Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Cihad və Allahın köməyi

“Əgər siz Allaha kömək etsəniz O da sizə kömək edəcək və qədəmlərinizi sabit edəcəkdir.”
Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Allah Quranda buyurur: “O kəslər ki, Bizim yolumuzda cihad edərlər, Biz onları Öz yolumuza hidayət edib onlara yol göstərərik.” (“Ənkəbut” surəsi, 69-cu ayə )
İmam Cəfər Sadiq (ə) buyurur: “Xoş olsun o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsi və onun (nəfsin) istəkləri ilə cihad etsin. Hər kəs öz nəfsinin istəklərinin ordusuna qələbə çalsa Allahın razılığını qazanar. Hər kəs Allah qarşısında cihad, bəndəçilik və xüzu ilə əqlini nəfsi-əmmarəyə qonşu qərar verərsə böyük səadətə nail olacaqdır. Bəndə ilə Pərvərdigar arasında əmmarə nəfsi və onun istəklərindən də qaranlıq və dəhşətli bir hicab (pərdə) yoxdur. Onların kökünün kəsilməsində isə Allaha ehtiyac (hissi), xüşu, gündüzdə aclıq və susuzluqdan (oruc tutmaqdan), gecə isə ibadət etməkdən yaxşı bir silah yoxdur. Belə şəxs ölərsə dünyadan şəhid kimi köçmüş olar. Əgər diri qalarsa Allahın ən böyük rizvan (razılıq) məqamına çatar. Allah Quranda buyurur: “O kəslər ki, Bizim yolumuzda cihad edərlər Biz onları Öz yolumuza hidayət edərik, Allah yaxşı əməl sahibləri ilədir.” Əgər nəfsi ilə cihad edən bir şəxsin öz nəfsinin islah olunmasında səndən artıq səy göstərdiyini görsən öz nəfsini danlayıb tənbih et və onu daha artıq nəzarət altına alınmağa rəğbətləndir. Allahın əmr və nəhylərinin vasitəsilə nəfs üçün bir cilov düzəlt. Eynilə dəcəl uşağı tərbiyə etmək istəyən şəxs kimi öz nəfsini yaxşı işlərə doğru sövq et. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) o qədər namaz qılırdı ki, mübarək ayaqları şişirdi. O Həzrət (s.ə.v.v.) bu işə etiraz edənlərin cavabında buyururdu: “Allahın şükr edən bəndəsi olmamalıyammı?!” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ibadətdə ciddiyyət göstərib səy etmək üçün öz ümmətinə dərs verirdi. Deməli riyazət, ibadət və cihad yolunda heç vaxt qafil olmamalı və bilməlisən ki, ibadətin şirinliyini və onun bərəkətlərini müşahidə etsən, qəlbini onun nuru ilə nuraniləşdirsən elə (yüksək mənəvi) vəziyyətdə olacaqsan ki, hətta səni tikə-tikə doğrasalar da bir anlıq belə o namazdan əl çəkməyəcəksən. Deməli, ibadətdən yalnız o kəslər üz döndərər ki, günahdan çəkinmək və yaxşı işlərdə müvəffəqiyyət qazanmaq müsabiqəsinin faydalarından məhrum olsun.” (“Biharul-ənvar”, 70-ci cild, səh.69)
Cihad ilə nəfs eynilə silahlı cihad kimidir; düşmənə nə qədər zərbə vurulsa və ordu vasitəsilə səngərlər nə qədər fəth edilsə düşmən də həmin miqdar da zəifləyəcək, cihad edənin ordusu bir o qədər güclənəcək və sonrakı zərbələr və fəthlər üçün daha hazırlıqlı olacaqdır. Bu da Allahın qoyduğu ümumi bir qanundur: “Əgər siz Allaha kömək etsəniz O da sizə kömək edəcək və qədəmlərinizi sabit edəcəkdir.”
Nəfs ilə cihadda da məsələ eynilə belədir: Nəfsi-əmmarəyə nə qədər zərbə vurulsa, onun qanunsuz və yersiz istəkləri ilə nə qədər çox müxalifət olunsa bir o qədər zəifləyəcək, eyni zamanda siz də sonrakı fəthlər üçün bir o qədər hazırlıqlı olacaqsınız. Bunun müqabilində nə qədər süstlük göstərsəniz və nəfsin istəklərinə nə qədər təslim olsanız siz bir o qədər zəifləyəcəksiniz, nəfs isə bir o qədər güclənəcək və özünün sonrakı fəthləri üçün daha hazırlıqlı olacaqdır. Əgər biz nəfsimizin aludəliklərdən təmizlənməsi yolunda bir qədəm götürsək Allah tərəfindən kömək nazil olacaqdır və hər gün öz nəfsi-əmmarəmizə daha artıq hakim olacağıq. Amma əgər nəfsin istəkləri və orduları qarşısında geri çəkilsək onlar güclənəcək və bizə daha artıq hakim kəsiləcəkdir.


1116 بازدید
در حال ارسال اطلاعات...