, və əla alihil-ətyəbinəl-əthərinəl- muntəcəbin, siyyəma bəqiyyətillahi fil-ərzin, əllahummə kulli vəliyyikəl höccət ibnil-həsən, səlavatukə əleyhi və əla əbaih, fi hazihis saəh və fi kulli saəh, vəliyyən və hafiza və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təva, və tuməttiəhu fiha təvila, əllahummə ətih fi nəfsihi fi zuriyyəti və şiətihi və rəiyyəti və xassətihi və amməti və əduvvihi cəmii əhliddunya ma tuqirru bihi əynəhu və təsurru bihi nəfsə...

بسم‌اللَّه‌الرّحمن‌الرّحیم‌

والحمدللَّه ربّ العالمین و الصّلاة و السّلام على سیّدنا و نبیّنا و حبیب قلوبنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطیبین الأطهرین المنتجبین سیّما بقیّةاللَّه فى الأرضین. اللّهمّ کن لولیّک الحجّة بن الحسن صلواتک علیه و على ءابائه فى هذه السّاعة و فى کلّ ساعة ولیّاً و حافظاً و قائداً و ناصراً و دلیلاً و عیناً حتّى تسکنه ارضک طوعاً و تمتّعه فیها طویلاً. اللّهمّ اعطه فى نفسه و ذریّته و شیعته و رعیّته و خاصّته و عامّته و عدوّه و جمیع اهل الدّنیا ما تقرّ به عینه و تسرّ به نفسه.

Sözümün başlanğıcında Həzrət Bəqiyyətullahın müqəddəs hüzuruna hörmət və ehtiram bildirməyi zəruri sayıram. Axiruzzamanın xilaskarı bütün İbrahim dinləri tərəfindən qəbul olunur. Bu dinlərdə etiqad var ki, bir şəxs gələcək, dünyanı zülm-sitəmdən xilas edəcək. Bunu İbrahim dinlərində hamı qəbul edir. İslamda bu xilaskarın adı müəyyən edilib. Bütün İslam məzhəblərində bu fövqəladə böyük insanı Mehdi (əc) adı ilə tanıyırlar. Bəlkə də İslam firqələri arasında elə bir firqə tapılmaz ki, Mehdinin (əc) zühuruna inanmamış olsun. İnanırlar ki, o həzrət Peyğəmbər (s) övladlarındandır. Xilaskarın adı və künyəsini də müəyyən ediblər. Şiə etiqadında olan xüsusiyyət budur ki, xilaskarın şəxsiyyəti müəyyənləşdirilərək təqdim olunur. Onun 11-ci İmam Həsən Əsgərinin (ə) övladı olduğu bildirilir. Xilaskarın mövludu şiə tarixçiləri, şiə kəlam alimləri tərəfindən dəqiq şəkildə qeyd olunur. Başqa İslam firqələri bunu nəzərə almayıb, ya da qəbul etməyiblər. Amma şiələr aydın və qəti dəlillərlə xilaskarın mövludunu isbat edirlər. Bəziləri deyirlər, necə ola bilər ki, bir şəxs bu qədər uzun ömür yaşasın? Bu Həzrət Mehdi (əc) mövzusunda müxaliflərin irəli sürdüyü yeganə iraddır. Amma Qurani-Kərimin ayələrinə baxdıqda bu suallar öz cavabını tapır. Həzrət Nuh (ə) haqqında buyurulur ki, o öz qövmü arasında 950 il yaşadı. Bu o demək deyil ki, onun ömrü elə bu qədər olub. Həzrət Nuhun (ə) risalət dövrü 950 ildir. Demək, şübhəyə yer qalmır.
İmamın (əc) zühuruna etiqad şiələr arasında böyük bir ümidverici xüsusiyyətə malikdir. Şiə cəmiyyəti təkcə öz tarixi imtiyazlarına istinad etmir, gələcəyə baxır. Şiə etiqadına görə Məhdəviyyət mövzusuna inanan insan ən çətin şəraitdə ümidini itirmir, onun qəlbində daim ümid şöləsi var. O bilir ki, bu qaranlıq dövr, bu zülm dövrü haqsızlığın hakim olduğu dövr ötüb-keçəcək. İmamın zühuruna etiqadın ən mühüm təsirlərindən biri budur. Əlbəttə ki, şiələrin Məhdəviyyət mövzusuna etiqadı bununla məhdudlaşmır. Bəli, Məhdəviyyətə etiqad belə bir etiqaddır. Bu parlaq şölə, nur şiə cəmiyyətində ötən əsrlər boyu olub və olacaq. İnşaallah, zühur əhlinin intizarı başa çatacaq. Ötən gün o böyük şəxsiyyətin mövlud ildönümü idi. Onun səadətbəxş mövludu münasibətilə siz əziz qardaş və bacılar arasında qısa şəkildə hörmət və ehtiram bildirdik.
Bu əzəmətli məclisdə əziz qardaş və bacılarımız üçün 14 xordad münasibətilə qayda üzrə böyük İmamımız (r) haqqında danışacağıq. Bu barədə çox söhbət etmişik, amma yenə də o böyük insan haqqında danışmağın yeri var. Bu gün sizə İmamın şəxsiyyətinin təhrifi haqqında danışacağam. Şəxsiyyətlər də təhrif olunurmu? Adətən təhrif sözü mətnlər haqqında işlədilir. Görən şəxsiyyətləri də təhrif etmək olurmu? Bəli. Şəxsiyyətlərin təhrifi bundan ibarətdir ki, böyük insanların şəxsiyyəti ya gizli qalsın, ya da səhv tanıtdırılsın. Bunlar şəxsiyyətin təhrifidir. Əgər nəsillər üçün nümunə olan, İmam olan, rəhbər olan bir şəxs, onun sözləri təhrif olunarsa çox böyük bir zərbə olar. İmamı təkcə möhtərəm tarixi şəxsiyyət kimi nəzərdən keçirmək olmaz. Bəziləri məsələyə belə baxır. İmamın bu ölkə tarixində bir zaman fəaliyyət göstərmiş, faydalı olmuş, sonra dünyasını dəyişmiş, dövrü başa çatmış şəxsiyyət olduğunu deyirlər. Ona hörmət göstərirlər, adını uca tuturlar. Bununla da kifayətlənirlər. Bəziləri İmamı belə tanımaq, belə tanıtdırmaq istəyirlər. Bu düzgün deyil.
