Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Allaha güvənməklə hər iş mümkündür

İşinizdəki düyünü açmaq üçün olanlarınızdan insanlara bağışlayın...
Söhbətimizin mövzusu varlıq aləminə hakim olan nizam, qanunlar sistemidir. Allah-Taala varlıq aləmini yaradanda onu qanunlara tabe edib və həmin qanunları bu gün ilahi qanunlar, təbiət qanunları adlandırırıq. İnsan varlıq piramidasının təpə nöqtəsində dayansa da bu piramidaya hakim olan qanunlara tabe olmağa məcburdur. Əgər bu qanunlara tabe olsa təbiət tərəfindən himayə olunur, əgər boyun qaçırsa özünü cəzaya məhkum edir.
Təbiət aləmini mütaliələrdən aydın olur ki, ortada ciddi qanunlar var və bu qanunların pozulması insan səadətinə qarşı yönəlib. İlkin olaraq, “xəla” qanunu deyilən boşalma qanununu qeyd edə bilərik. Boşalma hər zaman cazibəyə səbəb olur. Daha çox boşaldıqca daha çox cazibəyə çatmaq olar. Əgər mən Allah-Taalanın nemətlərinə çatmaq istəyirəmsə, bundan ötrü öz vücudumda yer açmalı, bir növ boşalmalıyam. Təbiətdə rastlaşdığımız böyük hadisələrdən biri burulğandır. Burulğanın gücü adi küləyin gücündən qat-qat artıqdır. Burulğan özü külək toplumudur. Bəs nə üçün başqa küləklərdən çox güclüdür? O bu gücü haradan alır? Diqqət etsək görərik ki, burulğanın fövqəladə cazibəsinin səbəbi onun daxildən boş olmasıdır. Burulğan hərəkət edir, amma onun daxili boşdur. Onun bütün cazibə gücü daxildən boş olmasıdır. İnsan da burulğan kimi olmalıdır. Əgər istəyirsinizsə istək və dualarınız qəbul olsun, əvvəlcə qəlbinizdə, daxilinizdə buna yer açın. Düşüncədə, qəlbdə boşluq, yer yaradılması cazibəyə səbəb olur. Bir sözlə, daxilinizi boşalda bilsəniz dualarınızın qəbul olunması imkanı artır.
Əvvəlcə düşüncə və qəlbi boşaltmaq lazımdır. Nədən? O şeylərdən ki, onlar ziyanlıdır, onlarda heç bir fayda yoxdur. İnsanın öz düşüncə və qəlbini kin-küdurətdən, nifrətdən, intiqam hissindən, paxıllıqdan, ümidsizlikdən, sui-zəndən, azğınlıqdan, bir sözlə, insana xeyir gətirməyəcək bütün sifətlərdən təmizləməsi lazımdır. Bəs bu boşluğu necə yaratmaq olar? İnsan əvvəlcə bağışlamağı, əfv etməyi öyrənməlidir. Düşüncə və qəlbdə faydalı boşluq yaratmaq üçün insan başqalarını bağışlamalıdır. Bəzən elə düşünürük ki, ətrafdakı insanları bağışlamaqla onlara yaxşılıq etmiş oluruq. Hansı ki birinci yaxşılıq özümüzə aiddir. Düşüncə və qəlbi kin-küdurətdən təmizləmək ilk növbədə insanın özünə fayda gətirir. Nəhcül-fəsahədə bağışlamaq haqqında deyilir: “Allah bağışlayandır və bağışlamağı çox sevir.”
Amma bağışlamaq növbəti dəfə rabitə yaratmaq mənasında deyil. Məsələn, bir şəxsdən pislik görmüsünüzsə onu bağışlamaq o demək deyil ki, onunla yenidən rabitə qurmalısınız. Bağışlamaq insanın düşüncəsində, daxilində baş verən hadisədir.
