Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2015

Deyinmək möminə yaraşmaz!

İnsan özünü aldatmamalı, zəruri məhdudiyyətləri qəbul etməlidir
Gözəl həyatın tərifi budur ki, bacardığımız işi görək, bacarmayanda təslim olaq.

Höccətülislam Əliriza Pənahiyan gözəl həyat üçün yeganə yol mövzusunda söhbətlərinin davamında xoşbəxt həyata aparan yollardan söhbət edir. Cənab Pənahiyan buyurub: Hərəkət, təlaş, mübarizəni həyatda qarşıya qoyulmuş məqsədlərə çatmaqda əsas amil kimi dəyərləndirdik. Xoşbəxt həyatın başqa bir şərti məhdudiyyətlərin qəbulu, təslimçilikdir. Bu şərtlər insan həyatını cazibəli edir. Gözəl həyat odur ki, nə halal nemətlərdən imtina edəsən, nə də məhdudiyyətlər qarşısında zəiflik göstərəsən. Bu iki qaydaya əməl etmək çox gözəldir.
Doğrudan da, insanın məhdudiyyətlərə təslim olması ilə onun həyatı gözəlləşir. Amma məhdudiyyətlərə təslim olmaq dedikdə bütün məhdudiyyətlər nəzərdə tutulmur. İnsan onu xoşbəxtliyə aparan məhdudiyyətlərə təslim olmalıdır. Xoşbəxtliyə aparan yolu kəsmiş məhdudiyyətlərə təslim olmaq məqbul deyil. İnsan öz həyatındakı məhdudiyyətləri qəbul etməli və bu məhdudiyyətlərlə barışmalıdır. Bu zaman onun həyatı daha cazibəli olur. Əgər insan öz həyatındakı qaçılmaz məhdudiyyətləri düzgün müəyyənləşdirməsə fantastik planlar cızar, xəyalpərəstliyə gedər.
Qeyd etdik ki, insan öz həyatında güclü sevgi arxasınca da getməlidir. Çalışmaq, təlaş da mühüm şərtlərdəndir. İnsan onu mübarizəyə hazırlayacaq sevgiyə çatmaq üçün bütün gücünü sərf etməlidir. Amma mövcud məhdudiyyətlərin bir qisminə təslim olmaqdan başqa çıxış yolu yoxdur. İnsan özünü aldatmamalıdır. O realist olmalı, yerində məhdudiyyətləri qəbul etməlidir.
Məhdudiyyətlər insanı əsəbləşdirsə, o küssə, aydın olur ki, düzgün tərbiyə almayıb. Belə insan həyatı yaxşı tanımır. Gəlin həyatı öyrənək və övladlarımıza öyrədək. Əgər həyatı öyrənməsək psixoloji təzyiqlər bizim üçün dözülməz bir fəza yaradar. Vəsvəsələr yaranar ki, Allahın əmrləri insan üçün bir yükdür. Amma həyatı düzgün tanıdıqda aydın olur ki, ilahi qanunlar və məhdudiyyətlər insanın xoşbəxtliyi üçündür.
İmam Baqir (ə) övladlarından birinə görə çox nigaran idi. O xəstələnmişdi, ağır qızdırma içində çabalayırdı. İmamın dərin nigarançılığını görən səhabələr dedilər: “Biz gördüyümüz vəziyyətdən belə qənaətə gəldik ki, bu uşaq dünyasını dəyişsə, biz İmamı əldən çıxaracağıq!”
