Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

Əllamə Məclisi saray mollası olub?

Əllamə Məclisinin həmkarlığı sayəsində Sultan Hüseyn şərab məclislərinə qadağa qoyub
Mərhum Əllamə Məhəmmədbaqir Məclisi Səfəvi hökuməti ilə həmkarlıq etdi, özü Səfəvi olmadı, Səfəviləri dinə yönəltdi. Mərhum Məclisinin təlaşları sayəsində Səfəvilər təhsil ocaqlarını, mədrəsələri himayəyə götürdü. Mərhum Məclisi bacardığı həddə bu işi gördü.
İmam Xomeyni

Əllamə Molla Məhəmmədbaqir Məclisi Səfəvi dövrünün ən məşhur şiə alimlərindən biridir. Çoxsaylı kitabları arasında şiə ensiklopediyası rolu oynayan Biharul-ənvar əsəri daha çox tanınır. Bu kitabın cəmiyyətə böyük xidməti olub. Səfəvilər dövründə geniş fəaliyyətlərinə görə Əllamə Məclisi tədqiqatçılar və tarixçilərin diqqət mərkəzində olub. Bir çox böyük şəxsiyyətlər onu yüksək dəyərləndirib. Amma Əllamə Məclisini tənqid edənlər də var. Hətta bəziləri onu saray mollası adlandırmaqdan çəkinməyiblər.
Əllamə Məclisini tənqid edənlər müasir nəsildə də şübhə yarada biləcək suallar ortaya qoyub. Bu yöndə əsas məsələ Əllamə Məclisinin Səfəvilərlə həmkarlığı, hakimlərlə yaxın münasibətidir. Əllamə Məclisinin müxalifləri iddia edirlər ki, alimin Səfəvilərlə yaxınlığı onların zülmlərini təsdiq mənasındadır. Xülasə şəkildə mövzu ilə bağlı sualları cavablandırmağa çalışacağıq. Əllamənin hökumətlə münasibətləri necə olub? Əllamə hansı məqsədlə hökumətlə həmkarlıq edib? Onun həmkarlığı xalq və dinin xeyrinə olub, yoxsa zərərinə? Əllamənin sünnə-əhli, sufilər və filosoflar, əxbarilərlə münasibəti necə olub? Əllamə Məclisinin mövqeyi Səfəvilərin ömrünü uzadıb, yoxsa onları süquta uğradıb?
Hicri qəməri 1037-1110-cu illərdə yaşamış Əllamə Məhəmmədbaqir Məclisi Səfəvilər dövrünün məşhur alimidir. Atası İsfahanın Məclis kəndində yaşayıb. Bununla əlaqədar alim Məclisi adlandırılıb. Əllamə Məclisinin fiqh, hədis, siyasət sahəsində xidmətləri böyükdür. Onun Biharul-ənvar əsəri ən böyük hədis ensiklopediyası sayıla bilər.
Əllamə Məclisi hansı əsasla Səfəvilərlə həmkarlıq edib, dövlət məsuliyyəti qəbul edib? Əllamə Məclisinin hakimiyyətlə həmkarlığı sünnə-əhli, dini azlıqlar, filosoflar, əxbarilər, sufilərə zərər gətirib, yoxsa fayda?
Din alimlərinin ən mühüm missiyası dini qorumaq, Allah hökmlərini təbliğ etməkdir. Din alimləri tarix boyu imkanları həddində ədalətsizliyin qarşısını alıb, zülmə qarşı çıxıb. Onlar həmişə məzlumun müdafiəsində dayanıb. Bu məqsədlə də bəzən dövlət vəzifəsini qəbul edib, dövrlərinin hakimləri ilə həmkarlıq ediblər. Şeyx Səduq, Seyid Mürtəza, Xacə Nəsir belə alimlərdəndir. Bəzi şiə alimləri bu mövqedədir ki, hakimiyyət yalnız məsum imam və ya onun naibinə məxsusdur. Onlardan başqa kim hakimiyyətə sahib dursa zalım sayılır, belə bir hakimə itaət haramdır.
Başqa bir qrup şiə alimləri bu fikirdədir ki, canı və malı qorumaq, qan axıdılmasının qarşısını almaq üçün zəruri hallarda hakimlə həmkarlıq etmək olar. Əllamə Məclisinin dövründə İranda şiə hökuməti qurulmuşdu, bu hökumət təəssübkeş Osmanlı hökuməti ilə qarşıdurmada idi. Səfəvilərin Osmanlılara məğlubiyyəti həm də şiə alimləri üçün uzun bir dövrdə ağrı-acı oldu. Başqa məzhəbin İrana hakim olması təbii ki, şiə məktəbinin mövqelərini zəiflədəcəkdi. Əllamə Məclisi Səfəviləri heç vaxt tam qəbul etməyib. Sadəcə İslamın və müsəlmanların mənafeinə xatir bu hökumətlə həmkarlıq edib. Əllamə Məclisi bütün imkanlarından faydalanaraq Səfəvilər hökumətindən İslam və müsəlmanların xeyrinə maksimum faydalanıb. Əllamə Məclisi müxtəlif strategiyalarla hərəkət edib. Bəzən xoş sözlərlə onları həvəsləndirib, xalqı və dini sevdiklərini dilə gətirməklə onlarda mərhəmət hissi yaradıb. Zadul-İmad kitabının müqəddiməsində Şah Sultan Hüseyn və onun atasının haqqında xoş sözlər yazıb. Onun bu sözləri Səfəviləri dinin himayəsinə daha da həvəsləndirib. Şah Sultan Hüseyn Əllamə Məclisi ilə yaxın münasibətlərinə görə öz mülkünün bir hissəsini Biharul-ənvar kitabının yazılması və dini tələbələrə vəqf edib.
