Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2015

Sadə həyat tərzi İmam Xomeyninin (r) nəzərində

Hüseyniyyədə təmir işləri getdiyini görüb əsəbi şəkildə buyurdu: Qoyun mən ölüm, sonra istədiyiniz işi görün!
İmam Xomeyninin (r) şəxsiyyətinin diqqəti çəkən xüsusiyyətlərindən biri onun şəxsi və siyasi həyatda sadə həyat tərzi yaşaması idi. İmam Xomeyni (r) həqiqi həyat tərzi ilahi peyğəmbərlər və məsum imamların həyat tərzini sayırdı. Təbii ki, 20-ci əsrin ən böyük inqilabının banisinin baxışında sadə həyat şəxsi məsələ hüdudlarını aşırdı. Bu sadəcə bir din aliminin təqvalı olması deyildi. Mövzunu aydınlaşdırmaq üçün İmam Xomeyninin (r) siyasi fəaliyyətlərini nəzərdən keçirmək lazım gəlir. İmam Xomeyninin (r) söhbətlərində və əsərlərində yoxsulluq, sərvət sahibləri, İslam və qaniçən sərmayədarlar ifadələrinə tez-tez rast gəlirik. İmam Xomeyninin (r) sadə həyat tərzinə münasibətinin ifadə olunduğu başqa təbirlər də var. İmam Xomeyni (r) insanların əzəmətini onların sadə həyat tərzində görür, cəmiyyəti ilahi peyğəmbərlər sayağı sadə yaşamağa çağırırdı. İmam buyurur: “İnsanın böyüklüyü onun libası, papağı, avtomobilində deyil. İnsan elə bir həqiqətdir ki, bu həqiqət gerçəkləşsə insan şəxsiyyəti ucalar. Bəşər tarixində ən böyük insanlar peyğəmbərlərdir. Onlar həm də insanların ən sadəsi olub. Hamının ən böyük şəxsiyyət kimi qəbul etdiyi peyğəmbərlər həm də ən sadə insanlar kimi tanınır. Bütün peyğəmbərlər belə olub. Onların hər birinin tarixi aydın göstərir ki, sadə bir şəkildə həyat sürüblər.” İmam Xomeyni (r) öz söhbətlərində bəzi peyğəmbərlərin həyatını yada salır. Peyğəmbərlərin bəziləri hökumət qurub cəmiyyətə rəhbərlik etsələr də, ixtiyarlarında olan hakimiyyət onları dəbdəbəli həyata çəkməyib. Onlar hakimiyyətdə olduqları halda sadə yaşayıblar. İmam buyurur: “Biz Həzrət Musa (ə), Həzrət İsa (ə), xüsusi ilə Həzrət Məhəmmədin (s) həyatını nəzərdən keçirdikdə, İslam tarixini vərəqlədikdə şahid oluruq ki, bəzi peyğəmbərlər hakimiyyətə sahib olsalar da onların həyat tərzində heç bir dəyişiklik baş verməyib. Onlar prezidentlər, krallar kimi yaşamayıblar.” Dinin siyasətdən ayrı olmadığını ortaya qoyub həyata keçirən İmam Xomeyni (r) dəbdəbəçilikdən uzaqlığı siyasətə də gətirdi. İmam İslam Cümhuriyyəti qurulduqdan sonra dövlət məsulları və məmurlara təkidlə tapşırırdı ki, dəbdəbəli həyatdan çəkinsinlər, xalqın xidmətində dayansınlar. İmam buyurur: “Dövlətlər başa düşsünlər ki, iqtidar qabın qızıl və ya gümüş olmasında deyil. İqtidar zərli pərdələrdə, dəbdəbəli avadanlıqlarda deyil. Olmaz ki, dövlət məsulu, hakim sarayda yaşasın, sadə xalq uçuq komalarda. Məmurlar, rəhbərlər özlərindən başlamasalar heç bir islahat apara bilməzlər.” İmam dəbdəbəçiliyə o qədər müxalif idi ki, hətta dini yerlərdə, tiklilərdə bərbəzəyin yer almasına razı deyildi. Ali-Səud müqəddəs yerləri yenidən qurduğu zaman İmam buyurdu: “İslam Peyğəmbərinin (s) dəbdəbəli məscidə, bəzənmiş