İmam böyük bir hərəkatın real təzahürüdür. Bu hərəkatı İran xalqı başlayıb. Bu hərəkatla İran xalqı öz tarixini dəyişib. Böyük İmam bir düşüncə, ictimai-siyasi məktəbin banisidir. İran xalqı bu məktəbi, bu yolu, bu planı qəbul edib, bu istiqamətdə hərəkətə başlayıb. Bu yolun davamı yol xəritəsini düzgün tanımaqdan asılıdır. İmamı düzgün tanımasaq bu yol xəritəsini tanıya bilməyəcəyik. Şübhəsiz ki, mövzumuz İmamın düşüncəsidir. Mövzu zaman və məkanla şərtlənməyib. Mövzu böyük İmamın təfəkkür formasıdır. Onu düzgün tanımaq istəyirik.
İmam şübhəsiz ki, böyük fəqih idi. Həm böyük fəqih idi, həm filosof idi, həm nəzəri irfanda söz sahibi idi. İmam elm və ixtisas mövzularında, sahələrində seçilirdi. Amma onun üstün şəxsiyyəti bunlardan heç biri ilə məhdudlaşmır. İmamın əsl şəxsiyyəti “Və cahidu fillahi həqqə cihadih” ayəsinin gerçəkləşməsində idi. İmam böyük elmi imkanlara malik olmaqla Allah yolunda cihad meydanına daxil oldu. Bu cihadı ömrünün sonuna qədər davam etdirdi. Böyük bir hərəkat yaratdı. Təkcə öz ölkəsində yox, bütün məntəqədə, bütün İslam dünyasında, müəyyən mənada bütün dünyada hərəkata start verildi. Bu hərəkatın məhsulu misilsiz bir məhsul idi.
İmamın vasitəsilə ölkə tarixində iki böyük və misilsiz iş görüldü. Biri zalım vərəsə səltənətinin süqutu, neçə minillik tarixi olan bir rejimin heyrət yaradan çevrilişi. Bizim ölkəmizdə vərəsəlik yolu ilə birindən o birinə ötürülən, qılınc və hökumətin hərbi gücü ilə əldə saxlanılan, nəsildən nəslə verilən, yanlış və məntiqsiz bir ənənə olan sistem neçə min il hakimiyyətdə oldu. İmamın ilk işi bu oldu ki, bu sistemi dağıtsın və ölkənin taleyini xalqın əlinə versin.
Böyük İmamın ikinci böyük işi bu oldu ki, İslam əsasında hakimiyyət, üsul-idarə yaratdı. İlkin İslam dövründən bu zamana qədər bütün tarixdə belə bir hadisə olmayıb. Böyük İmamımızın böyük cihadının məhsulu belə dəyərli idi. Yeri var deyək ki, “cahədə fillahi həqqə cihadih”. Bu barədə Quranda var. Böyük din övliyaları haqqında belə deyilir. Böyük İmamımız da bu ayənin bir ünvanı idi.
Söhbətimin haşiyəsində qeyd edim ki, bu böyük insanın cihadı təkcə ictimai-siyasi və ya ideoloji cihad deyildi. Bütün bunlarla yanaşı daxili bir cihad, nəfslə cihad, Allaha ardıcıl bir bağlılıq vardı. Bu da dərsdir. İdeoloji və ya elmi, eləcə də siyasi ya hərbi cihada qədəm qoyanda cihadın qeyd etdiyim növünə göz yummaq olmaz. Böyük İmam xüşu əhli idi. Allahdan qorxan insan idi, dua əhli idi, təvəssül əhli idi, raz-niyaz əhli idi. Mübarək şəban ayında söhbətlərində Minacati-şəbaniyyədən bunu təkrar oxuyardı: “İlahi həbli kəmaləl-inqitai-iləykə və ənir əbsarə qulubina biziyai nəzəriha iləykə hətta təxriqə əbsarul-qulubi hucubənnuri fətəsilə ila mədinil-əzəmə ..” İmamın xarakteri bu idi. Bu böyük insanın ardıcıl cihadını sübhlər göz yaşı, minacat, dua, Allahla rabitə, mənəvi əlaqə təşkil edirdi. Böyük İmamın Allah yolunda cihadı haşiyəsində bunları yadda saxlayın. İmamın düşüncə sistemi bir ideoloji, ictimai-siyasi məktəbin kamil xüsusiyyətlərinə malik idi. Əvvəla, bu sistem bir dünyagörüşünə əsaslanırdı. Həmin dünyagörüşü tövhiddən ibarət idi. İmamın bütün fəaliyyətləri, bütün məntiqi tövhid üzərində idi. Tövhid bütün İslam düşüncəsinin bünövrəsini təşkil edir.
