Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2015

"Cənazə namazımı qıl və adsız bir yerdə torpağa tapşır"

Ey mənim övladlarım, sizi təqva və pəhrizkarlığa dəvət edirəm. Tövsiyə edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız
Ey Əbdül Müttəlib övladları, məbada «Əmirəlmöminin öldürülüb» deyə, xalqın qanını tökəsiniz. Bilməlisiniz ki, mənə görə yalnız məni öldürən qətlə yetirilə bilər. Elə ki, mən onun zərbəsindən öldüm, siz də əvəzində ona bir zərbə vurun. Onun meyitini təhqir etməyin. Həzrət Peyğəmbər (s) buyurub ki, muslə (meyiti təhqir) etməkdən çəkinin».
Həzrət Əli (ə) zərbə aldıqdan sonra üç gün yataqda qaldı. Bu müddət ərzində təkcə ailəsi yox, həm də səhabələri onun yanında olurdu. Ətrafındakılar ömrünün son saatlarında həzrətin dəyərli buyuruqlarından faydalanırdılar. Həmin vaxt həzrətin buyurduğu dürlü öyüdlərdən biri də budur: «Mən dünən sizin müsahibiniz idim. Bugünkü vəziyyətim isə sizin üçün bir ibrətdir. Sabah isə sizdən ayrılaram».
Həzrətə bir qədər süd gətirdilər. Azca içdi və sonra buyurdu: «Zindana saldığınız adama da bu süddən bir qədər verin. Onu incitməyin. Əgər sağ qalsam, özüm bilərəm, əgər ölsəm, ona yalnız bir zərbə vurun. Çünki o mənə bircə zərbə vurub». Sonra üzünü Həsənə tutub buyurdu: «Oğulcan, məndən sonra sən vəliyye-əmr, mənim qanımın sahibisən. Onu bağışlamaq istəsən, özün bilərsən. Əgər öldürsən, mənə bircə zərbə vurduğu üçün ona birdən artıq zərbə vurma». Qılınca çəkilmiş zəhər həzrətin bədəninə sirayət etdiyindən o hərəkətdən düşmüşdü. Ona görə də namazını oturaq halda qılır, daim zikr edirdi. Ramazanın iyirmi birinci gecəsi ölümü yaxınlaşan məqamlarda buyurdu: «Son görüş üçün ailə üzvlərimi çağırın. Hamının hüzurunda vəsiyyət etmək istəyirəm».
Həzrətin övladları onun ətrafında cəmləşdi. Onların gözləri ağlamaqdan qızarmışdı. Həzrətin vəsiyyətlərini dinləyirdilər. Amma həzrətin vəsiyyətləri təkcə onun övladlarına aid deyildi. Bu vəsiyyətlər dünyanın sonunadək bütün bəşərə aid idi. Əxlaqi və əməli fəlsəfəyə aid göstərişlər silsiləsindən bəzilərinə nəzər salırıq:
Sözümün əvvəli Allahın yeganəliyinə şəhadətdir. Sonra Məhəmməd ibn Abdullahın (s) Peyğəmbərliyinə şəhadət verirəm. O, mənim əmimoğlum, Allahın bəndəsi və seçilmişidir. Onun besəti Allah tərəfindəndir, göstərişləri Allahın göstərişləridir. Xalq cəhalət və nadanlıq içində olduğu vaxt həzrət onları doğru yola, qurtuluş yoluna hidayət buyurdu: «Onların əməllərinin qiyamət günündəki cəzaları ilə qorxutdu.
Ey mənim övladlarım, sizi təqva və pəhrizkarlığa dəvət edirəm. Tövsiyə edirəm ki, çətinliklər qarşısında səbirli və dözümlü olasız. Dünyaya bağlanmayın. Əlinizdən çıxan şey üçün üzülməyin. Sizi birliyə çağırıram. Nifaq və pərakəndəlikdən həzər qılın. Haqq və həqiqəti meyar götürün. İstər qəzəbləndikdə, istər qəmli vaxtınızda, istərsə də şadlandığınız vaxt sabit ədalət qanunlarına tabe olun.
