Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Düşmənlə necə davranmalı?

Aranızda elə biri varmı ki, qətlə yetiriləcəyini bildiyi halda bu Quranı əlinə alıb düşməni Quranda yazılanlara dəvət etsin?
Seyid Məhəmmədəli Dainejad

İnsanları bir baxışdan iki qrupa bölmək olar: Bir fəzilətdə üstün mütəfəkkirlər kimi böyük insanlar, seyr-sülukda yüksək məqama çatmış ariflər, bir də xalqın hüquqlarının təminində fədakarlıq göstərən siyasətçi və hakimlər.
İkinci qrupun üstünlükləri müxtəlif sahələrdədir. Bəzi böyük hakimlər həm də seyr-süluk, irfanda yüksək məqama çatıblar. Bəzi siyasətçilərin və hakimlərin mütəfəkkir olduğunu görürük. Hətta onlardan dəyərli əsərlər yadigar qalıb. Şübhəsiz ki, ikinci qrup müxtəlif baxımlardan yüksək məqama çatdıqları üçün başqalarına daha çox örnəkdirlər. Həzrət Əli (ə) bu qrupdandır. Hətta bu qrupun da meyarlarından üstün bir məqamdadır. Həzrət Əli (ə) Allahla raz-niyazda ikən xalq barədə düşünür, onların haqqını yaddan çıxarmırdı. Hətta öz müxalifləri, düşmənləri ilə, onunla zalımcasına davrananlarla münasibətdə zülmə yol vermir, mehriban keçinirdi. Dünya işlərində axirət məsuliyyətlərini elə düşünürdü ki, dünya özü onun üçün axirət kimi olmuşdu. Hakimiyyəti, iqtidarı beytül-malın qorunmasına, onun düzgün xərclənməsinə nəzarətdən ibarət idi. Ayrıseçkiliyə yol verməzdi. Həzrətin vəsfə gəlməyən xüsusiyyətləri çoxdur. Hətta qeyri-müsəlmanlar Əmirəlmöminin Əlinin (ə) fəzilətləri haqqında araşdırmalar aparıb, kitablar yazıblar. Həzrət Əlinin (ə) şəxsiyyət və həyatının araşdırılması çox zəruridir. Təbii ki, onun bəşəriyyətə nümunə olacaq xüsusiyyətlərini xülasə şəkildə bəyan etmək mümkünsüzdür. Buna görə də hazırkı araşdırmada Əmirəlmömininin (ə) yalnız dövləti idarə etməsi, bu ərsədə müxaliflərlə və düşmənlərlə necə davranmasını nəzərdən keçiririk.
Xalq Həzrət Əliyə (ə) beyət etdikdən sonra həzrət hakimiyyəti qəbul etdi və İslam cəmiyyətinin idarə edilməsi ilə məşğul oldu. Hakimiyyətdə olduğu dövrdə İslam təlimləri əsasında hərəkət etdi, Həzrət Peyğəmbərdən (s) sonrakı büdrəmələri aradan qaldırıb cəmiyyəti doğru yola istiqamətləndirməyə çalışdı. Xalq ona beyət etdiyi zaman, hakimiyyətə gəldiyi ilk günlərdən öz hökumətinin yolu və hədəflərini elan etdi. Təbii ki, həzrətin müxalifləri və düşmənləri sakit oturmamışdılar, həzrətə qarşı fitnəkarlıqlarını davam etdirirdilər.
Həzrət Əli (ə) hökumətinin xüsusiyyətlərindən biri budur ki, onun müxalifləri çeşidli olub. Həzrətə qarşı müxtəlif məqsədlərlə etiraz ediblər. Əmirəlmömininə (ə) qarşı müxalifəti əsasən üç qrupa bölmək olar: Qasitin, Nakisin və Mariqin. Həzrət Əlinin (ə) həyat yolunu araşdırdıqda, onun buyuruqlarını nəzərdən keçirdikdə müxaliflər və düşmənlərlə rəftarları da aydın olur.
İslam hökumətində mühüm mövzulardan biri müxaliflərin hüquqlarıdır. İslam hakimiyyətində müxaliflərin hüquqları varmı? Əgər hüquqları varsa, hansı həddədir? İslam hakimiyyətini qəbul etməyənlər bu hökumətin qurumlarında məsuliyyət daşıya bilərlərmi?
