Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

Möminin daimi təlaşı

Ramazan ayı şərait çox münasibdir. Allah bu fürsəti mənə və sənə verib ki, bu ayda özümüzü saflaşdırmaq üçün belə bir imkan əldə edək
Ramazan ayı insanın özünü saflaşdırması üçün yaxşı fürsətdir. Biz xammalıq. Əgər öz üzərimizdə işləsək, bu xammalı daha yaxşı şəklə sala bilsək, həyatda lazımi işi görmüşük. Həyatın məqsədi budur. Vay olsun o şəxslərin halına ki, öz üzərlərində elm və əməl baxımından iş görmürlər. Dünyaya necə gəliblərsə, həyatları boyunca əlavə olunan çürütülərlə, fəsadlarla birgə dünyadan gedirlər. Mömin daim öz üzərində işləməlidir. Elə bilməyin ki, daimi işləmək çoxdur və ya olmaz. Xeyir! Həm olar, həm də çox deyil. Əgər kimsə özünü qorusa, yasaq, yanlış işlər görməsə, Allahın yolunu ciddiyyətlə keçsə, müvəffəq olacaq. Bu, daimi özünütərbiyədir. İslam proqramı bu daimi özünütərbiyəyə uyğundur. Bu beş vaxtda qılınan namaz, deyilən zikr, "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!" cümləsini təkrar etmək, rüku etmək, torpağa düşmək, Allaha həmd-səna, tərif demək nə üçündür? Bunun üçündür ki, daim özünütərbiyə ilə, özümüzü saflaşdırmaqla məşğul olaq. Amma problemlər çoxdur. Hamımızın problemi var. Həyat problemləri, məişət problemləri, şəxsi problemlər, ailə-uşaq problemləri və digər növbənöv problemlər bizim özümüzlə layiqincə məşğul olmağımıza mane olur. Buna görə də Allah bir ay ramazanı ayırmışsa, bu fürsəti qənimət olaraq dəyərləndirək. Bu ayı əldən verməyin. Məqsədim budur ki, əgər daim özümüzü saflaşdırmaq fikrində olmasaq da heç olmasa ramazan ayını qənimət sayaq. Ramazan ayında şərait çox əlverişlidir.

İnsan öz həkimidir

Ramazan ayı şərait çox münasibdir. Allah bu fürsəti mənə və sənə verib ki, bu ayda özümüzü saflaşdırmaq üçün belə bir imkan əldə edək. Bu ayın hər saatı çox bərəkətli olmasından əlavə – yəni Allah bu anları, bu saatları təbii baxımdan belə etmişdir – həm də çox qənimət sayılası saatlardır. Bu ayda bir rəkət namaz qılsanız, kiçik bir sileyi-rəhim etsəniz, həmin işlərin qarşılığında başqa aylardan daha çox imtiyaz alacaqsınız. Bu, çox yaxşı fürsətdir. İnsanın bu ayda özü ilə məşğul olması üçün çox yaxşı şəraitdir. Eyni ilə xəstə bir şəxslə rastlaşmış həkim kimi. Hansı ki, o xəstə müxtəlif xəstəliklərə mübtəladır. Şəkər xəstəliyi var, qan təzyiqi var, qanda yağlılıq var, sümük ağrısı var, rematizmi var, mədə yarası var, xülasə, onda növbənöv xəstəliklər var. Onun xəstəliklərini və müalicə yolunu bilən mahir həkim onunla necə davranır? Öncə onun xəstəliklərini kağız üzərinə gətirməyə və hansı xəstəliklərə yoluxduğunu bilməyə çalışır. Əgər həkim onun bəzi xəstəliklərini düzgün müəyyənləşdirə bilmirsə, digər xəstəliklərə uyğun dərman verirsə, xəstəni müalicə əvəzinə onu digər xəstəliklərə mübtəla edəcək. Misal üçün, xəstədə mədə yarası var, amma həkim ona rematizmin müalicəsi üçün aspirin verir. Aspirin rematizmin müalicəsi üçündür. Amma mədə yarası üçün ziyanlıdır. Əgər təbib bu xəstəliyi tanımasa, xəstənin belə bir probleminin də olduğunu bilməsə, ola bilər ki, onu müalicə etmək əvəzinə mədə qanamasına yoluxdursun. Demək, öncə diqqətlə baxmalıdır. Can yandıraraq xəstəlikləri tapmalıdır, qeyd etməlidir. Sonra hansının daha mühüm olduğunu müəyyənləşdirməlidir. Müəyyən etməlidir ki, hansı ötəridir, hansı köklüdür. Fərz edin ki, birinin mədəsi xəstədir. Ona nə dərman versələr də yaxşı həzm edə bilmir. Yaxud bağırsağı xəstədirsə, hansı güclü qidadan yeyirsə, faydalana bilmir. Bunun yolu budur ki, öncə mənfi təsiri digər xəstəliklərdən daha çox olan xəstəliyi tapsınlar.
Siz, öz həkiminiz olun. Heç kim insanın özü qədər xəstəliklərini tanıya bilməz. İnsanda bəzi xəstəliklər var. Misal üçün, desəniz ki, səndə filan xəstəlik var, əsəbiləşəcək, acığı gələcək. Desələr ki, siz paxılsınız, deyəcək ki, paxıl özünüzsünüz. Kim ona paxıl deyilməsinə dözə bilər? Başqasından eşitdikdə qəbul etməyə hazır deyilik. Amma özümüzə müraciət etdikdə görürük ki, bəli, təəssüflər olsun ki, belə bir xəstəliyimiz var. İnsan hamını aldada bilər, hamıdan gizlədə bilər. Amma özünə edə bilməz bunu. Demək, xəstəliyi təyin edə biləcək ən yaxşı şəxs biz özümüzük. Onları kağız üzərinə gətirin. Yazın paxılıq, yazın xəsisik, yazın başqalarının pis gününü istəmək – birisi yaxşı bir uğur qazandıqda narahat olmaq – yazın işdə tənbəllik, yazın əməlisalehlərə qarşı bədbinlik əhval-ruhiyyəsi, yazın vəzifələrə etinasızlıq, yazın özünə vurğunluq, yəni özünə hədsiz dərəcədə məftun olmaq. Əgər xəstəliklərimiz bunlardırsa, onları kağız üzərinə gətirin. Ramazan ayı bunları bir-bir, mümkün olduğu qədər aradan qaldırmaq üçün əlverişli fürsətdir.


Ayətullah Seyid Əli Xamenei


1338 بازدید
در حال ارسال اطلاعات...