Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

İmam Xomeyni (r) vəhdət haqqında

İmam (r) vəhdətə biganəlik və ona diqqət göstərilməməsini kəbirə günah hesab edir
Vəhdət sözü dini mətnlərdə geniş yer alsa da siyasi ədəbiyyatda bu sözə bir o qədər də yer verilməyib. Siyasi ədəbiyyatda daha çox qarşıya çıxan sözlər nasionalizm, panərəbizm, pantürkizm kimi sözlərdir. Siyasi ədəbiyyatda bu cərəyanların fövqündə dayanan birlik müxtəlif terminlərlə ifadə olunur. Amma heç bir söz vəhdət sözünü əvəz edə bilmir. Vəhdət sözü fərqli sahələrdə bəzən fərqli mənalar daşıyır. Məsələn, İslam ümmətinin vəhdəti deyərkən coğrafi sərhədlərin aradan götürülməsi yox, düşüncə və əməldə birlik nəzərdə tutulur. Ölkə daxilində vəhdət dedikdə adətən milli mənafelərə münasibətdə düşüncə və əməl birliyi nəzərdə tutulur. Bu gün bunu daha çox milli birlik kimi ifadə edirlər.
İstənilən bir halda vəhdət dini cəmiyyətin tərəqqisində daxili və xarici təsirlərə malikdir. Seyyid Cəmaləddin Əsədabadinin dövründən İmam Xomeyniyə (r) qədər vəhdət sözünün çeşidli mənaları olub. Hazırkı məqalədə biz vəhdət barədə İmam Xomeyninin (r) düşüncələrini nəzərdən keçirəcəyik. İstər ölkə daxilində, istər xaricdə vəhdət nə deməkdir? İmam Xomeyni (r) İslam İnqilabından öncə və sonra müsəlmanların diqqətini İslamın mənafelərinə yönəltməyə cəhd göstərib. Öncə Quranda vəhdət mövzusuna nəzər salmaq lazım gəlir. Ali-İmran surəsinin 103-cü ayəsində “Vətəsimu” sözü ilə rastlaşırıq. Ayədə buyurulur ki, hamılıqla Allahın ipinə yapışın və parçalanmayın. Allahın sizə verdiyi nemətləri xatırlayın. Siz düşmən ikən O sizin qəlblərinizi birləşdirdi, Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən o sizi xilas etdi ... Maidə surəsinin 2-ci ayəsində “Təavənu” sözü ilə rastlaşırıq. Ayədə buyurulur ki, yaxşılıq etməkdə, pis işlərdən çəkinməkdə əlbir olun, günah işlərdə düşmənçilikdə bir-birinizə kömək göstərməyin ... Başqa ayələrdə xalq arasında islah, müsəlmanlar arasında islah, vahid ümmət, orta ümmət, hizbullah, Allah rəngi, qardaşlıq kimi ifadələrlə insanlar vəhdətə dəvət olunur. Quran nəzərincə vəhdət mehvəri tövhid, ondan sonra İslam dinidir. Qurani-Kərim Peyğəmbəri (s) kitab əhlinin görüşünə göndərir ki, onları tövhidə dəvət etsin. Hücurat surəsinin 11-ci ayəsində Peyğəmbərə (s) göstəriş verilir ki, kitab əhlindən müştərək söz ətrafında birləşməyi, Allahdan qeyrisinə pərəstiş etməməyi, bir-birlərini rəbb çağırmamalarını istəsin. Ayədə vurğulanır ki, əgər üz çevirsələr deyin ki, biz haqq qarşısında təslim olanlarıq.
Ayədə göründüyü kimi ittifaqın sərhədi tövhiddir. Müşriklər və kafirlər qeyri-tövhid mehvərində hərəkət edir. Onlar dini vəhdətdə qəbul olunmayacaq. Vəhdət mehvərinin aydınlaşdırılması ilə bağlı başqa ayələr də var. Allahın Rəsuluna, əmr sahiblərinə itaət də şərt kimi göstərilir. Əgər ayələrin təfsirinə nəzər salsaq həqiqi vəhdət haqqında Ali-İmran surəsindəki ayənin buyuruğunu yada sala bilərik: “Allahın ipinə möhkəm sarılın və parçalanmayın.” Bu ayədə müsəlmanlardan istənilir ki, dünyadan İslam dinində getsinlər. Risalətsiz, peyğəmbərsiz tövhid bu baxımdan məqbul deyil.