Bəziləri təsəvvür edə bilər ki, İslam quruluşunun müxaliflərinə vəzifə verilsə bu onların hakimiyyətə münasibətini yumuşaldar, onlarda bir maraq oyadar. İslam hökumətinin qurulduğu ilk dövrdə müxaliflərin hakimiyyətdə vəzifə daşıması bu hökumətin möhkəmlənməsinə yardım edə bilər. Hakimiyyət möhkəmləndikdən sonra hökumət səmimi olmayan müxalifləri işdən uzaqlaşdıra bilər. Bəziləri də düşünür ki, İslam hakimiyyətinə sədaqəti ilə tanınmayan insanlara iş verilməməsi bu hakimiyyəti qəddar tanıtdıra bilər. Belə fikir yarana bilər ki, İslam demokratiyaya müxalifdir. Əgər ölkənin bütün vətəndaşlarının hüquqları bərabərdirsə, hətta müxaliflər və düşmənlər də ölkənin idarəçiliyində iştirak etməlidir. Sual yaranır ki, Həzrət Əli (ə) hakimiyyətdə müxaliflərin iştirakını məqbul sayırdı, yoxsa başqa yol seçmişdi? Həzrətin həyatının müxtəlif dövlərinin araşdırılmasından aydın olur ki, həzrət nəinki müxalifləri işə götürmürdü, hətta adi halda İslama etiqadı olmayan, pozucu insanlardan faydalanmırdı. Daim öz məmurlarına tapşırırdı ki, bu prinsipə əməl etsinlər.
İki nümunəni nəzərdən keçirək. Həzrət Əli (ə) hakimiyyəti qəbul edəndən sonra üçüncü xəlifəyə bağlı olan bir qrup insanları işdən uzaqlaşdırdı, onların yerinə ləyaqətli insanlar təyin etdi. Təlhə və Zübeyrin Kufə və Bəsrəyə hakim olmaq fikri vardı. Amma onlar Həzrət Əlidən (ə) rədd cavabı aldılar. Nəticədə Əmirəlmömininlə (ə) düşmənçiliyə başladılar. Sual olunur ki, nə üçün həzrət Kufə və Bəsrəni Təlhə və Zübeyrin ixiyarına vermədi? Nəticədə Cəməl müharibəsi ortaya çıxdı, müəyyən gərginlik yarandı. Bu sualı cavablandırmaq üçün bu iki peyğəmbər səhabəsinin şəxsiyyətini nəzərdən keçirmək bəs edir. İkinci xəlifənin dövründə keçmişdə cihad və hicrətdə iştirak edənlərin hüquq və maaşı daha artıq idi. Bu qaydaya üçüncü xəlifə dövründə də əməl olundu, hətta imtiyazlar artırıldı. Nəticədə cəmiyyətdə təbəqələrarası fərq böyüdü. Həzrət Əli (ə) bu üsula müxalif idi. O bütün insanların bərabər ictimai hüquqlara malik olduğunu düşünürdü. Həmin dövrdə Təlhə və Zübeyr dünya həyatını bəzəməyə məşğul idilər. Onlar imtiyazlara adət etmişdilər. Buna görə Həzrət Əlinin (ə) fərqli münasibətinə müxalif çıxdılar. Zübeyr Həzrət Peyğəmbərin (ə) və Həzrət Əlinin (ə) əmisi oğlu idi. Zübeyr Həzrət Əli (ə) və Xədicədən (s) sonra İslamı qəbul etmiş səkkiz nəfərdən biri idi. İslam yolunda ilk qılınc çalanlardan idi. O qədər şücaətli idi ki, ona “Seyful-İslam” adı verilmişdi. Təlhə Əbubəkrin əmisi oğlu idi. O “Təlhətul-xeyr” adı ilə məşhur idi. İslama ilk gələnlərdən idi. Peyğəmbərin (s) əksər müharibələrində iştirak etmişdi. Bununla belə yüzlərlə kənizi və qulamı vardı. Kufədə böyük imarət tikmişdi, İraq torpaqlarından gündəlik qazancı min dinar idi. Bundan əlavə min atı və başqa mülkləri vardı. Ölümündən sonra ondan milyon dinarlıq irs qaldı. Zübeyrin də Misir, Bəsrə, Kufə, İskəndəriyyə və bir çox başqa şəhərlərdə gözəl evləri vardı. O da öləndə böyük sərvət qoyub getdi.