İmamın ideoloji sisteminin başqa bir xüsusiyyəti onu sözün əsl mənasında məktəb formasına gətirmişdi. İmamın düşüncə sistemi aktual idi. Bu sistemdə dünyanın, İran cəmiyyətinin aktual problemləri yer almışdı. Dinləyicilər, İmamı eşidənlər bunu hiss edirdi. İmamın düşüncə məktəbində istibdad və zülmə qarşı mövqe ilk sözü deyirdi. Bunu İran xalqı da hiss edirdi. Dünyanın müsəlman və qeyri-müsəlman xalqları da hiss edirdilər. Ona görə də İmamın çağırışı geniş yayıldı. İmamın düşüncə məktəbinin başqa bir xüsusiyyəti onun canlı, hərəkətli olması idi. Bəzi nəzəriyyəçilər elmi məclislərdə çox gözəl sözlər deyirlər, amma bu sözlərin heç biri təcrübədə özünü göstərmir, meydana çıxmır. İmamın məntiqi, İmamın düşüncəsi, İmamın yolu fəal və mütəhərrik idi. Bütün bu fikirlərin həyata keçməsi mümkün idi. Elə buna görə də qələbəyə çatdı, irəli getdi. Bu hərəkat məmləkətimizin tarixi yolunu dəyişdi. Biz İran xalqı əsarət altında, məqsədsiz və ümidsizlik içində qalmış xalq idik. Biz asılı bir xalq idik. Bu xalqı bilərəkdən inkişafdan saxlayırdılar. Öz fikirlərini bizə zorla qəbul etdirirdilər. Öz mədəniyyətlərini bizə qəbul etdirirdilər. Həm sərvətlərimizi daşıyıb aparırdılar, həm də öz çirkin adət-ənənələrini ölkəmizə gətirirdilər. Biz belə bir millət idik. İmam bizi dəyişdi. Bizi çalışqan, ümidvar, hərəkətli, böyük məqsədləri olan xalqa çevirdi. Bu gün İran xalqı hərəkətli, çalışqan, ümidvar bir xalqdır. Bu gün İran xalqı böyük məqsədlərə doğru hərəkətdədir. Əlbəttə ki, hələ ki nəzərdə tutduğumuz məqsədlərə çatmağımıza çox qalıb. Amma əsas odur ki, hərəkətdəyik. Əsas odur ki, millətimizin inkişaf gücü və təlaşı var. Mühüm odur ki, gənclərimiz böyük məqsədlərə çatacaqlarına inanırlar. İnanırlar ki, ictimai ədaləti tam təmin edəcəklər. İnanırlar ki, tərəqqi və sərvəti bu ölkəyə gətirə biləcəklər. Bizi inkişaf etmiş, mütənasib iqtidara, tarixi kimliyə malik millətə çevirəcəklərinə inanırlar. Bu ümid hazırda ölkəmizdə aktualdır. Gənclərimiz bu istiqamətdə hərəkətdədir. Biz sükunat halından çıxmışıq. Qəflət, mürgü halından xaric olmuşuq. Bu işi böyük İmamın hərəkatı, o böyük insan görüb. Əgər İran xalqı qarşıya qoyduğu məqsədlərə çatmaq istəyirsə, bu yolu davam etdirmək istəyirsə böyük İmamın yolunu düzgün tanımalıdır. İmamın üsulunu, prinsipini düzgün tanımalıyıq. İcazə verməməlidirlər ki, İmamın şəxsiyyəti təhrif olunsun. İmamın şəxsiyyətinin, yolunun təhrifi, İran xalqını doğru yoldan çıxarmaqdır. Əgər İmamın yolunu itirsək, yaddan çıxarsaq, ya Allah eləməmiş, bilərəkdən bunu kənara qoysaq, İran xalqı sillə alacaq. Hamı bilməlidir ki, dünya imperializminin doymayan qarnı ölkəmizdən tamahını çəkməyib. Dünyanın hiyləgər və fırıldaqçı gücləri üçün belə böyük, sərvətli, yolların kəsişdiyi mühüm nöqtədə yerləşən ölkə böyük əhəmiyyət daşıyır. Onlar bu ölkədən gözlərini çəkməyiblər. Yalnız o zaman geri çəkilərlər ki, siz İran xalqı elə güclənəsiniz, elə inkişaf edəsiniz, onların ümidi üzülsün. Elə bu məqamda İmamın təhrif olunması təhlükəsi öz əhəmiyyətini göstərir. Əgər İmamın şəxsiyyəti təhrif olunsa, İmam yanlış tanıtdırılsa bütün bu təhlükələr İran xalqının sorağına gələcək. Belə məqamda İmamın təhrif olunması təhlükəsi ölkə məsulları, inqilabın ideoloqları, İmamın qədim şagirdləri, bu yola bağlı insanların, bütün gənclərin, universitet əhlinin, hövzə əhlinin diqqət mərkəzində olmalıdır. Sözümün müqəddiməsi bu idi.
İmam həyatda olduğu zaman da onun şəxsiyyətinin təhrifi üçün çalışırdılar. Bir tərəfdən bu işi düşmən görürdü. İnqilabın əvvəlindən səy göstərirdilər ki, dünya boyu təbliğatda İmamı sadəcə bir inqilabçı kimi tanıtdırsınlar. Fransa inqilabı, bolşevik inqilabı, bir sıra başqa inqilablar kimi təqdim etməyə çalışırdılar. Yəni quru bir inqilabçı. Qaşlarının düyünü açılmır, düşmənə doğru baxır, heç bir duyğusu yoxdur - belə tanıtdırmaq istəyirdilər. Təbii ki, bütün bunlar yalan idi. Bəli, İmam qətiyyətli idi, sarsılmazdı. Öz qərarlarında çox möhkəm idi. Amma İmam duyğulu bir insan idi. Bir lətafəti vardı. Allah, xalq, xüsusi ilə məzlumlar, zülmə düçar olanlara münasibərdə çox mehriban, sevgili idi. Amma düşmən inqilabın əvvəllərində onu başqa şəkildə tanıtdırmaq istəyirdi.