minarəyə ehtiyacı yoxdur. İslam Peyğəmbəri (s) öz ardıcıllarının, davamçılarının, müsəlmanların əzəməti üçün çalışıb.” İmam Xomeyni (r) İran İslam İnqilabının qələbəsindən sonra da sadəliyi diqqət mərkəzində saxlayır, ayrı-ayrı məqamlarda bu mövzuda tövsiyələr verirdi. O zaman Tehran müsəllasının tikintisi göstərişi verildi. İmam təkidlə tapşırırdı ki, müsəlla sadə olsun, dəbdəbəçiliyə yol verilməsin. İmam istənilən bir tikilinin dəbdəbəli olmasına müxalif idi. İmam öz göstərişlərində buyurur: “İnşallah, Tehran müsəllasını tikərkən müsəlmanların küfrə qarşı münasibətlərini nəzərə alın. Müsəllanın sadəliyi ilkin İslam dövründə müsəlmanların ibadət yerlərinin sadəliyini xatırlatmalıdır. Amerika İslamına uyğun məscid tiklilərinin dəbdəbəsindən çəkinin.” İmam Xomeyni (r) öz şəxsi həyatında misli görünməmiş həddə sadə idi. Dini rəhbərləri başqa rəhbərlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların sadə həyat tərzidir. Din rəhbərləri dəbdəbə baxımından özlərini ən sadə həyat tərzi yaşamağa borclu bilirlər. Xalq arasında şöhrət qazandığı zaman, İslam ümməti iftixarla onu İmam Xomeyni (r) adlandıranda bütün bunlar onun ruhiyyəsini zərrəcə dəyişmədi, əvvəlki kimi sadə həyat tərzini davam etdirdi. İmamın Qumda, Nəcəfdə, Tehranda Cəmarandakı həyatını nəzərdən keçirdikdə onun nə qədər sadə yaşadığı aydın olur. Qumda yaşadığı mənzilin vəziyyəti İmamın nə qədər qənaətçil olduğunu göstərir. Həmin evin pillələrinin kərpicləri ovulur və bənna deyir ki, bu kərpicləri dəyişmək lazımdır. İmam kərpiclərə baxır və göstəriş verir ki, köhnə kərpicləri çevirib onların saf tərəfini bayıra tərəf qoysunlar. Sürgündə yaşadığı dövürdə də İmam heç vaxt rahat həyat tərzi barədə düşünmədi. Nəcəfdən qayda bu idi ki, evi sərinlətmək üçün qurğulardan istifadə olunsun. İmamın yaşadığı evdə bu işi görmək üçün usta gətirirlər. İmam evdə bu qurğunu quraşdırmaq istəyən ətrafındakılara üz tutaraq tam ciddiyyətlə buyurur: “Siz əl-ələ vermisiniz ki, məni cəhənnəmə göndərəsiniz!” Ətrafdakıların uzun təkidlərindən sonra İmam evə sadə bir sərinlədici quraşdırılmasına razılıq verir. Mənzil bayırdan çox köhnəlibmiş. Ayətullah İşraqi təklif edir ki, ev bayırdan rənglənsin. İmam buyurur ki, mən bu iş üçün beytul-maldan pul verə bilmərəm. Cənab İşraqi qərara gəlir ki, bu işi öz pulu ilə görsün. İmam Kərbəlaya gedəndə İşraqi onun səfərini fürsət sayıb evə əl gəzdirir, yeni bir balkon düzəltirib mütəkkələr döşəyir. İmam ziyarət səfərindən qayıdanda evdəki dəyişiklikləri görüb narahat olur və cənab Rizvaniyə deyir: “Mən evin rənglənməsinə icazə vermişdim, əlavə işlərə yox.” Hansı ki evdə böyük bir iş görülməmişdi, sadəcə evin həyət hissəsində əyləşmək üçün bir otaq düzəldilmişdi. Amma İmam buna etiraz edir. Maraqlıdır ki, İmamın yaşadığı belə sadə ev o qədər əzəmətli olurdu ki, şah saraylarında həmin əzəməti hiss etmək olmazdı. Hətta qeyri-müsəlmanlar İmamın görüşünə gələndə onun yaşadığı otağın