Həzrət Əli (ə) peyğəmbərdən sonra xilafət yolu ilə razı olmasa da daha mühüm mənafeləri nəzərə alaraq müxalifətçilik göstərmirdi. Həzrətin sözləri bu baxımdan çox ibarətamizdir. Aydın olur ki, İslam vəhdəti olduqca mühümdür, hətta Həzrət Əli (ə) bu vəhdətə xatir razılaşmadığı bəzi məsələlərə göz yumur.
Əslində belə bir vəhdət koalisiyadır. Vəhdətə nail olmaq üçün bəzən haqqın müxalif tərəfin qəbul etdiyi hədi ilə barışmaq lazım gəlir. Həzrət Əlinin (ə) bir xütbələrində mənalı sükutla rastlaşırıq. Həzrət öz söhbətlərində müəyyən məsələlərlə bağlı susur və bu sükut onun üçün öz təbirincə desək boğazda qalmış sümük, gözdə tikan kimidir. Bu ağrılara dözməkdə yeganə məqsəd müsəlmanların vəhdətini, İslam dinini yaşatmaqdır. Həzrət Əli (ə) öz hakimiyyətinin əvvəllərindəki xütbələrdən birində buyurur: “And olsun Allaha, əgər müsəlmanlar arasında ixtilaf və parçalanmadan qorxmasaydım, əgər küfrün qayıdışından ehtiyatlanmasaydım, dinin aradan gedəcəyi məni narahat etməsəydi, başqa bir mövqe tutardım.”
Quran ayələri, peyğəmbər və məsum imamların buyuruqları və həyat yolundan aydın olur ki, İslam nizamının qorunması, ümmətin mənafelərinin hifzi şəxsi və qrup mənafelərindən önəmlidir. Həzrət Peyğəmbər (s) və məsumlar şəxsi haqlarından keçiblər ki, cəmiyyətdə təfriqə yaranmasın, ümmətin mənafeləri hifz olsun.
İmam Xomeyni (r) vəhdətə necə baxır? İslam məzhəbləri arasında olan fikir ayrılıqları ixtilaf üçün ciddi səbəb ola bilər. Bu sahədə vəhdət yaratmaq məqsədi ilə iki istiqamətdə təlaş göstərilir. Bir qrup İslam məzhəbləri arasında yaxınlaşma məqsədi ilə ayağa qalxdı, şiə elm hövzələri ilə məşhur sünni elm mərkəzi olan Əl-Əzhər universiteti arasında əlaqə yaratmağa çalışdı. Başqa bir qrup məzhəbi ixtilafları bir kənara qoyaraq müsəlmanların dünyadakı müştərək mənafeləri əsasında siyasi birlik yaratmaq istiqamətində addım atdılar.
Düşüncə baxımından vəhdət yaratmaq istəyənlər arasında az bir qism müvəffəqiyyət qazana bildi. Onlardan biri Ayətullah-Üzma Brucerdi idi. Təəssüf ki, təəssübkeş fərdlərin maneçiliyi səbəbindən, eyni zamanda məzhəblərin yaxınlaşmasından qıcıqlanan rejimlərin maneçilikləri səbəbindən düşüncədə vəhdət hərəkatı son məqsədə çata bilmədi. Vəhdət mövzusu İran İslam İnqilabı ilə gündəmə gələn mövzu deyil. İran İslam İnqilabından əvvəllər bu mövzu aktual olub, geniş dünya görüşünə malik alimlər bu istiqamətdə fəaliyyət göstəriblər.