Ölkə daxilində də bəziləri bilmədən, bəziləri isə bilərəkdən İmamın şəxsiyyətini təhrif edirdilər. Bəli, İmam həyatda olduğu zaman bu işi görürdülər. Öz bəyəndikləri sözü İmamın adına yazırdılar. Hansı ki həmin sözlərin İmama heç bir aidiyyati yox idi. İmam dünyasını dəyişəndən sonra da bu cərəyan davam etdi. Hətta bəziləri İmamı liberal bir şəxs kimi təqdim etmək istədilər. Güya onun heç bir ideoloji, ictimai-siyasi prinsipi yoxdur. Bu da kökündən səhv bir təqdimat idi. Əgər İmamın şəxsiyyətini olduğu kimi tanımaq istəsək bunun yolu var. Əgər bu yolu getsək məsələ həll olacaq. Yoxsa bəziləri bu gün İmamı öz istəyinə, meylinə uyğun tanıtdırır. Sabah başqaları gələr, onlar da dünyada baş verən başqa hadisələrə uyğun olaraq İmamı məsləhət bildikləri kimi təqdim edərlər. Bu yolverilməzdir. Xalq arasında İmama sevgi həmişəlikdir. Düşmən bu sevgini qəlblərdən çıxara bilməyib. Buna görə də ölkə daxilində və xaricdə İmamın qəlblərə nüfuz etmiş məhəbbəti böyük təhlükə sayılır. Bu təhrifin qarşısını ala biləcək yol İmamın prinsiplərini təkrar-təkrar nəzərdən keçirməkdir. İmamın üsulu var, əsasları var. Bu prinsiplər, əsaslar inqilabdan əvvəlki 15 illik hərəkatda, 10 illik İslam hakimiyyəti dövründə İmamın bəyanatlarında yer alıb. İmamın yolunu bu bəyanatlarla müəyyən etmək olar. Demirəm ki, hər haşiyə mövzuya diqqət yetirək. Başqa insanlar kimi İmamın da həyatında eniş-yoxuşlar olub. Onun da həyatında hadisələr baş verib, hər bir hadisənin öz tələbləri olub. Mən prinsiplərdən danışıram. Elə əsaslardan danışıram ki, inkar ediləsi deyil, İmamın bəyanatlarında yer alıb. İslam Cümhuriyyətinin qurulmasından əvvəl və sonra, səkkiz illik müharibə dövründə İmam öz bəyanatlarında prinsiplərini açıq bildirib. Bu üsulu, prinsipləri seçmə qaydada götürməməliyik. Mən bu gün onlardan bir neçəsini yada salacağam. Amma yenə qeyd edirəm ki, İmamın prinsipləri təkcə bunlardan ibarət deyil. Mütəfəkkirlər, araşdırma aparmaq gücü olanlar İmamın bəyanatlarını nəzərdən keçirsinlər. Həmd olsun Allaha ki, bu bəyanatlar çap olunub, əlimizdədir. Hamı onları əldə edə bilər. Həmin bəyanatlardan İmamın prinsiplərini çıxarış etmək olar. Mən bu gün İmamın bəyanatlarından bütün çıxarışları sadalaya bilmərəm. Onlardan bəzilərini yada salacağam. İstəmirəm də seçmə qaydada olsun. Buna görə deyirəm ki, araşdırmaçılar bəyanatları nəzərdən keçirib lazım olan nöqtələri əldə etsinlər. Amma mənim bu gün deyəcəklərim İmamın məntiqinin, məktəbinin, yolunun, xətinin dəyişməyən prinsipləridir.
İmamın məktəbində ilk məsələ əsl Məhəmməd (s) İslamının sübutu, saxta Amerika İslamının inkarıdır. İmam həqiqi İslamı Amerika İslamına qarşı qoyur. Nədir Amerika İslamı? Amerika İslamının bizim dövrümüzdə, İmamın dövründə, müxtəlif dövrlərdə, olsun ki, gələcəkdə də iki budağı var. Bunun biri sekulyar İslam, digəri təcrid olmuş İslamdır. Buna görə də İmam sekulyar təfəkkürlü insanları, dini cəmiyyətdən ayırmaq istəyənləri, dini təcrid olmuş görmək istəyənlərlə bir sıraya qoyur. Yeni düşüncəyə əsir olanlar təəssübkeş insanlarla eyni dərəcədə yanılır. İmam bu iki zümrəni yanaşı yada salırdı. Bu gün baxsanız hər iki nümunə İslam dünyasında var. Hər ikisini də dünyanın quldur gücləri himayə edir, Amerika onları dəstəkləyir. Bu gün Amerika və İsrail azğın İŞİD, əl-Qaidə və bu kimi başqa radikal, terrorçu qrupları dəstəkləyir. İslam fiqhi və şəriətə biganə, sadəcə adı İslam olan cərəyanları himayə edirlər. İmamın nəzərincə həqiqi İslam kitab və sünnəyə əsaslanan İslamdır. Bu İslam yeni düşüncə, zaman və məkanla tanışlıq, sübuta yetmiş elmi metodlara malik İslamdır. Bu İslam elm hövzələrində təkmilləşib, sübuta yetib və insanların ixtiyarındadır. Belə deyil ki, sübut yollarına diqqət yetirilmir. Hamı Quranı açıb ictimai hərəkat prinsiplərini çıxarış edə bilər. Bu elmi bir metoddur və üzərində iş aparılıb. Bu işi davam etdirəcək insanlar var. Həqiqi İslam İmamın nəzərində budur. Təbii ki, metodla tanış olan hər adam bu işi görə bilməz. Çıxarış aparan insanın aydın düşüncəsi olmalı, zaman və məkanla tanış olmalıdır. Bu insanlar dünyanın, İslam cəmiyyətinin ehtiyaclarını öyrənməli, düşməni tanımalı, düşmənin üsulları ilə tanış olmalıdır. O zaman həqiqi İslamı tanıya bilərlər. Həqiqi İslamı tanıdıqdan sonra tanıtdıra da bilərlər. Saray mollalarının İslamı, - İmam onları bu adla yada salırdı - İŞİD İslamı, sionistlərin cinayətinə biganə İslam, Amerikanın cinayətlərinə göz yuman İslam, böyük güclərin əlinə göz dikmiş İslam, hamısı bir dəstədir. Müəyyən nöqtələrdə bir-birlərinə qoşulurlar. İmamın nəzərincə, bütün bu cərəyanlar rədd edilməlidir. İmamın tanıtdırdığı İslam bütün bu cərəyanlara qarşıdır. İmamın ardıcılı, İmamın yolunu gedən insan bölgü aparmalıdır. Həm təcrid olmuş İslamı, həm sekulyar İslamı tanımalıdır. Həqiqi İslamı tanıyıb bu yolla getməlidir. İmamın prinsiplərindən biri budur. İmam bunu bir dəfə dilə gətirməyib. Bütün əsərlərində, bəyanatlarında bu prinsip yer alıb.
