Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyun 2015

Əhli-Beytə (ə) nə üçün ağlayaq?

Göz yaşları cəmiyyətin təravətini alıb, ona pərişanlıq gətirmirmi?
Elə Əhli-Beyt (ə) ardıcılları arasında da belə suallarla rastlaşmaq olar ki, əzadarlıqda ağlamağın faydası nədir? Əzadarlıq, göz yaşları cəmiyyətin təravətini alıb, ona pərişanlıq gətirmirmi? Nə üçün şiə ziyarətçilər Bəqi, Kərbəla və başqa ziyarətgahlarda göz yaşı axıdırlar? Bütün bu göz yaşlarının bir mənası varmı? Məhərrəm, səfər ayları, Fatimiyyə günlərində şiələrin əzadarlıq mərasimi keçirib ağlamasının fərdi və ictimai təsirləri nədən ibarətdir? Bəziləri soruşurlar ki, əsrlərcə əvvəl şəhadətə çatmış, Allah yanında yüksək məqama nail olmuş insanlara görə əzadarlıq etməyə dəyərmi? Olmazmı ki, bu şəhidlərə görə şənlik mərasimləri keçirilsin? Çünki şəhadətə çatmaq hər insana nəsib olmayan bir hadisədir. Şəhid Allah yanında böyük feyzə çatıb. Nə üçün insanlar onları xatırlayıb ağlamalıdır?
Sualı cavablandırmaq üçün öncə ağlamağın, göz yaşının növləri ilə tanış olmaq lazımdır. Göz yaşının zahiri və batini var. Ağlamağın batini insanın ruhundan, duyğularından gələn təsirlənmədən ibarətdir. İnsanın qəlbi təsirlənəndə bu onun zehninə təsir göstərir və bundan sonra insan göz yaşları axıdır. İnsan ruhu müxtəlif hadisələrdən təsirlənə bilər. Bəzən bir məzluma mərhəmət hissi insanı ağlada bilər. Hər halda insan ağlamazdan öncə qəlbdən təsirlənir. Bəzən ayrılıq, həsrət göz yaşına səbəb olur. Amma riyakarlıqla, yalandan ağlamaq da var.
Şiələrin müxtəlif ziyarətgahlarda imamlar üçün ağlaması hansı növ ağlamaqdır? Körpə oyuncağını itirəndə ağlayır və ya yaşlı insanın malı qarət olunduqda, var-dövləti əlindən çıxdıqda ağlayır. Şiələrin öz imamlarına ağlaması belə ağlamaqdırmı? Aydındır ki, Əhli-Beyt (ə) ardıcıllarını riqqətə gətirən, onları göz yaşı axıtmağa vadar edən daxildən qaynaqlanan duyğulardır. Bu təkcə ayrılıq ağrısı deyil. Varlıq aləminin ən böyük dəyəri olan həqiqət tapdandıqda, insanlara zülm olunduqda, dini dəyərlər ayaq altına atıldıqda imanlı və vicdanlı insanlar buna biganə qala bilmir. Əslində insan kamil olmalıdır ki, ictimai zülmlərdən təsirlənib riqqətə gəlsin. Bəli, insanın qəlbi daşdan deyil, onun duyğuları var. O zülm səhnəsini görəndə həyəcanlanmaya bilmir. Bu zülm müqabilində bir iş görə bilmədikdə, aciz qaldıqda insanın ağlamaqdan başqa yolu qalmır. İmam Hüseyn (ə) və başqa şəhidlər üçün göz yaşı axıdanlar özlərini məsumlardan ayırmır onların ardıcılı olaraq qəmə şərik olurlar. Məsumlar, Kərbəla şəhidləri öz şəxsi mənafeləri yolunda meydana getməyiblər. Onlar bəşəriyyətin azadlığı, zülmdən xilas olması üçün canlarından keçiblər. Bütün bunları düşünən insan baş vermiş zülmlər barədə düşündükdə qəmlənməyə bilmir. Əzadarlıq edənlər arasında göz yaşlarının fərqli səbəbləri ola bilər. Bəziləri bir aşiq olaraq goz yaşı axıdır. Onların göz yaşı şövqdəndir. Belə ağlamaq insana pərişanlıq gətirmir. Əksinə, onu təravətləndirir, qəlbinin hisi-pası yuyulur, zülmə qarşı nifrəti daha da artır. Ağlamaqda təsirlər çoxdur. İnsan göz yaşı ilə bir mövzunu gündəmdə saxlaya bilər. Göz yaşları sanki qurumaqda olan bir ağaca verilən sudur. Tarixdə baş vermiş qanlı hadisələr göz yaşları ilə yenilənir, insanlarda ədalət şövqü güclənir, zülmlə mübarizə ruhiyyəsi artır. Həqiqi Məhəmməd (s) məktəbi, zülmlə mübarizə yolu göz yaşları sayəsində aktual qalıb. Əgər tarix boyu şiələr öz şəhidlərinə ağlamasaydılar zülmə münasibətdə tarixi nifrət hissləri silinib gedər, bu gün də zülmlə rastlaşdıqda insanlar biganə qalardılar.
