Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2015

Allaha qul olmasan, başqasına qul olacaqsan!

Mehr İnformasiya Agentliyi höccətülislam Əliriza Pənahiyanın Dini tərbiyə məktəbində əsas strategiya mövzusunda söhbətlərini təqdim edir.
Ötən ramazan ayında Fələstin meydanında İmam Sadiq (ə) məscidində ustad Pənahiyan səmərəli həyat üçün yeganə yol mövzusunda 30 gün söhbət etmiş, necə yaşamaqla bağlı sualları cavablandırmışdı. Ustad söhbətlərində qeyd edir ki, Allahın təyin etdiyi məhdudiyyətləri qəbul etməsən başqalarının təyin etdiyi məhdudiyyətləri qəbul edəcəksən. Səmərəli həyatın əsas şərtlərindən biri insanın ona faydalı olan məhdudiyyətləri qəbul etməsidir. Elə bu məqsədlə İslam dininin adında təslim mənası var.
Üstün, səmərəli həyatın bir neçə əsası var. Bunun biri sevgidir. İnsan həyatı məhəbbət ağuşunda olmalıdır. Əgər insanda belə bir sevgi olmasa başqa vasitələrlə istədiyi həyat tərzinə çata bilməz. Belə güclü sevgiyə malik olmayan insan yarımbədbin bir həyat yaşıyır. Bu insanı psixi xəstə sayamamaq da olar. Amma hər halda onun həyatı normal deyil. Sual yaranır ki, insan həyatını gözəlləşdirən, səmərəli edən məhəbbəti necə əldə etməliyik? Bütün dünya bəşər tarixi boyu bu suala cavab axtarıb. İndi siz bu dünyanı və tarixi nəzərdən keçirin, görün Allah evi və Allah övliyalarından kənarda belə bir məhəbbətlə rastlaşırsınız?!
Gözəl həyatın başqa bir şərti, əsası təlaş və mübarizədir. İnsan yaşamaq üçün mübarizə aparmalıdır. Təlaşsız həyatda ləzzət yoxdur, belə bir həyat qənaətbəxş deyil. Təkcə varlı olmaq, sərvət sahibi olmaq gözəl həyat üçün bəs etmir. Gözəl həyat üçün təlaş zəruri şərtdir. İnsan təlaş və fəaliyyət sayəsində həyatdan razılıq hissini yaşayır. Kimi nazir, kimi müdir, kimi müəyyən sahəyə rəhbər ola bilər. Kimi də sadəcə fəhlə kimi çalışar. Kim daha çox çalışırsa, müsbət fəaliyyətlər göstərirsə nəzərdə tutulan nöqtəyə də həmin şəxs çatacaq. Çox çalışan şəxsin qəlbində həyatdan razılıq hissi yaranır. İmam Sadiq (ə) buyurur: “Müsəlmanların həyatının davamı üçün sərvət yaxşı insanların əlində olmalıdır.” Əgər biz gözəl həyat yaşasaq, varlılıq kimi bir səmərəyə də çatmağımız mümkündür. Bəziləri deyə bilər ki, yaxşı həyat üçün sərvət lazımdır, sərvətə çatan isə yolunu azır. Mən var-dövlət, sərvətə mənfi münasibəti aradan qaldırmaq üçün daha bir rəvayət oxuyuram. İmam Sadiq (ə) buyurur: “İslam və müsəlmanların həyatının davamı üçün amillərdən biri var-dövlətin haqqı tanıyan, onu qəbul edən, düzgün adamların əlində olmasıdır.” (İnnə min bəqail-müsliminə və bəqail-islami ən təsirəl-əmvalu ində mən yərifu fihəl-həqqə və yəsməu fihəl məruf) İslam və müsəlmanların məhv olma səbəblərindən biri budur ki, sərvət, var-dövlət haqqı tanımayan, xeyir əhli olmayanların əlinə düşsün. (Kafi, 4,25)
Təbii ki bu rəvayətlər bizi dünya malına həris etməməlidir. Qəlbimizdə dünya məhəbbəti güclənməməlidir. Dünya malına xatir həsəd, başqaları ilə rəqabətə getməməliyik. Başqalarından varlı olmaq istəyi qəlbimizdə yer almamalıdır. Eyni zamanda var-dövlətdən qorxmamalıyıq. Bu düzgün deyil ki, var-dövlət, sərvətə bir təhlükə kimi baxaq. Sərvətə düzgün münasibət onun mənəviyyata zərbəsinin qarşısını alır. Sərvət mövzusuna diqqətlə yanaşmağımız lazımdır. Onun həm zərərlərini, həm də faydalarını bilməliyik. Sərvət əldə etməyə çalışmalı, bu işdə Allahdan yardım istəməliyik. Bir insan təqva ilə, pak niyətlə var-dövlət qazanmaq istərsə Allah-Taala onu İslamın davamı səbəblərindən qərar verər. Ona var-dövlət verər, bu şəxs din işlərində səmərəli ola bilər.