Ey mənim övladlarım, heç vaxt Allahı unutmayın. Daim onun razılığı haqqında düşünün. Məzlumlarla ədalətli rəftarınızla, yetimlərə və çarəsizlərə isar və ətanızla Allahı razı salın. Həzrət Peyğəmbərdən belə buyurduğunu eşitdim: «Behişt yetimlərə öz övladları kimi himayədarlıq edənlərin iştiyaqındadır. Cəhənnəm odu yetimlərin malını yeyənlərin intizarındadır».
Qohum-əqrəbanızla münasibətdə sileye-rəhm və yaxşılıq edin. Dərvişlərə və möhtaclara əl tutub, xəstələri yoxlayın. Çünki dünya hadisələr məhəllidir. Ona görə də arzu-istəklərə giriftar olmayın. Daim ölüm və axirət aləmi haqqında düşünün. Lütfünüzü qonşulardan əsirgəməyin. Çünki qonşunun haqqının qorunması Peyğəmbərin (s) vəsiyyətlərindəndir. Dini göstərişləri möhtərəm sayın. Onlara həvəslə əməl edin. Namaz və zəkatı, əmr be məruf və nəhy əz münkəri yerinə yetirin. Allahın əmrlərinə itaət etməklə Allahın razılığını qazanın.
Ey mənim övladlarım, alçaq insanlarla ünsiyyətdən çəkinin. Saleh və təqvalı insanlarla yoldaş olun. Əgər həyatınızda elə bir işlə rastlaşsanız ki, dünya və ya axirəti seçməli olasınız, dünyadan keçin və axirəti qəbul edin. Dövrün çətinlikləri zamanı Allaha pənah aparın. Hər bir işdə Ondan kömək istəyin. Xalqla mehribanlıqla, xoş üzlə rəftar edin. Təqva və insana xidməti özünüzə şüar qərar verin. Körpələrə nəvaziş, yaxşılara ehtiram göstərin».
Həzrətin övladları sakitcə oturmuşdular. Boğazlarını qəhər tutmuşdu. Həzrətin ürəyəyatan, könül oxşayan sözlərini dinləyirdilər. Həzrətin vəsiyyətinin bu hissəsi bir əxlaq dərsi idi. Bu dərslərə əməl edən hər bir kəs kamal həddinə çatar. Həzrət vəsiyyətinin bu hissəsini «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim» cümləsi ilə başa çatdırdı. Sonra huşunu itirdi. Bir an sonra gözlərini açıb buyurdu: «Ey Həsən, sənə də bir neçə sözüm var. Bu mənim ömrümün son gecəsidir. Canımı tapşırdıqdan sonra mənə öz əlinlə qüsl ver, kəfənə bük, dəfn işlərimə özün bax. Cənazə namazımı qıl və məni gecənin qaranlığında Kufə şəhərindən kənarda, adsız bir yerdə torpağa tapşır və kimsə bundan xəbər tutmasın».
Bütün haşimilər, eləcə də ələvi ailəsi səsini çıxarmadan ağlayırdı. Onların göz yaşları yanaqlarına süzülürdü. Həsən atasına hamıdan yaxında oturmuşdu. O qədər qəmli idi ki, imamın diqqətini özünə cəlb etdi və imam buyurdu: «Ey oğlum, səbirli və dözümlü ol. Bu həssas məqamda sənə və qardaşına səbirli və dözümlü olmağı tövsiyə edirəm».
Sonra buyurdu: «Məhəmməddən də muğayət olun. O da sizin qardaşınızdır, atanızın oğludur. Mən onu sevirəm».
Həzrət yenidən huşunu itirdi. Bir an sonra azca tərpəndi və Hüseynə buyurdu: «Oğlum, sənin də həyatının bir macərası olacaq. Səbirli və dözümlü ol. Həqiqətən də, Allah səbir edənləri dost tutur».
Bu məqamda həzrət canvermə vəziyyətinə gəldi. Azca sonra mübarək gözlərini yavaşca yumdu və son nəfəsində buyurdu: «Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».


1663 بازدید