İmam Xomeyni (r) Səhifeyi-Nurda yazır: “Biz qələbə rəmzi olan vəhdəti-kəlmə və Qurana istinadı qorumalıyıq. Hamımız birlikdə irəli getməli, İslam Cümhuriyyətini İranda möhkəmlətməliyik.” İmam İslam İnqilabının qələbəsindən sonra buyurur: “Əgər biz vəhdəti-kəlmə və hər şeyin toplandığı islamiyyəti hifz edə bilsək sona qədər qalibik. Əgər Allah eləməmiş, bilmədən səhv addım atılsa və ya biz süstləşsək, qalib gəldiyimizdən arxayınlaşıb fəallığı dayandırsaq pis bir sonluğa çatacağımızdan qorxuram. Möhkəm dayansaq, milli qüdrət olan qüdrəti hifz etsək, vəhdəti-kəlməni qorusaq qalib gələcəyik.” İmam Xomeyni (r) İslam və vəhdəti müsəlmanların öz həyatının davam etdirməsi üçün zəmin sayaraq buyurur: “Əgər müsəlmanlar ilkin İslam dövründəki əzəməti yenidən əldə etsələr, İslam və vəhdəti-kəlmə səhnəyə qayıtsa, bu ittifaq fövqəladə bir qüdrət və şücaət ərsəyə gətirər.”
İmam Xomeyninin (r) nəzərincə siyasi hərəkat dini bir vəzifədir. Bu baxımdan siyasətdə iştirak, məsələn seçkilərə qatılmaq, aksiyalarda və yürüşlərdə iştirak etmək siyasi düşüncə baxımından xalqın hüququ sayılan yolda addım atmaq imamın nəzərincə vəzifədir. İmam vəhdətə biganəlik və ona diqqət göstərilməməsini kəbirə günah hesab edərək buyurur: “İstənilən bir zamanda belə bir vəziyyət yaransa bu günah sayılır. Bu gün vəhdətin zəiflədilməsi çox böyük günahdır.”
Vəhdət zərurəti bir çox məqamlarda xüsusi bir şərait yaradırdı və İmam öz baxışlarına münasib olmayan, amma ümmətin mənafeyinə münasib olan addımı qəbul edirdi. Məqsəd təfriqələrdən çəkinmək, vəhdəti qorumaq idi. İmam buyururdu: “Biz nəfsimizin qarşısını mütləq şəkildə ala bilmərik. Belə bir gücümüz yoxdur. Amma bunu izhar etməyin qarşısı almaq gücümüz var. Bir şəxsə qarşı müxalifiksə, onu qəlbən qəbul etmiriksə bu münasibəti dəyişmək gücündə deyilik. Amma həmin münasibəti bildirməmək gücümüz var və bunu etməliyik.”
İmamın nəzərində vəhdətin sərhədləri hara qədər idi? İmam vəhdəti çox geniş mənada qəbul edirdi. Həm millət, həm də ümmət arasında vəhdətə diqqətli idi. İnqilabın qələbəsindən öncə imam ölkə daxilində vəhdətə xüsusi diqqət ayırırdı. Daxili qüvvələr arasında vəhdətin yaranması üçün çalışır, zəruri addımları atırdı. İmam elə bir şəxsiyyətə malik idi ki, ölkədəki iki cinah, ruhanilər və universitet əhli onu qəbul edirdi. İmam hövzə ilə universitet arasında ixtilaf təhlükəsini başa düşür və buna mane olmağa çalışırdı. İmam buyururdu: “Biz uzun illər çalışmışıq ki, universiteti ruhanilərə, hövzəyə, mədərəsələrə yaxınlaşdıraq. Biz bazarı, ticarət əhlini həm hövzə, həm də universitetə yaxınlaşdırmışıq. Bu ayrı-ayrı cəbhələrin yaxınlaşması həmişə diqqət mərkəzində olub. Çalışmışıq ki, bu zümrələr arasında vəhdəti-kəlmə, birlik olsun.”
Sonra imam hövzə və universitetdəki ixtisasları yada salır, bir qrupu dini, digərini ölkənin idarəçiliyi, iqtisadiyyat sahəsində mütəxəssis kimi tanıtdırır. Hər iki zümrənin ölkənin gələcəyində mühüm rol oynayacağını bildirir. İmam İslam İnqilabının nəticələrini təhlil edərkən buyurur: “İnqilabın nəticəsi təkcə ziyalılarla ruhanilərin vəhdəti olsa belə bu çox münasibdir.” İmamın nəzərincə hövzə ilə universitet bir-birini təkmilləşdirən sahələrdir. Bu məqsədlə buyurur: “Bu iki mərkəz bir pak ağacın iki budağı kimidir. Əgər hər kəs öz məsuliyyətini hiss edərək əl-ələ versə, Xaliq və məxluqun xidmətində dayansa, milləti mənəvi və maddi cəhətdən kamala çatdırar, ölkənin müstəqillik və azadlığını qoruyarlar.”