Bəli, belə bir sual yaranır ki, şəhid öz arzusuna çatıbsa nə üçün ona ağlamalıyıq? Əgər biz şəhadətə fərdi bir hadisə kimi yanaşsaydıq, bəlkə də deyilənlərlə razılaşmaq olardı. Amma şəhadət fərdi bu hadisə deyil. Hətta bir nəfətin şəhadəti, haqq yolda həyatını qurban verməsi ictimai bir hadisədir və bu hadisənin hüznlə yad olunması zülmə nifrət əlamətidir. Biz bir nəfərin öz arzusuna çatmasına sevinə bilərik. Amma həmin sevinc bu gün də cəmiyyətdə meydan sulayan zülmə münasibətdə özünü doğrulda bilməz.
Qeyd etdik ki, ağlamağın zahiri və batini var. Ağlamaq zahirən fizioloji bir hadisədir. Əlbəttə ki, onun insan ruhiyyəsində, qəlbində kökləri var. İnsan düşünməklə, qəmlənməklə ağlayır. İnsan gözündəki yaş onun hisslərindən təsirlənir. İnsan daxilində bir proses getməsə onun ağlaması mümkün deyil. Əks-təqdirdə belə ağlamaq riyadan başqa bir şeydir. Ağlamağı neçə qismə bölmək olar?
1. Bəzən göz yaşının səbəbi insanın özünə və sevdiklərinə münasibətdə təbii əlaqəsi olur. İnsan sevdiyi şeyi itirəndə təsirlənir və bu itki onu təsirləndirərək ağladır. Belə göz yaşlarının insana pərişanlıq gətirməsi mümkündür. Bu növ ağlamaq uşağın itirdiyi oyuncağa görə ağlamasına bənzəyir.
2. Bəzi göz yaşlarının kökü insanın inancındadır. Minacatda ağlayan insanlar görürük. Allah hüzurunda olan insan öz günahlarını, xətalarını yada salaraq bundan təsirlənir, tövbə edir, peşimançılığını bildirir və bir növ xəcalətdən ağlayır. Belə göz yaşları keçmişlə nə qədər bağlı olsa da onun daha böyük təsiri gələcəyədir. Bu göz yaşları bir növ insanı dəyişən göz yaşlarıdır.
3. Bəzən göz yaşlarının səbəbi insanın fəzilət, kamillik istəyi olur. İnsan fitri olaraq kamilliyi müsbət dəyər sayır və ona çatmaq istəyir. Peyğəmbər (s) və imamlar kimi bir müəllimi, tərbiyəçini itirəndə insanın kamilliyə çatmaq ümidləri də zəifləyir. Belə itkilər insanda göz yaşı yaradır. Peyğəmbərin (s) vəfatından sonra Ümmü-Əymən ağlayırdı. İkinci xəlifə ondan nə üçün ağladığı soruşdu. Dedi ki, Allahın Rəsulu (s) Allahın hüzurundadır, nə üçün ağlayırsan?! Ümmü-Əymən belə cavab verdi: “Ağlayıram ki, artıq əlimiz vəhydən çıxıb!”
4. Bəzən göz yaşlarının səbəbi insanın acizliyidir. Uğursuzluq yaşamış, məğlub olmuş, çarəsiz vəziyyətə düşmüş insan əzilərək ağlayır. Bu zəif insanların göz yaşıdır. Onlar hədəfə çata bilmədikləri üçün ümidsizləşir və ağlayırlar.