Sual yaranır ki, var-dövlət toplamaq marağı insanın haqq-ədalət istəyi ilə uyuşurmu? Belə insanlara böyük məsuliyyət verilməsi, beytül-mal tapşırılması xalqa zülm deyilmi? Bunları nəzərə alan Həzrət Əli (ə) bu insanlara vəzifə və büdcə etibar etmədi. Onlara da hamıya ayırdığı beytül-mal payı ayırdı. Ona etiraz edənlərə cavab verdi ki, and olsun Allaha, nə qədər ki varlıq nizamı ədalət əsasında dövr edir, mən ədalət yolundan çıxmayacağam, ümumi sərvətin bölünməsində ayrıseçkiliyə yol verməyəcəyəm.
Həzrət Əli (ə) Malik Əştərə yazdığı məktubda xəbərdarlıq edir ki, sənin ən pis vəzirin o vəzirdir ki, səndən öncə zalıma vəzirlik edib, onun zülm və günahları ilə razılaşıb. Həzrət tövsiyə edir ki, belələrini özünə vəzir və məsul seçmə, onlara sirr vermə. Belələrini günahkarların yardımçısı, zalımların qardaşı adlandırır. Buyurur ki, onlar zülm-sitəmə adət edib, sənin yaxşılıq və təlaşlarını puça çıxararlar.
Həzrətin buyruğundan aydın olur ki, o belə vəzirləri, məmurları həqiqi məqsədlərə çatmaqda maneə, düşmənin nüfuzu üçün zəmin sayır. Həzrət bu məktubunda İslam hökumətində məsuliyyət daşımaq və İslam hakiminə yaxın olmaq üçün şirki maneə hesab edir. Həzrətin buyuruğu Quran ayələrini yada salır. İslam nəzərincə, kafirlərin müsəlmanlara hakimlik etməsi icazəli deyil. Buna görə də belələri İslam hökuməti və İslam hakiminə yaxın buraxılmamalıdır. Yaxın buraxılarsa bu insanlar müsəlmanların taleyinə təsirli olar.
Nəticə əldə edirik ki, müxaliflər İslam və İslam hökumətinə bağlı olmadığından onlara hökumət məsuliyyəti tapşırmaq olmaz.
İnsanların tarix boyu müşahidə olunan problemlərindən biri istənilən bir məsələyə münasibətdə ya iftara varmaları, ya da təfrit yolu tutmalarıdır. Nəticədə seçilən yol bir tərəfli olur. Belə insanlar adətən hadisələri biryönlü araşdırırlar. Həzrət Əlinin (ə) xüsusiyyətlərindən biri əsassız sevgi və nifrətdən uzaqlıq olub. Həzrət İslam hökuməti düşmənlərini, saleh olmayan insanları hakimiyyətə yaxın buraxmasa da, onların hüquqlarını təmin edib. Müxaliflər də başqaları kimi təhlükəsizlik və asayiş hüququndan bəhrələnib.
Məsələn, bir məqamda müşrik məntəqənin əkinçiləri valinin qəddarlığından Həzrət Əliyə (ə) şikayət edirlər. Həzrət Əli (ə) məktub yazaraq valiyə xəbərdarlıq edir ki, bu əhali müşrik olsa da İslam hökuməti ilə saziş bağladıqlarından, düşmənçilik etmədiklərindən onlarla mehriban rəftar yolunu tut. Həzrət valini bu insanlara münasibətdə orta yolu seçməyə, mötədil olmağa çağırır. Həzrət Əlinin (ə) nəzərincə, İslam hökuməti ilə saziş bağlamış müşriklər hakimlərin mehriban münasibətindən bəhrələnməlidir.
Xəvaric qurupu “la hukmu illəallah”, hökm yalnız Allaha məxsusdur deyərək Həzrət Əlinin (ə) hakimiyyətinə qarşı çıxdılar. Həzrət onların cavabında buyurdu: “Onların nəzərdə tutduğu budur ki, imamət və rəyasət Allaha məxsusdur. Hansı ki xalqın bir hakimə ehtiyacı var. O hakim yaxşı da, pis də olsa olmalıdır. Beləsinin hakimiyyətində mömin ibadətinə məşğuldur, kafir də bəhrələnir.”
