Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2015

İslam hökuməti qurmaqda məqsəd

İslam Peyğəmbərinin (s) risalətində məqsəd nə idi? İmamların məqsədi nə idi?
İmam Xomeyninin (r) nəzərincə, müstəqillik, azadlıq, sosial ədalət və rifah İslam hökumətinin zərurətlərindəndir. Amma bütün bunlar insanların İslam əxlaqına çatması üçün zəmin yaratmaq məqsədi daşıyır. Bütün inqilabların məqsədi olur. İnqilab rəhbərlərinin bəyanatlarında, şüarlarda inqilabın məqsədləri açıqlanır. İnqilablar fərqlidir, onların məqsədləri də eyni deyil. Təbii ki, ortada müştərək məqsədlər var. Fars İnformasiya Agentliyi höccətülislam Seyid Həbib Hüseyni Renaninin “İmam Xomeyninin (r) buyuruqlarında inqilabın son məqsədi” araşdırmasını nəzərdən keçirir.
Zaman ötdükcə, nəsillər və hakimlər dəyişdikcə inqilabların da məqsədi bilərəkdən və ya bilməyərəkdən dəyişə bilər. Bəzən zaman ötür və inqilabın əsas hədəfi mərhələ hədəfinə çevrilir. Eləcə də müqəddimə hədəflər son hədəf kimi nəzərdə tutulur. Hətta biganə cəmiyyətlərin təbiğat təsirləri altında yeni hədəflər ortaya çıxa bilər. Hansı ki bu məqsədlər inqilabın başlanğıcında nəzərdə tutulmayıb. İnqilabın məqsədləri daim təkrarlanmalı, gündəmdə saxlanılmalıdır. Əks-təqdirdə təhriflər qaçılmazdır. Bilərəkdən və ya təsadüfi təhriflərin qarşısını almaq üçün inqilabın əsas məqsədini şüar olaraq gündəmdə saxlamaq zəruridir.
İran İslam İnqilabının əsas hədəfini tanıtmaq üçün ən etibarlı mənbə İmam Xomeyninin (r) bəyanatları, buyuruqları, düşüncələridir. İran İslam İnqilabı “Amerikaya ölüm”, “şaha ölüm” şüarları ilə başlayıb. Bu şüarlardan aydın olur ki, inqilabın əsas məqsədlərindən biri istibdad, zalım hakimiyyətlə mübarizə olub.
İnqilabın başqa bir şüarı “istiqlal, azadlıq və İslam Cümhuriyyəti” idi. Müstəqillik və azadlıqla yanaşı xalqın iradəsindən qaynaqlanan cümhuriyyət qurmaq nəzərdə tutulub. İnqilab Rəhbərinin bir çox söhbətləri və məktublarında İmamın cəmiyyətdəki sosial bərabərsizliyə, yoxsul təbəqənin acınacaqlı vəziyyətinə, zalım hakimlərə etirazları ilə rastlaşırıq. Amma yenə də sual olunur ki, mübarizənin əsas məqsədi nə olub? Dilə gətirilən məqsədlər arasında son məqsəd nədir? Bu sualları cavablandırmaq üçün İmamın düşüncələrinə, buyuruqlarına bir daha nəzər salırıq.
İmam Xomeyninin (r) nəzərincə, peyğəmbərlər və əhli-beytin işi təkcə təlim-tərbiyə olmayıb. Onların əsas vəzifələrindən biri zalımlarla mübarizə kimi qeyd edilir. İmam Rahil dövlət məsulları ilə görüşdə buyurur: “Şərif Quran ayələrini oxuyanda, peyğəmbərlərin həyat yoluna nəzər salanda görürük ki, onların işində dünyada ədalətin bərpası bir müqəddimə olub. Peyğəmbərlər ictimai ədalət yaratmaqla insan tərbiyəsi üçün zəmin hazırlamağa səy göstərib.”
İmam buyurur: “Peyğəmbərlərə vəhy gələn andan onların ilk işlərindən biri zalımlarla mübarizə olub. Mübarizə üsulları fərqlənib. Hər peyğəmbər öz şəraitinə uyğun mübarizə aparıb. Güman etməməliyik ki, peyğəmbərlər bir guşədə əyləşib duaya məşğul olub, xalqa şəriət öyrədib. Bəli, bu işləri görüblər, amma vəhy əsasında qanunların icrasına da məşğul olublar. Həzrət İbrahim (ə) həqiqəti deyir, sonra baltanı götürüb bütləri qırmağa gedirdi. Amma şəriət də öyrədirdi, təlim-tərbiyə ilə də məşğul idi.” İmamın nəzərincə, peyğəmbərlərin məqsədi təkcə zalımları səhnədən çıxarmaq olmayıb. Onlar ilahi hökmlər əsasında hökumət qurmaq istəyiblər. Peyğəmbərlərin hərəkatında öyrəniləsi nöqtələr çoxdur. Biz peyğəmbər məktəbinə tabe olduğumuzdan onların hərəkatını araşdırmalıyıq. Peyğəmbərlər nə üçün ayağa qalxıb, hərəkatda məqsədləri nə olub?