5. Bəzi göz yaşlarını şövq göz yaşları adlandırıblar. Övladını itirmiş və ya ondan uzun müddət ayrılmış ana növbəti dəfə övladı ilə görüşdüyü zaman şövqdən ağlayır. Bu uzun məhrumiyyətlərdən sonra məşuqə çatmış aşiqin göz yaşlarıdır.
6. Ayrılıqdan ağlamaq. Aşiq öz məşuqunun hicranından təsirlənərək ağlayır. Həzrət Yəqubun (ə) oğlu Yusifin (ə) ayrılığından ağlaması bu qəbildəndir.
7. Bəzən göz yaşlarının səbəbi mərhəmət duyğuları olur. İnsan duyğulu bir varlıqdır, müxtəlif hadisələr onu duyğulandırır. Əlbəttə ki, bəzi insanlar zülm-sitəmə, amansızlığa o qədər bulaşıblar ki, insanlıq duyğuları zəifləyib. Təəccüblü də olsa, atalar var ki, bir dəfə olsun övladının üzündən öpməyib. Həzrət Peyğəmbər (s) belələri haqqında buyurur ki, rəhm etməyənə rəhm olunmayacaq. Aləmlərə rəhmət olan İslam peyğəmbəri oğlu İbrahim dünyanı dəyişdiyi zaman ağlayır. Həzrətdən göz yaşlarının səbəbi soruşulanda buyurur ki, mənim İbrahimə ağlamağım rəhmani ağlamaqdır, rəhm etməyənə rəhm olunmaz, beləsi Allahın mərhəmətinə çatmaz.
8. İnsan bəzən məzluma ağlayır. Sinəsində qəlb gəzdirən, insanlıq duyğuları olan zülm səhnəsi gördükdə bundan təsirlənir. O yetim uşaq görəndə, evsiz-eşiksiz, yağış altında qalmış insan görəndə bu onu təsirləndirir. O eşidəndə də ki körpə bir uşağı atasının qucağında boğazından oxla vurublar. Həyəcanlanır, ürəyinin döyüntüsü artır. Bu zaman onun gözlərindən təbii olaraq göz yaşları axır.
9. Bəzən də göz yaşlarının arxasında heç bir insanlıq hissi dayanmır, şəxs riyakarlıqla, hansısa məqsədlə ağlayır və ya özünü ağlamış göstərir.
Şiənin Əhli-Beytin (ə) müsibətinə ağlaması təbii ki oyuncağını itirmiş uşağın ağlaması kimi deyil. Bu göz yaşlarını var-dövləti əlindən çıxmış yaşlı insanın göz yaşlarına da bənzətmək olmaz. Əzadarlıqdakı göz yaşları acizlikdən axan göz yaşları da deyil. İslamda zalımın qarşısında göz yaşı tökmək bəyənilmir. Şairin təbirincə, kababdan düşən su alovu daha da şölələndirir.
İmam Hüseynə (ə), şəhidlərə axıdılan göz yaşı ayrılıq göz yaşı ola bilər. Biz İmam Hüseynə (ə) xitabən onunla ayrılığın ağır olduğunu dilə gətiririk. Bu göz yaşları şövqdən də ola bilər. Rəşadəti, şücaəti, alovlu çıxışları, eyni zamanda qadın və uşaqların əsarətini görəndə insan təsirlənib ağlayır. Bu göz yaşlarının sadəcə rəhmət göz yaşları olması da mümkündür. Necə ola bilər ki sinəsində ürək, qəlb gəzdirən, insani duyğulara malik olan bir şəxs Kərbəlada baş vermiş cinayətlərə biganə qalsın?! Südəmər körpənin atasının qucağında oxla vurulması, qanına qəltan olması üzücü deyilmi?! İnsanın bu zülm səhnələri qarşısında qəmlənməsi Allah övliyalarına sevgidəndir. Biz bir növ həm şəhidlərə, həm də özümüzə ağlayırıq. Bir tərəfdən ağlayırıq ki, bu insanların günahı nə olub?! Məgər onlar risalət yolunu getmirdilərmi?! Digər tərəfdən, Allah övliyalarından məhrum olduğumuz üçün özümüzə ağlayırıq. Bu şiənin kamillik istəyindən qaynaqlanan göz yaşıdır. Belə göz yaşlarının arxasında həm də şiənin ictimai təkamülü dayanır. Məzluma ağlamaq fəzilət və ədalət istəyindəndir. Bəli, Kərbəla şəhidlərinə axıdılan göz yaşının arxasında sadaladığımız səbəblər dayana bilər. Amma əzadarlıq mərasiminin əsas məqsədi, fəlsəfəsi Hüseyn (ə) məktəbini yaşatmaq, insanlara agahlıq verməkdir. Əzadarlıq mərasimində axıdılan istənilən bir göz yaşı siyasi, ideoloji, dini mahiyyət daşıya bilər. Şiə tarixinə ötəri nəzər saldıqda görürük ki, məsum imamlar bütün təbliğat imkanları əllərindən alınan zaman bir soyuq müharibə ünvanında göz yaşından istifadə edib. Onların cəmiyyət arasında ağlaması insani duyğularla yanaşı cəmiyyəti oyatmaq məqsədi daşıyır. Övliyaların göz yaşını görənlər istər-istəməz özünə sual verir ki, bu ilahi insanları qəmləndirən nədir? Tarixdə Həzrət Peyğəmbərin (s) əziz qızı Fatimənin (s.ə) göz yaşlarından çox yazılıb. Bu göz yaşlarının fəlsəfəsi elə cəmiyyətə mesaj verməkdir. Xanım Zəhra (s) Həsən (ə) və Hüseynin (ə) əlindən tutub Mədinə darvazasının kənarında ağacın kölgəsində dayanar və ağlayardı. Oradan ötüb-keçənlər istər-istəməz Fatimənin (s) göz yaşları ilə maraqlanardılar. Məgər atası deməyibmi ki, Fatiməni (s) qəzəbləndirən məni qəzəbləndirib? Görən kimdir Fatiməni (s) qəzəbləndirən? Belə bir fəzada Xanım Zəhra (s) cəmiyyəti həqiqətlərdən agah edirdi. Elə buna görə də gecəyarı gəlib həmin ağacı kəsdilər. Amma Həzrət Əli (ə) ara vermədən həmin yerdə Xanım Fatimə (s) üçün bir kölgənəcək düzəltdi. Bizim etiqadımız budur ki, Həzrət Fatimənin (s) göz yaşları Həzrət Əlinin (ə) qılıncına bir arxa idi. Bəqi Xanım Fatimənin (s) hüznünü xatırladır. Bəqiyə baxanda o böyük xanım və şiə imamlarının müsibətlərini yada salırıq. İmam Səccad (ə) ağladığı zaman Aşura qiyamını yaşatmaq, xalqı məlumatlandırmaq məqsədi daşıyırdı. İmam hər vasitə ilə çalışırdı ki, Aşura qiyamının məqsədləri unudulmasın. Bu göz yaşları şəhadət xatirələrini daim təravətli saxlayırdı. Çünki Aşura unudulası bir məktəb deyil, bəşəriyyətin tarix boyu zülmlə mübarizədə bu məktəbə ehtiyacı olub və olacaq. İmam Baqirin (ə) Minadakı vəsiyyəti də xalqı baş vermiş hadisələrin mahiyyəti ilə tanış etmək məqsədi daşıyırdı. Xalqa agahlıq vermək, Əhli-Beyt (ə) məktəbini gündəmdə saxlamaq əzadarlıqda əsas məqsədlərdəndir. Əhli-Beyt (ə) bu mərasimlərdən bir məktəb kimi istifadə edib. Əzadarlıq vasitəsi ilə cəmiyyət baş vermiş hadisələrin mahiyyətindən xəbər tutub və qarşıda necə hərəkət etməli olduğunu öyrənib.
Göz yaşlarının batini yönünə nəzər saldıqda onun üç sahədə, mərifət, əxlaq və irfan sahəsində təsirlərini görürük. Təbii ki, ruhun təsirlənməsi məzluma məhəbbətdən irəli gəlir. İnsan biganə bir şəxsin müsibətindən güclü təsirlənmir. O zülmə düçar olan şəxsi nə qədər sevirsə həyəcan və nigarançılığı da o qədərdir. İnsan sevdiyi insanın ağrısını öz ağrısı, müsibətini öz müsibəti sayır. Bu baxımdan deyə bilərik ki, göz yaşı sevginin məhsuludur. Təbii ki, mərifət, tanışlıq olmayan yerdə eşq də yoxdur. İnsan məşuqu tanıyıb sevir. Məhəbbətin dərəcəsi insanın mərifət dərəcəsindən aslıdır. Hansı dərəcələr var? İnsan fitri olaraq ona xidmət edən, yaxşılıq edən insanı sevir. İnsan biləndə ki Allah ona necə nemətlər verib Allaha biganə qalmır, qəlbində məhəbbət yaranır. Həzrət Musa (ə) Allahla minacat halında idi. Allah-Taala buyurdu ki, ey Musa, bir iş gör, bəndələrim məni sevsin. Musa (ə) hansı iş görməli olduğunu soruşdu. Allah-Taala buyurdu ki, mənim nemətlərimi onlara xatırlat.