Bizim düşüncəmizə görə din insana gözəl həyat bəxş edir. Əgər bu gün gözəl həyat yaşamırıqsa, arzuladığımız həyata çata bilmiriksə, ağır həyat şəraitindəyiksə, şübhə etməyək ki, dinə lazımınca əməl etməmişik. Deyə bilmərik ki, dinimiz yaxşıdır, amma həyatımızın müəyyən sahələri pisdir. Biz dinimizə lazımınca əməl etsəydik həyatımızda ağrı-acı görməzdik.
Deməməliyik ki, dindarlığın kənarında dünya həyatı da yaşamalıyıq. Bu düzgün fikir deyil. Məgər din bizə göstəriş vermirmi ki, özümüzə gözəl həyat quraq?! Din bu sahədə bizə dəyərli göstərişlər verir, bizi təşviq edir. Əgər sən dindar olsan, dini stimulla hərəkət etsən, nəticəyə çatmasan da məğlubiyyət, uğursuzluq hiss etməz, bədbin olmazsan. Nəticəyə çatmasan deyərsən ki, həmd olsun Allaha ki, vəzifəmi yerinə yetirdim, işimdə qüsura yol vermədim.
Bu baxışı cəmiyyətimizdə genişləndirməliyik. Dindarlığın ən mühüm nəticələrindən biri budur ki, həyatımız gözəl olsun. Təlaq surəsinin 2-3-cü ayələrində oxuyuruq: “Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər; ona gözləmədiyi yerdən ruzi verər ...” Əraf surəsinin 96-cı ayəsində oxuyuruq: “Əgər o məmləkətin əhli iman gətirib pis işdən çəkinsəydi sözsüz onların başına bərəkət yağdırardıq. Lakin onlar yalan hesab etdilər ...” İblis insanı gözəl həyat vədi ilə aldatdı. Dindar olmayanlar bu yalana uymasın. Ümid edirik ki, dinsiz dünyapərəstlər bəşər cəmiyyətinin həyat tərzində son sözü deməyəcək. Onların necə yaşamağı öyrətməsi, təyin etməsi düzgün deyil. Deyərlər ki, gözəl yaşamaq istəyirsinizsə, dindən uzaq olun. İblis də Həzrət Adəmi (ə) həmin yalanla aldatdı. Dedi ki, bugünkü həyatın yaxşıdır, amma bundan da yaxşısını istəmirsən? İstəmirsən əbədiyyətə çatasan? (bax: Taha, 120) Bəli, gözəl həyat vədi ilə onu behiştdən çıxartdı. İblis bu gün də həmin işi görür. Gözəl həyat vədi ilə insanları behiştdən məhrum edir.
Allah Adəm (ə) İblisə aldanmasın deyə ona xəbərdarlıq etdi: “Biz dedik ki, ey Adəm, bu İblis sən və sənin zövcənin düşmənidir. Sizi aldadıb cənnətdən çıxarmasın. Yoxsa məşəqqətə düşüb bədbəxt olarsan. Sən cənnətdə aclıq, çılpaqlıq nə olduğunu bilməzsən. Susamaq, günün istisində əziyyət çəkmək nə olduğunu bilməzsən ...” (Taha, 117-119)
Yanlız dinsizlər cəmiyyəti azdırır. Onlar gözəl həyat vədi ilə insanları əbədi axirətdən məhrum edir. İran və ya xarici seriallar əvəzinə qərb həyat tərzini olduğu kimi göstərən filmlərə baxsaq həqiqəti anlayarıq. Ey kaş belə filmlər çəkilsəydi. Onda əmin olardıq ki, bu gün də dünya xalqlarından çox yaxşı ömür sürürük. Əmin olardıq ki onlar bizim üçün nümunə deyil. Onların həyat tərzinə doğru hərəkət etmək fikrindən daşınardıq. Qərb həyat tərzi insan üçün xoşbəxt həyat tərzi deyil.