İslam Peyğəmbərinin (s) risalətində məqsəd nə idi? İmamların məqsədi nə idi? Məqsəd təkcə bu idi ki, zalımları səhnədən çıxarsınlar? Zalımları səhnədən çıxarmaqla iş başa çatırdımı? Yoxsa bundan da yuxarı bir məqsəd var? Əgər belə məqsədlər varsa, biz peyğəmbər məktəbinə tabe olaraq onların yolunu getməli, onların məqsədini izləməliyik. İran İslam İnqilabında məqsəd təkcə Pəhləvi rejimini hakimiyyətdən uzaqlaşdırmaq idimi? İmam Rahil buyurur: “Ağlın hökmü və dini zərurətlərə əsasən peyğəmbərlərin besəti, risalətində məqsəd təkcə dini hökmləri bəyan etmək olmayıb. Peyğəmbər və məsumların işi təkcə cəmiyyəti məlumatlandırmaq deyildi. Belə deyil ki, onlar yalnız şəriəti öyrədib və sonradan öz məsuliyyətlərini fəqihlərə tapşırıb. Fəqihlərin peyğəmbər əmanətçisi olması o demək deyil ki, fəqihlərin vəzifəsi yalnız ilahi hökmləri cəmiyyətə çatdırmaqdır. Gerçəkdə peyğəmbərlərin əsas vəzifəsi ədalətli cəmiyyət qurmaq olub. Təbii ki, belə bir cəmiyyətdə ilahi təlimlərin hakim olması nəzərdə tutulub. Quranda buyurulur ki, peyğəmbərlərin besətində məqsəd ictimai münasibətlərdə ədalətin yer alması, insanların zülm-sitəmdən azadlığıdır.
İmam Xomeyninin (r) nəzərincə, ictimai ədalət peyğəmbərlərin mübarizəsində, eləcə də İslam İnqilabında mühüm məqsədlərdən olub. Amma bu məqsəd son məqsəd deyil. İctimai ədalət bu hərəkatlar üçün müqəddimə idi.
Sual yaranır ki, əgər həm İslam inqilabı, həm də digər inqilablarda sosial ədalət məqsəd sayılırsa, bu inqilablar arasındakı fərq nədən ibarətdir? Heç bir inqilabda İslam inqilabında olduğu kimi insan mənəviyyatı, kamilliyi məqsəd sayılmayıb. Heç bir inqilab nəzərdə tutmayıb ki, cəmiyyətin mənəvi səviyyəsini yüksəltsin. İnqilablar tarixini nəzərdən keçirdikdə şahid oluruq ki, əksər inqilablarda son məqsəd sosial ədalətdir. Peyğəmbərlər insanların nəfsini paklama, onları kamilləşdirmək üçün çalışırdı. Peyğəmbərlərin hədəfi insanların mənəvi tərəqqisi idi. İmam buyurur ki, dünyada heç bir ideoloji məktəb, heç bir rejim insanların mənəvi inkişafını məqsəd saymayıb.
İslam İnqilabı müstəqillik, azadlıq, sosial rifah, zülmə son qoyulması üçün çalışır. Amma bütün bunlar yalnız inqilabın hədəflərindən biri olub. Bunları mərhələ hədəfi də saymaq olar. İmam inqilabın son məqsədi olaraq nəyi görürdü? İmam buyurur: “Xalqın xoşbəxtliyi təkcə azadlıq deyil. Təkcə müstəqillik millətin səadəti deyil. Təkcə rifah, maddi təminat cəmiyyət üçün xoşbəxtlik sayılmaz. Bütün bunlar yalnız mənəviyyat sayəsində insanı xoşbəxt edə bilər. Çalışın ki, mənəviyyat əldə edin. Təkcə elmin faydası yoxdur. Elm mənəviyyatla yanaşı olduqda səmərə verir. Təkcə ədəbin faydası yoxdur. Ədəb mənəviyyatla yanaşı olduqda bəhrə verir. İnsanın özü üçün xoşbəxtlik saydığı bütün dəyərlər yalnız mənəviyyat sayəsində bəhrə verir.”
