Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2015

İmam Əli (ə): «And olsun Kəbənin Allahına, qurtuldum»

«İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq»
Əbdürrəhman ibn Mülcəm hicri qırxıncı il şəban ayının axırlarında Kufəyə gəlir. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini elan etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə deyir:

Qutamın mehrinə tarix məəttəl-
Tələb etdi: Əli qanın götür gəl.


Bəli, İbn-Mülcəmin cinayəti tarixdə görünməmiş bir cinayət oldu. Məqsədini daim gizli saxlamış İbn-Mülcəm Qutamı yoxlamaq üçün dedi: «Nə istəsən verərəm, Əlini qətlə yetirmək necə mümkündür?» Qutam dedi: «Bəli, adi halda kimsə bu işi görə bilməz. Onu yalnız qəfildən hücum edib öldürmək mümkündür. Onu öldürüb, mənim könül dərdimə şəfa ver, həm də öz kamına çat. Əgər bu işi görərkən ölsən, axirət mükafatın dünya mükafatından da üstün olacaq». İbn-Mülcəm başa düşdü ki, Qutam da xəvaricdəndir və onun əqidə yoldaşıdır. Dedi: «And olsun Allaha, mən Kufəyə yalnız bu işi görmək üçün gəlmişəm». Qutam dedi: «Mən də bu işi görməkdə sənə yardım edərəm. Sənə yardım üçün bir neçə nəfər ayıraram». Qutam İbn-Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi. Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi.
İbn-Mülcəm özü də Əşcəə qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü. Onlar öz məqsədlərindən Siffeyn döyüşündə həzrət Əlini sülhə məcbur etmiş Əşəs ibn Qeysi də xəbərdar etdilər. Əşəs söz verdi ki, nəzərdə tutlmuş vaxt o da məsciddə olacaq. Nəhayət mübarək ramazan ayının on doqquzuncu gecəsi çatdı. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib həzrət Əlini (ə) gözləməyə başladı.
Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi.
İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bəzən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır».
Nəhayət, hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını elan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar.
Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kəbənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram».


1501 بازدید