İranda İslam İnqilabının qələbəsindən sonra daxildə ixtilaf zəmini gücləndi. Hətta inqilabi qüvvələr arasında müəyyən nigarançılıqlar yarandı. İmam dəfələrlə inqilabi qüvvələr arasında vəhdətin zərurətini vurğulayaraq onları vahid yumruq kimi birləşməyə çağırırdı. Bu qüvvələrin parçalanmasını müharibədən məğlubiyyət kimi dəyərləndirirdi. İran çoxmillətli bir ölkədir. Belə bir şəraitdə düşmən qüvvələri fitnəkarlıq edir, millətarası münasibətləri qızışdırırlar. İnqilabdan sonrakı dövrdə ixtilaf zəminəsi olan istənilən bir sahədə fəaliyyət var idi. İmam öz təbliğatını millət arasında birliyə yönəltmişdi. Bütün xalqı islamiyyətdə birləşdirməyə çalışırdı.
İmam inqilabın qələbəsindən sonra dövlətlə millət arasında vəhdət mövzusunu nəzarətdə saxlayırdı. Ayrı-ayrı dövlət qurumları arasında rabitələrin möhkəmliyi, ölkə ərazisində ayrı-ayrı tayfların münasibətlərinin tənzimlənməsi imamın nəzarəti altında idi. İmamın ən böyük arzularından biri dünya müsəlmanları, əzilmiş xalqların vəhdətinə nail olmaq idi. İmam inqilabdan sonra da bu mövzu üzərində ciddiyyətlə dayanmışdı.
İmamın əksər bəyanat və məktublarında millət və ümmətə ünvanlanmış bir çağırış var. Bu çağırış İsrail əleyhinə, qəsbkar rejim əleyhinə, məzlum Fələstin xalqının azadlığı yolunda birləşməkdən ibarət idi. Maraqlıdır ki, imam təkcə İslam Republikası qurulandan sonra İsrailə qarşı çıxmayıb. Şəmsi 1342-c ildə, yəni inqilabdan 15 il öncə imam qəsbkar rejimin dünya üçün, müsəlmanlar üçün təhlükəsindən danışırdı. Bir zaman şah rejimi dövründə sionizmin muzdurları İranda iş başında idi. Şahın SAVAK adlanan kəşfiyyat, casusluq şəbəkəsi sionist mütəxəssislərin təlimatı ilə işləyirdilər. İran dövlətçiliyində sionistlərin nüfuzu böyük idi. İmam İraqda sürgündə olduğu zaman böyük şücaətlə İsrailə qarşı çıxışlar edirdi. “Mənim məqsədim Quran və ruhaniyyətdir ... Biz sonistlərlə mübarizədə təhqir olunmalı, həbsə düşməli, edam edilməli, düşmənlərə etiraz yolunda qurban getməliyik. Mən bir məsuliyyət hiss edərək dünya müsəlmanlarına Quran və İslamın təhlükəyə düşməsi ilə bağlı xəbərdarlıq edirəm. Müsəlmanların müstəqilliyi, iqtisadiyyatı təhlükə altındadır.” İmam sionist cinayətkarlara qarşı çıxdığı üçün həbsə alınır, sürgünə göndərilir, amma mövqeyini dəyişmir. O başqa bir məqamda buyurur: “Mən iyirmi ilə yaxındır ki, beynəlxalq sionizmin təhlükələrindən danışıram. Onların bu gün də dünyanın azad inqilabları, İran İslam İnqilabına qarşı təhlükəsini keçmişdəkindən az görmürəm. Bu qan içən zəlilər müxtəlif üsullarla dünyanın əzilən xalqlarının qiyamına qarşı dayanıblar. Dünyanın azad xalqları bu təhlükəli fitnəkarlıqlara qarşı şücaətlə etiraz bildirməlidirlər.” Digər tərəfdən imam mübarək ramazan ayının son cümə gününü Qüds günü elan edərək, bütün dünya müsəlmanlarını Fələstin xalqı ilə həmrəyliyə çağırır.