Bununla belə Həzrət (ə) uşağın sağalması üçün çalışırdı. Birdən evdən ucadan ağlamaq səsi eşidildi. Aydın oldu ki, artıq uşaq dünyasını dəyişib. İmam evə daxil olub qadınları sakitləşdirdi və geri qayıtdı. O geri qayıdanda artıq əvvəlki nigarançılıqdan əsər-əlamət qalmamışdı. Səhabələr onun bu ruhiyyəsinə təəccüb etdilər. Soruşdular ki, övladınız sağaldı? Həzrət (ə) buyurdu ki, artıq uşaq dünyasını dəyişib. Səhabələr İmamın dərin nigarançılıqdan sonra belə rahatlaşmasına təəccüb etdiklərini söylədilər. İmam (ə) buyurdu: “Biz Əhli-Beyt (ə) əlimizdən gələni edirik. Aydındır ki, ətrafımızdakı insanlara sevgimiz var. Amma Allahın hökmü gələn zaman bir iş görə bilmərik, bu hökmə təslim oluruq. Təslimçilikdə də bu işi gözəl yerinə yetiririk.” İmam buyurdu ki, onun hazırkı rahatçılığının səbəbi Allahın hökmünə təslim olmasıdır. (Kafi, 3, 226)
Oxşar bir əhvalat İmam Sadiq (ə) haqqında nəql olunur. İmam Sadiq (ə) övladı dünyasını dəyişəndən sonra libasını səliqəyə saldı və aram şəkildə evdən çıxdı.
İnsan Allaha gözəl şəkildə təslim olmalıdır. Təslim olmaq ikrahla, narazılıqla müşayət olunmamalıdır. İmam Sadiq (ə) övladını torpağa tapşıranda Allahla gözəl raz-niyaz edir. Deyir ki, Pərvərdigara, Sən bizdən övladımızı alsan da bizim sənə məhəbbətimiz güclənir. (Dəvati, Ravəndi, 286) Aydın olur ki, məsumlar ağır müsibətlər qarşısında necə təslim olublar. Biz bir işin həyata keçməsi üçün əlimizdən gələni edirik. Amma təlaşlar fayda vermədikdə, nəticə alınmadıqda ümidsizləşməməli, özümüzü narazı göstərməməliyik. Zəruri məhdudiyyətlərə təslim olmaq həyatın gözəlliyi üçündür. Gözəl həyatın tərifi budur ki, bacardığımız işi görək, bacarmayanda təslim olaq. Axı məhdudiyyətlər qarşısında bir iş görə bilmiriksə nə üçün narahatçılıq keçirməliyik?!
Məhdudiyyətlərin qəbul olunması həyata hazırlıqdır. Təhsil proqramlarında bildirilir ki, şagirdlər əmək fəaliyyətinə hazırlanır. Amma yaxşı olardı ki, insan əmək fəaliyyətindən öncə həyata hazırlanaydı. Demirik ki, şagird Allaha bəndəliyə hazırlansın. Elə həyata hazırlıq bəs edir. Əmək fəaliyyətindən öncə həyata hazırlanan şagird artıq reallıqda məhdudiyyətlərin olduğunu qəbul edir. Xüsusi ilə ibtidai təhsil dövrünü başa vurduğu zaman qaçılmaz məhdudiyyətlərin olduğunu anlaması onu xəyalpərəstliklərdən, yersiz fantaziyalardan uzaqlaşdırır. Uşaq təxəyyülündən ayrılır. Təbii ki, məhdudiyyətlərin qəbulu dedikdə insan səadəti üçün faydalı olan və ya təbii şəkildə insanın qarşısına çıxmış məhdudiyyətlər nəzərdə tutulur. Belə məhdudiyyətləri nəinki qəbul etmək, hətta onlardan zövq almaq lazımdır. Əgər bu ruhiyyəni özümüzdə yaratmasaq həyat acı olar.
Məhdudiyyətlə üzləşmiş insan iki şəkildə reaksiya verə bilər: Ya razılıqla təslim olar, ya da mənasız nigarançılıq keçirib çabalayar. Əgər bir problemi aradan qaldırmaq mümkün deyilsə və ya bir məhdudiyyəti qəbul etmək zəruri olubsa, daha yaxşıdır ki, bunu təslimçiliklə qəbul edək. Mövzu o qədər mühümdür ki, Qurani-Kərimdə ona diqqət ayrılır.
Məaric surəsinin 19, 20-ci ayələrində oxuyuruq: “Həqiqətən, insan çox hərisdir, ona pislik üz verəndə fəryad qoparır ...” Bəli, insan düzgün tərbiyə almadıqda qarşısına çıxan çətinliyə gücü çatmayanda fəryad çəkir. Tərbiyəli insan isə vəziyyəti düzgün qiymətləndirir, başa düşür ki, qaçılmaz və ya faydalı məhdudiyyətlərə görə üzülməyə dəyməz, əksinə bu məhdudiyyətlərlə barışıb yola davam etmək lazımdır.