İmam üçün əsas məsələlərdən biri ilahi yardıma ümid, ilahi vədlərə etimad, eyni zamanda dünyanın zalım güclərinə etimadsızlıqdır. İmamın məktəbində bu iki məsələ bir-birindən ayrı deyil. Allah-Taala möminlərə vəd vermişdir. Bu vədə inanmayanları Allah özü lənətləyir: “Və lənəhumullah.” Başqa bir məqamda “Və qəzibəllahu ələyhim”, buyurulur. Başqa bir ayədə oxuyuruq ki, “əz-zanninə billahi zənnəs-səvi ələyhim dairətus-səvi və qəzibəllahu əleyhim və ləənəhum və əəddə ləhum cəhənnəmə və saət məsira”. İlahi vəd, bu vədlərin həqiqi olması ilə bağlı buyurulur ki, “in tənsurullahə yənsurkum”. İmamın düşüncəsində əsas prinsiplərdən biri budur. İlahi vədlərə etimad, Allahın yardımına ümid. Qeyd etdik ki, bununla yanaşı zalım düşmənlərə etimadsızlıq İmamın əməl və rəftarlarında mühüm mövzulardandır. İmamın bəyanatlarında bunu aşkar görmək olur. Allaha etimad səbəb olur ki, İmam öz inqilabında, öz inqilabi hərəkatında açıq mövqe tutur. İmam açıq və qətiyyətli danışırdı. İnandığını aşkar bəyan edirdi. Çünki Allaha etimadı vardı. Deyə bilmərik ki, İmam zalım güclərin xəbəri olmadığını düşünüb belə danışırdı. Əslində düşmənin möqeyini bilirdi. Amma Allahın yardımına, qələbə vədinə ümid etdiyi üçün açıq və qətiyyətli mövqe tuturdu. Hadisələr zamanı İmamda utancaqlıq görünməzdi. Dünyanın imperialist dövlət başçılarından İmama iki məktub gəlmişdi. İmam hər iki məktuba çox qətiyyətlə cavab verdi. Cavablar İranın radio-televiziya şəbəkəsində yayımlandı. İmam ədəblə danışırdı. Ədəb çərçivəsində öz mövqeyini aydın və qəti bəyan edirdi. İmamın bu təvəkkülü, Allaha bağlılığı millətə də sirayət etmişdi. Onların damarında axan bir ümidə çevrilmişdi. Beləcə, millət də Allaha təvəkkül etdi, ilahi vədlərə inandı və bu yolda qədəm götürdü. İmam zalım güclərə inanmadığından onların vədlərinə əhəmiyyət vermirdi. Amerika prezidenti Reyqan İmama məktub yazdı, elçi göndərdi, amma İmam bütün bunlara əhəmiyyət vermədi. İmam ona verilən vədlərə etina göstərmədi, hətta cavab vermədi.
8 illik müharibənin sonlarında Amerikaya bağlı dövlətlərdən biri çox böyük yardımlar vəd etmişdi. İmam bu sözlərə zərrəcə əhəmiyyət vermədi. Biz hazırda müxtəlif sahələrdə həmin qeyri-səmimi vədlərlə rastlaşırıq. Şahid oluruq ki, zalım güclərin vədinə etimad göstərmək olmaz. Xüsusi görüşlərdə verdikləri vədlərə inanmaq mümkün deyil. Biz bunu hiss edirik. İmam öz işində bir prinsip olaraq bunu gözləyirdi. Allaha etimad, zalımlara etimadsızlıq! Əlbəttə ki, bu dünya ilə əlaqələrin kəsilməsi mənasında başa düşülməməlidir. Bir çox ölkə başçıları müxtəlif münasibətlərlə İmama təbrik məktubu göndərirdilər. İmam da onların təbrikinə cavab verirdi. Adi halda İmam ona ünvanlanan məktublara ədəblə cavab verir, amma heç vaxt zalımlara, quldurlara, onların əlaltılarına inanmırdı. İmamın yolunda əsas prinsiplərdən biri xalqın iradəsi və gücünə iman idi. Bu üçüncü nöqtədir. İmam dövlətin mərkəzləşməsinə müxalif idi. Onun işində əsas xətlərdən biri bu idi. O dövrdə səy göstərilirdi ki, bir yanlış hərəkətə görə ölkənin bütün iqtisadi məsələlərini dövlətin öhdəsinə buraxsınlar. İmamın bəyanatlarına nəzər saldıqda görürük ki, İmam bu işi xalqa tapşırır. İmam iqtisadi məsələlərdə, hərbi məsələlərdə xalqa etimad göstərirdi. Bu nöqtəyə diqqət yetirin. İmam elə əvvəlcədən ordunu himayə edirdi. İnqilab zamanı ordunun buraxılmasına qarşı çıxan İmam oldu. Amma bununla belə SEPAH-ı yaratdı. Sonra bəsic qüvvələri yaradıldı. Hərbi sahə bir xalq cərəyanına çevrildi. İqtisadi məsələlərdə də xalqa güvənirdi. Hərbdə də belə idi. Ölkənin qurulmasında xalqa etimad göstərirdi. Bu məqsədlə Cihadi-Sazəndigi hərəkatını işə saldı. Təbliğat işlərində də istinad yeri xalq idi. Xüsusilə ölkədə seçki məsələsində, ölkənin idarə olunmasında, siyasi təşkilatların idarə edilməsində xalqın rəyinə əhəmiyyət verirdi. İmam 10 il cümhuriyyətə rəhbərlik etdi. Bu 10 ildən səkkiz ili müharibə oldu. Şəhərlər bombalandı, xalq müharibə aparırdı. Həmin dövrdə ölkədə 10-a yaxın seçki keçirildi. Təyin olunmuş seçkilər bir gün də təxirə salınmadı. İmam istənilən şəraitdə təkid edirdi ki seçki vaxtında keçirilsin. Başqa ölkələrdə