Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2015

İlahi rəhmət baharından istifadə etmək

"Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan"
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Məhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənin də oruc olsun". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyurur ki, oruc tutduqda sənin eşitmə hissin də oruc olmalıdır. Görmə hissin də oruc olmalıdır. Dilin də oruc olmalıdır. Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bədxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanətdarlıq etməlisən. Ramazan ayında öz nəfsini yeməkdən, içməkdən, nəfsani istəklərdən, ehtiraslardan, intim duyğulardan qorumaqla oruc tutan insan öz dilini, öz qulağını, bütün bədən üzvlərini oruc hesab etməlidir. Özünü Allaha həsr etməli, günahlardan uzaq olmalıdır. Hədisin ardında deyilir: "Oruc olduğun gün oruc olmadığın gün kimi olmasın". ("Rövzə əl-vaizin", c. 2, səh. 350) Oruc tutduğun gün adi günlər kimi olmasın. Ramazan ayında digər adi günlərdə olduğu kimi davranmamalısan. Nəfsinin tərbiyəsinə diqqət etməli, bu fürsəti qənimət sanmalısan.
Digər bir rəvayətdə deyilir: "Nəfsin orucu beş hiss üzvünü digər günahlardan qorumaqdır. Əmir əl-Möminindən (ə) nəql olunmuşdur ki, nəfsin orucu cismin, qarının orucundan fərqlidir. İnsanın nəfsinin orucu odur ki, beş hiss üzvü hamısı günahlardan çəkinsin. "Və qəlbin bütün şər səbəblərindən boşalmasıdır". ("Qürər əl-hikəm", səh. 176) Ürək də bütün şər, fəsad amillərindən boşaldılmalıdır. Allaha, bəndələrinə qarşı könlümüzü saf edək. Bu haqda çoxlu sayda rəvayətlər nəql olunmuşdur.
Bu fürsətdən istifadə edək. Ramazan ayını böyük qənimət, fürsət sayaq. Özümüzü bu ayda Allaha yaxın edək, kamilliyə yaxın edək, günahlardan uzaq edək, aludəliklərdən pak qalaq. Bu ayda dualar, müstəhəb istiğfar (əfv diləmək) hamısı fürsətdir. Məbada bu fürsətləri əldən verək. Bu ramazan ayı tezliklə sona yetəcək. Əgər növbəti ramazan ayınadək sağ qalsaz, o da ildırım sürəti ilə keçəcək. Bu dəyərli fürsətlər əldən çıxacaq. Tövsiyə edirəm ki, ilahi rəhmətin bu baharından faydalanın. Əfv diləyin. (İstiğfar edin), Allahın qapısına gedin. Bədən günahlarından, ruh günahlarından, fikir və qəlb günahlarından istiğfar edin. Bu şəkildə ilahi əfvə, tövbəyə doğru gedən cəmiyyət, nurlu cəmiyyət olacaq. O nurluluğun bərəkətindən Allah xeyiri, bərəkəti, cəmiyyətə nazil edəcək.


Ayətullah Seyid Əli Xamenei


1139 بازدید