Bəzən insan öz zehnini hətta bəzi faydalı şeylərdən də boşaltsa xeyir görər. Təsəvvür edin ki, sizdə başqaları üçün faydalı informasiyalar var. Bu informasiyanı başqalarına ötürməyiniz özü zehninizdə boşalma aparır. Bu zaman insan zehni başqa informasiyaların qəbuluna münasib olur. Sübuta yetib ki, öyrənmək üçün ən səmərəli üsullardan biri yazmaqdır. Yazmaq informasiyanın kağıza köçürülməsidir. Bu özü də insan zehnini ağır yüklənmədən qoruyur, onu növbəti informasiyaların qəbuluna hazırlayır.
Bəzən eşqi bildirmək, eşqi bayan etmək insan qəlbini yüngülləşdirir. Siz eşqinizi bildirməklə daha çox mehr-məhəbbət cazibəsi qazanırsınız. Məhəbbətini, xoş hisslərini bildirməkdən çəkinən insanlarda mehr-məhəbbət cazibəsi zəif olur.
İnsanın yüngülləşməsində əhəmiyyətli rol oynayan üzvlərdən biri dildir. Dili faydasız, zərərli sözlərdən qorumaq insanı yüngül saxlayır. Sükut özü daxili bir boşluq yaradır. Boş saxlanılası şeylərdən biri də qarındır. İnsan çox yeyəndə onun düşüncəsinin enerjisinin böyük bir hissəsi yeməyin həzminə sərf olunur. Zehnin enerjisi həzmə sərf olunduğu zaman insan müsbət hadisələr barədə düşünmək imkanını əldən çıxarır. Başqa bir boşluq günahdan boşluqdur. İnsan səy göstərməlidir ki, onun vücudunda günaha yer olmasın. Günahın etirafı, peşmançılıq, tövbə insanın günahdan boşalmasına kömək edir. Nəticədə insan ilahi lütfə nail olur, onun duaları qəbul dərəcəsinə çatır. Əgər Allahdan istəklərinizə cavab almırsınızsa bunun bir səbəbi duanın qəbulu üçün lazım olan boşluğa malik olmamağınızdır. Özünüzdən soruşun ki, düşüncə və qəlbinizdə hansı pis niyyət var? Bəli, duanın qəbuluna mane olan şey düşüncə və qəlbdəki çirkinlikdir.
Boşalmada təsirli işlərdən biri insanın müəyyən rabitələri qırmasıdır. İnsan bəzən bir məqsədə elə bağlanır ki, bu bağlılıq onun düşüncə və qəlbində başqa dəyərli hadisələrə yer saxlamır. Əgər siz bir mövzuda həddindən artıq çox düşünürsünüzsə bunun səbəbi həmin məqsədə çatmamaq fikrindən yaranan qorxu və nigarançılıqdır. Bir şəxs Allahın vədlərinə inanırsa və duasının qəbuluna əmindirsə işin aqibətini Allaha tapşırıb vəzifəsinə əməl edərək çalışır. Məqsədə çatmaqla bağlı düşüncələrdən xilas olmaq özü boşluq yaradır.
Diqqəti çəkən ikinci qanun cərəyan və hərəkət qanunudur. Varlıq aləmində olan hər bir zərrə hərəkətdədir. Bu hərəkət məqsədsiz deyil. Varlıq aləmində hərəkətsiz zərrə yoxdur. Bütün hərəkətlərdə insan üçün mesaj var. Mesaj bundan ibarətdir ki, sən də hərəkətdə olmalısan. İnsan orqanizmində üç mühüm cərəyan var: qanın cərəyanı, nəfəsin cərəyanı, bəlğəmin cərəyanı. Bu üç cərəyandan biri dayansa insan həyatına son qoyular. Bu bir təsadüf deyil. İnsan ardıcıl şəkildə nəfəs alır. Onun nəfəs alması həyat əlamətidir. Varlıq aləmindəki hərəkata qoşulmaq üçün insan özünə diqqət etməli, hərəkətdən dayanmış əzalarını hərəkətə gətirməlidir. İnsanın hərəkətə gətirəcəyi şeylərdən biri sərvətdir. Əgər yer üzündə sərvət, pul bir yerdə dayansa fəsad yaranar. Bir çox hədislərdə var-dövlət prinsipcə yaxşı dəyərləndirilir. Amma var-dövlət toplayıb saxlamaq pislənilir. Sərvət dövr etməlidir ki, artsın, qurub-yaratsın. Bu gün yatırılmış pul hərəkətə gətirilsə evə çevrilər, zavod-fabrika çevrilər, insanlar iş yeri qazanar, problemlər həllini tapar.