fövqəladə vəziyyət elan olunurdusa, İmam bir gün olsun fövqəladə vəziyyət elan etmədi. Seçki günü ilk səs verənlərdən biri İmam olurdu. İmam doğrudan da xalqın səsinə, rəyinə böyük əhəmiyyət verirdi. Xalq elə bir şeyə səs verə bilərdi ki, İmam həmin mövzuda fərqli mövqedə olardı. Bununla belə xalqın rəyinə üstünlük verirdi. Bəli, İmamın məktəbində əsas prinsiplərdən biri xalqa etimad idi. İmam xalqı məsullar üçün bir nemət səbəbi kimi tanıtdırırdı. Dəfələrlə təkrarlayırdı ki, bu xalq sizin üçün bir nemətdir. Özünü xalqın xidmətçisi adlandırırdı. Deyirdi ki, mənə rəhbər deməyinizdən xalqın xidmətçisi deməyiniz yaxşıdır. Bu böyük sözdür. Xalqa verilən qiymətdir. Xalq da bu diqqət və məhəbbətin cavabını verdi. Xalq daim səhnədə oldu. İmamın işarəsi ilə xalq fədakarlıq göstərir, səhnəyə çıxırdı. Bəli, bu etimad qarşılıqlı idi. İmam xalqa, xalq İmama etimad göstərirdi. İmam xalqı sevirdi, xalq da İmamı. Bu rabitə qarşılıqlı və təbii idi.
İmamın məktəbində dördüncü mühüm nöqtə ölkənin daxili ilə bağlıdır. İmam ciddi şəkildə məhrum təbəqəni, yoxsul təbəqəni himayə edirdi. İmam iqtisadi baxımdan qeyri-bərabərliyi şiddətlə rədd edirdi. Dəbdəbəçiliyə qarşı çıxırdı. İmam sözün həqiq mənasında ictimai ədalət tərəfdarı idi. Hamı çalışmalıdır ki, yoxsulluğun kökü kəsilsin. Hamı məhrumları ağır durumdan çıxarmaq üçün çalışmalıdır. Ölkənin imkanları daxilində məhrumlara yardım olunmalıdır. Digər tərəfdən ölkə məsullarına xəbərdarlıq edirdi ki, saray dəbdəbəsindən uzaq olsunlar. Quranda oxuyuruq: “Və səkəntum fi miskinilləzinə zələmu.” İmam hamını dəbdəbədən çəkinməyə çağırırdı. Təkrarlayırdı ki, zəif təbəqənin sədaqətinə etimad göstərin. Yada salırdı ki, məhrum təbəqənin vəziyyəti ağırdır, amma onlar hətta etiraz etmirlər. Lazım gələndə canlarını təhlükəyə də atırlar. Amma maddi durumu daha yaxşı olanlar kiçik bir problem yarananda dərhal narazılıq edirlər. Yoxsul təbəqə isə vəfalı və sədaqətlidir. İmam bunu yüksək dəyərləndirirdi. Beytül-malın düzgün xərclənməsini təkidlə tapşırırdı. İsrafın qarşısını almağa çağırırdı. Bu da əsas xətt idi. İctimai ədalət, məhrumların himayəsi, dəbdəbəçilikdən uzaqlıq İmam üçün əhəmiyyətli məsələlər idi.
Beşinci nöqtə xarici yöndədir. İmam beynəlxalq hüquqlar, zalım güclərə qarşı müxalif mövqe tutmuşdu və heç bir güzəştə getmirdi. İmam zalımların məzlumlarla qarşıdurmasında məzlumlar cəbhəsində idi. Bunu açıq bildirirdi. Dünya məzlumlarını ciddi müdafiə edirdi. Zalımlara qarşı isə güzəşti yox idi. “Böyük şeytan” adını Amerikaya verməsi İmamın maraqlı tapıntısı idi. Böyük şeytan təbirinin mərifət və elm baxımından mənası genişdir. Siz bir qurumu şeytan adlandıranda məlum olur ki, onunla necə rəftar etməlisiniz. Şeytan adı artıq münasibtələri təyin edir. İmam son günə qədər Amerikaya bu münasibətdə oldu. Həmişə də böyük şeytan sözünü işlədirdi. Bu ifadənin mənasına dərin etiqadı vardı. İnqilabın əvvəllərində bəziləri başa düşmürdülər ki, zalım rejimi himayə edən Amerikadır. Bu rejimi İran xalqı devirdi. Hansı ki kimlərsə həmin dövrdə Amerikanın, Amerikanın bəzi təşkilatlarının İranda olmasını istəyirdi. İmamın müvəqqəti hökumətlə əsas müxalifəti bu mövzudan dolayı yarandı. Biz bu hadisələri yaxından müşahidə edirdik. Bəziləri zalım rejimin Amerika tərəfindən himayə olunmasına diqqətsiz yanaşırdı. İndi həmin rejim süquta uğramışdı, amma onu himayə edən yerində qalırdı və fəal idi. Əgər ona meydan verilsəydi yenidən işə başlayacaq, zərbə vuracaqdı. Amerika zəif nöqtələri axtarırdı. Bu nöqtələrdən işə başlayırdı. Müvəqqəti hökumət bunu görməsə də İmam görürdü. Buna görə də mövqeyi qətiyyətli idi. Əslində casus yuvası olan Amerika səfirliyi məsələsində İmamın baxışı dəyişməmişdi. Müasir dünyada bəziləri bu nöqtəyə qədərincə əhəmiyyət vermədilər və zərbə aldılar. Biz buna görə kimisə məzəmmət etmək istəmirik. Amma bu gün zərbə alan bəzi dövlətlər bilməlidirlər ki, bunun səbəbi zalım rejim devriləndən sonra onu himayə edənin meydanda qalmasına diqqətsizlik olub. İmam bunu əvvəlcədən görürdü. Buna qarşı çıxdı və sona qədər Amerikaya, Amerikanın siyasi və təhlükəsizlik qurumlarına qarşı oldu.
