Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2015

Tövbə və istiğfarın unutdurulması

Allah günahkarı məhz peşman olduğu, xəcalət çəkdiyi üçün bağışlayır
Quran ayələri və Məsumların buyuruqlarından aydın olur ki, Allah günahkarı məhz peşman olduğu, xəcalət çəkdiyi üçün bağışlayır. Amma bəziləri Allahın bu rəhmət və mehribanlığı müqabilində günahını elə bir həddə çatdırır ki, tövbə və istiğfar ləyaqətini itirir. Belələri bir yolluq unudur ki, tövbə edib bağışlanma diləməlidir. Bu hal Quranda və məsumların dilində istidrac adlandırılmışdır. Növbəti hədisə nəzər salaq: “Əgər Allah bir bəndə üçün xeyir istəsə və həmin bəndə günaha yol versə, Allah onu dərhal bəlaya düçar edər. Bu bəla ona Allahı xatırladar və həmin şəxs tövbə qılar. Allah bir şəxsə xeyir istəmədikdə və həmin şəxs günaha yol verdikdə Allah ona dərhal nemət əta edər və bu şəxs nemət içində tövbəni yaddan çıxarar. Uyğun ayənin mənası budur.” (Təfsiri-Bürhan, 2-ci cild, səh.53.)
Abbasi əmirlərindən olan Həmid ibn Qəhtəbənin əhvalatı məsumların buyuruğunu təsdiqləyir. Mərhum şeyx Səduq yazır ki, Übeydullah ibn Bəzzaz Nişapuri nəql edir: Həmidlə aramızda bir müamilə oldu. Bir gün onu görmək üçün mənzilinə yola düşdüm. Mübarək ramazan ayı idi. Günorta vaxtı onun evinə daxil oldum. Məni qəbul etdiyi yerdən arx keçirdi. Mən onun yanında oturmuşdum. Həmin vaxt su və ləyən gətirdilər, Həmid əllərini yudu. Sonra məni də əllərimi yumağa dəvət etdi. Nəhayət, süfrə salındı və Həmid yeməyə başladı. Mən öncə ramazan ayı olduğunu unudub əlimi süfrəyə uzatdım, sonradan oruc olduğumu xatırlayıb süfrədən uzaqlaşdım. Həmid soruşdu ki, nə üçün yemirsən? Dedim ki, ramazan ayıdır. Mən nə xəstəyəm, nə də başqa bir üzrüm var. Olsun ki, sizin bir üzrünüz var. Həmid cavab verdi: “Mənim də üzrüm yoxdur, xəstə deyiləm.” Sonra ağladı. Mən dedim: “Ey əmir nə üçün ağlayırsan?” Dedi: “Harun Tusda olduğu vaxt məni yanına çağırdı. Hüzuruna daxil olanda gördüm ki, qarşısında yalın bir qılınc, yanında bir xadim var. Məni görüb başını qaldırdı və dedi: “Bizə nə dərəcədə tabesən?” Dedim: “Canımla-malımla sizin xidmətinizdəyəm!” Harun başını aşağı salıb bir qədər fikirləşdi, sonra məni hüzurundan mürəxxəs etdi. Çox keçmədi ki, yenidən ardımca adam gəldi. Düşündüm ki, məni öldürmək istəyir. Amma keçən dəfəki söhbət yenidən təkrarlayıb soruşdu: “Bizə nə dərəcədə tabesən?” Cavab verdim: “Canımla-malımla, ailə-uşaqlarımla sizin xidmətinizdəyəm!” Harun təbəssümlə məni yola saldı. Evə çatar-çatmaz üçüncü dəfə arxamca adam gəldi. Harunun yanına getdim. Eyni söhbət təkrarlayıb soruşdu: “Bizə nə dərəcədə tabesən?” Cavab verdim: “Canımla-malımla, ailə-uşaqlarımla və imanımla sizin xidmətinizdəyəm!” Bu dəfə Harun gülümsündü və dedi: “Bu qılıncı götür və xidmətçinin dediyini yerinə yetir.” Xidmətçi qılıncı mənə verdi və qabağa düşdü. Mən də onun ardınca getdim. O məni qıfıl asılmış bir qapıya gətirdi. Qapını açıb həyətə daxil olduq. Həyətin ortasında quyu qazılmışdı. Ətrafda qapısı bağlı üç otaq vardı. Xidmətçi qapılardan birini açdı. Orada zəncirlənmiş iyirmi ələvi seyid (Əli (ə) və Fatimə (ə) övladı) vardı. Xidmətçi dedi: “Xəlifənin əmri budur ki, bunları qətlə yetirəsən.” Sonra xidmətçi onları bir-bir qabağa çıxardı və mən boyunlarını vurdum. Xidmətçi başları və bədənləri quyuya tökdü. Sonra ikinci otağın qapısını açdı. Orada da iyirmi ələvi seyid vardı. Onları da eyni cür qətlə yetirib quyuya atdıq. Nəhayət üçüncü otağın qapısı açıldı. Orada da iyirmi ələvi seyid vardı. Onlardan on doqquzunu qətlə yetirdim. İyirminci seyid qoca bir kişi idi. O mənə dedi: “Allah səni məhv etsin! Qiyamət günü cəddimiz Peyğəmbərə (s) nə cavab verəcəksən?! Bu qədər günahsız insanı qətlə yetirmisən.” Bu vaxt əlim titrədi, bədənimə üşütmə düşdü. Başımın üstündə dayanmış xidmətçi qəzəblə baxdı və üstümə çımxırdı. Mən qoca kişini də qətlə yetirdim. Xidmətçi onu da o həmin quyuya atdı. Budur mənim əhvalatım. Mən Peyğəmbərin (s) 60 övladını qətlə yetirməklə elə bir cinayətə yol vermişəm ki, orucdan-namazdan fayda gözləmirəm. Əminəm ki, həmişə cəhənnəmdə yanacağam.” (Üyuni-əxbarur-Riza, 1-ci cild, səh.50.)


1363 بازدید