Cəmiyyətdə əksər ailələrin yaşadığı problemlərin arxasında həmin narazılıq dayanır. İnsan yaşam tərzini öyrənmək, öz mərifətini artırmaqla bu narazılığı aradan qaldıra bilər. Həyatı, onun qanunlarını tanıyan insan özünü itirmir, çətinliklə üzləşəndə fəryad qoparmır. Təsəvvür edin ki, futbolda qapıya qol vurulur. Qapısına qol vurulmuş komanda üzülsə, göz yaşı axıtsa, əsəblənsə, başını qapının dirəyinə vursa yaxşı olarmı?! Biz müşahidə edirik ki, komanda rəhbərliyi, məşqçilər hər hansı səhvə görə belə reaksiya verən oyunçunu başqası ilə əvəz edir. Peşəkar oyunçular heç vaxt özünü itirmir, hətta məğlub olanda da qarşıya baxır, gələcəkdə səhv etməməyə çalışır. Təslimçilik artıq qaçılmaz məhdudiyyət qarşısında təslimçilikdir. İnsan aşa biləyəcəyi maneə qarşısında təslim olsa bu bədbinlikdir. Əgər oyunçu oyunun ortasında qapısından keçən topa görə özünü itirməsə qalan vaxtda hesabı öz xeyrinə dəyişə bilər. Hansı oyunçu buraxılan qola görə özünü itirməyib oyuna davam edirsə onu peşəkar hesab edirlər. Həyatda bunu bacaran isə yaşamağı peşəkarcasına bacaranlardır. Narazılıq, bədbinlik yerində və məntiqi məhdudiyyətlərin qəbul olunmamasının nəticəsidir. Məntiqsiz olsa belə, bir məhdudiyyəti aradan qaldırmaq insanın gücündə deyilsə, yaxşı olar ki, o yoluna davam etsin. Belə ruhiyyənin göstərcilərindən biri də yersiz qorxudur. Düşməndən qorxu belə qorxudur. Düşməndən qorxan şəxs daim geri çəkilir, gücü çatan zamanda da müqavimət göstərmir. Bu insanın məğlubiyyəti, bədbəxt olması qaçılmazdır.
İmam Həsən Müctəba (ə) ilə meydana çıxan döyüşçülər növbəti dəfə hücuma keçmək lazım gəldiyi zaman qorxuya düşdülər, geri çəkildilər. Onların bu münasibəti həmişəlik ölüm demək idi. Bu insanlar həmin hadisədən sonra Kufədə həmişəlik bir bədbəxtçiliyə düçar oldular. Bu bədbəxtçilik bəlkə də min il uzandı. Bəzən insan bircə dəfə süstlük göstərdiyi üçün bir ömür əzab çəkməli olur.
Düzgün təslimçiliyin ziddi olan bu ruhiyyə haqqında rəvayətlər var. Əmirəlmöminin (ə) buyurur ki, kiçik bir narahatçılığa görə fəryad çəkməyin. Əgər fəryad çəksəniz çəkinlikləriniz daha da artar. Başqa bir məqamda Həzrət (ə) buyurur ki, ah-nalədən çəkdiyiniz ağrı səbir çəkməyin ağrısından daha artıqdır. Bəli, insan mövzuya mərifətlə yanaşmadıqda belə səhvlərə yol verir. İnsan məhdudiyyətləri qəbul etdikdə onun qarşıdakı yolda uğur qazanmaq ehtimalı güclü olur. Amma qaçılmaz məhdudiyyətlərdən üzülüb narazılıq etdikdə onun ağrıları daha da artır. Rəvayətlərdə bildirilir ki, insan səbr etmədiyi üçün bəzi nemətlərdən məhrum olur. Əmirəlmöminin (ə) buyurur ki, ah-nalə çəkdiyiniz zaman öz taleyinizi dəyişirsiniz. Bu zaman insan savabdan məhrum olur. Bir insan yaxınlarını itirəndə ətrafdakılar ah-nalə çəkib fəryad qoparmamalıdır. Onlar əzadar insana təsəlli verməli, ah-nalə çəkməklə savabdan məhrum olmamalıdırlar. Allahın insan üçün qərarlaşdırdığı hər hansı bəla və çətinliyə dözümsüzlük insanı savabdan məhrum edir. Təbii ki, əzizini itirmiş insan onu heç bir halda geri qaytara bilməz. Yersiz ah-nalədənsə, məsələyə səbrlə yanaşmaq faydalıdır.