Ətrafda müşahidə etdiyimiz üçüncü qanun nəzm qanunudur. Varlıq aləminə nizam-intizam hakimdir. Bizə zahirən nizamsız görünən hərəkətlərin də batini bir nizamı var. Varlıq aləmindəki nizamda da insana mesaj var. İnsana çatdırılır ki, sən varlıq nizamının bir elementi olaraq bu nizama tabesən. İnsan öz orqanizminə baxsa bir nizam görər. Əgər xəstəlik yaranırsa, demək orqanizimdə nizam pozulub. Bədənin istənilən bir hissəsində nizam pozulduqda insan xəstəlik halı yaşayır. Demək, varlıq aləmində nizamı qorunan hər bir şey həm də sağlamdır.
Cəmiyyətimizdə problemlər yaranmasının əsas səbəbi nizam-intizamın pozulmasıdır. Əgər cəmiyyətimizdə gərginlik yaşanırsa, hökmən bu cəmiyyətdə nizam pozulub. Nizamın pozulduğu nöqtəni tapıb orada qanunu bərpa etmək lazımdır.
Təcrübədə sübuta yetib ki, bir iş nizamlı və ya nizamsız olaraq tam şəkildə başa çatdırılmasa ondan enerji ala bilmirik. Bir işi başa çatdırmaq özü də nizam sayılır. Söhbətimizin əvvəlində xəla, boşluqdan danışdıq. Əgər cəmiyyətdə nizam yoxsa bu özü də bir növ qanun boşluğudur. Siz həyatınızı nizama salın, bu zaman həmin boşluğu, yüngüllüyü, azadlığı hiss edəcəksiniz. Təxirə salmadan yarımçılıq işlərinizin siyahısını çıxarın və onları əhəmiyyətinə görə qruplaşdıraraq tamamlamağa başlayın. Bu işləri tamamladıqdan sonra həyatınızın dəyişdiyinə şahid olacaqsınız.
İnsan həyatında riayət olunacaq qanunlardan biri mərhəmətdir. Bəziləri elə düşünür ki, mərhəmət, sədəqə dilənçiyə əl tutmaqdan ibarətdir. Hansı ki insanın göstərəcəyi mərhəmət arasında ən kiçiyi elə bu sayağı sədəqədir. Mərhəmət göstərin, eşqinizlə, düşüncənizlə, quruculuğunuzla mərhəmət göstərin. Təbəssümünüzü bağışlayın, müsbət enerji bağışlayın. Elm və biliklərinizi insanlara bağışlayın. İstənilən bir şəkildə bir dəyəri toplayıb saxlamaq bağışlamağın ziddidir. Çəkinmədən mərhəmət, bağışlamaq təbiətin qanunudur. Baxın, günəş min illiklərdir ətrafa nur saçır. İnsan da eynən günəş kimi dayanmadan, müzayiqə etmədən öz sərvətini, biliyini, ixtiyarında olanları bağışlamağı bacarmalıdır. Elə bu gün evinizdə istifadə olunmayan hətta dəyərli şeyləri bağışlayın. Bunun əvəzini elə bir yerdən alacaqsınız, əvvəlcədən təsəvvür etmək mümkün deyil. Həyatınızda harada işləriniz dalana dirənirsə, problemlə üzləşirsinizsə mərhəmətdən kömək alın. İşinizdəki düyünü açmaq üçün olanlarınızdan insanlara bağışlayın. Hətta maddi imkanlarınız olmayan yerdə təbəssümlə, bir xoş baxışla, bir şirin sözlə sədəqə verin. Bütün bunlar Peyğəmbərin (s) buyuruqlarıdır.