Allahdan istəyək ki, həyatımızı islah etsin. Bizim gözəl həyatımızı başqaları üçün nümunə qərar versin. Dindarlıqla çatdığımız gözəl həyatı dinimiz və tutduğumuz yolun doğruluğuna şəhadət qərar versin.
Üstün, gözəl həyatın dörd əsası var: güclü məhəbbət, təlaş və mübarizə, düzgün təslimçilik, faydalı məhdudiyyətləri gözləmək.
İnsan yaşayır ki, arzularına çatsın. Amma arzulara doğru hərəkətdə diqqət yetiriləsi bir hadisə baş verir. Bu hadisə insanın rəftarlarını idarə edir. O məhdudiyyətlərin qəbuludur. Məsələn, futbolda oyunçular çalışır ki, qol vursun. Amma qaydaları, məhdudiyyətləri qəbul edirlər. Futbol meydançasının sahəsi məhduddur, bunu hamı qəbul edib. Əgər top meydançadan çıxarsa, kimsə demir ki, oyunu davam etdirin. Meydanda bir çox məhdudiyyətlər var, onlardan biri də oyundan kənar vəziyyətdir. Futbolda meydanda fəal fiqurlardan biri də hakimdir. O məhdudiyyətləri elan edir. Bütün oyunçular ona tabedir. Hakimin göstərişlərinə tabe olmayan oyunçu qırmızı kart alıb meydandan çıxır. O yaxşı oyunçu deyil. Bundan sonrakı karyerası üçün də çətinliklər yaranır. Yaşıl meydança bizim həyatımız üçün bir nümunədir. Həyatımızda müəyyən məhdudiyyətlər var. Bilirsinizmi hansı gənclər həyata hazır deyil? Yaşamaq üçün güclü stimulu olmayan, həvəsi olmayan gənc həyat maneələri ilə mübarizə apara bilmir. Digər tərəfdən məhdudiyyətləri qəbul etməyən gənclər müvəffəqiyyətə çata bilmir.
Məhdudiyyətləri qəbul etməyən gənc görəndə təəccüb etməmək olmur. Məgər bu gənclər ailədə tərbiyə olunmayıb? Məgər onun doğulduğu və boya-başa çatdığı ailədə məhdudiyyətlər mövcud olmayıb? Belə gənclər həyata hazır deyil.
Məhdudiyyətlərə təslim olmaq uğurlu həyatın sütunlarındandır. Biz həyatımız üçün faydalı məhdudiyyətləri həvəslə qəbul etməli, bu məhdudiyyətlərdən ləzzət almalıyıq. Bu məhdudiyyətləri qəbul etdikdən sonra həmin məhdudiyyətlər çərçivəsində tərəqqi yollarını getməliyik. Necə ki futbolçu yaşıl meydançadan çıxmadan öz məharətlərini göstərir və müvəffəq olur.
Bəs bu məhdudiyyətlər nədən ibarətdir? Bəzi məhdudiyyətlər təqdirlə, bəziləri vəzifə ilə bağlıdır. Təqdir məhdudiyyətlərini Allah təyin edir. İnsan bu məhdudiyyətlər qarşısında heç bir müqavimət göstərmək gücündə deyil. Bu məhdudiyyətləri qəbul etmək, onlara diqqətli olmaq lazımdır. Hamı yaşa dolur, qocalır. Kimsə bu qanundan qaça bilməz. Əgər bir şəxs qocalmamaq qərarına gəlibsə, o nadandır. Belə insanın bütün təlaşları faydasızdır. O həyatın təbii məhdudiyyətlərini görmür. Təqdir məhdudiyyətləri iki növdür: Hamı üçün ümumi məhdudiyyətlər və fərdə məxsus olan dəyişkən məhdudiyyətlər. Təqdir məhdudiyyətlərinin bəziləri, məsələn qocalmaq və ölüm hamıya aiddir. Kimsə bu məhdudiyyətlərdən qaça bilməz. Azadlıq bayrağını qaldırmış, məhdudiyyətlərə son verdiyini elan edən insan bu məhdudiyyətləri mütiliklə qəbul edir. Bəzi məhdudiyyətlər isə fərdidir. Bir qrup insan bu məhdudiyyətlərlə üzləşə bilər. Avtomobil qəzası belə təqdir məhdudiyyətinə misal göstərilə bilər. İnsan belə məhdudiyyətləri qəbul etməli və düşdüyü vəziyyətlə barışıb, həmin məhdudiyyətlər çərçivəsində yaşamağı öyrənməlidir. Əlil arabasına məhkum olmuş insan həyatının başa çatdığını düşünməməli, bu məhdudiyyət çərçivəsində xoşbəxtliyini axtarmalıdır. Bu gün idman meydançalarında əlil arabasında yarışlar izləyirik və bu insanları bir çox sağlam insanlardan xoşbəxt görürük. Bəli, təbii məhdudiyyəti qəbul edib bu məhdudiyyət çərçivəsində çalışan insan xoşbəxt ola bilər. Bunu həyat tələb edir.