İslam ümməti arasında mümkün vəhdəti üç qismə ayırmaq olar. Bunlardan biri mütləq vəhdətdir. Mütləq vəhdət dedikdə bütün əqidələrdə birlik, vahid baxış nəzərdə tutulur. Belə bir vəhdət istəyi mövcud vəziyyəti nəzərə aldıqda qeyri-mümkün görünür. Ayrı-ayrı məzhəblər arasında vahid əqidənin qəbul etdirilməsi inandırıcı deyil. Xüsusi ilə, xüsusi zövqə malik olan mütəfəkkirlər arasındakı baxış fərqlərini aradan qaldırmaq demək olar ki, mümkünsüz bir işdir.
Vəhdətin başqa bir şəkli İslam ümməti üçün böyük zərbə olacaq təhlükələri aradan qaldırmaq üçün müştərək nöqtələrdə ittifaqa gəlməkdən ibarətdir. Buna vəhdəti-məsləhəti deyirlər. Bəzən İslam cəmiyyətləri üçün ixtilaf təhlükələri yaranır. Bu təhlükələr o qədər güclü ola bilər ki, ümmətə böyük zərbə vursun. Bu zaman məzhəblər və firqələr ixtilaf yaradan məsələlərə göz yummaqla ümmətin məsləhətinə xatir əl-ələ verir, sülhə gəlirlər. Əslinə qalsa bu gün İslam məzhəbləri arasında olan fikir ayrılıqlarını ümmətin məsləhətinə xatir nəzərə almamaq mümkünsüzdür. Məzhəblər arasında elə fikir ayrılıqları var ki, bunlar sırf məzhəb etiqadları ilə bağlıdır və onları aradan qaldırmaq istəyi yersizdir.
Vəhdətin üçüncü növü şəxsi baxış və əqidələri kənara qoymaqla, müştərək nöqtələrdə birləşmək, məhz bu nöqtələr üzrə birlikdə hərəkət etməkdir. Buna vəhdəti-məqul deyirlər. Bu vəhdətə çatmaq üçün mütəfəkkirlərin, böyük dini şəxsiyyətlərin təlaş göstərməsi zəruridir. Bu vəhdətə çatmaq üçün təəssübü kənara qoymaq, İslam ümmətinin ümumi faydaları istiqamətində hərəkət etmək lazımdır. Necə ki, belə bir vəhdət sayəsində Məhəmməd ibn Tarxan Farabi, İbn Sina, İbn Rüşd, Əbu Reyhan Biruni, Həsən ibn Heysəm, Məhəmməd ibn Zəkəriyya, Cəlaləddin Məhəmməd Mövləvi, Mir-Damad, Sədrül-Mütəəllihin və başqa bu kimi mütəfəkkirlər tərbiyə olundu. Bu insanlar ayrı-ayrı məzhəblərə mənsub olsalar da bütün ümmət və bəşəriyyətin faydalanacağı fəaliyyətlər ortaya qoydular. Yada salmalıyıq ki, İslam ümməti təkcə şiə və sünnülərdən ibarət deyil. Bu böyük dində onlarla məzhəb var. Digər tərəfdən, İslam tarixinə baxsaq bu vaxta qədər heç bir mütəfəkkir digər mütəfəkkiri təkfir etməyib.
Qeyd edək ki, bəziləri də vəhdətin ideoloji bir hadisə olduğunu düşünürlər. Vəhdəti ideoloji vəhdət, strateji vəhdət, taktiki vəhdətə bölürlər. İdeoloji vəhdət deyəndə bütün əqidələrin vahid baxışı nəzərdə tutulur. Belə vəhdət adətən marksist məktəbinə bənzər ictimai məktəblərdə özünü göstərir. Kommunist rejimi belə bir vəhdətin üzərində işləyirdi. Strateji vəhdət əqidə üzərində vəhdət deyil. Bu vəhdət əsasən hərəkət üsuluna aiddir. Taktiki vəhdət isə ayrı-ayrı problemlərin həllində eyni şəkildə hərəkət etməkdir. Müştərək düşməni olan insanlar nə qədər ki, o düşməni məhv etməyib bu sayağı vəhdətdən bəhrələnirlər.