Ən böyük hədiyyələrdən biri də şükürdür. İnsan şükür etdikcə onun enerji fəzası genişlənir. İnsanlara təşəkkür etmək, onların yaxşılıqları müqabilində qədrdanlıq böyük şükürdür. Bəndəyə şükür etmək hətta Allaha şükür etməkdən öndə gəlir. Bunu təsdiq edən buyuruqları dini mətnlərdə tapa bilərsiniz. Hər gün evdən çıxanda özünüzdən soruşun ki, bu dünyanın bir parçası olaraq payınızı vermisinizmi?
Sədəqə ilə bağlı üç baxış var. Çoxları sədəqə deyəndə maddi yardımı nəzərdə tutur. Həyatın qanunu budur ki, verdiyiniz qədər əvəz alacaqsınız. Amma yaxşı olar ki, insan əvəz gözləmədən bağışlasın. İnsanın bir şey verib əvəz gözləməsi onu böyük nemətlərdən məhrum edir. Sədəqə verəndə daha artıq almaq barədə düşünmək insanı misilsiz nemətlərdən məhrum edir. Başqalarının çatdığı, sizin məhrum olduğunuz nemətləri gördükdə səbəbini özünüzdə axtarın. Başqalarının nemətə nə üçün çatdığı sizin üçün sual olmasın.
Bəzən insanlar əlləri ilə versələr də gözləri həmin şeyin arxasınca qalır. Pul yardımı, hədiyyə, sovqat, bütün başqa hədiyyələr verildiyi zaman insan onların ardınca göz dikməməli, hətta təşəkkür gözləməməlidir. Təəssüf ki, biz hədiyyə verəndə üzərindən neçə illər keçəndən sonra da həmin hədiyyənin qalıb-qalmaması ilə maraqlanırıq.
Başqa bir qrup sədəqə qorxu üzündən verilən sədəqədir. Bəzən insanlar yerin-göyün bəlalarından qorxduqları üçün sədəqə verirlər. Əlbəttə ki, belə sədəqə pis deyil. Allahın lütfü o qədər genişdir ki, insan qorxu səbəbindən Ona doğru addım atanda da Allah bunu qəbul edir. Amma unutmamalıyıq ki, sədəqənin arxasında nə əvəz gözləmək, nə də qorxu amilləri dayanmalıdır, insan insan olduğu üçün, ilahi niyyətlə mərhəmət göstərməlidir. Üçüncü növ sədəqə eşqlə verilən sədəqədir. Bu böyük mərhəmətdir. Heç nədən qorxmayan, əvəz gözləməyən insan sevgi ilə əl tutur. Bundan gözəl nə ola bilər!
Son dövrdə Avropa yazıçılarının kitablarında maraqlı bir faktla rastlaşmaq olar. İnsanlar sırf eşq üzündən hər gün əllərinə gələn pulun onda birini sədəqə verirlər. Düşünməyək ki, onlar bu pulu xüms-zəkat kimi ödəyirlər. Xüms-zəkat bir vəzifədir və ödənməsi vacibdir. Amma ələ gələn pulun ondan birini verənlər bunu sırf eşq üzündən edirlər.
İnsanı həyatda müvəffəqiyyətlərdən məhrum edən səbəblərdən biri var-dövlət toplamaq hərisliyidir. Əksər evdə ambar deyilən bir yer olur. İnsanlar adətən istifadə etmədikləri şeyi ambara yığırlar. Əgər bir şey istifadəyə yararsız hala düşübsə, onu atmaq lazımdır. Əgər istifadəyə yararlıdırsa və sizə lazım deyilsə, onu lazım olan bir şəxsə verin.