Bəzi insanlar Allahın zati sifətlərini, kamal və camalını nöqsansız, eybsiz gördüyündən, qəbul etdiyindən Allahı sevir. Onların sevgisinin səbəbi Allahın nemətləri, yaxşılıqları deyil. Onlar Allahı gözəl olduğu üçün sevirlər. Təbii ki, belə bir sevgi nemətlərə görə sevgidən üstündür. Sevginin başqa bir dərəcəsi Allahı yeganə kamal sahibi kimi tanımaqla bağlıdır. İnsanın düşüncə gücü, duyğuları o qədər güclü olur ki, yalnız Allahın sevgiyə layiq olduğunu dərk edir. O başa düşür ki, Allah mütləq kamal sahibi və sonsuzdur. Buna görə də Allaha sevgisi nəhayətsiz olur. Belə insanın qəlbində Allahdan qeyrisinə zərrəcə sevgiyə yer yoxdur. Bu o demək deyil ki, belə bir aşiq ətrafındakı insanlara, canlılara, təbiətə rəhmsizdir. Mərhəmət hissi sevgi hissindən fərqlidir. Belə bir məhəbbət növünü yalnız məsumlarda müşahidə etmək olar.
İkinci dərəcə sevgi haqqında bir misal çəkməklə birinci və üçüncü dərəcələrə də aydınlıq gətirmək olar. Təsəvvür edin ki, Əmirəlmöminin (ə) qoca bir qadın üçün təndir qalayıb, çörək bişirir, onun uşaqlarını saxlayır. Bu qadın Əhli-Beytin (ə) kimliyini dərk etməsə belə Əmirəlmömininin (ə) yaxşılıqları qarşısında ona qarşı bir sevgi yaranır. Bu ikinci mərhələdir.
Qeyd edək ki, insanın daxili həyəcanları, ruhən təsirlənməsi də onun övliyaları tanımasına kömək edir. Demək, mərifət göz yaşına təsirli olduğu kimi, göz yaşları da mərifətə təsirlidir. Övliyaların müsibətinə ağlayan insanın onları tanımaq marağı güclənir. Eşq maqnit kimidir. O torpağın altındakı dəmiri çəkib çıxarır. Eşq aşiqin qəlbindəki əxlaqi nöqsanları təmizləyir. Əgər insan torpağın altındakı dəmir qırıntılarını əli ilə yığmaq istəsə bu çox çətin olar. Amma bir maqnit parçası bir anda həmin qırıntıları özünə çəkib torpağın altından çıxarır. Eşq də belədir. İnsan adi halda tərbiyələnmək istədikdə onun öz xarakterindəki nöqsanları bir-bir aradan qaldırması çətin olur. Eşq isə bütün çirkinlikləri birdəfəyə insanın batinindən təmizləyir. Əflatunun təbirincə eşq bütün xəstəliklərin dərmanıdır. Aşiqlərdə nə təkəbbür var, nə də dünya istəyi. Əflatun və Calinus (Klavdi Qalen) haqqında deyilmiş şeirdə bildirilir ki, istər həqiqi, istər məcazi eşq əxlaqı dəyişir. Aşiq olmazdan qabaq paxıllıq, dünyagirlik, qorxaqlıq kimi nöqsanları olan insan sevəndən sonra bu nöqsanlardan birdəfəlik uzaqlaşır. Aşiq məşuq yolunda bütün istəklərini qurban verir. Məşuqa doğru hərəkətdə heç nə onu qorxutmur. Bütün bu dediklərimiz məcazi eşqə aiddir. Həqiqi eşqin təsiri isə tamam başqadır. Əgər məcazi eşq insanı dəyişirsə, həqiqi eşq yeni bir insan yaradır.