İmam eyni zamanda uzun illər boyu Fələstini himayə etdi. İmam Fələstini, Əfqanistanı müdafiə edirdi. Sovetlər Birliyi Əfqanistana girən gündən, Amerika ilə gərgin münasibətdə olmağımıza baxmayaraq İmam Sovetlər Birliyinə qarşı sərt mövqe tutdu. Adətən dövlətlər bir dövlətlə problem yaşadıqda o biri dövlətlə problemlərə göz yumurlar. Amma İmam belə deyildi. İmam heç nəyə əhəmiyyət vermədən Əfqanistan xalqını müdafiə edirdi. Livan xalqı, Fələstin xalqının müdafiəsində dayanmışdı. Bu İmamın məntiqidir. Zalım qurumlarla mübarizə mövqeyi. Bu məntiqlə hazırkı dünyanın atmosferini tanıya bilərik, düzgün mövqe tuta bilərik. Biz İraq və Suriyada İŞİD-ə qarşı necə müxalifiksə, Amerika polisinin öz xalqına qarşı vəhşiliyinə də müxalifik. Bunlar ikisə də eyni şeydir. Eləcə də Qəzzənin mühasirəsi bu xalqa qarşı zülmdür və biz buna müxalifik. Eyni dərəcədə Yəmənin bombalanmasına qarşı çıxırıq. Eyni zamanda Bəhreyn xalqına qarşı zorakılığa müxalifik. Eyni zamanda Amerikanın pilotsuz təyyarələrinin Əfqanistan və Pakistan xalqını bombalamasına müxalifik. Bu məntiq İmamın məntiqidir. Zülm olan yerdə iki cəbhə var: zalım və məzlum. Biz məzlumların tərəfdarıyıq, zalımlara qarşıyıq. Bu mövqe İmamın qətiyyətlə ortaya qoyduğu mövqe idi. İmamın məktəbində əsas xətt budur. Elə buna görə də hazırda Fələstin məsələsi bizim üçün əsas məsələ olaraq qalır. Bunu hamı bilsin. Fələstin məsələsi heç vaxt İslam Cümhuriyyətinin gündəmindən çıxmayacaq. Fələstin vacib cihad səhnəsidir və heç hadisə bizi Fələstin məsələsindən uzaqlaşdıra bilməz. Fələstində bəzi məsulların öz vəzifəsinə əməl etməməsi mümkündür. Onların hesabı ayrıdır. Amma biz Fələstin xalqını, Fələstin mücahidlərini qəbul və himayə edirik.
İmamın təfəkküründə əsas nöqtələrdən biri məmləkətin müstəqilliyi, istiqlalı idi. İmam əsarəti rədd edirdi. Bu da mühüm prinsiplərdəndir. Mən ötən il elə bu mərasimdə həmin mövzudan danışdım. İstiqlal bir millət miqyasında azadlıqdır. İstiqlalın mənası budur. Bəziləri fərdi azadlıqdan danışır, amma ölkənin müstəqilliyinə qarşı çıxırlar. Burada ziddiyyət var. Necə ola bilər ki, bir fərdin azadlığı möhtərəm olsun, bir xalqın azadlığı yox?! Müxaliflərin, biganələrin sanksiyalarına qarşı çıxmaq lazım olduğu kimi məmləkət səviyyəsində azadlıq da lazımdır. Təəssüf ki, bəziləri nəzəriyyəçilik edir. Bəzən müstəqilliyi təcrid olma kimi dəyərləndirirlər. Bəzən iddia edirlər ki, bu gün ölkənin müstəqilliyi dəyər sayılmır. Bu barədə yazırlar, danışırlar. Təbii ki, bu sözlər cəmiyyətdə yayılır. Bəziləri belə hərəkət edir. Bu böyük səhvdir. Çox böyük və təhlükəli bir xətadır. İmam ölkənin müstəqilliyinə əhəmiyyət verirdi. Hər bir əsarəti rədd edirdi. Düşmən ötən illərdə bizə qarşı faəliyyətlərində bir məqsəd güdüb, o da bundan ibarətdir ki, müstəqilliyimizə zərbə vursun. Sanksiyalarla, hədə-qorxu gəlməklə müstəqilliyimizi hədəfə alıblar. Hamı oyaq olmalı, bilməlidir ki, düşmənin məqsədi nədir. Bu da əsas nöqtələrdən biridir. İmamın təfəkkür, yol və xəttində əsas prinsiplərdən biri - bu vurğulayacağım son nöqtədir - milli vəhdət məsələsi idi. İmam istənilən bir təfriqəyə, sünnü-şiə təfriqəsinə qarşı idi. Millətlər arasında təfriqəyə qarşı idi. Fars, ərəb, türk, kürd, lor, bəluc, istənilən bir millətə ehtiramla yanaşır, millətlər arasında təfriqəni rədd edirdi. Belə təfriqələr düşmənin siyasətlərindəndir. Buna görə də İmam ilk gündən milli birlik, vəhdət üzərində dayanır, bu məsələyə böyük əhəmiyyət verirdi. Biz bu gün həmin xətti davam etdirməliyik. Baxsanız, bu gün imperializmin dünyada əsas