Həzrət Peyğəmbər (s) Cəbraildən soruşur ki, sədəqənin mükafatı nə qədərdir? Cəbrail cavab verir ki, sədəqə beş növdür və hər birinin öz mükafatı var. Sonra həmin beş sədəqə haqqında məlumat verir. Birinci növ sədəqənin əvəzi 10 qatdır. Bu elə bir sədəqədir ki, insan sağlam bir insana əl tutur. Bu şəkildə verilən sədəqənin əvəzini Allah 10 qat artıq qaytarır. İkinci növ sədəqənin əvəzi 70 qat artıqdır. Bu zəif, imkansız adama verilən sədəqədir. Üçüncü növ sədəqənin əvəzi 700 qat artıqdır. Bu insanın ata-anasına sədəqəsidir. Dördüncü növ sədəqənin əvəzi 70 min qat artıqdır. Bu insanın dünyadan köçənlərə hədiyyə etdiyi sədəqədir. Beşinci növ sədəqə elm istəyənə elm öyrətməkdir. Bunun mükafatı 100 min qat artıqdır.
Bəli, insan öz mehr-məhəbbətindən, var-dövlətindən, elmindən, gücündən sədəqə verə bilər.
Təbiətdə müşahidə etdiyimiz qanunlardan biri paklıq qanunudur. Paklıq nemətlərin cəzbi üçün əsas amillərdəndir. Nemətlər paklığa cəzb olunur. İnsan özünü pakladıqca nemətlərə layiq olur. İnsan paklıq qanununu öyrənməli, ona əməl etməlidir. Öncə zehnimizi paklamağa çalışmalıyıq. Paklıq qanunu xəla qanunu ilə əlaqəlidir. İnsan zehnini nifrət, kin-küdurətdən təmizlədikcə zehnində müsbət boşluq yaranır. Təmizləmə işinə zehninizdən başlayın, otaqlarınızı, mətbəxinizi, həyətnizi, baxçanızı təmizləyin. Öz daxilinizi, qəlbinizi, dilinizi təmizləmək yaddan çıxmasın. Əgər dil yalana, böhtana, təhqirə, yersiz tənqidə adət edibsə insan ilahi nemətlərdən məhrum olub. Hədislərdə bildirilir ki, söyüş söymək ruzini əskildər. Yalan danışmaq ruziyə mane olar. Bəli, elə insanlar var ki, yalan danışsalar da, söyüş söysələr də, maddi durumları yaxşıdır. Bir nöqtəni qeyd edək ki, biz ruzi deyəndə təkcə maddi durumu nəzərdə tutmuruq. Ruzi Allahdan insana çatan bütün yaxşılıqları əhatə edir. Yaxşı dostlar özü bir ruzidir. Allah-Taala Qurani-Kərimdə yemək, necə yemək, nədən yeməkdən danışır. Buyurur ki, pak şeylərdən yeyin. Paklıq o demək deyil ki, bir şey bədənə faydalıdır. Yediyimiz şeylərin xüsusiyyətləri bizim genetik xüsusiyyətlərimizə təsirlidir. Hətta bizdən sonrakı nəsillərə də bu gün qəbul etdiyimiz qidalar təsirli ola bilər.
Əməl ediləcək altıncı qanun sübh oyanmaq qanunudur. Sübh oyanmağı təbiətdən öyrənək. Gün doğandan sonra yerindən qalxan xoruz görmüsünüzmü? Heyvanlar istirahət günüdür deyə artıq yatmazlar. Təbiətə baxın, təbiətdən iham alın, təbiətin çağırışlarına səs verin. Fotosintez deyilən bioloji hadisə bitkilərdə gün doğan zaman başlayır. Qaranlıq dağılan kimi bitkidə bu proses başlayır. Gecə düşdükcə varlıq aləminin enerjisi artır. Təbiət sakitləşir. Bu zaman biz də aramlaşmalıyıq. Quranda buyurulur ki, biz gecəni sizin istirahətiniz üçün qərar verdik. Buna görə də enerjinin bol olduğu gecə vaxtı yatmaq insanın aramlığına müsbət təsir edir.

M.Hurayi

Vilayet.nur-az.com


1175 بازدید
در حال ارسال اطلاعات...