İmam buyurur ki, universitetlər, məktəblər, tədris müəssisələri mənəviyyat ardınca olmalıdır. Əgər belə olsa müvəffəqiyyət əldə edilər. Məsuliyyətli, imanlı insan zülmə qarşıdır. Lakin bu bir xidmətdir, məqsəd deyil. Xalqın azadlığı yolunda çalışmaq bir vəzifədir. Bunu son məqsədə aparan mərhələ məqsədlərdən saymaq olar. Ölkənin müstəqilliyini təmin etmək də son məqsədə aparan mərhələ məqsədlərdəndir. Rifah da bu qəbildəndir.
İmamın nəzərincə, İslam hökumətinin əsas məqsədlərindən biri ölkənin təhlükəsizliyini, xalqın rifahını təmin etməkdir. İnsanların ibtidai ehtiyaclarını təmin etmədən onların mənəviyyatını yüksəltmək olmaz. Bu çox çətin işdir. İmam təhlükəsizlik və rifahı da mənəviyyata aparan orta məqsədlərdən sayır. İmam buyurur: “Millətin rifaha, firavanlığa çatması son məqsəddirmi? Peyğəmbərlər cəmiyyətin maddi durumunu yüksəltmək üçünmü gəlimişdi? Peyğəmbərlərin məqsədi bu idi ki, zalımlar getsin, məzlumlar rifahda yaşaysın? Bir bu qədər peyğəmbərin gəlişi, risaləti, qətlə yetirilməsi, aparılan müharibələr zalımı səhnədən çıxarıb, xalqı rifaha çatdırmaq üçün idi? Yoxsa bundan yüksək bir məqsəd var? Bəli, Allah-Taala peyğəmbərlərini cəmiyyətdə quruculuqdan əlavə və yüksək bir məqsəd üçün göndərib.”
İmam İslam dövlətini maddiyyatçı ideologiyalardan fərqli görürdü. Əksər inqilabların son məqsədi xalqı rifaha çatdırmaqdır. İnsanları məskənlə, başqa sosial şəraitlərlə təmin etmək əksər inqilabların son məqsədidir. Amma İslam məktəbində maddiyyat məqsəd ola bilməz. Maddiyyat yalnız insanı mənəviyyata çatdıran vasitələrdəndir. İslam insanların paklanması, tərbiyələnməsi üçün gəlib. Gəlib ki, kamil insan tərbiyə etsin. Bütün tövhid məktəbləri insan tərbiyə etmək üçün gəlib. İnsan Allah qarşısında vəzifəlidir ki, özünü tərbiyələndirsin və cəmiyyətin tərbiyələnməsi üçün çalışsın. Analar pak övlad tərbiyə etməyə borcludurlar. İslamın, bütün peyğəmbərlərin məqsədi bu olub ki, həqiqi insan tərbiyə edilsin.
İmam buyurur ki, əgər insan tərbiyə etmək mümkün olsa, məmləkətin bütün problemləri də həllini tapır. İmam öz fikirlərində Quran və sünnəyə əsaslanır, Əhli-Beyt (ə) buyuruqlarına istinad edirdi. Onun istiqlal, azadlıq, ictimai ədalət istəkləri dini mətnlərdə nəzərdə tutulmuş istəklərdir. Amma bütün bu istəklər son istək olan mənəvi kamilliyə çatmaq üçün mərhələ məqsədlərdir. Təhlükəsizlik və rifah ona görə lazımdır ki, insan azad şəraitdə nəfsini tərbiyə edə bilsin. İmam Xomeyni (r) müxtəlif görüşlərdə, çıxışlarda məsulları və xalqı nəfsini təmizləməyə, paklamağa dəvət edirdi.
İmam buyurur: “İslam cəmiyyəti çörəklə təmin etmək üçün gəlməyib. İslamın məqsədi insanların mənəvi inkişafıdır. Əgər insan mənəvi baxımdan tərbiyə olunsa, maddi baxımdan da təmin olunacaq. İslam maddiyyatı mənəviyyat haşiyəsində qəbul edir. Mənəviyyatdan kənar maddi rifah İslamda məqbul deyil. Bir məmləkət öz mənəviyyatı ilə məmləkət olur.”