Qeyd etdik ki, məhdudiyyətlərin bir hissəsi vəzifə məhdudiyyətləridir. Bu vəzifələri insanın üzərinə qoyan kimdir? Əgər bir insan dini qəbul etmirsə cəmiyyət onun üzərinə məsuliyyət qoyurmu? Bir ölkədə yaşayan insan bu ölkənin qanunları qarşısında məsul deyilmi? Aydın məsələdir ki, bu məhdudiyyətlərdən qaçmaq qeyri-mümkündür. Azadlıqdan dəm vuran Amerikanın bəzi ştatlarında da spirtli içkilər qadağandır. Amma kimsə həmin ştatı qoyub başqa ştatlara köçmür. Həmin ştatlarda spirtli içkilərdən açıq-aşkar, ictimai yerlərdə istifadə etmək qadağandır.
Məhdudiyyətlərin növləri var. Amma yer üzündə elə bir nöqtə yoxdur ki, orada məhdudiyyət olmasın. Amerikanın bəzi ştatlarında belə bir qanun var ki, ibadətgahlara yaxın yerlərdə əyləncə mərkəzləri, kazinolar fəaliyyət göstərə bilməz. Maraqlıdır ki, eyni məhdudiyyətləri İslam ölkələrində gördükdə bunu insan haqlarının pozulması kimi dəyərləndirirlər.
Bəzi məhdudiyyətləri cəmiyyətin mədəniyyəti ortaya qoyur. Bəzi məhdudiyyətlər də qanunlarla müəyyənləşir. Yol hərəkəti qaydaları bu qəbildəndir. Təbii ki, insan bir dini qəbul etdikdə həmin din də onun qarşısında müəyyən vəzifələr qoyur. Məhdudiyyətlər də təbii ki müsbət və mənfi ola bilər. Bu gün dünyanın bəzi yerlərində hicab qadağası ilə rastlaşırıq. Təbii ki, belə məhdudiyyətləri qəbul etməklə insan səadət yolundan aralanır. Təəssüf ki, biz öz övladlarımızı məhdudiyyətlərə alışdırmırıq. Uşağı azad buraxırıq, o istədiyini edir, yetkinlik yaşına çatanda ruhanilərdən umuruq ki, bu övladları tərbiyə etsin. Amma artıq onların məhdudiyyətləri qəbul etməsi çətin olur. Çünki onlar uşaq yaşlarından məhdudiyyətlərə alışmayıblar.
Tutumsuz, dözümsüz, intizamsız adamlar normal insan həyatı yaşamaq istəmir. Bəziləri öz xeyrinə olan məhdudiyyətlərdən də qaçır. Qiyamət surəsinin 5-ci ayəsində oxuyuruq: “İnsan qarşısındakını (qiyaməti, pis işlərə yolu bağlanmasın deyə) danmaq istəyir.” Bəli, insanların dindən qaçmasının bir səbəbi də məhdudiyyətlərdən qaçmaqdır.
Bəzi məhdudiyyətləri də cəmiyyətin mədəniyyəti, adət-ənənələri yaradır. Cəmiyyətin mədəniyyətini insan səadətinə zidd olmadıqda qəbul etmək lazımdır. Bəzən xurafatlar mədəniyyət kimi təbliğ olunur. Təbii ki, belə məhdudiyyətlər qeyri-məqbuldur. Cəmiyyətin müsbət məhdudiyyətlərini qəbul etmək lazımdır. Əks-təqdirdə insan xoşbəxt ola bilməz. Belə məhdudiyyətləri sevinclə, ləzzət alaraq gözləmək lazımdır. Qeyd etdik ki, din də insan üçün məhdudiyyətlər yaradır. Dinin qoyduğu məhdudiyyətlər bütün başqa məhdudiyyətlərdən faydalıdır. Əmirəlmöminin (ə) buyurur: “Allahın qadağan etdiyi şeyə sənin ehtiyacın yoxdur.” (Ğurərul-hikəm, 9573). Bəli, din bir şeyə məhdudiyyət qoyursa, demək həmin şey insanın xoşbəxtliyinə zərərlidir.
