Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

İlahi eşq yolu

Xəlvətə çəkilmək şəri vəzifələrin icrasından sonra olmalıdır
Bismillahir-rəhmanir-rəhim

Əbədi səadət istəyən, Allaha doğru səfərə çıxan şəxs bir neçə nöqtəni nəzərə almalıdır.
Dini elmlərə yiyələnmək lazımdır. Dini elmlər dedikdə kəlam (fəlsəfə) elmi nəzərdə tutulur. Bu elmə dinin üsulu səviyyəsində, tövhid, ədl, nübuvvət, imamət, məad səviyyəsində və dinin hökmləri səviyyəsində sahib olmaq lazımdır. Yəni şəriətdəki 10 hökmə münasibətdə insan yəqinliyə çatmalıdır. Dinin hökmlərinə ehtiyacı olan həddə yiyələnməlidir. Bu elmlərdə ictihad etsə, ehtiyat yolunu gedə bilsə, münasibdir. Ən aşağı hədd şəriət məsələlərində zəruri sifətlərə malik müctəhidə təqlid etməkdir. Eləcə də əxlaq elmi ilə tanış olmalı, çirkin sifətləri tanımalıdır ki, nəfsini bu sifətlərdən təmizləyə bilsin. Cameus-səadət, Meraacus-səadət, Həqqül-yəqin kimi kitablarda bu barədə yetərli məlumat var. Mərhum Feyzin Həqayiq kitabı da bu qəbildəndir. Bu kitabları elə həddə mütaliə etməlidir ki, zəruri biliklərə sahib olsun. Bundan sonra əməl meydanına girib təlaş göstərməlidir. Şairin təbirincə, dövrün bütün rənglərindən təmizlənməlidir. Onun Allahdan başqa məqsədi və istəyi olmamalıdır. Şair buyurur ki, bu yolda hansı əlamətlər göstərilsə, istəməsən belə ehtiyacındır.
Seyr-süluk yolçusu bütün işlərində Allaha təvəkkül etməlidir. Qəlbini Allaha tapşırmalı, bütün işlərdə onun razılığını nəzərə almalıdır. İnsana eşqdə bir munis lazımdır, o da Allahdır. Allah öz bəndəsinə bəs edər. Şair deyir ki, qəlbimizdən iki dünyanı bir dəfəyə çıxardıq, ora Sənin yerin olsun.
İlahi eşqə çatmaq istəyən öz batinini paklamaqda israrlı olmalıdır. Allahdan qeyrilərinə əsir olmamalıdır. Özünü övliyaların sifəti ilə zinətləndirməlidir ki, onların məqamına çata bilsin. Şairin təbirincə, gözəlliyi göstərən bir güzgü ol, qonaq gözləyirsənsə evə əl gəzdir.
Deyilənləri yerinə yetirdikdən sonra, qarşısında üç iş var: Virdlər və zikrlər; nəfsi tanımaq; sevgi yolu. Hər yolun öz qaydaları var.
Həm zikr, həm mərifət, həm də eşqdə məqsəd birdir. Bu mövzularda suallarla təfərrüata varmaq yolçu üçün zərərli də ola bilər. Birinci və ikinci yolu, yəni zikr və mərifət yolunu getmək adi insanlar üçün çətindir. Üçüncü yol daha sadədir, insan eşqlə məqsədə daha rahat və tez çatır.
Ayə və rəvayətlərdən aydın olan budur ki, Allah övliyalarının müştərək bəyənilmiş sifəti Allaha sevgidir. Bu sevgi nə qədər güclü olarsa, bəndə Allaha bir o qədər yaxınlaşar. Bu sevgi gücləndikcə insanın maddi həyata bağlılığı zəifləyər, maddiyyat əsarətindən qurtular. Eşq dedikdə şiddətli məhəbbət nəzərdə tutulur. Əmirəlmöminin (ə) Allaha yaxınlaşmaqda eşqin gücünü təsdiqləyir. Eşq barədə hədislərdə az danışılır. Çünki bəyənilən eşq məcazi və həqiqi eşq arasında olan bir eşqdir. Həqiqi eşqi məcazi eşqdən fərqləndirmək çətin olduğundan məsumlar öz buyuruqlarında bu barədə az danışıb. Amma dolayısı ilə bu mövzunu təsdiqləyiblər. Əmirəlmömininin (ə) buyuruqlarına əsasən məhəbbət yolunu getməyin şərtləri var. Əvvəla, həqiqi yol göstərdiyinə əminlik olan ustada itaət edilməlidir. Onun məqsədi bəndəni Allaha yaxınlaşdırmaqdır. Belə bir ustada müxalifət yolçunun zərərinədir. Əməldə sabitqədəm olmaq lazımdır. Yolçu geriyə yol görməməli, daim irəliyə doğru hərəkət etməlidir. Günahların tərkində israrlı olmalıdır. İstənilən bir qiymətə günahdan