Hər bir hökumətin, o cümlədən ələvi hökumətinin xüsusiyyətlərindən biri budur ki, xalqın rifah və asayişi təmin olunsun. Hökumətin mövcudluğunda məqsəd hərc-mərcliyin qarşısını almaq, asayiş yaratmaqdır. İstənilən bir hökumətdə kafirlər və möminlər öz meyllərinə uyğun həyat sürürlər. Həzrət Əli (ə) hakimiyyəti dövründə müxaliflərlə belə rəftar etdi.
Bir gün həzrət şəhərdə gəzdiyi zaman kor bir qoca ilə rastlaşır. Bu qoca xalqdan kömək istəyirdi. Həzrət bu şəxsin kim olduğunu soruşur deyirlər ki, məsihidir. İmam buyurur: “Onu işlətdiniz, indi qocalıb, zəifləyib. Belə vəziyyətdə onu kənara atırsınız?! Ona beytül-maldan verin ki, şəxsiyyəti hifz olsun.” Demək, İslam hökumətinin himayəsində olanlara məsihi olsa belə onların beytül-maldan payı var. İslam hökuməti himayəsində olan insanların şəxsiyyətini qorumaq üçün onlara imkanı həddində yardım göstərir.
Həzrət Əli (ə) Malik Əştəri Misirə vali göndərəndən sonra ona yazır: “Bütün camaatla rəhmət və sevgi ilə dolan. Onlara qarşı onları qənimət sayan yırtıcı heyvan kimi olma. Onlar iki qrupdur. Ya sənin din qardaşlarındır, ya da sənin kimi insan.” Həzrət bu tövsiyəsində iki hüquqa işarə edir. Bunlardan biri dindarlıqla yaranan dini hüquqdur. İkinci hüquq hər bir insanın malik olduğu insanlıq hüququdur. Hər iki qrupun hakim tərəfindən mehriban rəftardan bəhrələnmək hüququ var.
Həzrət Əli (ə) lazım gələndə müxaliflər və düşmənlərə qarşı ciddi mövqe tuturdu. Bu gün dünyada siyasət meydanında hiylə və yalan öndə gedir. Bəziləri düşünə bilər ki, İslamın hədəflərini irəli aparmaq üçün əsl məqsədi bir müddət gizlətmək də olar. Bu işdə məqsəd düşmən və müxalifləri qıcıqlandırmamaqdır. Qoy düşmən elə fikirləşsin ki, müsəlmanlar öz mövqelərini yumşaldıblar. Necə ki məşhur Makiavelli siyasətdə istənilən bir formallığı, yalanı mümkün sayırdı.
Sual olunur ki, ələvi hökumətində formallıq və yalana yer varmı? Yoxsa ələvi hökumətinin məqsədi insan tərbiyə etməkdir? Həzrət Əlinin (ə) müxaliflər və düşmənlərlə rəftarına baxanda aydın olur ki, o qarşı tərəfə öz fikrini açıq şəkildə bildirib. Mühacir və ənsar Həzrət Əliyə (ə) beyətdə beyət üçün israr göstərəndə onlara dedi: “Əgər mənim seçimimdə israrlısınızsa bu iş məsciddə olmalıdır.” Sonra həzrət məsciddə onun iş başına gəlməsini tələb edənlər qarşısında çıxış etdi və öz hökumət proqramını açıqladı. Həzrət buyurdu: “Bugünkü cəmiyyətimiz Həzrət Peyğəmbərin (s) besətinin əvvəllərindəki çətinliklə üzbəüzdür. Cəmiyyətin çalxalanmasından, aşağının yuxarıya qalxması, yuxarının aşağıya enməsindən başqa yol yoxdur.” Həzrətin bu açıq siyasətinin reakasiyasını Əmr Asın Müaviyəyə məktubunda görürük. Əmr As Müaviyəyə yazır: “Əbu Talibin oğlu sənin bütün topladıqlarını alıb beytül-mala qatmaq istədiyi vaxt nə edə biləcəksən?!” Bu məktubdan aydın olur ki, həzrət hakimiyyətinin ilk günlərindən məqsədlərini açıq elan etmişdi. Onun işində məxfilik, niyyətini gizlətmək yox idi.
Şəraiti nəzərə almaqla həqiqəti deməkdə problem yoxdur. Amma ictimai şərait insanı elə bir vəziyyətə gətirməməlidir ki, o həqiqətə qarşı çıxsın. Ələvi hökumətinin mühüm xüsusiyyətlərindən biri bu idi ki, şəraitə uyğun olaraq ən münasib dəyəri ortaya qoyurdu.