Əllamə Məclisinin başqa bir məqsədi hakimiyyətlə həmkarlıq sayəsində məsihilərin və başqa məzhəblərin ölkəyə yol açmasının qarşısını almaq olub. O, hakimiyyətlə həmkarlıq edərək ölkədə fəsadın qarşısında dayanıb. Amma son Səfəvi hakimi öz çevrəsinin fitnələrinə uyaraq əvvəlki hakimlərin tutduğu xətdən çıxıb, eyş-işrətə aludə olub. Həmin vaxt Əllamə şah haqqında xoş sözlər deyərək onun diqqətini cəlb edib və onun dinə münasibətini dəyişməyə müvəffəq olub. Heç şübhəsiz ki, Əllamə Məclisinin məqsədi İslam və müsəlmanları qorumaq idi. Hətta şərqşünaslar Əllamə Məclisinin strategiyasını bəyənərək, onun bütün fəaliyyətlərini dinə xidmət kimi dəyərləndiriblər. Əllamə Məclisi dəfələrlə hakimlərin dünyapərəstliyinə qarşı çıxıb, onları bu yoldan çəkindirib. Əllamə Məclisinin sayəsində Sultan Hüseyn şərab məclislərinə qadağa qoyub.
Əllamə Məclisinin dövlət məsuliyyəti qəbul etməkdə məqsədləri olub. Əsas məqsədlərdən biri bu vasitə ilə əmr-be məruf və nəhy əz-münkəri yerinə yetirmək idi. İsfahani yazır: “Məhəmmədbaqir Məclisi Şah Suleymanın axır dövrlərində, Şah Hüseynin ilk dövrlərində Səfəvilərlə həkarlıq edib. Hakimlər onun dinlə bağlı tövsiyələrini eşidib, onun rəyi əsasında hərəkət edib. Əllamə Məclisinin möizələri həmişə hakimləri müəyyən işlərdə tövbəyə vadar edib. Tarixçilərin yazdığına görə Əllamə Məclisinin Səfəvilər hakimiyyətində olması hakimlərin fəaliyyətlərinə həmişə nəzarət təsirinə malik olub. Cəfəri fiqhinin yayılması, məzhəblə bağlı şübhələrin cavablandırılması, ağzın firqələrə meydan verilməməsi, məsihi və sufi təbliğatçılarına meydanın daralması Əllamə Məclisinin xidmətləridir. Hakimlər Osmanlı sünnülüyü ilə münasibətdə şiə məzhəbini himayə ediblər. Təbii ki, bu işdə şiə fəqihlərinə ehtiyac olub. Onlar fəqihləri həmkarlığa dəvət ediblər. Əllamə Məclisi yaranmış vəziyyətdən faydalanaraq Səfəvilərin himayəsi ilə Biharul-ənvar kimi şiə ensiklopesiyasının yaradılmasına müvəffəq olub. Bununla da əvvəlki alimlərin zəhmətlərini gələcək nəsillərə ötürə bilib. Əgər Əllamə Məclisinin bu fəaliyyətləri olmasaydı, çox güman ki, Səfəvilərin süqutundan və əfqanların İrana hakim olmasından sonra, eləcə də Əfşarilər dövründə şiə alimlərinin zəhmətləri puça çıxardı.
Əllamə Məclisi dövlət işlərinə qarışmaqla ölkə boyu fəsadın qarşısının alınmasına nail oldu. Məzhəbi ixtilaflar azaldı, Səfəvi dövlətinin süqutu yubandı. Belə ki, Əllamə Məclisidən sonra ixtilaflar artdı, əfqanlar İrana hakim oldular. Əllamə Səfəvi hakimindən təfriqələrə qadağa hökmü alaraq ölkə daxilində tayfalararası gərginliyi nəzarətə götürdü.
Əllamə Məclisinin dövründə Osmanlı dövləti şiələrə qarşı radikal mövqe tutmuşdu, faciəli qətliamlar baş verirdi. Şübhə yaradan kitablar çap olunur, şəkk-şübhə yayılırdı. Əllamə Məclisi məzhəbin müdafiəsində dayanaraq bu hücumlar qarşısında bir sipər olmuşdu. O, kitab yazmaqla yanaşı dini tədrislə məşğul olur, möizələr edir, xalqın şübhələrini cavablandırırdı. Sünnü alimləri şiələrin qətli barədə fitva versə də Əllamə Məclisi heç vaxt sünnülərin