Digər tərəfdən, Allah dindəki məhdudiyyətlərə əməl etməkdə insanlara yardımçıdır. İnsan bu məhdudiyyətlərə riayət etdikdə dərhal onun bəhrəsini görür. Rəvayətlərdə deyilir ki, hər kəs Allaha xatir naməhrəmə baxmasa, haram şeyə gözünü yumsa, Allah-Taala ona daha ləzzətli bir əvəz verər. Dini məhdudiyyətlər yol hərəkəti qaydaları kimi deyil. Dini məhdudiyyətlərə əməl etməkdə bir ləzzət var. Əlbəttə ki, yol hərəkəti qaydalarındakı məhdudiyyətləri də ləzzət almaqla yerinə yetirmək olar. Qanuna riayət etməkdə ləzzət var. Küçə tam boş ikən, heç bir hərəkat olmadığı zaman qırmızı işıqda dayanan şəxs Allahla raz-niyaz edir ki, Pərvərdigara, mən dini vəzifə olaraq bu məhdudiyyətə riayət edirəm. Bütün məhdudiyyətlərdə Allahın razılığını nəzərdə tutsaq, çox böyük bir həzz alarıq.
Maraqlı məhdudiyyətlərdən biri də hisslərdə, duyğulardakı məhdudiyyətlərdir. İnsanlar arasındakı bu məhdudiyyətlərə çoxsaylı misallar göstərmək olar. İnsan bir yerdə yaşadığı insanın xoşlamadığı işləri görməməklə onu razı salmağa çalışır. Ata-ana ilə yaşadığın zaman onlar müəyyən səfərlərlə razılaşmaya bilər. Onların sözü məntiqi olmasa belə qəlblərini razı salmaq üçün qəbul edirsən. Ata-ananın, ailə-övladın belə duyğu məhdudiyyətləri olur. Dünyaya gəlmiş övlad əslində ata-ana üçün fiziki baxımdan əziyyət olur. Bununla belə ata-ana bu əziyyətləri həvəslə qəbul edir, körpənin varlığından ləzzət alır. Təəssüf ki, müasir dünyamızda mərhəmət hissləri zəiflədiyindən heyvanlara sevgi göstərənlər övladın əziyyətini nəzərə alaraq ondan imtina edir. Deyirlər ki, ailədə övlad ata-ana üçün məhdudiyyətlər yaradır. Bəli, insan məhdudiyyətlərdən qaçır. Amma bu məhdudiyyətləri könüllü şəkildə qəbul etsə həyatı dəyişər. İnsan faydalı məhdudiyyətləri qəbul etmədikdə Allah onun qarşısına daha ağır məhdudiyyətlər çıxarır. Bu həyatın qanunudur. Məsələn, insanların mülkiyyət toxunulmazlığı var. Bu məhdudiyyəti nəzərə almadan birinin malını qəsb edən insan sonradan böyük çətinliklərlə üzləşir. Heç zaman qəsb etdiyi maldan xeyir götürə bilmir. Öz səadətinə faydalı məhdudiyyətləri qəbul edən, bu məhdudiyyətlərə təslim olan insan əvvəlkindən səmərəli həyat yaşayır. Əslində səadətin yolu faydalı məhdudiyyətlərin qəbul edilməsidir. Bu məhdudiyyətlər arasında İslamın insan qarşısında qoyduğu məhdudiyyətlər öndə gəlir.