Məsələn, Həzrət Əli (ə) xalqın beyətini qəbul etdikdən sonra Müaviyənin Şama hakimliyini münasib saymadı. O bu məqam üçün Abdullah ibn Bəcəlini daha layiq bilirdi. Bu məqsədlə onu Şama göndərdi. Səhabələr bilirdilər ki, Müaviyə hakimiyyətdə qalmaqda israrlıdır. Buna görə də İmama təklif etdilər ki, Müaviyə ilə savaş üçün təcili hazırlıq görsün. İmam buyurdu: “Mən Abdullah ibn Bəcəli Cəriri oraya göndərmişəm. Mümkündür ki, onlar Abdullaha beyət etsinlər. Onları bu xeyirdən məhrum etmək olmaz.” Beləcə, öhdəçilik və prinsiplər şəraiti nəzərə almağa mane olmamalıdır. Həzrət düşmənə xəbərdarlığı başa çatdırmaq üçün müharibəni təxirə saldı. Digər tərəfdən öz seçdiyi şəxsi göndərməklə Müaviyə ilə müzakirə yolunu seçmişdi. Bu isə səhabələrin dediyi savaş yolundan fərqli idi.
Müaviyə Siffeyn döyüşündə məğlubiyyətdən yaxa qurtarmaq üçün Əmr Asın məsləhəti ilə quranları nizə başına keçirib Quran hökumətindən söz açdı. İmamın qoşunundakıların bir hissəsi Müaviyənin hiyləsinə aldandılar, qılıncları yerə qoydular. Bundan sonra “la hukmu illa lillah” şüarı verdilər. Sonradan bu insanlar xəvaric adlandırıldı. Onlar İmama qarşı çıxaraq dedilər: “Sən həkəmiyyəti (hakimiyyətlə bağlı mübahisənin həlli üçün qəzavəti) qəbul etməlisən. Dedilər ki, bunu qəbul etməsən səni qətlə yetirəcəyik. Osmanın qətlini yada salıb hədələdilər. Bu elə bir zamanda baş verdi ki, artıq Malik Əştər qoşunu ilə Müaviyənin düşərgəsinə az qalırdı. Malik Əştərin azca fürsəti olsaydı Müaviyəni aradan götürəcəkdi. Xəvaric İmamı məcbur etdi ki, Malik Əştəri geri çağırsın. İmam Malikə xəbər göndərdi ki, geri qayıtsın. Malik böyük fitnəkarlıqdan xəbərsiz olduğu üçün müqavimət göstərib İmamdan vaxt istədi. Dedi ki, mənə bir dəvəni sağmaq üçün bəs edəcək vaxt verin. Amma İmamın növbəti elçisi Malikin geri qayıtması əmrini gətirdi. Malik başa düşdü ki, mühüm bir hadisə baş verib, olsun ki, İmamın həyatı təhlükədədir. Buna görə geri qayıtdı.
İmamın qoşundakı sadəlövh insanlarla belə rəftarı onun reallığı düzgün qiymətləndirmə xüsusiyyətinin dəlilidir. Bəzi tərəfdarlarının onun həkəmiyyəti qəbul etməsinə təəccüblə yanaşanlara İmam buyurdu: “Ötən gün başçı idim. Bu gün bəzi sadəlövh tərəfdarlarım (xəvaric) həkəmiyyəti qəbul etməyimi istəyirlər. Onlara qulaq asdım.” Şəraitin qiymətləndirilməsi nümunələrindən biri Əbu Musa Əşərinin hakimliyinin qəbul olunması idi. İmam Abdullah ibn Abbası qazi kimi təklif etmək istəyirdi. Amma yenə xəvaricin təkidləri altında Əbu Musa Əşərinin qaziliyini qəbul etdi.