Bəli, göz yaşlarının insan mənəviyyatına, mərifətinə təsiri var. Göz yaşları mərifət və ruhiyyəni həm artırır, həm də nümayişə qoyur. Həzrət Əli (ə) hakimiyyətdə olduğu zaman bir yəhudi qadının zinət əşyasının oğurlandığını eşidir. Buyurur ki, əgər bir şəxs bu hadisənin qəm-qüssəsindən ölsə ona məzəmmət yoxdur. Bir hadisədən insan hansı həddə təsirlənə bilər? Bu təkcə hadisənin ağırlığı ilə bağlı deyil. Həm də təsirlənən insanın kimlliyi ilə bağlıdır. Bir insanın haqqının tapdanması Əmirəlmöminini (ə) necə təsirləndirir!
Qeyd etdik ki, əzadarlıq mərasimlərinin keçirilməsində əsas məqsəd zülmlə mübarizə məktəbini yaşatmaq, bu məkbəti təlimləri ilə insanları tanış etməkdir. Belə bir məqsəd ortada ikən əzadarlıq məclislərində hətta Əhli-Beytdən (ə) uzaq insanların iştirak etməsi məsləhətlidir. Bir insan İslam hökmlərinə əməl etmirsə belə əzadarlıq mərasimlərindən faydalanıb, öz ruhiyyəsini dəyişə bilər. Mövzunu irfani baxımdan da araşdırmaq olar. İnsan Allaha çatmaq üçün yaradılıb. Allah insan üçün əlçatmaq bir məqsəd deyil. Allah-Taala buyurur ki, Mən insana onun boyun damarından yaxınam. Bununla belə insanda belə bir sual yaranır ki, məqsəd yaxınsa nə üçün çox az adam məqsədə çata bilir? Nə üçün seyr-süluk yolunda çalışanlar bir bu qədər çox ikən məqsədə çatanlar azdır? Qeyd edək ki, insanın Allaha doğru səfər yolu nə qədər qısa olsa da bu yoldakı maneələr böyükdür. Yolçunun, salikin bu maneələri ötüb-keçməsi lazımdır. Maneələr müxtəlifdir. Əgər insan səfərə çıxanda suvar olduğu miniyin yoldan yayındığını görürsə bu miniyi dəyişməlidir. Yolçu elə bir miniyə suvar olmalıdır ki, həmin minik onu məqsədə doğru aparsın. Bəzən insan onu məqsədə aparan yoldakı çıraqları öz əli ilə sındırır, özünü qaranlığa məhkum edir. Aydın məsələdir ki, qaranlıqda yol getmək olmaz. Qaranlıqda hətta münasib minik də insanı məqsədə çatdırmaq gücündə deyil. Yola çıxan insan məqsədə doğru münasib yolu tapmalıdır. Yolu tanımadan mənzilə çatmaq olmaz. İlk addımda nəfsin tərbiyəsi, qəlbin oyaqlığı lazımdır. Oyaq insan təhlükəni hiss edir. Yuxulu insan mürgüləyir, maneələri görmür, təhlükələri hiss etmir. Hansı ki pusquda dayanmış düşmən daim oyaqdır. Yolçu qədəm qoyduğu yolda dayanmamalıdır, maneələri aşmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar hamısı yuxudadır. Öldükləri zaman oyanarlar.” Əslində peyğəmbərlər gəlib ki, insanları qəflət yuxusundan oyatsın. Ölüm zamanı oyanmağın insana heç faydası yoxdur. Yuxusu ağır olan insanlar peyğəmbərlərin səsini eşitmir. Unutmamalıyıq ki, ibadətlər, Allaha zikri insanı qəflət yuxusundan oyadır. Günah isə əksinə, insanı yuxuya verir, onun maneələri görməsinə mane olur. Nəticə olaraq deyə bilərik ki, insan Allahın doğru yolunu tutmalıdır. Ağıl və məsumların göstərişləri, nəfs istəklərinə göz yummaq, Allah zikri, günahdan uzaqlıq insanı məqsədə çatdıran amillərdir. Demək, Əhli-Beyti (ə) sevməklə yanaşı Allahın əmrlərinə itaət etmək, saleh əmələ sahib olmaq, qəflət yuxusundan oyanmaq lazımdır. Yalnız bu mərhələlərdən sonra insan doğru yolda addım ata bilər.

Vilayet.nur-az.com


1369 بازدید
در حال ارسال اطلاعات...