İmam Xomeyni (r) cümə namazı imamları ilə görüşdə buyurur: “Hər şeyin başında dayanan, hər birimiz üçün önəmli olan nəfsin tərbiyəsidir. Bunun kənarında cəmiyyətin tərbiyəsi ilə məşğul olmalıyıq. İnsan öz nəfsini paklamasa başqalarının tərbiyəsi ilə məşğul ola bilməz. Onun sözünün təsiri olmaz. Hətta siyasi məsələlər də belədir. Siyasi hərəkat üçün də insan öz nəfsini paklamalıdır. Biz bütün işlərimizi siyasətdə tamamlanmış görməməliyik. Öndə gələn nəfsin paklanmasıdır. Quran təsadüfi yerə pak nəfsə and içmir.”
Quran ayələrindən də görünür ki, bütün düzəlişlər üçün şərt nəfsin paklanmasıdır. Bütün büdrəmələr, bütün dağıntılar arxasında nəfsin pak olmaması dayanır. İmam buyurur ki, nəfsin paklanmasını işlərimizdə sərlövhə qərar verməliyik. İmam buyurur ki, bu təkcə İran İslam Cümhuriyyəti üçün hədəf deyil. Bütün İslam inqilablarının hədəfi mənəviyyat olmalıdır. Biz istəyirik ki, zülmün kökünü kəsək. İnşallah, bu işi görəcəyik. Biz istəyirik ki, zalımları səhnədən çıxaraq. İnşallah, bu məqsədə çatacağıq. Biz istərik ki, müsəlman torpaqlarını əsarətdən qurtaraq. İnşallah, bu da olacaq. Amma bütün bunlar bir müqəddimədir ki, kamil insan tərbiyə olunsun, nəfsimizi paklayaq, Allah doğru səfərə çıxa bilək. Adəmdən Xatəmə bütün peyğəmbərlərin işi Allaha doğru seyr-süluk olub. Ən böyük büt olan nəfs bütünü sındırmaq əsas məqsəddir.
İmam Xomeyni (r) istər mübarizə dövründə, istər inqilabın qələbəsindən sonra, hətta müharibə gedişində namazı ilk vaxtda qılmağa, Quran tilavətinə, gecə ibadətinə, təvəssülə önəm verib. Bu ruhiyyəni cəbhəyə də ötürüb. Həmin mənəviyyat sayəsində cəbhədə böyük uğurlar qazanılıb.
Cənab Rəhbər Ayətullah Xamenei bu barədə buyurur: “İlahi hökmlərin icrası, ictimai ədalətin bərpası, bütün bunlar mərhələ məqsədlərdir. Növbəti mərhələ budur ki, təhlükəsizlik və rifah şəraitdə yaşayan insanlar öz əxlaqını gözəlləşdirmək, nəfsini paklamaqla məşğul olsun. Bu məsələ üzərində dayanmaq istəyirəm. İslam hökuməti qurulduqdan sonra əsas məqsəd budur. İctimai ədalət bərpa olunduqdan, təhlükəsizlik təmin edildikdən sonra inqilabın əsas məqsədi nəfsin tərbiyəsidir. İnsanlar gözəl əxlaqla zinətlənməlidir. Gözəl əxlaq da insanın mənəvi və ruhani inkişafına səbəb olur.”
İmam Xomeyninin (r) və onun çağırışına ləbbeyk deyənlərin əsas məqsədi maddi rifah, sosial ədalət, müstəqillik və azadlıq deyildi. Həm imam, həm də Cənab Rəhbərin nəzərincə, bütün bu dəyərlər orta məqsədlərdir və mənəvi inkişaf üçün bir vasitədir. İnqilabın qələbəsi və möhkəmlənməsindən sonra bu son məqsədin diqqətlə izlənməsi lazımdır. Cəmiyyətin mənəvi inkişafı üçün proqramlar işləyib həyata keçirmək zəruridir. Əgər mənəvi inkişafa nail olmasaq, təhlükəsizlik və rifaha çatmağın dəyəri böyük deyil. Məsullar təkcə sosial ədalət barədə düşünməməli, rifah və təhlükəsizliyə mənəviyyata aparan hədəf kimi baxmalıdırlar. Qanunvericilikdə, müxtəlif proqramlar və layihələrin hazırlanmasında cəmiyyətin mənəviyyatı diqqət mərkəzində saxlanılmalıdır. Dövlət məsullarının, orqanlarının seçimində də xalq üçün əsas meyar nəfsin paklığıdır.

Vilayet.nur-az.com


1442 بازدید
در حال ارسال اطلاعات...