Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2015

Ramazan ayı – məşq səhnəsi

"O ayda nəfəsləriniz təsbih, yuxunuz ibadətdir"
Mənim və sizin həyata keçirmədiyimiz əmr olunan ibadətlər, vəzifələr əslində nəfsi saflaşdırmaq və ya özünütərbiyə vasitələridir. Bizim kamilliyimiz üçün bir vasitədir. Əgər idman etməsəniz, bədəniniz gücsüz, travmalara qarşı zəif olacaq. Əgər cisminizi gözəlləşdirmək, gücləndirmək, müxtəlif bacarığınızı, istedadlarınızı üzə çıxarmaq istəyirsinizsə, idman etməlisiniz. Namaz idmandır. Oruc idmandır. Yoxsullara əl tutmaq idmandır. Yalan danışmamaq idmandır. Xeyirxahlıq idmandır. Bu idmanlarla ruh gözəl, güclü və kamil olur. Əgər bu idmanlar olmasa, zahirdə çox gözəgəlimli, yaraşıqlı görünə bilərik. Lakin batinimiz çox qüsurlu, yarımçıq, cansız, yoxsul və zədələrə qarşı zəif olacaq. Oruc bu idmanlardan biridir.
Oruc insanın yalnız yemək-içməkdən imtinası deyil. Bu yeməmək, içməmək məqsədli şəkildə olmalıdır. Əks-təqdirdə siz, bir gün problemlərin və ya işin çoxluğundan on iki saat, on beş saat bir şey yeməyə vaxt tapmasanız, sizə heç bir savab verilməyəcək. Amma həmin imsakı niyyətlə etdikdə – "Niyyət edib, ardınca əməl etsə" ("Əl-İqbal əl-əmal", səh. 22) – bu, sizə dəyər verən, ruhunuzu qiymətli edən parlaq bir gövhər olacaqdır.
Orucun şərti niyyətdir. Niyyət nə deməkdir? Yəni bu əməli, bu hərəkəti, imsak və məşqi Allaha doğru yönəlmək üçün, Allah üçün, ilahi göstərişləri həyata keçirmək üçün edirəm. Hər bir işə dəyər verən budur. Buna görə də mübarək ramazan ayının duasında oxuyuruq: "Allahım, bizi niyyət edib, sonra əməl edənlərdən et. Bədbəxt olub halsızlıq edənlərdən etmə". Halsızlıq, işə meylsiz yanaşma, gümrah olmamaq – istər mənəvi iş olsun, istərsə də maddi iş – bədbəxtlikdir.
Oruc, ən yaxşı işlərdən biridir. Zahirdə bir iş görməmək, əməl etməmək olsa da batində əməldir, müsbətdir. Siz bu işi niyyət etdiyiniz üçün oruc saatına daxil olduğunuz vaxtdan – yəni, dan yeri söküldükdən – günün sonunadək daim sözügedən niyyətinizə görə ibadət halındasınız. Əgər yatsanız da ibadət halındasınız. Yol getsəniz də ibadət etmiş olursunuz.
Peyğəmbərin belə buyurduğu nəql olunmuşdur: "O ayda nəfəsləriniz təsbih, yuxunuz ibadətdir". ("Əl-Əmali", Səduq, səh. 93) Sizin nəfəs almağınız, yatmağınız ibadətdir.
Yuxu necə ibadət ola bilər? Nəfəs almaq necə "sübhanəllah" demək ola bilər? Bu, ona görədir ki, siz bekar da olsanız, heç bir iş görməsəniz belə bu vadiyə niyyətlə daxil olduğunuz üçün birbaşa ibadət halındasınız.
Digər bir rəvayətdə oxuyuruq: "Oruc tutanın yuxusu ibadət, sükutu təsbihdir". ("Səvab əl-əmal", səh. 51) Sükut etdiyiniz, danışmadığınız zaman belə sanki "sübhənallah" deyirsiniz. "Əməli qəbul, duası müstəcabdır". ("Səvab əl-əmal", səh. 51) Sizin bu ayda əməliniz qəbuldur. Dualarınıza cavab veriləcək. Sakitliyiniz ibadətdir, nəfəs almağınız ibadətdir. Yatmağınız ibadətdir. Nə üçün? Çünki siz bu imsakı, bir çox cismani ləzzətlərdən əl çəkməyi otuz gün müddətində Allah üçün təcrübə edirsiniz. Bütün bu ibadətlər, eləcə də digər ibadətlər bu mehvər ətrafında fırlanır ki, insan nəfsani ehtirasları, insanı səviyyəsizliyə sürükləyən, kölə edən həzzlərlə mübarizə etsin. İnsan nəfsinin cilovunu açıb buraxmaq hünər deyil. Bacardığı qədər həzz almaq kamillik deyil. Bu, heyvanlıqla bağlı məsələlərdir. İnsanın da heyvani bir tərəfi var. Bu heyvani tərəfini gücləndirməkdir. Əlbəttə, heyvani yön də bizim bir hissəmizdir. Bizim ona malik olmamamızı istəməmişlər. Yemək, içmək, istirahət etmək, mübah həzz almaq bizim vücudumuzun tərkib hissəsidir. Bunun bir eybi də yoxdur. Kimsə onları qadağan etməmişdir. Qadağan olan insanın bu yöndə qərq olmasıdır. Maddiyyata qərq olmaq insanı bu yöndə qərq olmağa çəkir. Dinlər, rasional əsaslar – rasional əsaslara söykənən ilahi metod – insanın qarşısını alır ki, bu həyat ehtiraslarından, ləzzətlərindən həzz almaq enişində ixtiyarını əldən verib sürüşməsin. İnsanı ləzzətlərdə cilovsuzluğa dəvət edən istənilən çağırış alova dəvətdir, bədbəxtliyə, həlak olmağa çağırışdır. Ümumilikdə peyğəmbərlərin (ə) dəvəti, hikmət sahiblərinin harayı, ilahi çağırışlar bu ləzzətlərə göz yummaq istiqamətindədir. Oruc da bu qəbildəndir. Buna görə də ramazan ayı insanın məşq etməsi, kompleks günahları tərk etməsi üçün uyğun bir şərait hesab olunmuşdur.

Ayətullah Seyid Əli Xamenei


1156 بازدید
در حال ارسال اطلاعات...