Başqa bir məqamda Əmirəlmöminin (ə) buyurur: “Ah-nalə çəkməyin, bu, ümidi məhv edir. İnsan fəryad qoparmaqla, narazılıq etməklə əməllərini puça çıxarır. Onun gücü azalır, qəm-qüssəsi artır.”
İnsanın dözümsüzlük və narazılığı onun həyatında müvəffəqiyyətsizliklərə yol açır. Bir gün Əmirəlmöminin (ə) məsciddə namaz qılmaq istəyirdi. Atdan düşdü, atını bir nəfərə tapşırdı. Həmin şəxs atın cilovunu çıxarıb bazara apardı və satdı. Həzrət (ə) məsciddən çıxanda əlində iki dirhəm vardı ki, həmin kişiyə versin. Gördü ki, at cilovsuz qalıb. İki dirhəmi qulama verdi ki, bazardan cilov alıb gətirsin. Qulam bazara getdi və təsadüfdən həmin cilovu alıb gətirdi. (Şərhi-Nəhcül-bəlağə) Cilovu oğurlayan şəxsin işi də bir növ narazılıq və dözümsüzlükdən qaynaqlanırdı. Əgər o azca səbr etsəydi Əmirəlmöminindən (ə) halal yolla iki dirhəm alardı.
Həzrət buyurur: “Bəzən insan səbirsizlik göstərməklə özünü halal ruzidən məhrum edir. O səbirsizliklə öz müqəddəratını dəyişə bilmir. Oğurluq yolla pula çatanlar halal yolla da həmin pulu əldə edə bilərdilər. Kimsə oğurluq, hiylə ilə var-dövlət sahibi olmur. Ehtiyatlı olun ki, sizi əyri yola rəğbətləndirən sözlərə aldanmayasınız.” Bəli, insanın həyatda öz müqəddəratı, payı var və səbr etməklə bu halal paya çata bilər.
Zəruri məhdudiyyətləri qəbul etməyin fövqəladə əhəmiyyəti var. Belə məhdudiyyətlərə dözümlə yanaşmaq insan həyatını zinətləndirir. Kəbə evi kənarında həcc əməllərinə məşğul olanlar bu əməlləri başa vuranda, ehram halından çıxıb adi libaslarını geyinəndə böyük sevinc yaşayırlar. Düşünürlər ki, ey kaş yenə də ehram libası geyəydilər.
Əgər insan həqiqi təslimçiliyi öz xoşbəxtliyində təsirli saysa ona qucaq açar. Dini göstərişlərin də bir hissəsi zəruri məhdudiyyətlərdən ibarətdir. İslam təlimləri naməhrəmə baxmamağı əmr edir. Dillə də bağlı məhdudiyyətlər var. İnsan böhtan, qeybət sözlərdən çəkinməlidir. Bütün bunlar onun xeyrinədir. İnsan bu məhdudiyyətlərə əməl edə bildikdə bundan ləzzət alır. Sənətçilərimiz bədii üsullarla məhdudiyyətlərin insan həyatına nə qədər faydalı olduğunu təsvir edirlər. Mən onlara təşəkkür edirəm. İncəsənətin belə məhdudiyyətləri obrazlı şəkildə canlandırması dəyərlidir.