Bəs İmam Xomeyninin (r) nəzərdə tutduğu vəhdət hansı vəhdət idi? Onu yuxarıda nəzərdən keçirdiyimiz hansı vəhdətə aid etmək olar? İmamın sözlərindən aydın olur ki, imam siyasi baxışlarda, ideoloji yanaşmalarda vəhdəti nəzərdə tutub. O buyurur: “İslamın böyük fəqihlərinin kitablarında ixtilaflı mövzular, sözlər kifayət qədərdir. Hərb, mədəniyyət, siyasət, iqtisadiyyat, ibadətlə bağlı məsələlərdə fərqli fitvalarla rastlaşırıq. İslam hökumətində ictihad qapısı həmişə açıq olmalıdır. İnqilabın təbiəti tələb edir ki, hətta bir-birinə müxalif fiqhi baxışlar azad şəkildə bəyan edilsin. Kimsə bunun qarşısını ala bilməz.” Aydın olur ki, imam baxış fərqini nəinki təbii sayır, hətta onun qarşısının alınmasına qarşı çıxır. Bəzən imamın taktiki vəhdətə bənzər buyuruqları onun vəhdət barədə konsepsiyasını tam əhatə etmir. İmamın daha çox nəzərdə tutduğu strateji vəhdət və ya vəhdəti-məquldur. Sünnə əhli ilə vəhdətdən söz düşəndə İmam buyurur ki, məqsəd əqidələrdə mütləq vəhdət deyil. Sünnə əhli ilə vəhdət üsul və əməldə müştərək nöqtələrdə vəhdətdir. İmam həcc əməllərində şiələrə sünnülərlə yanaşı dayanıb camaat namazı qılmaq göstərişi verir. Bunun səbəbini soruşanda buyurur ki, əsas məsələ hakimiyyəti, cəmiyyəti düzgün tanımaqdır. Hakimiyyət və cəmiyyəti düzgün tanımaqla müsəlmanların xeyrinə proqramlaşdırma aparmaq olar. Amam zahirdə, əməldə vəhdət zəruridir. İmam belə düşünürdü.
İmam ixtilafları əqidə ixtilafları və siyasi ixtilaflar olmaqla iki qrupa bölürdü. Siyasi ixtilaflar üzərində işləyirdi. Əqidə ixtilafları ümmət arasında ixtilaf səbəbi sayılmır. Hər məzhəbin öz əqidəsi var və bu əqidələri yaxınlaşdırmaq inandırıcı görünmür. Beləcə, imamın vəhdətlə bağlı baxışlarını araşdıranda strateji vəhdət və məqul vəhdəti nəzərdə tutmaq lazımdır. İmamın vəhdətlə bağlı düşüncələrinə sadəcə söz kimi baxmaq olmaz. İmam vəhdətə İslam ümmətinin həyatverici amili kimi baxırdı. İnqilabdan əvvəl və inqilabdan sonra bu prinsip üzərində dayanır, ümmətin birliyinə çalışırdı. Əgər ölkə daxilində siyasi partiyaların birliyini istəyirdisə, ölkə xaricində İslam ölkələrinin birliyi üçün çalışırdı. Məlum məsələdir ki, istər ölkə daxilində, istər ölkə xaricində ayrı-ayrı qüvvələrin müştərək məqsədləri var. Ortaya qoyulan ciddi suallardan biri bu idi ki, əgər İslam ümməti birləşməsə İsraillə mübarizə aparmaq mümkündürmü? Təkcə bu sualın cavabı sübuta yetirir ki, ayrı-ayrı müsəlman dövlətlər və millətlər əl-ələ vermədən müştərək düşməni zərərsizləşdirə bilməz.

Vilayet.nur-az.com


1458 بازدید
در حال ارسال اطلاعات...