əzəmətinə heyrətdə qalırdılar. İmamın Nəcəfdə görüşündə olmuş xarici müxbir sonradan bu görüşlə bağlı yazır: “Biz Ayətullah Xomeyninin (r) dörd kvadrat metrlik otağında olduq. Bu ev Nəcəfin ən ucqar nöqtəsində yerləşir. Şəhər İraqın hava və su baxımından kəvir iqlimli hissəsinə aiddir. Ev bayırdan Nəcəfin ən yoxsul evini xatırladır. Üç otaqlı mənzildə azı 12 nəfər yaşayıb. İmam bütün böyük qonaqları, nümayəndə heyətlərini bu kiçik otaqlarda qəbul edir. Amma bu kiçik otaqlarda yaşayan insan bütün İranı siləkələmək qüdrətinə malikdir.” İslam İnqilabı banisinin zahidanə xarakteri hakimiyyətə gəldikdən sonra da dəyişmədi. Hətta demək olar ki, İmam bu nöqtələrə daha çox fikir verməyə başladı. İnqilabın qələbəsindən sonra Hüseyniyyədə təmir işləri getdiyini görüb əsəbi şəkildə buyurdu: “Qoyun mən ölüm, sonra istədiyiniz işi görün.” Bəli, İmam Xomeyninin (r) cazibəsi onun sadəliyində idi. İmam Xomeyninin (r) müxtəlif dövlərdə çəkilmiş fotoşəkillərinə ötəri nəzər saldıqda onun sadəliyinə heyrətlənməmək olmur. Onun görüşündə olan dünyanın əksər tanınmış şəxsiyyətləri ilk növbədə sadəliyinə heyran qalıblar. İslamı qəbul etmiş İspaniyalı Almaro inqilab rəhbərinin sadə həyat tərzindən o qədər təsirlənir ki, sonralar bu barədə belə yazır: “Ruhullah Musəvi düşüncə baxımından yetkinləşdiyi, ruhanilikdə yüksək dərəcəyə çatdığı, əxlaqi və ictimai-siyasi baxımdan tam məlumatlandığı zaman özünü Xomeynə aid edərək, Xomeyni adlandırır. Bu onun sadəliyini, xalqa bağlılığı, böyük imanını göstərir.” Almaro Xomeyndə olur, İmamın bütün həyatını diqqətlə araşdırır. O yazır: “Mən İmamın anadan olduğu otağa daxil olanda bütün bədənim silkələndi. Bu otaq böyük xatirələrlə dolu idi. Mən hələ də həmin anların təsiri altındayam. Mən onunla görüşdüyüm zaman qəlbimdə sanki bir işıq yaranırdı, onun hüzurunda ruhani bir hala gəlirdim.” Türkiyənin tanınmış qəzetçisi Çingiz Candar şəmsi 1364-cü ildə İranda olur, və İmam Xomeyni (r) ilə görüşür. Sonradan Türkiyənin Cümhuriyyət qəzetində yazır: “İmamın evindəki əşyalar bir xalça, bir televizor, bir neçə mütəkkədən ibarət idi. Otaqda İmamın nəvələrinin səsi eşidilirdi. Bütün bunlar İran inqilabı haqqında dolğun bir təsəvvür yaradırdı. Mən şəmsi 1358-cü ildə Tehranda olanda İmamın Cəmarandakı yoxsul evinə gedəndə keşikçi postunda məni yoxladılar. O zaman Huseyniyyədə olanlar hərəsi istədiyi kimi inqilabi şüar deyirdi.” Bütün bu xatirələrdən aydın olur ki, iranlı və qeyri-iranlıların, müsəlmanlar və qeyri-müsəlmanların İmam Xomeyni (r) şəxsiyyətinə vurğunluğunun əsas səbəblərindən biri onun sadəliyi olub. Biz İmamdan danışanda heç şübhəsiz öncə onun sadə həyat tərzini yada salmalıyıq. Harada İmamın adı varsa orada sadəlik qaçılmazdır. İmamın qəti mövqeyi bu idi ki, harada dəbdəbəçilik varsa, orada yanlışlıq var. İmam istənilən bir dəbdəbəçiliyin İslam inqilabının cazibəsini azaltdığını düşünürdü. 

Vilayet.nur-az.com


1145 بازدید
در حال ارسال اطلاعات...