çəkinməlidir. Ağrı-əziyyətə dözməli, günah etməməlidir. Yalnız şəriətin icazə verdiyi həddə dünya ləzzətlərindən bəhrələnə bilər. Günahkar insanlarla ünsiyyətdən çəkinmək lazımdır. Ümumiyyətlə, insanlarla zəruri həddə ünsiyyətə qatılmalıdır. Ona aid olmayan işlərə qarışmamalı, vəzifəsi olmayan işlə məşğul olmamalıdır. Dilinə nəzarət etməli, boş və günah söz danışmamalıdır. Bütün bunlar rəvayətlərdə mədh olunur. Qarnına nəzarət etməli, acmamış yeməməli, doymamış süfrədən qalxmalıdır. Halal yeməli, haram və şübhəli tikədən çəkinməlidir. Ona zəiflik gətirməyəcəyi halda yeməkdən çəkinməsi yaxşıdır. İmkan həddində vaxtını xəlvətdə keçirməli, Allah barədə düşünməli, Onun adlarını yada salmalı, ölüm və qiyamət barədə ayələrə baxmalıdır. Amma xəlvətə çəkilməsi şəri vəzifələrinin icrasından sonra olmalıdır. Seyr-süluk yolunu tutan xanım ailə-övladının haqqını tapdamamalı, evdarlıq vəzifələrini yerinə yetirdikdən sonra xəlvətə çəkilməlidir. Daim Allaha diqqətli olmaq, Onu bir an olsun yaddan çıxarmamaq lazımdır. Dili və qəlbi zikrə məşğul olmalıdır. Belə bir zikr insanın halını dəyişir. Vacib namazları vaxtında qılmalı, nafilələri, xüsusi ilə gecə nafiləsini tərk etməməlidir. Nafilələri yerinə yetirməyən şəxsin özünütərbiyədə müvəffəq olduğunu görən olmayıb. Gündə bir qədər Quran oxumalıdır. Quranı xəlvətdə qiraət etsə yaxşıdır. Öz maddi durumuna uyğun hədiyyə verib, bunun savabını Peyğəmbərə (s) hədiyyə etməlidir. Hər gün Əsrin İmamına təvəssül faydalıdır. Ehtiyaclarını ona deməlidir. Mərifətə çatmaq üçün onu vasitə seçməlidir. Hər gün ən azı 100-400 səcdə yerinə yetirməli, “La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin” deməlidir. Səcdələrdə özünü günahkar, müqəssir saymalıdır. Səcdələri nə qədər çox olsa halına bir o qədər təsirli olar. Heç vaxt öz halını kiməsə danışmamalı, yalnız məsləhət almaq üçün ustadı ilə dərdləşməlidir. Ustadla söhbətdə məqsəd halının izharı yox, məsələhət almaq olmalıdır. Boş vaxtda istiğfar etməli, salavat çəkməlidir. İxlas surəsi oxumaq da tövsiyə olunur.
Yuxarıda 14 məsumun hörmətinə 14 tövsiyə dilə gətirdim. İnsanın seyr-sülukda məqsədə çatması üçün 14 məsumun vasitəçiliyi bəs edər.
Hal və mərifət sahibi olan ruhani ustad onu təşviq edər. Allahdan belə bir ustad istəmək lazımdır. Belə ustadları Allah xüsusi lütf edib. Onların dilində təsir var. Onların sözü insanı təşviq edir.
Ustadlar tövsiyə edir:
Saleh insanlar, övliyalarla bir məclisdə olmaq. Bu məclislərdəki Quran zikrindən, mərifət söhbətlərindən faydalanmaq. Belə məclislərin insan ruhuna müstəsna təsiri var. Amma diqqətli olmaq lazımdır ki, bu məclislər məsumların razılığına müvafiq olsun.
Salik müxtəlif vasitələrlə əldə etdiyi mərifət əsasında xəlvətə çəkildiyi zaman Allahla raz-niyaz etməlidir. Öz eşqini dilə gətirməli, ağlamalı, zümzümə etməli, üzünü yerə sürtməlidir. Öz acizliyini, kimsəsizliyini etiraf edərək ağlamalıdır. Bütün öyrəndiklərini Allahla raz-niyazda ortaya qoymalıdır. Bütün bunları yerinə yetirsə Allahın lütfü ilə qarşısındakı divarlar götürülər, ilahi mərifətə çatar. Amma bu səfərin sonu yoxdur. İnsan seyr-sülukda nə qədər irəli getsə yüksək məqama qədər olan məsafəsi böyükdür. Şair deyir ki, hər kim bu şəhərlə tanışsa, onun sərvətinin harada olduğunu bilir.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Hacı Şeyx Cavad Kərbəlayi

Vilayet.nur-az.com


1121 بازدید
در حال ارسال اطلاعات...