Həzrət Əlinin (ə) digər bir xüsusiyyəti bu idi ki, müharibəni məqsəd və ya hakimiyyətə çatmaq üçün vasitə kimi dəyərləndirmirdi. İmam düşmənin fəsadının qarşısını alınmasında müharibəyə son vasitə kimi baxırdı. Düşmənin islahı üçün heç bir yol qalmadıqda müharibə qaçılmaz idi. İmam əvvəlcə çalışırdı ki, öyüd-nəsihətlə düşməni tutduğu mövqedən daşındırsın. Əgər İslam cəmiyyətinə zərərli olmasaydı onları azad buraxırdı. Hətta onlar üçün nəzərdə tutduğu payı kəsmirdi. Amma düşmən savaşda israrlı olduqda imam çalışırdı ki, müharibəyə birinci başlamasın. Bu mövzu ilə bağlı bəzi nöqtələri nəzərdən keçirək. Nakisin fitnəkarlığında İmam fitnələrlə müqabilə üçün bütün hazırlığı gördü. Xəbər tutanda ki, Nakisin başçıları Məkkədən Bəsrəyə doğru hərəkət edib, Mədinə camaatını Bəsrəyə doğru hərəkətə dəvət edir. İmam onları əhdi pozanlarla savaşa çağırır. Digər tərəfdən, İmam çalışırdı ki, müsəlmanlar arasında heç bir döyüş olmasın. Buna görə də təmkinini qoruyaraq buyurur: “Onlar mənim siyasətimdən qəzəbləndikləri üçün toplanıblar. Amma mən nə qədər ki sizin üçün təhlükə yoxdur səbr edəcəyəm.” Sonra İmam belə dua edir: “Pərvərdigara, müsəlmanların qanını Sən özün qoru.” İmam düşmənlərin fitnəkarlıqlarını, planlarını puça çıxarmaq üçün düşmən qoşun başçıları ilə danışır, onların mövqeyini dəyişməyə səy göstərirdi. Təlhə və Zübeyrə yazdığı məktubda onların keçmiş parlaq xidmətlərini yada salırdı. Zübeyri Qüreyşin farsı, Təlhəni Şeyxul-mühacirin adlandırırdı. Cəməl qoşununa rəhbərlik etdiyi üçün Aişəni qınayaraq deyirdi ki, sənin bu addımın Osmanın qatillərinin günahından ağırdır.
Həzrət buyurur: “Mən müharibədən qorxan biri deyiləm.” Müraciətlərinin Nakisin başçılarına təsir etmədiyini görən imam Zübeyrlə müzakirə aparmaq üçün xüsusi səfirini göndərdi. Döyüşdən qabaq da İmam iki dəfə nümayəndə göndərib müharibənin qarşısını almaq istədi. Eyni zamanda öz ordusuna göstəriş verdi ki, döyüşə birinci başlamasınlar. Bundan sonra Nakisin tərəfindən atılan oxlar İmamın döyüşçülərindən bir neçəsini yaraladı. İmamın döyüşçüləri etiraz etdilər. Həzrət buyurdu: “Aranızda elə biri varmı ki, qətlə yetiriləcəyini bildiyi halda bu Quranı əlinə alıb düşməni Quranda yazılanlara dəvət etsin?” Bir neçə gənc könüllü olaraq irəli gəldi. Nəhayət bir gənc əlində Quran silahsız vəziyyətdə düşmənin qarşısına çıxıb onları Qurana dəvət etdi. İmam bununla xəbərdarlığı başa çatdırır.
İmam Bəsrədən Kufəyə yola düşəndən sonra Əşəs ibn Qeys Kindi və Müaviyəyə məktub yazır. Hər iki məktubda həzrət onları hakimiyyətdən getməyə dəvət edir. Müaviyə bundan boyun qaçırır. İmam onu qane etmək üçün çox nəsihət verir. Nəhcül-bəlağədə bu mövzuda məktublar yer alıb. Müaviyə hakimiyyətdən getməkdən imtina edir, qoşununu ayrı-ayrı şəhərlərə hücuma vadar edir. Ölkədə vəziyyəti qatışdırır ki, müharibə baş versin. İmamın Müaviyə ilə siyasi müzakirələri təqribən 17 ay çəkib. Nəhayət müzakirələrin nəticəsiz olduğunu görən İmam İraq xalqını səfərbər olub Şama üz tutmağa çağırır. İmamın qoşunu ilə üzbəüz gələn Müaviyə çayın qarşısını kəsir ki, İmamın döyüşçüləri susuz qalsın. İmam sülh yolu ilə suyun yolunu açmaq istəsə də bu alınmır və döyüşmək zərurəti yaranır. Əşəs və Malik suyun yolunu kəsmiş Müaviyə döyüşçülərini məğlubiyyətə uğradıb Fərata nəzarəti ələ keçirirlər. İmam Müaviyə qoşununa üz tutaraq deyir ki, Müaviyəyə sözüm var. Sonra ona nəsihət verir, amma yenə nəticəsiz qalır. İmam yenə də çalışır ki, müharibəyə birinci başlamasın. Buna görə də səhabələrinə buyurur: “Nə qədər ki sizinlə döyüşə başlamayıblar siz başlamayın. Həmd olsun Allaha ki, sizin işiniz dəlillərə əsaslanır, müharibəni birinci başlamamağın da dəlili var.” Bu zaman xəvaric imamdan ayrılır. Xəvaric nə qədər ki silahlı qiyam qaldırmamışdı İmam onlarla keçinirdi. Hətta beytül-maldan hüquqlarını verirdi. İmamı təhqir etsələr də İmam buna göz yumurdu. Bir dəfə İmam söhbət etdiyi zaman bir şəxs sual verdi. İmam dərhal elə bir cavab verdi ki məsciddəkilər heyran qaldılar. Onlar təkbir söylədilər. Xəvaricdən biri dedi: “Allah bunu öldürsün, necə də biliklidir!” İmamın səhabələri həmin şəxsi öldürmək istədilər. İmam onlara mane olub buyurdu ki, o məni söydü, cavabı uzaq başı bir söyüşdür, onunla işiniz olmasın.