siyasətlərindn biri İslam dünyasında təfriqə yaratmaqdır. Bu gün amerikalılar şiə və sünnü adlarını çəkir. Şiə İslamı, sünnü İslamı deyirlər. Birini müdafiə edir, o birinin üzərinə hücuma keçirlər. Hansı ki İran İslam Cümhuriyyəti ilk gündən məzhəblər arasında təfriqəyə qarşı çıxıb. Bizim fələstinli qardaşlarımız sünnə əhlindəndir. Biz onlarla eynən Livandakı şiə Hizbullah qardaşlarımız kimi rəftar etdik. Ölkə daxilində də İmamın baxışı belə idi. İslam dünyasında İran İslam Cümhuriyyətinin mövqeyi vahid İslam ümmətidir. Bu gün Amerikaya nökərlik edən, şiələrə qarş çıxanlar təfriqə salanlardır. Amerika belə təfriqə yaradan qrupları İraq və Suriyada himayə edir. Bəzən də məxfi şəkildə yardım göstərirlər. Onların əlaltıları onların mənafeyini himayə edir. Aydın olur ki, İslam düşmənləri müsəlmanlar arasında təfriqəyə böyük əhəmiyyət verir. Buna diqqətli olmaq lazımdır. Həm şiələr diqqətli olmalıdır, həm də sünnülər. Düşmənin oynuna aldanmamalıyıq. Bu gün Amerikanın himayə etdiyi sünnilik, Londondan dünyaya təbliğ olunan şiəlik bir misal ola bilər. Hər ikisi şeytanın qardaşlarıdır. Hər ikisi Amerika, Qərb və imperializmin əlaltılarıdır.
Biz bu ilin əvvəlində qəlb və dildə birlik şüarını verdik. Sonralar da bu prinsipi təkrarlamışıq, onun üzərində dayanmışıq. Ölkəmizdə müxtəlif millətlərdən, dinlərdən, məzhəblərdən olan qardaş və bacılarımız vahid bir ailə təşkil edir. Həmd olsun Allaha ki, bu günə qədər bu birlik olub. İmkan verməyin ki, düşmən İslam fəzasına nüfuz etsin. Daha geniş müstəvilərdə sünnü və şiə qardaşlar bilsinlər ki, düşmənçilik İslamın mövcudluğu üçün təhlükə yaradır. Bu da əsas prinsiplərdəndir.
Mən İmamın yolu, məktəbindən yeddi prinsip üzərində dayandım. Şübhəsiz ki, İmamın yolu bu prinsiplərlə məhdudlaşmır. Başqaları da bu mövzunu araşdırsınlar və insanlar öz xoşladıqları sözü İmama aid etməsin. İmama aid etdiyimiz sözlər ona aid mənbələrdə olmalıdır. Özü də bu sözlər təkrar, ardıcıl şəkildə İmamın bəyanatlarında yer almalıdır. Mənim qeyd etdiyim yeddi məsələ bu qəbildəndir. İmam ilk bəyanatından son bəyanatına qədər uzun illər boyu bu prinsiplər üzərində dayanıb. Başqaları da araşdırma aparıb bu nöqtələri görə bilər. İmamın cazibəsi, eləcə də dəf etməsi bu üsullar əsasında olub. Biz də cazibə və dəf etmə imkanları istəyirik. Həmin prinsiplər əsasında buna nail ola bilərik.
Hamı bilsin ki, gündə bir qiyafədə gələn, bir gün qaşqabaqlı, bir gün təbəssümlü olan, bir gün vəd verib, sabah hədə-qorxu gələn düşmənin məqsədi ölkəni əsarət altına almaqdır. Düşmən zalım rejim dövrünə qayıtmaq, qeyd-şərtsiz ölkəyə nəzarət etmək istəyir. İslam bu qayıdışa müxalifdir. Düşmənin bu fitnələri qarşısında möhkəm güc dayanıb. Düşmən bu güclə, İslamla müxalifdir. Düşmən İslamla ona görə müxalifdir ki, İslam maarifi, İslam hökmləri onların qarşısında möhkəm sədd çəkir. Bizim millətə müxalifdirlər. Çünki millət onların qarşısında dağ kimi dayanıb. Kim onlara daha çox mane olursa, ona daha çox müxalifdirlər. Möminlərə qarşı daha çox müxalifdirlər. İnqilabi təşkilatlar, qurumlara qarşı daha çox müxalifdirlər. Hizbullah fərdlərə qarşı çox müxalifdirlər. Bilirlər ki, onlar möhkəm sədlərdir, düşmənin nüfuzu qarşısında dayanıblar. Düşmən hökm vermək, nəzarət etmək ardıncadır. Bütün təlaşları buna görədir ki, İslam Cümhuriyyətinin tərəqqisinin qarşısını alsınlar. Bu xalqın tərəqqisi cümhuriyyətin fəaliyyətləri ilə şərtlənib. Qədim Amerika siyasətçilərindən biri deyir ki, təkfirçi terrorçu qrupların biz qərblilər üçün əhəmiyyəti yoxdur; olsunlar, eyb etməz; b