Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

Nəfsi saflaşdırmaq - Ramazan ayında

Ramazan ayının gecələri və gündüzləri, hər saatı, hər dəqiqəsi insan üçün – xüsusilə gənclər üçün – bir fürsətdir.
TƏZKİYƏ VƏ TƏHZİB

Ramazan ayı çox mübarək aydır. Ramazanın bərəkəti bu ayda ilahi ziyafətdə iştirak etmək istəyən müsəlman xalqdan, könüllərdən başlayır. Bu bərəkətlərin təsiri altına düşən ilk gerçək bu mübarək və müqəddəs ayın kandarına ayaq basan möminlərin və oruc tutanların ruhudur, könlüdür. Bir tərəfdən bu ayın orucu, Quran tilavəti, digər tərəfdən bu ayda oxunması tövsiyə olunan dualarla üns bağlamaq insanı daxili saflanmaya, paklanmaya sövq edir. Bizim hamımızın saflanmaya ehtiyacı var. Amma ruhani sinfinin buna digərlərindən daha çox ehtiyacı var. Məşhur arif (Mövləvi) demişkən: "İlahi bərəkətin nümunəsi olan su bütün çirkinlikləri, napaklıqları aradan aparır. Hansı cisim su ilə təmasa girsə, paklanır. Lakin su özü də çirkinliklərlə, napaklıqlarla təmas nəticəsində təmizlənməyə ehtiyac duyur. Allah-Taala bir təbii proses nəticəsində suyu buxara çevirir, səmaya aparır. Oradan yenə də yağış damlaları şəklində yerə qaytarır. Çirkinlikləri ondan ayırır. Onu təmizləyir və yenə də paklayıcı su olaraq insanların və digər varlıqların ixtiyarına verir". Bu hikmətli sözün müəllifi deyir: "Sizin ruhunuz, maarifiniz, könlünüz həmin paklayıcı sudur. İnsanlardan çirkinlikləri təmizləyir. Amma bu paklayıcı su özü tədricən saflanmağa, təmizlənməyə ehtiyac tapır. Onun saflanması, təmizlənməsi yalnız mənəvi yüksəliş nəticəsində – bu da zikr və dua ilə gerçəkləşir – mümkündür". İnsan zikrlə, diqqətlə, təvəssüllə, minacatla, nafilə ilə, Allah qarşısında yalvarışla, daxili və xarici nişanələr haqqında düşünməklə bu paklayıcı su, yenə öz paklığını əldə edir. Yenə də çirkinliklərlə qarşılaşmağa hazır vəziyyətə gəlir. Onları bəşərin cismindən və ruhundan təmizləyir. Demək, ramazan ayı bu mənəvi yüksəliş üçün ən yaxşı fürsətdir.
Həmişə fürsət var. Şaban və rəcəb ayı da belədir. İlin digər günləri də zikr və diqqət əhli olan insanlar üçün belədir. “Sən ancaq zikrə tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!” ("Yasin", 11). Zikrə tabe olmaq, yəni xatırlamaq və diqqət etmək bəşər ruhunun xilasına səbəb olur. İlin bütün günlərində, bütün gecələrində, gecəyarılarında Quran tilavəti ilə, Quran ayələri haqqında düşünməklə, bu dərin mənalı duaları oxumaqla, bu dualarda mövcud olan aşiqanə ifadələrlə – xüsusilə mübarək "Səhifeyi-Səccadiyyə"dəki dualar – bu batini təmizlənməni gerçəkləşdirə bilər. Amma ramazan ayı müstəsna bir fürsətdir. Bu ayın gecələri və gündüzləri, hər saatı, hər dəqiqəsi insan üçün – xüsusilə gənclər üçün – bir fürsətdir.

Ayətullah Seyid Əli Xamemei


1754 بازدید
در حال ارسال اطلاعات...