Həzrət Əli (ə) xəlifə olduğu zaman camaat namazı qılırdı və xalq ona iqtida edirdi. Xəvaric İmama iqtidadan çəkinirdi. Deyirdilər ki, Əli müsəlman deyil, kafir və müşrikdir. Bir dəfə İmam namazda həmd-surə oxuduğu zaman xəvaricdən olan İbn Kəvvab adlı bir şəxs uca səslə Qurandan belə bir ayə oxudu: “Ey Peyğəmbər, sənə və səndən öncəki peyğəmbərlərə vəhy olundu ki, sən də müşrik olsan bütün əməllərin puça çıxır.” Bu ayə ilə demək istəyirdi ki, Əlinin (ə) İslama xidmətləri olsa da artıq müşrik olub və Allah yanında heç bir savabı yoxdur. Həzrət Əli (ə) Quran göstərişini nəzərə alaraq bu sözə cavab vermədi. Namazını başa vurdu. Amma həmin şəxs yenidən eyni ayəni təkrarladı. Həzrət yenə susurdu. Bu şəxs üçüncü, dördüncü dəfə ayəni oxuyanda da həzrət ona etina etmədi. Bəli, xəvaric nə qədər ki əlinə silah almamışdı Həzrət Əli (ə) onlarla keçinirdi. Nəhayət, Əlini (ə) vadar etdilər ki onlara qarşı silaha əl atsın. Xəvaric deyirdi ki, artıq Əli (ə) kafir olub və qiyamdan başqa yol yoxdur. Onlar şəhər kənarında düşərgə qurub dedirlər ki, artıq oradakılar müsəlman deyil, biz onlardan qız almarıq, kəsdikləri heyvanın əti haramdır, onların qadın və uşaqlarını öldürmək icazəlidir. Sonra qətl-qarətə başladılar. Böyük bir fitnəkarlıq qopdu. Düşərgələrinin yaxınlığından ötən səhabədən tələb etdilər ki, Əliyə (ə) arxa çevirsin. Bu şəxsin zövcəsi də yanında idi. O xəvaricin təklifini qəbul etmədiyi üçün qətlə yetirdilər. Hamilə zövcəsinin qarnını nizə ilə yırtdılar. Buna baxmayaraq Həzrət Əli (ə) İbn Abbası göndərdi ki, onları tutduqları mövqedən daşındırsın. İbn Abbasın nəsihətlərindən sonra 12 min xəvaricdən 8 mini peşman oldu. Qalanları İmama qarşı qılıncını sıyırdı. İmam onların üzərinə gedəndə yalnız 10 nəfər qaçıb canını qurtara bildi. Onlardan biri İmamı sonradan şəhadətə yetirən Əbdürrəhman ibn Mülcəm Muradi idi.
Həzrət Əli (ə) ömrünün son günlərində qatili İbn Mülcəmə qarşı misilsiz insanlıq nümayiş etdirdi. Bəli, Həzrət Əlinin (ə) həyatının istənilən bir dönəmi onun şəxsiyyətini tanımaq üçün bəs edər.

Vilayet.nur-az.com


1170 بازدید