Qeyd etdik ki, müvəffəqiyyətli həyata çatmaq üçün şərtlərdən biri düzgün təslimçilikdir. İnsanın yaşamaq məharəti, bacarığı onun düzgün təslimçiliyindədir. Düzgün təslimçilik insanı yaradan, ona nemət verən, onun axirətini təmin edən Allah qarşısında təslimçilikdir. Ağıllı insan kainatı yaradıb idarə edən rəbbinin məhdudiyyətlərini həvəslə qəbul edir. Allah insanı azad yaratdığını buyurur. Bu onu göstərir ki, Allaha təslim olmaq insanın azadlığını azaltmır. Həyat elə qurulub ki Allaha təslim olmayan insan hökmən başqalarına təslim olur. Allaha qul olmayan insan hökmən başqalarına qul olur. Kimsəyə təslim olmadığını iddia edən insan ya aldadır ya da aldanıb. Ya o başqaları qarşısında məhdudiyyətlər qəbul etdiyini gizlədir, ya da nadanlığından bunu hiss etmir. Bəndəçilik Allahın məhdudiyyətlərini könüllə qəbul etməkdir. Allaha bəndə olmaq acı bir hadisə deyil. Bu gün nə üçün insanlar böyük həvəslə seyyidüş-şühədaya əzadarlıq edir, onu özlərinə ağa sayırlar? Bu eşqin səbəbi nədir? Qul olmaq, təslim olmaq o zaman pisdir ki ağa, qarşı tərəf zalım olsun. Ədalət və mərhəmət sahibi qarşısında təslimçilik əslində azadlıqdır. İnsanlar seyyidüş-şühədanı özünə ağa adlandıraraq bundan ləzzət alır. Allahın məhdudiyyətlərini qəbul etməsən başqalarının məhdudiyyətlərini qəbul etməyə məcbursan. İlahi məhdudiyyətlərin qəbul edilməməsi nə ilə nəticələnir? Bu zaman dünya zorlularının, zalım başçıların məhdudiyyətlərini qəbul edirik. Həzrət Əlinin (ə) məhdudiyyətini qəbul etməyən Müaviyənin məhdudiyyətini qəbul etdi. İmam Hüseynin (ə) məhdudiyyətini qəbul etməyən Yezidin məhdudiyyətini qəbul etdi. Bu həyatın qanunudur. İmam Həsənə (ə) zorla sülhü qəbul etdirənlər, İmam Hüseyni (ə) qətlə yetirənlər, onun xeymələrinə od vuranlar, İmam Həsən Müctəbanın (ə) səccadəsini çəkənlər, bir məqsəd izləyirdilər. Onlar Müaviyə kimi zalım başçıları razı salmağa çalışırdılar. İmam Həsənin (ə) düşməninə təslim olanlar məgər azadlığa çatdılar?!
Hansı məhdudiyyətlərin qəbul edilməsi çox mühümdür. Bəziləri düşünür ki, dünyada güclülərin qoyduğu məhdudiyyətləri qəbul etmək lazımdır. Amma bəşəriyyət zalım hakimlərin məhdudiyyətlərini qəbul etsə Allah yer üzündən bərəkəti götürər. Quran əhvalatlarında belə ibrətamiz hadisələr çoxdur. İnsan qorxduğu, zorakılıq göstərən şəxsin məhdudiyyətini qəbul etməməlidir. Haqq cəbhəsinə kimsə məhdudiyyət qoya bilməz. İnsanın qorxacağı yeganə varlıq Allahdır.
Bəziləri deyə bilər ki, Həzrət Peyğəmbər (s) özü müəyyən məhdudiyyətləri qəbul edib. Hüdəybiyyə sülhünü misal göstərə bilərlər. Amma Həzrət Peyğəmbərin (s) bu sülhü qəbul etməsi qarşıdakı böyük fəthin müqəddiməsi idi. İmam Həsənin (ə) sülhü qəbul etməsinin də arxasında böyük bir fəth dayanırdı. Təbii ki, İmam Həsənə (ə) başqa çıxış yolu qalmamışdı. İmam yaxın ətrafının Müaviyəyə qoşulduğunu görəndə belə bir qərar çıxardı.
İnsan nə zaman təslim olmalı, nə zaman müqavimət göstərməlidir? Həzrət Əli (ə) buyurur: Allah-Taala Davuda vəhy etdi ki, sən bir şey istəyirsən, Mən bir şey istəyirəm; nəticədə bir hadisə baş verəcək ki, onu nə Mən istəyirdim, nə də sən istəyirdin. Əgər Mənim istəyimə təslim olsaydın, bütün istəklərinə çatardın ... (Tövhidi-Səduq, 337)
Allahın təqdirlərinə və vəzifələrə təslim olmalıyıq. İslam, bəndəlik, Allahın razılığı Allaha təslimçiliklə, vəzifələrə əməl etməklə əldə olunur. Əgər Allah insandan razı qalsa o raziyyə məqamına çatar. Raziyyə məqamına çatmış insanla Allahın rəftarından xəbərdarsanmı? Bu zaman Allah səni mərziyyə məqamına çatdırar. Mərziyyə məqamına çatmış insana Allah buyurar: Biz sənin üzünün göyə doğru çevrildiyini görürük, ona görə razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-harama tut...

Vilayet.nur-az.com


1354 بازدید
در حال ارسال اطلاعات...