İnqilabımızdan 30 ildən artıq bir müddət keçib. Hələ də hicab məhdudiyyətinin şirinliyini dərk edə bilməmişik. Ümumiyyətlə, məhdudiyyətdəki şirinliyin fəlsəfəsi bizə çatmayıb. Hicabdan danışanda bəziləri narahat olur. Anlamırlar ki, bu məhdudiyyətlər onların xoşbəxtliyi üçündür və xoşbəxtlik üçün olan hər bir qanun-qayda şirindir. Ömrünün bir hissəsini proqramsız yaşamış, məğlubiyyətlərin acısını dadmış insanlar adətən sonradan proqramlı yaşayır, özləri özləri üçün məhdudiyyətlər təyin edirlər. Onlar artıq başa düşüblər ki, nizamsız, məhdudiyyətsiz həyat insanı müvəffəqiyyətdən məhrum edir. Sual yaranır ki, ən gözəl təslimçilik nədir? İnsan azad yaradılıb. O məhdudiyyətləri sevmir. Amma həyatın gözəlliyi müəyyən məhdudiyyətlərin qəbul olunmasını tələb edir. İnsan həm də böyüklük və əzəmət ardıncadır. Amma insanın bir gözəlliyi də onun təvazökarlığında, özünü aşağı tutmasındadır.
İslam təlimlərində təslimçilik çox fəzilətli əməl kimi göstərilir. Müsəlman sözündə təslim olmaq mənası da var. Müsəlman elə bir şəxsdir ki, Allah tərəfindən təyin olunmuş məhdudiyyətləri qəbul edir. Bu məhdudiyyətləri rəsmi şəkildə qəbul edəndən sonra müsəlman olur. Bu məhdudiyyətlər insanı xoşbəxtliyə aparır, onun həyatında ecazkar dəyişikliklərə səbəb olur.
Əmirəlmöminin (ə) buyurur: “İslamın yüksək dərəcəsi Allaha təslim olmaqdır.” Bəzi rəvayətlərdə təslim olmaq dinin müqəddiməsi kimi göstərilir. Buyurulur ki, dində ilk addım təslim olmaqdır. Rəvayətlərdən aydın olur ki, təslimçiliyin dərəcələri var. Əmirəlmöminin (ə) buyurur ki, təslim olmaqdan üstün iman yoxdur. Yəni imanın dəyəri insanın məhdudiyyətləri qəbul etməsindədir. Əmirəlmöminin (ə) başqa rəvayətdə buyurur: “Din bir ağacdır, onun gövdəsi təslimçilik və razılıqdır.” Razılıq deyəndə insanın Allahın əmrlərini razılıqla qəbul etməsi nəzərdə tutulur. Əmirəlmöminin (ə) buyurur ki, Allah qarşısında təslim olan insan özünü qorumuş olur.
İnsanın Allaha səmimi təslim olduğunu necə bilmək olar? Bəzən kimsə qeyri-səmimi, hansısa bir məqsədlə Allaha təslim olduğunu dilə gətirə bilər. Onun təslimçiliyini elə həmin məqamda sınaqdan keçimək mümkünsüzdür. Təbii ki, insan öz təslimçiliyini sübuta yetirməlidir. Əmirəlmöminin (ə) buyurur ki, Allahın əmrinə, Allah vəlisinin əmrinə təslim olun, bu təslimçiliklə heç vaxt yolunuzu azmazsınız.” (Qurərul-hikəm, 5606)
Peyğəmbər (s) səhabəsi Miqdad haqqında deyilir ki, Əmirəlmöminin (ə) Peyğəmbərdən (s) sonrakı fitnəkarlıqlarda qolu bağlı vəziyyətdə küçə ilə aparılanda Miqdadın əli qılıncının qəbzəsində idi. O Həzrətin (ə) bir işarəsini gözləyirdi ki, qılıncını sıyırsın. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, Miqdad ürəyindən bir dəfə də keçirmədi ki, nə üçün Həzrət Əli (ə) bu qədər səbr edir? O tam təslim idi. Öz vəlisinin göstərişini gözləyirdi. O dövrdə çox yaxın adamlar Həzrəti (ə) səbr etdiyi üçün qınayırdı. Əmrəlmömininin (ə) yaxınları arasında bir çoxları ona tam təslim insanlar idi. Həzrət (ə) onlara buyurmuşdu ki, yaranmış vəziyyətə etiraz etməyin, səsinizi çıxarmayın. Təbii ki, bu insanlar öz istəkləri ilə Əmirəlmömininə (ə) itaət edirdilər. Əmirəlmöminindən (ə) sonra bu insanların əksəri Müaviyə tərəfindən təqib olundu, ələ keçirilib edam edildi.
Həzrət Peyğəmbərə (s) Həzrət Əlidən (ə) çox təslim olan yox idi. Onun təslimçiliyi bəzilərini hövsələdən çıxarırdı. Çünki Həzrət Əli (ə) Peyğəmbərin (s) göstərişlərini nöqtə-nöqtə yerinə yetirir, zərrəcə xətaya yol vermirdi. Biz bu qədər məhdudiyyətə təslim olan Əmirəlmöminini (ə) azad olmayan şəxs adlandıra bilərikmi? Təbii ki, Əmirəlmöminin (ə) azad bir insan idi.
Böyük ariflərin həyatına nəzər salsaq görərik ki, onlar yüksək məqama necə çatıblar. Onların mərifətinin arxasında Allaha təslimçilik dayanır. Allah-Taala buyurur ki, siz Mənə təslim olun, Mən aləmi sizə təslim edərəm. Ariflər də Allaha təslim oldular, Allah onların qarşısındakı təbii məhdudiyyətləri götürdü. Hansı insan Allahın onun qarşısına qoyduğu zəruri məhdudiyyətlərə təslim olsa, dünya əhalisinin qarşısında olan təbii məhdudiyyətlərdən azad edilər.
İmam Sadiq (ə) buyurur: “Allah-Taala Quranda buyurur ki, bu gün dininiz kamil oldu. Yəni dininizin keşikçisi məlum oldu. Dini qoruyan şəxsin seçilməsi ilə din kamilləşdi. Allah vilayətlə öz nemətini tamamladı. Yəni öz həyatınızı biz Əhli-Beytə (ə) tapşırın.” Demək şərif ayədə Allah vəlisinə təslim olmaq nəzərdə tutulub.
İmam Baqir (ə) “İnnəd-dinə indəllahil-İslam” ayəsi haqqında buyurur: “Yəni insan Əli ibn Əbu Talibin vilayətinə təslim olsun.”
Əmirəlmömininin (ə) səhabələrindən biri deyir ki, Həzrətdən (ə) İslamın nə olduğunu soruşdum. Əmirəlmöminin (ə) buyurdu: “İslam pak Əhli-Beytin (ə) vilayətinə təslim olmaqdır.”
İmam Sadiq (ə) buyurur: “Bir şəxs gəlib dinin bütün işlərini görsə, amma Allah və Onun Rəsulunun (s) əmri gələndə bundan xoşhal olmasa, belələri müşrik olub. Biz belələri ilə müşrik kimi rəftar etmirik. Rəvayətdə də bu nəzərdə tutulmur. Sadəcə bu əməlin pisliyi göstərilir.
Sonra Həzrət (ə) bu ayəni oxuyur: “Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim seçməyincə və verdiyin hökmlərə görə bir məhdudiyyət yaşamadan sənə boyun əyməyincə, iman gətirmiş olmazlar.” Allah-Taala Quranda nadir halda özünə and içir. Amma burada buyurur ki, Ey Peyğəmbər (s) and olsun Rəbbinə. Allaha and içir ki, Peyğəmbərin (s) əmrinə təslim olmayan, onun göstərişinə baş əyməyənin imanı yoxdur. Allah nə üçün bu ayədə and içir? Çünki belə bir adamın imanı olmadığına inanmaq çətindir. O namaz əhlidir, infaq əhlidir, xüms-zəkat əhlidir, amma Peyğəmbər (s) və onun canişininin əmrləri qarşısında süstlük göstərir. Təbii ki, bütün bunlar bizə əsas vermir ki, insanları asanlıqla imansızlıqda ittiham edək. Amma ayəyə diqqətlə yanaşmalı, onu ciddiyə almalıyıq. Ayəni başqaları yox, öncə özümüzə tətbiq etməli, öz imanımızı dəyərləndirməliyik. Biz doğrudan da Peyğəmbər (s) və onun canişininin əmrlərinə təslim olmuşuq?

Vilayet.nur-az.com


36 بازدید